Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Humanist pedaqogikanın fəlsəfi və psixoloji əsasları

 

Mətanət Abdullayeva,
fəlsəfə üzrə elmlər doktoru,
BDU-nun “Azərbaycan dili və ədəbiyyatının tədrisi
metodikası” kafedrasının professoru

Məktəb cəmiyyət üzvlərinin və deməli, bütövlükdə, cəmiyyətin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirən “təlim bazası”dır. Uşağın ilkin təlimləndirilməsi onun necə insan olmasını şərtləndirən vacib mərhələdir. İsveçin ictimai xadimi, qadın hüquqlarının müdafiəsi hərəkatının liderlərindən olan Ellen Key (1849-1926) «Uşaqların əsri» kitabında yazır ki, insan dünyagörüşündə baş verən dəyişikliklər cəmiyyətdəki dəyişikliklərə gətirib çıxarır; pedaqogikanın işi uşağı ətraf mühitə uyğunlaşdırmaq deyil, uşqağın daxili imkanlarını açmaqdır.
Hələ antik filosoflar cəmiyyətdə, həyatda şərin olub-olmaması problemində bilik faktoruna əsas meyar kimi yanaşırdılar. Demokrit (e.ə.v. III-II ) hesab edirdi ki, insanın düçar olduğu bütün şər işlər və faciələr onun lazımi biliklərə sahib olmamasından irəli gəlir. Filosofa görə, mütləq şər yoxdur, hər bir pislik biliklə yox olur. (Sözsüz ki, burada “bilik” sözü sırf elmi müstəvidə anlaşılmalı deyil.) Demokrit üçün “bilik” anlayışı “ziya, işıq” mənasını daşıdığına görə şəri, qaranlığı yox etmək funksiyasına malik idi. Bəşər tarixinin bütün dövrlərində “bilik” sözü məhz Demokritin ziya konsepsiyasını özündə ehtiva edib. Belə konsepsiya yalnız fiziki aləmin öyrənilməsini deyil, həm də mənəvi-ruhani aləmlə tanışılığı nəzərdə tutur. İntibah dövrünün görkəmli nümayəndəsi, fransız yazıçısı Fransua Rable (1494-1553) orta əsrlər avtoritar təhsil rejimini tənqid edirdi (“Qarqantüa və Pantaqrüel” romanı). O, mahiyyətində şəxsiyyətin ruhani və fiziki inkişafını ehtiva edən humanitar tərbiyənin idealını yaradır; tərbiyənin aktiv metodlarını – təbiətə ekskursiyalar, emalatxanalar, göy cisimlərini müşahidə və s. kimi praktik təlim metodlarını önə çəkir. İntibah dövrünün digər görkəmli yazıçısı Mişel de Monten (1533-1592) uşaqların təlim prosesində sərbəstliyini, yaradıcı əməyinin və yaradıcı təfəkkürünün inkişaf etdirilməsini, təşəbbüskarlıq bacarıqlarının üzə çıxarılmasını vacib sayırdı. Anton Semyonoviç Makarenkonun (1888-1939) pedaqoji fəaliyyətinin əsasında uşaqların təlim prosesindəki yaradıcı sərbəstliklərinin, bacarıq və qabiliyyətlərinin üzə çıxarılması və inkişaf etdirilməsi kimi humanist pedaqoji yanaşma durur. O deyirdi ki, insana xoşbəxt olmağı öyrətmək olmaz, ancaq onu elə tərbiyə etmək olar ki, o, özünü xoşbəxt hiss etsin. Bu dahiyanə deyilmiş fikir həyatın əsas düsturlarından birini əks etdirir – yaradıcı əmək insana xoşbəxtlik gətirir!
