Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Müəllimin metodik səviyyəsinin yüksəldilməsinin tədrisin keyfiyyətinə təsiri

 

Arzu KƏRİMOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Elmi-təşkilati şöbəsinin mütəxəssisi

Bildiyimiz kimi, fənlərin məzmunu ixtisas xarakteristikasından asılıdır. O, islahatlar prosesində, xüsusən hazırda həyata keçirilən təhsil kurikulumlarının tətbiqində daha da təkmilləşməlidir. Bu zaman elə kompetensiyalardan söz gedə bilər ki, bu kompetensiyalar ali məktəbdə tədris prosesində, son­ralar isə məktəbdə iş prosesində formalaşdırılır və həyata keçirilir.
Bunlar aşağıdakılardır:
— Planlaşdırma, dərsin hazırlanması, keçirilməsi və təhlili;
— Məktəbdə tətbiq edilən eksperimentlərdən tədris məqsədləri üçün istifadə etmək;
—Şagirdləri həyati baca­rıq­lara yiyələndirmək, çətin məsələlərin həllinə yönəltmək;
— Fənn kabinetini yaratmaq və onun işini təşkil etmək;
— Uşaqları layihələşdirmə fəaliyyətinə cəlb etmək;
— Ekskursiyaları planlaşdırmaq və həyata keçirmək;
— Sinifdənxaric və məktəbdənkənar işləri planlaşdırmaq və həyata keçirmək;
— Tədris prosesində təlimin texniki vasitələrindən, xüsusən informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək;
— Qiymətləndirmənin növlərini, məqsədini və qiymətləndirmə vasitələrini bilməli və tətbiq etməli, monitorinqdən istifadə etməli;
— Məktəbdə tədris olunan fənlərin təliminin təşkili mexanizminə yiyələnməli.
Fənnin tədrisi metodikası ali məktəblərdə ixtisas təhsilinin yekun mərhələsidirsə, ixtisasartırma təhsilində və xüsusən, müəllimlərin məktəbdə işlədikləri müddətdə təkmilləşmə prosesinin təşkilində aparıcı istiqamətdir. Məktəbdə həyata keçirilən islahatlar Azərbaycanda təlim prosesinin yeni -interaktiv təlim üsulları ilə təşkil edilməsini, müəllimlərin ali məktəbdə hazırlanmasını, həm də məktəbdə işlədikləri dövrdə tədris prosesinin təşkilinə yeni münasibətlə yanaşmasını, yeni metodların tətbiqini, digər tərəfdən şa­girdlərin bilik və həyati bacarıqlara yiyələnməsini təmin etməyi tələb edir.
Bütün bunların həyata keçirilməsi milli və fənn kurikulumlarının həyata keçirilməsini təmin etməlidir. Metodik işin məktəblərimizdə təşkili müəllimə tədris prosesinə yaradıcı münasibət formalaşdırmalı, əsaslı qərarlar qəbul etməyi öyrətməli, yeniliyi dərk etməyi, məktəbin həyatında daim baş verən dəyişikliklərə cəld reaksiyasına şərait yaratmalıdır. Bu işdə gənc müəllimlərə kömək, onların öz pedaqoji - fərdi stillərini seçməyi öyrətməlidir. Bu proses arzuolunan nəticələrin əldə edilməsinə yönəlməlidir.
Başqa sözlə, şagird nəyi bilməli, nəyi dərk etməli və nəyi edə bilməlidir?
Müəllim təlimə hazırlıq prosesində məqsədi müəy­yənləşdirməli, tələb edilən kurikulumdan istifadə edərsə, hansı nəticəni alacağını müəyyənləşdirməyi bacarmalıdır (məhz belə olduqda təlim prosesi keyfiyyətə istiqamətlənə bilər). Bu isə müəllimdən nəticəyə istiqamətlənən təlim-tərbiyə prosesini həyata keçirmək bacarığı tələb edir. Təhsildə keyfiyyət müasir şəraitdə məktəbdə çalışan müəllimlərin metodik baxımdan ixtisaslarının artırılması və təkmilləşdirilməsi qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələr metodik xidmət əməkdaşlarından (rayon-şəhər metodistləri, dayaq məntəqəsi rəhbərləri, məktəb rəhbərləri, məktəb metodbirləşmələri və s.) tələb edir ki:
