Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Müstəqil dövlətin müstəqil dil siyasəti

 

Nizami Cəfərov,
AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı,
Azərbaycan Atatürk Mərkəzinin müdiri

 

   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasətində dil məsələsi həmişə önəmli yer tutmuşdur.
2001-ci ilin iyun ayının 18- də Azərbaycan Prezidenti “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman verdi ki, həmin fərman, tam məsuliyyətlə demək olar ki, Azərbaycan dilinin tarixində görünməmiş hadisə idi. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən fərman həm də elmi- metodoloji məzmunu ilə diqqəti cəlb edir. Sənəddə Azərbaycan dilinin mənşəyi məsələsinə ayrıca (və geniş) yer ayrılmışdır və burada qeyd olunur ki, «Azərbaycan dili dialekt və şivələrinin geniş Avrasiya məkanına yayılan türk xalqlarının az qala bütün dil xüsusiyyətlərini əks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bu torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının mövcud olmasıdır».
Bu, uzun illər (və məhz siyasi məqsədlərlə) türk etnoslarının Azərbaycana nəinki ilk orta əsrlərdə, hətta monqol- tatar yürüşləri dövründə gəldiklərini yeganə akademik mövqeyə çevirməyə çalışanlara tutarlı cavab olmaqla yanaşı həm də (və daha əsası!) milli tarixi təfəkkürün, ana qaynaqlarını türkçülükdən alan azərbaycançılıq ideologiyasının təntənəsi idi.
Azərbaycan dili tarixinin bir sıra mübahisəli və ya uzun illər hansısa ideoloji məqsədlə mübahisə obyektinə çevrilmiş problemlərinə aydınlıq gətirilən fərmanda dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi üçün bir sıra konkret tədbirlərin görülməsi də irəli sürülür:
«Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədrisi işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və s. sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl olunmur. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur».
Fərman aşağıdakı çox mühüm müddəa-qərarlarla bitir:
«1. Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyası yaradılsın.
2. «Azərbaycan Respublikasının dövlət dili haqqında» qanun hazırlansın.
3. Azərbaycan Respublikasının nazirlik, idarə, təşkilat və müəssisə rəhbərləri öz tabeliklərində olan qurumlarda dövlət dilinin və latın qrafikasının tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı uzunmüddətli kompleks planlar hazırlayıb həyata keçirsinlər.
4. Təhsil Nazirliyi orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi, bu dildə təhsilin keyfiyyəti ilə bağlı əsaslı dönüş yaratmaq istiqamətində qəti tədbirlər həyata keçirsin.
5. Azərbaycan MEA və Təhsil Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə latın qrafikasında çap olunacaq zəruri elmi, bədii, tədris və s. ədəbiyyatların siyahısını hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsinlər.
6. Azərbaycan MEA Azərbaycan dilçiliyinə dair aparılmalı araşdırmaların proqramını hazırlasın və araşdırma işinin gedişi barədə hər altı aydan bir Azərbaycan Prezidentinə məlumat versin.
7. Şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki, yerlərdə istifadə olunan lövhə, reklam, şüar, plakat və s. dilinin Azərbaycan ədəbi dilinə uyğun olması baxımından tədbirlər görsünlər.
8. Azərbaycanda nümayiş etdirmək üçün alınacaq əcnəbi kino və televiziya məmulatlarının Azərbaycan dilinə dublyaj işi lazımi səviyyədə qurulsun.
9. 2001-ci il avqustun 1- dən respublikada bütövlükdə latın qrafikasına keçirilsin».
«Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» fərman göstərdi ki:
1) Azərbaycan dilinin (və xalqının) mənşəyi barəsində bir neçə on ildir ki, davam edən mübahisələri yekunlaşdırmaq, tarixi faktların (və sağlam tarixi düşüncənin) mövqeyindən əsaslı bir konsepsiya vermək artıq yalnız elmi deyil, həm də milli, ictimai- siyasi bir ehtiyacdır;