Müasir humanist pedaqogikanın görkəmli nümayəndəsi akademik Şalva Aleksandroviç Amonaşvili (1931) “Müəllim, məni yaradıcılığa ruhlandır!” adlı kitabında humanist pedaqogikanın uşaqların təfəkkür və təxəyyül qabiliyyətlərinin açılmasına, dərin səviyyələrdə düşünmələrinə, uşaqların daha nələrə qabil olmalarına dair şagirdin müəlliminə müraciəti formasında maraqlı nümunə verir:”Müəllim, məni yaradıcılığa ruhlandır! Kim bu səssiz səsi eşitmir? Bu, artıq əsrlərdir ki, təhsil səhrasında şagirdin cavabsız qalan çağırışıdır: Əziz müəllimim, məni işıqlı yaradıcılığa ruhlandır! Dostluğa və sədaqətə, vəzifə borcuna və xidmətə, qarşılıqlı anlaşmaya və vəhdətə ruhlandır. Ədalətə və xeyirxahlığa, idrakın genişliyinə və yaradılışı dərk etməyə ruhlandır məni. İmanı anlamağa və özümü dərk etməyə, həyatın mənasını və özümün həyatdakı təyinatımı axtarmağa ruhlandır məni. Kosmosa aidliyimi, insan ruhunun qüdrətini anlamaqda mənə kömək et. Müəllim, məni öz içimdə Ruhi İnsan, Alicənab və Nəcib İnsan yaratmağa ruhlandır”. Belə bir formada böyük pedaqoqun müəllim adını daşıyan bütün insanlara müraciətidir, çağırışıdır! Hər bir müəllim təlim-tərbiyə prosesinin keyfiyyətini ən optumal səviyyəyə qaldırmalıdır. Ş.A.Amonaşvili deyir ki, təbiət qanunları və Kainatın sirləri haqqında müasir biliklərin mənəviyyatsız, rəhmsiz insana verilməsi cəmiyyət üçün təhlükəlidir. Müasir texnologiyalar mənəviyyatsızların əlində təhlükəli alətdir. Ona görə də uşaqların təlim- tərbiyəsində mənəviyyat məsələsi, bədənlə ruhun vahid tərbiyəsi ön planda durmalıdır. Uşaqlar fiziki aləmin və ilahi aləmin qanunlarına paralel yiyələnməlidirlər. Təhsil gərək ağlın, intellektin, mənəvi-əxlaqı dəyərlərin formalaşdırılmasına, insansevərlik hissinin, hər cür pozitiv emosional-psixoloji halların inkişaf etdirilməsinə yönəldilsin. Belə yönəldilmə, sadəcə, qanunlar şəklində təlqin edilməməlidir, onun dəyəri uşaqların daxili potensialının, hiss və duyğularının ayıldılması formasında olmasındadır; uşaq öz mənəvi dünyasına nüfuz etməyi (refleksiyanı), daxili “göz”ü ilə özünə baxmağı öyrənməlidir. Bütövlükdə, təhsil prosesi “boş torbanın doldurulması” prosesinə bənzəməməlidir, çünki təlim-tərbiyə uşağın başının doldurulması deyildir, uşağın ürəyi “təmizlənməli, genişlənməli və işıqlanmalıdır”.
Humanist pedaqogikanın klassiklərinin təhsildə görmək istədikləri vacib məqam məhz budur. Analitik psixologiyanın görkəmli nümayəndəsi Karl Qustav Yunq insanın formalaşmasında refleksiyaya önəm verərək deyir ki, ürəyin biliyini kitablardan və müəllimlərin danışığından əldə etmək olmaz; o, qara torpaqda cücərib boy atan toxum kimi bizim içərimizdə yetişir. Müəllim qayğıkeş bağban kimi toxumun cücərməsi prosesini izləyərək düzgün yönləndirməlidir. Təhsilin məqsədi nəticə olaraq işləyib pul qazanmaq yox, təhsilin məqsədi həyatın özü olmalıdır. İnsan biliyinin sonsuz inkişafına inanan filosof, şair Seneka (e.ə.4 – b.e. 65) demişdir: ”Əfsuslar olsun ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”.
