Strateji yol xəritəsi və peşə təhsil mərkəzlərinin perspektivləri
Həsən BAYRAMOV,
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət
Peşə Təhsil Mərkəzinin direktor əvəzi,
pedaqogika üzrə elmlər doktoru
Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də həyata keçirilən islahatların ardıcıl və fasiləsiz təminatına xüsusi diqqət yetirilir. İndi bir tərəfdən təhsilin bütün pillələri üzrə hüquqi-normativ və qanunvericilik bazası təmin edilir, digər tərəfdən təhsilin tədris-metodiki, nəzəri-sosial əsasları möhkəmləndirilməklə pedaqoji peşəkarlığın təminatında yeni meyarlara istinad edən strateji layihələr həyata keçirilir ki, burada texniki peşə təhsilinin də öz yeri vardır. Qeyd edək ki, hər bir ölkənin sosial-iqtisadi strukturunun qurulmasında müstəsna əhəmiyyət kəsb edən texniki peşə təhsilinin məqsədi ölkə iqtisadiyyatının bütün sahələri üçün əmək bazarının tələblərinə uyğun sənət və peşələr üzrə ixtisaslı kadr hazırlığını təmin etməkdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il tarixli "Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007–2012-ci illər)", 2013-cü il tarixli “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, nəhayət, Azərbaycanda peşə təhsilinin inkişafının təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin tərkib hissəsi kimi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli fərmanına müvafiq olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasına dair sənədlərin qəbulu bu sahəyə daimi dövlət dəstəyini ifadə edir. Sonuncu fərmanla agentliyin Əsasnaməsi təsdiq edilmiş və burada onun fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müəyyən olunmuşdur. Təhsil Nazirliyinin təkliflərinə əsasən Nazirlər Kabineti tərəfindən “Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili nüəssisələri şəbəkəsinin rasionallaşdırılması haqqında” qərar imzalanmış, 32 ilk peşə-ixtisas təhsili müəssisəsi rasionallaşdırılaraq 13 peşə təhsil mərkəzi yaradılmışdır.
Ölkə Prezidentinin fərmani ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsi” zamanında qəbul olunmuş, dövlətin əvvəlki hüquqi aktlarını tamamlayan və ölkəmizin iqtisadi inkişafının perspektivlərini müəyyən edən konseptual sənəddir. Strateji yol xəritəsində 11 strateji hədəf içərisində peşə təhsili və təliminin inkişafının da nəzərdə tutulması bu sahənin gələcək inkişafına çox ciddi stimul verməkdədir. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” 9 başlığı əhatə edir.
1-7 başlıqlar icmal xülasədən, peşə təhsili və təliminə dair qlobal trendlərdən və mövcud vəziyyətin təhlilindən ibarətdir. Qlobal trendlər aşağıdakı kimi müəyyən edilir: birinci qloballaşma, ikinci qlobal iqtisadi mühit, üçüncü məhsuldarlıq tələbləri və dördüncü məşğulluq üçün təhsilə diqqətin artması.
Burada həmçinin 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış, 8 istiqaməti əhatə edən Hədəf indikatorları və 11 alt məqsədi əhatə edən strateji məqsədlər verilmişdir.
İlk 7 istiqamətin 5-ni təşkil edən hədəf indikatorları ilə bağlı xüsusilə qeyd edilir ki, “peşə təhsili və təlimi sektorunda həyata keçiriləcək prioritetlərin 2020-ci ildə real ÜDM-yə birbaşa təsirinin təxminən 6 milyon manat, digər sektorların prioritetləri çərçivəsində dolayı təsirinin isə 1 milyard manat həcmində olacağı hədəflənir.”
Sənəddə birincisi, Peşə təhsili və təlimi sektorunda 2020-ci ilədək strateji baxışda qeyd edilir ki, ölkədə əmək bazarının tələblərinə cavab verən mühəndis-pedaqoji heyətə, yenilənmiş təhsil proqramlarına (kurikulumlara) və peşə standartlarına malik pilot və optimallaşdırılmış peşə təhsili müəssisələrindən ibarət peşə təhsili və təlimi sisteminin formalaşdırılmasıdır.