- İşlədikləri sahədə keyfiyyətin müəyyənləşdirilməsi üçün beynəlxalq və yerli təcrübənin öyrənilməsi və həyata keçirilməsi məqsədi ilə metodik işin planlaşdırılmasına yeni münasibətlə yanaşsınlar;
- Təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün müəllimlərə yeni münasibətlər aşılasınlar;
- Milli Kurikulumda təhsilin yeni keyfiyyətinin açıqlanmasına diqqəti artırsınlar;
- Öyrənənlərin intellektual potensialının yüksəldilməsi ilə müəllimləri əla təhsil nailiyyətlərinin əldə edilməsinə istiqamətləndirsinlər;
- Hər bir məktəbdə təhsil işini dövlətin təhsil məqsədlərinə uyğunlaşdırmağa çalışsınlar.
Bu məqsədlə, hər şeydən əvvəl, müəllimlərin şəxsi və professional keyfiyyətləri məktəb rəhbərləri və məktəbin metodik xidmət (metodik şuralar, məktəb rəhbərləri, dayaq məntəqələri, rayon - şəhər metodik xidmət) əməkdaşları tərəfindən təhlil edilməlidir. Onlar təhlil prosesində «Müəllimlərin yüksək keyfiyyət əldə etmələrində nələr çatışmır, onlar nəyi öyrənməlidir?» sualına cavab axtarmalıdırlar. Aydın məsələdir ki, müəllim peşəsinin xüsusiyyətlərinə onun mədəniyyəti, bilik, bacarıq səviyyəsi və öyrətmək qabiliyyəti aiddir ki, bunlar da yüksək keyfiyyət əldə etməyə kömək edən xüsusiy­yətlərdir. Şəxsiyyətin inkişafında isə müəllimin özü tərəfindən şəxsi etik normalar müəyyənləşdirilməli, fərdi dəyərlərin əldə edilməsi üçün bilməli və öyrənməli olduğu məsələlər araşdırılmalıdır.
Bununla yanaşı müəllimin peşəkarlıq səviyyəsində onun öz peşəsinin incəliklərinə uyğunluğu da böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə o, öz ixtisasını artırmalı, müəllim kimi mütəmadi təkmilləşməli, təlim prosesinin təşkilində, inkişafında, yeniləşməsində və təlim prosesinin qiymətləndirilməsində ekspert səviy­yəsinə yüksəlməlidir. O, bilməlidir ki, müəllim tədris prosesində şagirdlərin mənəvi, psixoloji və fiziki tələbatlarını öyrənməli, onları müasir elmə, mədəniyyətə yiyələnməyə istiqamətləndirməlidirlər.
Onlar şagirdlərə öz həyatlarını gələcəyə doğru şüurlu və müstəqil şəkildə qurmağı öyrətməlidirlər. Buna görə də müəllim öz fənni sahəsində biliklərlə yanaşı müasir dövrdə cəmiyyətimizdə baş verən ictimai, iqtisadi, ekoloji, həm də mədəni və texniki yenilikləri təhlil etməyi, qiymətləndirməyi bacarmalıdır. Müəllimlərin ixtisasının artırılması və təkmilləşməsi elə təşkil edilməlidir ki, müəllimdə müəllim peşəsinə elə münasibət aşılanmalıdır ki, o ömür boyu oxumalı, innovasiya xarakterli texnologiyalara yiyələnməli və məktəb təcrübəsinə tətbiq etməlidir. Bu məqsədlə məktəbi idarə edənlər və bütövlükdə məktəb kollektivi məktəb həyatını daim təhlili etməli, təlim-tərbiyə prosesində baş verənləri ümumiləşdirməli, işin nəticələrini qiymətləndirməlidir.  Məhz bu yolla nöqsan və çatışmayan cəhətləri üzə çıxarmaq, «diaqnoz» qoymaq və düzgün idarəetmə qərarları qəbul etmək olar.