Görkəmli pedaqoqlar deyirlər ki, bilik müdrikliyə, müdrikliksə insanın xasiyyətinə çevrilməyincə təhsil dəyərsiz proses hesab olunur. Yox, əgər təhsil transformasiyaedici xüsusiyyət daşıyarsa, belə təhsil sayəsində həyatda sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və əməkdaşlıq ən yüksək səviyyədə bərqərar olar. Təhsilə humanist yanaşma insanların müxtəlif etnik mədəniyyətlərə yiyələnməsi, tolerantlıq, fərqli şəraitlərə adaptasiya, dialoqa girmək bacarığı yaradırsa, digər tərəfdən, uşaqların özlərini tanımalarına, həyata pozitiv köklənmələrinə, fərqlər axtarmaqdansa hər şeydə oxşarlıqlar görməyə istiqamətlənməyə kömək edir. Düzgün qurulmuş təhsil sistemi dünyada sülhün bərqərar olmasının rəhnidir. Böyük pedaqoqların təhsildən gözlədikləri əsas nəticə isə insanın azadlığı məsələsidir; həqiqi təhsil insanı azad insan edir – tamahdan, kin-küdurətdən və digər eqoistik impulslardan. Belə azadlıq K.Q.Yunqun söylədiyi kimi, insanın daxilindəki mərifət toxumundan cücərir. Şərq əxlaqında mərifət insanın əxlaqının tənzimlənməsi, universal keyfiyyətlərinin açılması yolu ilə nəfsin düzgün yönləndirilməsindən ibarət olan azadlıq əldə etməsi, kamilləşməsidir. İnsanın universal keyfiyyətləri kənardan qəbul etdirilmir, onlar insanın autentik təcrübəsində, batini aləminə refleksiya zamanı üzə çıxarılır. Autentikliyə sahib olmaq üçün insan özünün həqiqi Mənini, həqiqi mahiyyətini – ekzistensiyasını açmalıdır. Ekzistensial-humanist yanaşmada şəxsiyyət pozitiv və neqativ olanlar arasında özü seçim edir və özü məsuliyyət daşıyır seçiminə görə. Və insanın inkişafı məhz öz seçimi kontekstində baş verir. Burada məktəb təliminin məsuliyyəti çox böyükdür. Fərqlilər arasında seçim edərkən müəllimin məcburi təlqini əks effekt verə bilər, uşağa psixoloji yönləndirmə yolu ilə (belə yönləndirmə qətiyyən basqı şəklində olmalı deyil) köməklik göstərmək lazımdır. Ekzistensial psixologiyanın da, humanist psixologiyanın da əsasında «insanlardakı insanilik – azadlıq, ləyaqət, autentiklik, bütövlük haqqında təsəvvürlər» durur. Şagirdlərin passiv şəkildə intellektual biliklərə sahibolma prosedurunun - ənənəvi pedaqogikanın əleyhinə çıxan humanist psixologiyanın yaradıcılarından biri, amerikalı psixoloq Karl Rodcersə (1902-1987) görə, dərs prosesində şagirdlər diskusiya aparmaq, müəyyən mövzu ilə bağlı konkret nəticəyə gəlmək və qərarlar qəbul etmək kimi sərbəst fəaliyyət göstərməyi bacarmalıdırlar. Psixoloqa görə, bilik, dərs proqramları məqsəd deyil, vasitədir; vacibdir ki, şagird özünü ifadə etməkdən, səhv etməkdən, fikrini bildirməkdən, başqaları ilə ünsiyyət qurmaqdan qorxmasın. K.Rodjers deyir ki, insan özünün real Mənini dərk etməlidir, tamdəyərli şəxs olmalıdır; belə insan indiki həqiqi anını yaşayır, təcrübəyə açıqdır, özünün daxili impulslarına etibar edir və intuitiv mühakimələrini dinləməyi bacarır, onun qərarvermə bacarığı yalnız intellektindən irəli gəlmir, bütünlüklə şəxsiyyətinə aiddir. Görkəmli psixoloq insanda yalnız ağıl, intellekt deyil, həmçinin intuisiya, hissi biliklər faktoruna diqqət yönəldir, yəni rasional və irrasional biliklərin vəhdətinə önəm verir. «Hər birimiz bir-birinə inteqrasiya edib vəhdət halına gələ biləcək iki hissədən – bədən və ruhdan ibarətik ki, var qüvvəmizlə belə birliyə çalışırıq. Belə vəhdət halında canla bədən, hisslə intellekt arasında fərqlər silinmiş olur.» İnsanın unikal bütövlüyü məsələsinə diqqət yönəldən psixoloq uşaqların tərbiyəsini belə əsasda qurmağın mühümlüyündən danışır. Uşaqlara özünün imkanlarını reallaşdıra bilən azad yaradıcı insan, unikal bütöv sistem – şəxsiyyət kimi yanaşan humanist pedaqogikanın psixoloji əsasını məhz humanist psixologiya təşkil edir. Humanist psixologiyada özünü realizəetmə, yaradıcılıq imkanları və bacarıqları, həyata, yaradılışa sevgi, autentiklik, məsuliyyət, şəxsiyyətin azadlığı yüksək dəyərlər hesab olunur.
