Strateji yol xəritəsi və peşə təhsilinin perspektivləri
Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmişdir. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılmışdır. Ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilmiş, layihələr həyata keçirilmişdir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda deyildiyi kimi “Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir”.
Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər cəmiyyətin layiqli üzvü olması üçün hər bir təhsilalana lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində nümunəvi həmkara, ailə üzvünə və vətəndaşa çevirir.
Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ-hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmiş, təhsilə dair çoxşaxəli Dövlət Proqramları, Əsasnamələr, normativ- hüquqi aktlar qəbul edilmişdir. Bütün bu məsələlər təhsilin bütün vəsilələri üzrə, o cümlədən peşə təhsili sahəsində fəaliyyətin əsaslı şəkildə yenidən qurulmasını zərurətə çevirmişdir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda deyildiyi kimi, “Son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində işlər görülmüş, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Qeyd olunanlara baxmayaraq, bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların cəmi 25–27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir.”
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun dediyi kimi, “Ölkədə və dünyada dinamik inkişaf tendensiyaları, o cümlədən təhsil sahəsində əsaslı dəyişikliklərin olması, Azərbaycanın keyfiyyətcə yeni inkişafı mərhələsinə qədəm qoyması, mütərəqqi beynəlxalq təcrübənin öyrənilib tətbiqi istiqamətində mühüm addımların atılması təhsil haqqında yeni qanunun qəbul edilməsi zərurətini yaratdı. Bütün bu proseslərin məntiqi nəticəsi kimi, 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunun icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən 60-dək normativ-hüquqi sənəd hazırlanmış və hökumət tərəfindən təsdiq edilmişdir. Beləliklə, təhsil sisteminin normativ-hüquqi bazası yeniləşdirilmişdir və bu istiqamətdə işlər davam etdirilir. 1997-ci ildən başlayaraq ilk peşə-ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təhsilin məzmununun təkmilləşdirilməsi, təlim metodları və texnologiyalarının yeniləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra layihələr və tədbirlər həyata keçirilmişdir. İqtisadiyyatın şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, işəgötürənlərin tələblərinə cavab verən peşəkarların hazırlanması məqsədilə ölkə Prezidentinin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmışdır. Agentlik qarşısında peşə təhsilinin infrastrukturunun və maddi-texniki bazasının müasirləşdirilməsi, təhsilin məzmununun yenilənməsi və nüfuzunun artırılması kimi mühüm vəzifələr qoyulmuşdur. Təhsil Nazirliyinin təkliflərinə əsasən Nazirlər Kabineti tərəfindən “Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması haqqında” qərar imzalanmış, 32 ilk peşə-ixtisas təhsili müəssisəsi rasionallaşdırılaraq 13 peşə-təhsil mərkəzi yaradılmışdır”.
Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına əsasən 11 sektor üzrə Azərbaycan iqtisadiyyatının 2020-ci ilədək iqtisadi inkişaf strategiyasının və tədbirlər planının, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışın və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışın içərisində peşə təhsilinə xüsusi yer ayrılması bu sahənin perspektivdə inqilabi sıçrayışına stimul verəcəkdir. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” adlı sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edilmişdir. 2020-ci ilədək olan dövr üzrə strateji baxışa nail olmaq üçün strateji məqsədlər, strateji hədəflər və prioritetlər, o cümlədən icra müddətləri göstərilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri təfsilatlı şəkildə hazırlanmışdır.
2020-ci ilədək olan dövr ərzində Azərbaycan Respublikasının Peşə təhsili və təlimi sektoru üzrə strateji məqsədlər aşağıdakılardan ibarətdir:
• peşə-ixtisas təhsilinin təkmilləşdirilmiş normativ-hüquqi, iqtisadi və informasiya bazasının təmin edilməsi;
• peşə-ixtisas təhsilinin yeni pozitiv imicinin formalaşdırılması;
• peşə-ixtisas təhsili müəssisələrinin təkmilləşdirilmiş dövlət-özəl tərəfdaşlığına əsaslanan idarəetmə strukturunun yaradılması;
• rasionallaşdırılmış və sayı optimallaşdırılmış dövlət peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin qurulması;
• peşə təhsili sisteminin özəl sektor üçün cəlbediciliyinin artırılması;
• müasir infrastruktur, maddi-texniki və tədris bazasına malik peşə-ixtisas təhsili müəssisələrinin formalaşdırılması;
• yeni iqtisadi model əsasında peşə-ixtisas təhsili sisteminin maliyyələşdirilməsinə nail olunması;
• peşə-ixtisas təhsili müəssisələrində müasir tələblərə uyğun yenilənmiş təhsil proqramlarının təmin olunması;
• peşə-ixtisas təhsili sistemində əmək bazarının tələblərinə cavab verə bilən mühəndis-pedaqoji kadrların hazırlanması;
• peşə-ixtisas təhsili müəssisələri məzunlarının işlə təminatının yüksəldilməsi;
• təhsilin növbəti pilləsi kimi peşə təhsilinin prioritet sahələr sırasına daxil olması.