İkincisi, 2020-2025-ci ilədək uzunmüddətli dövr üçün strateji baxışda göstərilir: Azərbaycanda peşə təhsili və təlimi sektoru üzrə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış əmək bazarının tələblərinə cavab verən peşə standartları və təhsil proqramları (kurikulumlar) əsasında ixtisaslı işçi qüvvəsi hazırlayan, hər bir sektor üzrə işəgötürənlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu, funksional peşə təhsili və təlimi müəssisələrinə malik peşə təhsili sisteminin formalaşdırılmasıdır.
Nəhayət, 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışlarda isə göstərilir: Peşə təhsili və təlimi sistemi üzrə 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış potensial istedadlı gəncləri aşkarlayaraq cəlb edən, prioritet sektorları innovativ və yüksək əmək məhsuldarlığına malik işçi qüvvəsi ilə təmin edən və beynəlxalq səviyyədə tanınan rəqabətqabiliyyətli sistemin qurulmasıdır.
8-11-ci istiqamətlər isə 10 alt mənbəni əhatə edən maliyyələşmədən, 9-cu isə icra, monitorinq və qiymətləndirmə kimi vacib təhsil elementlərinin modernləşməsindən ibarətdir.
Strateji Yol Xəritəsinin sonunda verilmiş tədbirlər planı isə hərəkətin dəqiq mərhələlər üzrə icmalıdır ki, bizlər bunu daim öyrənməli, tətbiq etməli və nəzarətdə saxlamalıyıq.
Bununla bağlı aşağıdakıları reallaşdırmağı vacib hesab edirik:
1. İşəgötürən təşkilatlarla, o cümlədən Dəmir Yolu və Metropoliten QSC-lərlə qarşılıqlı əməkdaşlığın yeni müstəviyə keçirilməsi:
1.1. Hər iki müəssisə ilə 3 illik müddətə mövcud və yeni ixtisaslar üzrə qəbul planının müəyyənləşdirilməsi;
1.2. Müxtəlif ixtisaslar üzrə xidməti əməkdaşlıq müqavilələrinin yenilənməsi;
1.3. Xidməti əməkdaşlıq müqaviləsinə əsasən istehsalat təcrübəsinin depolarda və stansiyalarda həm tədris ili, həm də yay tətili müddətində keçirilməsinin effektivliyinin təmin olunması;
1.4. İstehsalat təcrübəsinin nəticələrinə dair keyfiyyət indikatorlarının müəyyənləşdirilməsi;
1.5. Aralıq və buraxılış imtahanlarının testləşdirilməsi və işəgötürən təşkilatlarla birgə bu imtahanların yüksək səviyyədə elektron təşkilinin təmin edilməsi;
1.6. Yüksək keyfiyyət göstəricilərinə malik olan məzunların seleksiyası üçün işəgötürən müəssisələrlə birlikdə müştərək karyera və resurs komissiyalarının yaradılması, məzunların işə qəbulu üzrə effektiv mexanizmin təmin edilməsi;
1.7. Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə işəgötürən müəssisələr arasında strateji hədəflərə hesablanmış Əməkdaşlıq Memorandumunun imzalanması;
1.8. İşəgötürən təşkilatlarla birlikdə Mərkəzin tədris - texniki bazasının möhkəmləndirilməsi, müvafiq fəaliyyət göstəricilərinin müəyyənləşdirilməsi.
