"Müəllimlər və məktəb liderləri yüksək peşəkarlar kimi"
OECD növbəti TALIS hesabatını açıqladı
Ölkələr müəllimləri müasir məktəblərdə müxtəlif məsələlərin həllinə necə hazırlaya bilərlər?
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tədris və təlim üzrə beynəlxalq tədqiqatı (TALIS) bu suala cavab verməyə kömək edir. Dünyanın 48 ölkəsində müəllimlər və məktəb direktorları arasında keçirilən TALIS tədqiqatı ölkələrə yüksək keyfiyyətli pedaqoji peşənin inkişaf siyasətini yenidən nəzərdən keçirməyə və müəyyənləşdirməyə kömək etmək üçün etibarlı, vaxtında və müqayisə edilə bilən məlumat verməyə çalışır. Hesabat əsas sahələrdə təhsil siyasətinin təhlili və inkişafına töhfə vermək məqsədilə müəllimlər və məktəb rəhbərləri üçün bir fürsətdir. Araşdırılan mövzulara peşəkar inkişaf, məktəb rəhbərliyi, tədris metodları, məktəb iqlimi, qiymətləndirmə və əks-əlaqə, iş məmnuniyyəti və müəllim profilləri daxildir.
Əsas müddəalar
Hesabatın mündəricat hissəsində qeyd olunur ki, effektiv müəllim üçün tələb olunan bacarıq dəsti geniş və mürəkkəbdir. Fənn biliklərindən və onu necə tədris etməkdən əlavə, müəllimlər uşaqların inkişafı, sinif rəhbərliyi, idarəetmə və hətta psixologiya sahəsində də mütəxəssis olmalı, bu sahədə öz bilik bazalarını bütün karyeraları boyunca yeniləməlidirlər. Məhz bu səbəblərdən müəllimlik sadəcə "iş" deyil, "peşə"adlanır.
Bundan əlavə, məktəb rəhbərlərindən gözləntilər budur ki, onlar inzibatçılar kimi əsas ənənəvi rollarından kənara çıxsın, yəni onların fəaliyyətinə komanda rəhbərliyi, təlim, şəbəkə yaradılması, valideynlər və digər maraqlı tərəflərlə səmərəli kommunikasiya daxil olsun.
Bununla yanaşı, müəllimlərin və məktəb direktorlarının peşəkarlığı müxtəlif ölkələrdə və kontekstlərdə öz formalarına görə dəyişir. Belə ki, bu, həm təhsil siyasətindən, həm də müəllimlər və məktəb rəhbərlərinin davranışlarından asılı ola bilər.
TALIS müəllimlərə və məktəb rəhbərlərinə işlədikləri təhsil müəssisəsindəki əmək fəaliyyəti haqqında suallar verir, beləliklə, onların məktəb mühitinin xüsusiyyətlərindən və həmkarları ilə qarşılıqlı əlaqələrindən tutmuş pedaqoji təcrübəyə , fasiləsiz peşəkar inkişafda iştiraka qədər bütün aspektləri əhatə edərək, bu məsələ ilə bağlı öz fikirlərini bildirməyə imkan yaradır.
Müəllimlərin peşəkarlığı TALIS-də beş əsas komponentin nəzərdən keçirilməsi ilə təhlil edilir:
- - tədris üçün lazım olan bilik və bacarıqlar;
- - karyera inkişafı üçün imkanlar və iş qaydaları;
- - müəllimlər arasında əməkdaşlıq mədəniyyəti;
- - müəllimlərə verilən məsuliyyət və muxtariyyət;
- - peşə statusu və nüfuzu.
Cəmiyyət və təhsilverənlər müəllim peşəsinə necə yanaşır?
Karyeranın populyar, qeyri-populyarlığından asılı olmayaraq, bu, həm peşənın daşıyıcıları olan bütün müəllimlərə, həm də bu peşə sahiblərinin öz işlərindən məmnunluqlarına təsir göstərə bilər. OECD ölkələrində müəllimlərin əksəriyyəti (90%) öz işlərindən məmnundur və onların əksəriyyəti (91%) müəllim olmalarından təəssüflənmir.