2020-ci ilədək olan dövr ərzində Azərbaycan Respublikasının peşə təhsili və təlimi sistemində aşağıdakı strateji hədəflər müəyyən edilmişdir:
• işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası;
• nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin yaradılması;
• məqsədli peşə inkişafı proqramlarının yaradılması;
• sektorlar üzrə spesifik proqramların yaradılması;
• peşə təhsili və təlimi üzrə hədəflərin əldə olunmasına təkan verəcək vasitələrin tətbiqi.
2020-ci ilədək olan dövr ərzində Azərbaycan Respublikasının peşə təhsili və təlimi sistemində strateji hədəflərə daxil olan prioritetlər aşağıdakılardır:
• İşəgötürənlərlə tərəfdaşlığın qurulması;
• Peşə təhsili sisteminə ixtisaslı yeni mütəxəssislərin cəlb edilməsi;
• Peşə təhsili sisteminin gələcək inkişafını təmin etmək üçün əlavə dövlət, özəl və beynəlxalq maliyyələşdirmə mənbələrinin müəyyən edilməsi;
• Fəaliyyətin nəticələrinə əsaslanan həvəsləndirmə mexanizmlərinin tətbiqi;
• Yaşlılar üçün peşə təliminin və ixtisasartırmanın təmin edilməsi;
• Kiçik və orta sahibkarlıq subyektləri üçün model müəssisələrin yaradılması və sahibkar düşüncə tərzinin təşviqi istiqamətində peşə təhsili və təlimi müəssisələrinin fəaliyyətinin təşkili;
• Sektorlar üzrə tələblərin qarşılanmasına dəstək verilməsi;
• İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması;
• Məlumatların şəffaf monitorinqinin və vahid bazasının təmin edilməsi.
Məlumdur ki, peşə təhsili rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. Dörd mühüm qlobal trend iqtisadi məhsuldarlığın amili kimi peşə təhsili və təliminin əhəmiyyətini artırır: qloballaşma, qlobal iqtisadi mühit, məhsuldarlıq tələbləri və məşğulluq üçün təhsilə diqqətin artması.
Qloballaşma ölkələr arasındakı əlaqələri genişləndirir və bunun nəticəsi olaraq təhsil sistemlərinin fəaliyyət və effektivliyinin müqayisəsinə maraq artır. İkincisi, qlobal iqtisadi mühit fundamental iqtisadi bacarıqlara diqqəti artırmışdır.
Dünyada iqtisadi qeyri-müəyyənlik və yeni bazarlara çıxış imkanı uğrunda artan rəqabət məhsuldarlıq tələblərinin artmasına səbəb olmuşdur. Buna müvafiq olaraq, dünya ölkələri bazarların, şirkətlərin və fərdlərin əmək məhsuldarlığının artırılmasına getdikcə daha çox diqqət yetirirlər. Dördüncüsü, getdikcə artan ixtisaslı kadr çatışmazlığı problemini həll etmək, tələbələrin və işəgötürənlərin ehtiyaclarını təmin etmək məqsədilə təhsilə maraq daha da artmaqdadır.
Səriştəli işçi qüvvəsinə olan tələbatı ödəmək üçün bir çox dünya ölkələri peşə təhsilinin inkişafı və işsizliyin azaldılması istiqamətində müvafiq hüquqi və iqtisadi islahatlar həyata keçirirlər.
Peşə təhsili və təlimi milli təhsilin tərkib hissəsi kimi zəngin tarixə malikdir. 1879-cu ildə Naxçıvanda xarratlıq və çilingərlik üzrə sənətkarlar hazırlayan peşə məktəbləri, 1883-cü ildə Şəkidə ipəkçilik məktəbi, 1884-cü ildə Gəncədə, 1887-ci ildə isə Bakıda sənət məktəbləri yaradılmış, 1914-cü ilə qədər isə sənət məktəblərinin sayı 10-a çatmışdır. Sonralar təkcə dəmiryolu üzrə ibtidai təhsil və sənət təlimi verən 4 məktəb fəaliyyət göstərmişdir. İlk Bakı dəmir yolu məktəbi 14 dekabr 1895-ci ildə açılmışdır. 120 illik tarixi olan bu təhsil müəssisəsinin varisi olaraq bu gün Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi bu ənənəni uğurla davam etdirməkdədir.