2. Peşə Təhsil Mərkəzinin ixtisaslaşma spesifikasını nəzərə almaqla mühəndis- pedaqoji heyətin keyfiyyət göstəricilərinin müəyyən edilməsi:
2.1. Müntəzəm olaraq işəgötürən müəssisələrlə məzunların attestasiyasının aparılması, məşğulluq mərkəzləri ilə yaradıcı əməkdaşlığın intensivləşdirilməsi;
2.2. Peşəyönümü məqsədilə mühəndis-pedaqoji heyətin imkanlarından mütəmadi istifadə etməklə müvafiq təhsil və istehsalat müəssisələrində, eləcə də müəllim-şagird assosiasiyası vasitəsilə qəbulun təbliğat və təşviqat işlərinin aparılması;
2.3. Mühəndis-pedaqoji heyətin rəqabət qabiliyyətli fəaliyyətə hazırlığının təmin edilməsi üçün peşəkarlıq səviyyəsini müəyyənləşdirən indikatorların hazırlanması;
2.3.1. Mühəndis-pedaqoji heyətin davamlılığının və müntəzəmliliyinin təmin edilməsi;
2.3.2. Formal, qeyri-formal və informal yollarla mühəndis-pedaqoji heyətin ixtisasları üzrə peşəkarlıqlarının artırılmasının təmin edilməsi;
2.3.3. Hər tədris ilinin sonunda mühəndis-pedaqoji heyətin (istehsalat təlimi ustaları, nəzəri və ümumtəhsil fənn müəllimləri) tədris-metodiki yaradıcılığı üzrə monitorinqin aparılması;
2.3.4. Hər tədris ili üçün yekun aralıq və ümumtəhsil fənlərinin DİM tərəfindən həyata keçirilən buraxılış imtahanlarındakı qiymətləndirmənin tədris keyfiyyəti üzrə monitorinqinin təşkili;
2.4. Mühəndis-pedaqoji heyətin ənənəvi və elektron tədris vasitələri ilə təmin edilməsi məqsədilə işəgötürən təşkilatlarla əməkdaşlığın formaca yenilənməsinə nail olunması; bu sahədə dərslik siyasətinə yenidən baxılması;
2.5. İşəgötürən təşkilatlarla birlikdə tədris-maddi bazanın müasirləşdirilməsi, xüsusilə təlim-tədris poliqonunun, trenajor otaqlarının yaradılması;
2.6. Mühəndis-pedaqoji heyətin nəzəri və praktik hazırlığının təmin edilməsi üçün onların yerli və beynəlxalq ixtisasartırma müəssisələrinə cəlb edilməsi.
Burada həmçinin təhsil tipləri olaraq formal, informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınmasından bəhs edilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa istinadən deyək ki, formal təhsil – dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması, informal təhsil – özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması, qeyri-formal təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması kimi müəyyən edilmişdir.
Beləliklə, birinci peşə məktəbi şagirdlərin düşüncə mədəniyyətini formalaşdıran, onlara yaradıcı olmaq, yaradıcılıq nümunələrinə həssas yanaşmaq, həyatın iqtisadi amillərini dəyərləndirə bilmək bacarıqları verməlidir. İkinci peşə məktəbi bilik cəmiyyətinin ehtiyac və tələbatları qarşısında özünün vəzifələrini aydın və konkret müəyyənləşdirməklə məzmun komponentinin, eləcə də təlim prosesinin qurulmasında ona aparıcı tələb kimi yanaşır. Son nəticədə müasir həyatın sosial-iqtisadi tələbatlarından irəli gələn insan amili üçün vacib səriştələri müəyyənləşdirməklə onun məzmunca yeniləşməsini təmin edir. Üçüncü peşə təhsilində keyfiyyətin yüksəldilməsi, onun daha yaxşı, səriştəli qurulmasından bilavasitə asılı olduğundan həm müəllimlərin yeni qaydalarla işə qəbul olunması, onların diaqnostik qiymətləndirilməsi və bunun nəticəsində stimullaşdırılması, həm də məktəb rəhbərlərinin təlim kurslarından keçməsinə və rəhbər vəzifələrə seçilməsinə hazırlığın görülməsi istiqamətində aparılan işlər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılacaq ciddi niyyətlərdir və bu proses yol xəritəsində müəyyən olunmuş vəzifələr baxımından davam etməkdədir.
Nəhayət, peşə təhsilinin sonuncu səviyyəsində ixtisaslaşmanın, yəni stimullaşmanın aparılması da yol xəritəsində qabarıq şəkildə qeyd olunur ki, burada peşə-ixtisas təhsili, gələcəkdə əmək bazarına girən gənclərin işsizlik probleminin həll olunması, Azərbaycan peşə təhsilinin ümumi təhsil sisteminə inteqrasiya olunması baxımından əhəmiyyəti önə çəkilir.