Hər bir pedaqoji kollektiv analitik funksiyaların həyata keçirilməsinə öz münasibətindən asılı olaraq yanaşmalıdır.
Adətən təhlilə mərhələlərlə yanaşılmalıdır:
-Strategiyanın formalaşdırılması;
-Proqramın hazırlanması;
-Dərs ilinin sonunda idarəetmə qərarının hazırlanması və s.
Məktəbin inkişaf konsepsiyasını hazırlayarkən şagird, pedaqoji və valideyn kollektivlərinin inkişaf səviyyəsi təhlil edilməlidir. Bu sosioloji təhlil zamanı məktəb qarşısında qoyulmuş sosial sifariş araşdırılmalı, kənddə və ya şəhər mikrorayonunda məktəbin yeri müəyyənləşməli, təlim - tərbiyə prosesini mühüm istiqamətləri araşdırılıb müəyyənləşdirilməlidir. Bu proses həyata keçirilərkən məktəbdə son illərdə baş vermiş dəyişikliklər, onların əsas komponentləri üzə çıxarılmalı, nöqsanlar müəyyənləşməlidir.
Təhlil məktəbin rəhbərliyi və metodik şura tərəfindən aparılmalıdır. Rayon - şəhər metodik xidmətinin və dayaq məntəqəsi rəhbərlərinin məsləhətləri nəzərə alınmalıdır.
Məktəbin strateji inkişaf proqramı yoxdursa, illik fəaliyət planlarının nəticələri ümumiləşdirilir, təhlil edilir, müsbət və mənfi nəticələr araşdırılır və məktəbin idarə olunmasının gələcək inkişaf proqramında istifadə edilə bilər. Bu məqsədlə illik plan hazırlanarkən məktəb rəhbərliyi problemlərin həllinə istiqamətlənmiş təhlil nəticəsində geniş müzakirə apararaq məktəbin gələcək inkişafını müəyyənləşdirir və bu zaman problemlərin həlli təhsildə keyfiyyət əldə etməyə yönəldiliir.
Bu araşdırmalarda tərbiyə prosesi unudulmamalı, valideynlərlə iş, onların kollektivin fəaliyyətində iştirakı və nəhayət, maliyyə, maddi-texniki təminat və xüsusən metodik iş unudulmamalıdır. Təlim-tərbiyə prosesinin qarşısında duran vəzifələr konkretləşdirilməli, məktəbin idarə olunmasının taktiki qərarları korrektə edilməlidir. Bu zaman bilik, bacarıq və vərdişlərin fənlər üzrə yeni səmərəli forma və metodlarının tətbiqinə diqqət artırılar, məktəbin bir pillədən digərinə keçməsi, təhsildə keyfiyyətin əldə edilməsi təmin olunar.
Məktəbdə formalaşmış, bir ənənə halına düşmüş metodik işin məzmununa sinif rəhbərlərinin, metodbirləşmə rəhbərlərinin münasibəti yaxşılığa doğru dəyişməli, məsuliyyəti artırılmalıdır. Onların fəaliyyətinə şagirdlərin qazandıqları bilik səviyyəsinə, aldıqları qiymətlərə görə qiymət verilməlidir. Şagirdlərin inkişafı prosesinin müşahidəsi fasiləsiz olaraq təşkil edilməlidir.
Yuxarıda qeyd olunanlar təhsildə keyfiyyətə təsir edən amillərdir. Amma unutmaq olmaz ki, bütün bunların əsasında müəllimin özünü dərk etməsi, müəllimlik peşəsini qəlbən sevməsi, şagird və valideynlərin narahatlığını duymaq, onları başa düşmək bacarığına yiyələnməsi də böyük əhəmiyyət kəsb edir. Bu isə daim məşğul olmaqla yanaşı, həm də təkmilləşmə və ixtisasın artırılmasını tələb edir.


Tarix: 17-07-2020, 16:19

Xəbəri paylaş