Sovet İttifaqı dövründə Azərbaycanda peşə məktəblərinin şəbəkəsi genişləndirilmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir. 1980-ci illərdə ölkədə 300 peşə üzrə 100 mindən artıq şagirdin təhsil aldığı 185 peşə tədris müəssisəsinin fəaliyyət göstərməsi, müxtəlif peşə istiqamətləri üzrə hazırlanan ixtisaslı fəhlə kadrlarının istehsalata göndərilməsi bu sahənin inkişafının bariz göstəricisi idi.
1980-ci illərin sonları 1990-cı illərin əvvəllərində ölkənin sosial-iqtisadi həyatında baş verən hadisələr bu sahənin inkişafına mənfi təsir göstərmiş, yalnız 1990-cı illərin ortalarından başlayaraq peşə təhsilinə diqqət artırılmış, onun təkmilləşdirilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli "Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" qərarına uyğun olaraq, maddi-texniki bazası zəif olan və müasir tələblərə cavab verməyən peşə məktəbləri birləşdirilmiş və ya ləğv edilmiş, texniki peşə təhsili müəssisələrinə peşə məktəbi və peşə liseyi statusu verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 2282 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007–2012-ci illər)" çərçivəsində bir sıra tədbirlər həyata keçirilmiş və nəticədə, peşə təhsili müəssisələrinə qəbul səviyyəsi yüksəlmişdir. Son illərdə ölkə iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun davamlı inkişafının təmin olunması istiqamətində aparılan məqsədyönlü islahatlar ölkədə əlavə dəyər yaradan sektorların inkişafını təmin etməklə yanaşı, əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla, bu tələbatın ödənilməsinə imkan verən çevik və bazaryönümlü peşə təhsili sisteminin qurulmasını zəruri edir.
Azərbaycanda peşə təhsilinin inkişafının təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin tərkib hissəsi kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmışdır. Bu fərmanla agentliyin əsasnaməsi təsdiq edilmiş və burada onun fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müəyyən olunmuşdur. Agentlik Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsi və əlaqələndirilməsini, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təşkil edilməsini həyata keçirir.
Agentliyin təsis edilməsi peşə təhsilinin inkişaf etdirilməsi və müasir dövrün standartlarına uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İlk peşə-ixtisas təhsilinin inkişaf perspektivləri Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini də əhatə edir. Bu təhsil müəssisəsi respublikanın ən qocaman peşə təhsil müəssisələrindən biridir.
Qafqaz tədris dairəsinə daxil olan tədris müəssisələrinin 1896-cı il yanvarın 1-nə aid olan tam siyahısına görə, 1895-ci il 14 noyabrda Zaqafqaziya Dəmir Yolu idarəsinin vəsaiti və himayəsilə Bakı şəhərinin 3 saylı ərazisinə daxil olan Qanlı Təpə adlanan yerdə Bakı ikisinifli dəmir yolu məktəbinin açılışı keçirilmişdir. 15 noyabrda tədrisə başlayarkən bu məktəbin siniflərində ilk məşğələlər aparılmış və burada 51 oğlan, 27 qızdan ibarət 78 nəfərin təhsilə cəlb edildiyi müəyyən edilmişdir.
1917-ci ilə qədər eyniadla fəaliyyət göstərən dəmir yolu məktəbinin həyatında mühüm hadisə baş vermişdir. Belə ki, Qafqaz tədris dairəsi dəftərxanasının məlumatının əks olunduğu Az.SSR Mərkəzi Dövlət Tarixi Arxivindən (fond 311, vərəq-1, №132) əldə etdiyimiz materialda Bakı ikisinifli dəmir yolu məktəbinin ali–ibtidai peşə məktəbinə çevrilməsi qeyd olunmuşdur.
Ən yeni tarix Mərkəzi Dövlət Tarixi Arxivində (fond 51, qov-luq1, sax. vah. 53–H.B)Azərbaycan Demokratik Respublikası Maarif Nazirliyinin 1920-ci il üçün dövriyyə sənədində 8 yanvar 1920-ci ildə tərtib edilmiş təhsil müəssisələri siyahısında dəmiryolu məktəbi 318-ci sırada ali-ibtidai məktəb kimi qeyd edilir. Bu onu göstərir ki, çar Rusiyasının süqutu ərəfəsində məktəbin statusunun yüksəldilməsi qərarı ADR-nın dövründə qüvvədə saxlanmışdır. Yalnız maliyyə çatışmazlığından onun fəaliyyət göstərməsi baş tutmamışdır.