Bu rasionallaşma peşə təhsilinə nə verəcəkdir?
- Hər şeydən öncə Agentliyin yaranması ilk peşə-ixtisas təhsili müəssisələrinin daha çevik idarə edilməsini təmin edəcəkdir;
-Bəzi peşə məktəblərinin birləşdirilərək peşə təhsil mərkəzlərinə çevrilməsi onların statusunu artırmaqla sosial-iqtisadi inkişafın artan tələblərinə cavab verəcək təhsil formasının maddi-texniki və maliyyə-təsərrüfat fəaliyyətini, eləcə də tədris-istehsalat prosesinin innovativliyini təmin edəcəkdir;
-onların tədris-köməkçi bazasının günün tələbləri səviyyəsində əsaslı şəkildə təmininə və təchizatına təkan verəcəkdir;
-işəgötürən təşkilatlarla ikitərəfli əlaqələrə təkan verməklə peşəyönümü işləri yeni mərhələyə daxil olacaqdır;
-Tədris-istehsalat praktikasının innovativ texnoloji yenilliklərə isitanədən yeni keyfiyyət halına keçirilməsinə, işəgötürən təşkilatlar üçün daha yeni ixtisaslar üzrə kadr hazırlığında çevikliyə nail olunacaqdır;
-Mərkəzlərdə kadrların ixtisas səviyyəsi və peşəkarlığının artırılması vaxtlı-vaxtında diaqnostik qiymətləndirmənin və treninqlərin aparılması ilə yeni keyfiyyət mərhələsinə keçəcəkdir;
-Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranması və peşə təhsil mərkəzlərinin formalaşdırılması bu mərkəzlərin məsuliyyətini artırmaqla, həm kadrların attestasiyasının təmin edilməsinə, həm də beynəlxalq təcrübənin tətbiqinə stimul verəcəkdir və s.
Peşə təhsili sahəsində Strateji Yol Xəritəsinin nəzərdə tutduğu hədəflərə cavab olaraq yeni tipli mərkəzlərin yaradılması bu gün uğurla davam etdirilir ki, bu mənada Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi xüsusi yer tutur. Öncə deyim ki, rəsmi peşə təhsili və təlimi milli təhsilin tərkib hissəsi kimi zəngin tarixə malikdir. 1879-cu ildə Naxçıvanda xarratlıq və çilingərlik üzrə sənətkarlar hazırlayan peşə məktəbləri, 1883-cü ildə Şəkidə ipəkçilik məktəbi, 1884-cü ildə Gəncədə, 1887-ci ildə isə Bakıda sənət məktəbləri yaradılmış, 1914-cü ilə qədər isə sənət məktəblərinin sayı 10-a çatmışdır. Sonralar təkcə dəmiryolu üzrə ibtidai təhsil və sənət təlimi verən 4 məktəb, Gəncə, Ağstafa, Hacıqabul və Bakı dəmiryolu məktəbləri fəaliyyət göstərmişdir. Yeri gəlmişkən, ilk dəmiryolu məktəbi 1888-ci ildə Gəncədə, Bakıda isə ilk dəmir yolu məktəbi 14 dekabr 1895-ci ildə açılmışdır. Qafqaz tədris dairəsinə daxil olan tədris müəssisələrinin 1896-cı il yanvarın 1-nə aid olan tam siyahısına görə, 1895-ci il 14 noyabrda Zaqafqaziya Dəmir Yolu idarəsinin vəsaiti və himayəsilə Bakı şəhərinin 3 saylı ərazisinə daxil olan Qanlı Təpə adlanan yerdə Bakı ikisinifli dəmir yolu məktəbinin açılışı keçirilmişdir. 15 noyabrda tədrisə başlayan bu məktəbin siniflərində ilk məşğələlər aparılmış və 51 oğlan, 27 qızdan ibarət 78 nəfərin təhsilə cəlb edildiyi müəyyən edilmişdir.