Buna baxmayaraq, TALIS tədqiqatında iştirak edən OECD ölkələrində müəllimlərin orta hesabla yalnız 26% - i hesab edir ki, onların gördüyü işlər cəmiyyət tərəfindən qiymətləndirilir. Daha uzun müddətli iş təcrübəsinə malik olan müəllimlər gənc həmkarlarından fərqli olaraq tez-tez deyirlər ki, peşələri lazımınca qiymətləndirilmir, bu da müəllimlərin karyera yolu ilə irəliləməsi zamanı peşəkar məyusluğun müəyyən dərəcəsini əks etdirir.
Bundan əlavə, 50 yaşda olan müəllimlərin 14% - i təqaüd yaşına qədər peşəsini tərk etməmək niyyətlərini ifadə ediblər.
İşdə kəskin stress də müəllimlərin iş məmnuniyyəti və tədrisi davam etdirmək niyyəti ilə sıx bağlıdır: müəllimlərin 18%-i işdə daha çox stress yaşadığını, 49%-i isə inzibati işin çoxluğunu stressin əsas səbəblərindən biri olduğunu bildirir.
Müəllimlərin əmək müqavilələrinin əsas xüsusiyyətləri hansılardır və onlar buna necə yanaşırlar ?
OECD ölkələrində müəllimlərin əksəriyyəti daimi müqavilələr üzrə işləyir və yalnız 18%-i əmək müqaviləsinin müvəqqəti olduğunu bildirir. Lakin bu rəqəm 48 yaşına qədər olan müəllimlər üçün 30% - ə qədər yüksəlir. Baxmayaraq ki, müvəqqəti müqavilələr müəyyən çevikliyi təmin edir, bir ildən az müddət ərzində müqavilələr üzrə işləyən müəllimlər də bildirirlər ki, onlar rəyi soruşulan ölkələrin təxminən üçdə birində dərs demək qabiliyyətinə daha az əmindirlər.
Əmək haqqı baxımından, OECD ölkələrində müəllimlərin 39% -i və məktəb müdirlərinin 47% -i maaşlarından məmnundurlar. Qiymətləndirmə prosesinin, ümumiyyətlə maaş artımı və ya mükafatlandırma şəklində karyera inkişafı ilə əlaqəli olmadığı qeyd edilir, orta hesabla müəllimlərin yalnız 41% -i işlədikləri məktəblərdə bu kimi halların baş verdiyini bildirirlər. Bununla belə, həqiqətən bu cür proseslərin baş verdiyii məktəblərdə çalışan müəllimlərin sayı OECD ölkələrinin yarıdan çoxunda son hesabat dövründə əhəmiyyətli dərəcədə artıb.
Onu da qeyd etmək lazımdır ki, belə bir təcrübə müəllimlərin əmək haqqı ilə bağlı məktəb rəhbərliyinin müəyyən səlahiyyətlərə malik olduğu hallarda daha çox müşahidə edilir. Təhsil müəssisələrinin müəllimlərə qərarların qəbulunda fəal iştirak etmək imkanı verdiklərini və peşə inkişaflarını dəstəklədiklərini bildirən müəllimlər, əmək müqaviləsinin şərtlərindən (əməkhaqqına əlavələrdən) məmnun olduqlarını daha tez-tez söyləyirlər.
Müəllimlər peşəkarlar kimi birlikdə necə işləyir və bu, tədrisə nə kimi təsir göstərir?
Bir çox peşələrdə mərkəzi yeri müntəzəm əməkdaşlıq edən praktik mütəxəssislərin əsas şəbəkəsi tutur. Tədrisdə bu cür peşəkar əməkdaşlıq komanda təlimi formasını alır, auditor müşahidələrindən sonra əks əlaqəni, müxtəlif siniflər arasında birgə fəaliyyəti və beləliklə də əməkdaşlığa əsaslanan peşəkar inkişafı təmin edir.