1923-cü ildə Sovet hakimiyyətinin yaranması ilə əlaqədar təhsil müəssisələrinin tipləri yeni quruluşun siyasi tələblərinə müvafiq olaraq dəyişdirilərək Fabrik Zavod Şagirdliyi (FZŞ – H.B) məktəbinə çevrilmişdir. 1941-ci ildə bu məktəb 1№-li dəmiryol peşə məktəbi, 1955-ci ildə 4№-li şəhər texniki-peşə məktəbi, 1969-cu ildə 2№-li orta texniki peşə məktəbi, 1990-cı ildə 2№-li şəhər orta texniki peşə məktəbi kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 1996-cı il tarixli 116 №-li qərarı ilə 2 №-li şəhər orta texniki peşə məktəbinə Dövlət Dəmir Yolu Liseyi statusu verilmişdir.
Müstəqillik illərində məktəb öz fəaliyyətini daha da genişləndirmiş, 2013-cü ilədək ümumtəhsil sinifləri də fəaliyyət göstərmişdir.
Hazırda liseydə, şagirdlərin ixtiyarında “Avtotormoz”, “Metropoliten”, “Hərəkət heyəti”, “Elektrotexnika”, “Fizika” kabinetləri vardır. Çilingərlik emalatxanası, idman zalı, akt zalı, kitabxana fəaliyyət göstərir. İlk peşə-ixtisas təhsili müəssisələri üzrə 2015-2016-cı tədris ili üçün şagird qəbulu planına əsasən bu təhsil ocağında aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:
• Elektrovoz maşinisti köməkçisi;
• Elektrik qatarının maşinist köməkçisi;
• Dəmiryol stansiyasının növbətçisi;
• Metropolitenin stansiya növbətçisi;
• Kontakt şəbəkəsinin elektrik montyoru;
• Dartı yarımstansiyasının elektrik montyoru;
• Teplovoz maşinisti köməkçisi;
• İşarəvermə, mərkəzləşdirmə, bloklama qurğularının təmiri və xidməti elektrik montyoru;
• Qatar bələdçisi;
• Elektrik və avtoarabacıqların sürücüsü;
• Yüksəkgərginlikli hava xətlərinin və kontakt şəbəkələrinin quraşdırıcısı üzrə elektrik montyoru-xətçi.
Hazırda liseydə 13 nəfər inzibati-idarə heyəti, 49 nəfər müəl-lim, eləcə də 29 nəfər istehsalat təlimi ustası, 17 nəfər texniki heyət çalışır.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ilə yeni mərhələyə daxil olan peşə təhsili sistemi bizim Peşə Təhsil Mərkəzi qarşısında da ciddi vəzifələr qoymuşdur. Peşə təhsili üzrə Dövlət Agentliyinin əsasnaməsində deyilir: “İlk peşə-ixtisas təhsilini əmək bazasının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir”.
Yaxın perspektivdə başlıca vəzifəmiz Əsasnamədən də göründüyü kimi, həm də Dəmir Yolu və Metropoliten üzrə səriştəli əmək bazarının tələblərinə cavab verə biləcək rəqabətqabiliyyətli ehtiyat əmək qüvvəsinin hazırlığına nail olunmasıdır.
Bu məqsədlə müntəzəm olaraq Bakı Metropoliteni QSC və Azərbaycan Dəmir Yolları QSC-nin müvafiq şöbə və departamentləri, depoları ilə əlaqə saxlayırıq.
Həm yeni, həm də ənənəvi ixtisasların tədris keyfiyyətinə nail olmaq üçün öncə tədrisin məzmunca yeniləşməsi və təhsil keyfiyyətinə nail olunmasıdır. Burada ustalarımızın əksəriyyəti ali və orta texniki təhsilli kadrlardır.
Həm proqramların yenilənməsi, yeni köməkçi tədris vəsaitlərinin hazırlanması, eləcə də elektron tədris prosesinə keçilməsi və s. məsələlər indi əsas hədəflərimizi təşkil edir. Peşə Təhsil Mərkəzi ilə Dəmir Yolu və Metropolitenə aid depolarda istehsalat təcrübələrinin daha səmərəli təşkili də məzmunca xeyli yenilənmiş, şagirdlərin yüksək davamiyyəti təmin edilmişdir. Buraxılış imtahanları hər iki müəssisənin nümayəndələri tərəfindən, yüksək tələbkarlıqla aparılmaqdadır.
Həm Peşə Təhsili üzrə Dövlət Agentliyi, həm Azərbaycan Dəmir Yolları QSC, həm də Bakı Metropoliteni QSC-nin qarşılıqlı fəaliyyəti nəticəsində gələcəkdə bu müəssisənin yüksək səviyyədə kiçik mütəxəssis hazırlığına nail olunması sosial sifarişdir.
Bir sözlə, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini yaxın gələcəkdə gözəl perspektiv gözləyir.
Tarix: 11-04-2017, 09:44