- Bu müddət ərzində müxtəlif adlar altında fəaliyyət göstərən Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi hazırda bütün diqqətini Peşə Təhsili üzrə Dövlət Agentliyinin tapşırığına əsasən peşəyönümü işlərinin yeni tələblər əsasında qurmağa yönəltməklə yeniləşməni sürətlə davam etdirir. Bu mənada indi isəgötürən təşkilatlarla əməkdaşlıq Memorandumu üzərində işi başa çatdırmışıq.
Yeni tədris ilindən bütün ixtisaslar üzrə işəgötürən müəssisələrin Təlim-Tədris mərkəzlərinin tövsiyələrini nəzərə alaraq Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla tədris-metodiki bazanın yenilənməsi üzərində çalışırıq.
Ümumiyyətlə, bizim əsas hədəfimiz “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə tədris-istehsalat işinin səviyyəsini qarşılıqlı əməkdaşlıq şəraitində gücləndirməkdir. Onların da bizə kömək etmək niyyətlərini xüsusi qeyd etməliyəm.
Mühəndis-pedaqoji heyətin gəncləşməsi də qarşıda duran vəzifələrdəndir. İndi texniki-inzibati heyət ali texniki təhsillidir. Əvvəllər ustaların orta yaş həddi 57-60 arası, təhsilləri isə əsasən orta ixtisas təhsilli idisə, indi orta yaş həddi 50-dən aşağıdır. Son iki ildə işə qəbul olunmuş ustaların hamısı ali nəqliyyat-texniki təhsillidir. Bakı Metropoliteni QSC və Azərbaycan Dəmir Yolları QSC-dən məktəbimizdə nəzəri təlim fənlərinin saat hesabı tədrisinə cəlb edilmiş mütəxəssislərinin də hamısı ali təhsillidir. Ali təhsilli gənclərin istehsalat təlimi ustası və ixtisas fənn müəllimliyinə qəbulu gələcəkdə də prioritet olacaqdır.
İlk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsi və idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən regionalarda, xüsusən sənaye mərkəzlərində eyni peşə istiqamətləri üzrə paralel kadr hazırlığını həyata keçirən ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması, peşə təhsili sahəsində yeni perspektivlər açmaqdadır.
Nəhayət, “ASAN Peşə” layihəsi də peşə təhsilinin son nailiyyətlərindəndir. Şagirdlərin qəbulu prosesinə şəffaflığın təmin edilməsi məqsədi ilə cari tədris ilində ilk dəfə olaraq Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “Asan Peşə” layihəsi çərçivəsində həyata keçirilmişdir. Bu məqsədlə Təhsil Nazirliyinin 20.09.2016-cı il tarixli, 210 nömrəli əmri ilə “Dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə şagird qəbulunun aparılmasına dair müvəqqəti qaydalar” da qəbul edilmişdir. Bu prosesdə şagirdlər “Asan xidmət” mərkəzlərində təhsil almaq istədikləri ixtisas, təhsil müəssisəsi, təhsil sənədlərindəki qiymətlər, özləri haqqında məlumatlar əks olunmuş xüsusi formanı doldururlar. Sənəd qəbulu bitdikdən sonra kompüter xüsusi proqramın köməyi ilə təhsil sənədlərindəki qiymətlərə görə şagird seçimi prosesini avtomatik olaraq həyata keçirir. “ASAN Peşə” layihəsi çərçivəsində qeydiyyatdan keçərək, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul edilmiş gənclərin 18%-nin orta attestat balı 4 və ondan yuxarı olmuşdur ki, bu da öz növbəsində gələcəkdə peşə təhsilinin keyfiyyətinin artımına müsbət təsir göstərəcəkdir.
Beləliklə, peşə təhsili və təlimi üzrə Strateji Yol Xəritəsinin müəyyənləşdirdiyi hədəflərin, xüsusən Bakı və Gəncə şəhərləri üzrə peşə təhsili müəssisələrinin rasionallaşdırılması prosesinin perspektivləri haqqında ümumi mülahizələr onu göstərir ki, bu sahə özünün yeni inkişaf mərhələsinə daxil olmuşdur.
Tarix: 11-12-2017, 13:06