Humanizm prinsiplərinə əsaslanan tərbiyə və təlim prosesinin fəlsəfəsini uşağın yaradıcılıq potensialını aktivləşdirməyin, ona yaradıcılıq imkanı prizmasından yanaşmanın konseptual mahiyyəti təşkil edir. Müəllim şagirdə şəxsiyyət olaraq yanaşmalı, onun fərdiliyini qəbul etməli, bu prinsipləri pozmadan və onlardan çıxış edərək uşaqların təlim və tərbiyə prosesini qurmalıdır. Təlim və tərbiyənin məqsədi uşaqlara bilikləri əzbərlətmək olmalı deyildir. Uşaqlara bacarıqlarını, ünsiyyət, düşüncə qabiliyyətlərini açmağa köməklik göstərmək, mənəviyyat və pozitiv emosional-psixiki hallarını inkişaf etdirmək üçün imkan yaratmaq və öz qüvvələrinə inam hissi oyatmaq lazımdır. Bunu evdə valideyin, məktəbdə müəllim etməlidir. «Dərs şagirdin böyüməsi yolunun bir kəsiyidir və bu yolu o, müəllimiylə gedir.» Yol yoldaşı həmin yolu maraqlı da edə bilər, bezdirə də bilər. Müəllim o kəs deyil ki, öyrədir, müəllim o kəsdir ki, ondan öyrənirlər.Şəxsiyyəti bütöv olan insandan öyrənirlər,  əgər o ixtisasca müəllim deyilsə belə. Müəllim – şagird münasibətlərinin düzgün qurulması üçün müəllimin şəxsiyyəti bütöv olmalıdır. Şəxsiyyətin bütövlüyü özünüdərkin səviyyəsilə bağlıdır. Və şəxsiyyətin bütövlüyü məsələsi humanist pedaqogikanın predmetini təşkil edir. Çünki müəllim özündə olmayanı şagirdinə öyrədə bilməz. Uşaqlar məktəb təhsilində özlərinə şəxsiyyət kimi dəyər verməyi bacarmalıdırlar, o zaman öz potensiallarını, daxili imkanlarını həyatın müxtəlif sahələrində aktivləşdirməyin zəruru olduğunu anlaya bilər və belə məsuliyyətdən qaçmazlar. Biz şəxsiyyət yetişdirərək də cəmiyyətin mənəvi-əxlaqi bazasını düzləndirmiş oluruq. Müəllim hər zaman bilməlidir ki, insanları mənən azad olan dövlət həyatın bütün sahələrində ən yüksək nailiyyətlər qazana bilər; dünyanın xilası onun – müəllim fəaliyyətindən, gələcək nəslin tərbiyəsindən asılıdr. 


Tarix: 13-03-2019, 16:08

Xəbəri paylaş