OECD ölkələrində müəllimlər, ehtimal ki, əməkdaşlığın baza təcrübələrindən istifadə edirlər. Orta hesabla müəllimlərin 61 faizi konkret şagirdlərin inkişafını həmkarları ilə müzakirə edir, 47 faizi həmkarları ilə tədris materiallarına dair mübadilə aparırlar.
Bununla belə, peşəkar əməkdaşlığın geniş formalarına gəlincə, daha az müəllim qarşılıqlı əlaqənin geniş formatından bəhrəlir. Müəllimlərin yalnız 9%-i deyirlər ki, onlar həmkarları ilə müşahidələr əsasında əks əlaqəni təqdim edirlər, 21%-i isə ayda bir dəfədən az olmayaraq birgə peşəkar təlimə qatılırlar.
Əməkdaşlığın XXI əsrdə tədrisin inkişafına təsiri nəzərə alınsa, müəllimlər arasında peşəkar əməkdaşlığın bu cür aşağı göstəriciləri narahatlığa səbəb ola bilər: öz həmkarları ilə daim əməkdaşlıq edən müəllimlər, həmçinin daha tez-tez sinifdə aktivləşdirmənin koqnitiv metodlarından istifadəyə meyillidirlər.
Peşəkar əməkdaşlıq, həmçinin daha yüksək iş məmnuniyyəti və müəllimin səmərəli fəaliyyəti ilə bağlıdır. Həmkarları ilə əlaqə müəllimləri öz təcrübələrinin mütəxəssisləri kimi diqqət mərkəzində saxlayan unikal əməkdaşlıq formasıdır. OECD ölkələrində orta hesabla müəllimlərin 71 faizi həmkarlarından aldıqları rəyləri öz tədris təcrübələrində faydalı hesab ediblər. Əks əlaqə daim təkrarlanan metodlarla deyil, müxtəlif üsullarla həyata keçirildikdə müəllimlər üçün çox səmərəli hesab olunur.
Müəllimlər və məktəb rəhbərləri öz təcrübələrinə və iş mühitinə nə dərəcədə nəzarət edirlər?
Sinifdə tədris təcrübəsi müəllimin təqdirinə qalır: müəllimlərin 90% - dən çoxu bildirir ki, məhz onlar tədris metodlarını seçməli, təhsilalanların öyrənmə səviyyəsini qiymətləndirməli, şagirdləri intizamlı etməli və təyinatı üzrə ev tapşırıqlarının sayını müəyyənləşdirməlidirlər. Müəllimin səlahiyyətləri çərçivəsində kursun ümumi məzmununun müəyyənləşdirilməsi hallarına bir qədər az rast gəlinir və müəllimlərin yalnız 84% -i bu məsələyə müəyyən qədər nəzarət etdiklərini bildiriblər.
Müəllimlərin məktəblərdə qərarların qəbul edilməsi prosesinə cəlb olunması üçün daha çox səy göstərilməlidir. Orta hesabla, OECD ölkələrində məktəb direktorlarının yalnız 56% - i müəllimlərin məktəb idarəetmə komandasında müəyyən rol oynadığını bildirir.
Bundan əlavə, məktəb direktorlarının yalnız 42% - i müəllimlərin məktəb siyasəti, tədris planı və təhsillə bağlı vəzifələrin əhəmiyyətli bir hissəsini yerinə yetirmək üçün məsuliyyət daşıdığını hesab edir. Müəllimlər ştat və ya büdcə məsələlərinə görə böyük məsuliyyət daşımırlar; lakin büdcə ayırmaları hələ də məktəblərin nəzarəti altındadır. Direktorların 68% - i məktəblərin bu sahədə əhəmiyyətli məsuliyyət daşıdığını düşünür.
Qeyd edək ki, OECD-nin beynəlxalq tədris və təlim tədqiqatı (TALIS) müəllimlərin və məktəb rəhbərlərinin iş və təhsil şəraitinin öyrənilməsi üzrə aparılan ən böyük beynəlxalq araşdırmadır. TALIS müxtəlif təhsil sistemlərində müəllimlərin və məktəb rəhbərlərinin peşəkarlığının müxtəlif aspektlərini araşdırır.
Oruc MUSTAFAYEV
Tarix: 26-03-2020, 15:34