2) Azərbaycan dilinin dövlət dili kimi yaşamaq, daha da inkişaf etmək üçün etnososial, mədəni- mənəvi potensialının olmasını göstərmək məqsədilə tarixdən, daha dərin köklərdən gəlmək lazımdır;
3) Haqqında söhbət gedən fərman bir dövlət sənədi olaraq bütövlükdə Azərbaycan dövlətinin (və xalqının) marağını əks etdirsə də, həmin dövləti yaradan, həmin xalqı işıqlı gələcəyə aparan bir mütəfəkkirin düşüncəsinin məhsulu olduğuna görə, sıravi yox, tarixi səciyyə daşıdığına görə xüsusi elmi konsepsiya ifadə edir.
Əlbəttə, «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» fərman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsəri idi – burada H.Əliyevin qurduğu dövlətin milli dil siyasəti əks etdirilir, həmin dövlət (və dil) uğrunda aparılmış mübarizənin tarixi və gələcəyi ifadə olunurdu. Ona görə də fərmanda irəli sürülmüş ideyalar aşağıdakı kimi ümumiləşdirilə bilər:
1) Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması;
2) Azərbaycan dilinin bir dövlət dili olaraq inkişaf etdirilməsi.
2001- ci ilin avqust ayının 9- da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» fərman verdi. Fərmanda Azərbaycan əlifbası tarixinə qısa nəzər salındıqdan sonra deyilir:
«Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi. On ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001- ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai- siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram:
1. Hər il avqust ayının 1- i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilsin.
2. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 9 avqust 2001- ci il».
Məhz Heydər Əliyevin formalaşdırdığı dövlət dil siyasətinin uğurla həyata keçirilməsi nəticəsində
1) Azərbaycan dilinin dövlət dili olaraq siyasi nüfuzu təmin olundu;
2) təhsilin, elmin, ədəbiy­yatın və s. inkişafı ana dilinin – dövlət dilinin tərəqqisi üçün münbit şərait yaratdı;
3) Azərbaycan dili Azərbaycan dövlətinin beynəlxalq mövqeyinin yüksəlməsi ilə tarixdə ilk dəfə geniş beynəlxalq arenaya çıxdı.
Ümummilli liderin milli dil siyasətinin ideya-məzmunu qədər mənbələri də zəngindir. Heydər Əliyevi əlinə təbaşir alıb millətinə yeni əlifbanı (dili!) öyrədən böyük Atatürklə müqayisə edənlər tamamilə haqlıdırlar. Mümkün olan hər bir şəraitdə Azərbaycan dilindən bəhs etmək, onun qüdrətindən danışmaq, onu sevdirmək Heydər Əliyevin daxilindən, təbiətindən, milli lider olaraq şəxsiyyətindən irəli gəlirdi. Tək yazıçılarla yox, gənclərlə, yaxud təhsil işçiləri ilə görüşlərində də, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla söhbətlərində də mütləq dil məsələsini ön plana çəkib öz müdrik məsləhətlərini verir, onları mənən, ruhən səfərbər edirdi.
Ümummilli liderin milli dil siyasətindən danışarkən çox mühüm bir məsələni də dönə- dönə (və qürurla!) qeyd etmək lazımdır ki, Heydər Əliyev dünyanın o möhtəşəm dövlət adamlarındandı ki, güclü natiqliq istedadına malik idi. Və o, Azərbaycan dilini yalnız ürəkdən sevməsi, onun dövlət dili hüquqlarını müdafiə edib milli (və beynəlxalq) nüfuzunu yüksəltməsi ilə deyil, həm də bu dildə gözəl danışması, hər kəsə nümunə göstərməsilə ona (Azərbaycan dilinə) tarixi şöhrət qazandırdı, elə bir abidə ucaltdı ki, bundan sonrakı nəsillər ana dilini, dövlət dilini bir də ona görə sevəcəklər ki, o, Heydər Əliyevin dilidir.
Ümummilli liderdən sonra Azərbaycan dili ilə bağlı qazanılmış hər bir nailiyyətdə (bunlar isə, tamamilə təbii olaraq, kifayət qədərdir) Heydər Əliyevin – ulu öndərin həmişə qədirşünaslıqla, ehtiramla etiraf ediləcək böyük rolu olmuşdur. Və bundan sonra da, heç şübhəsiz, həmişə olacaqdır.
  Azərbaycan Prezidenti, bütün dünyada Azərbaycan dilinin inkişafının qarantı İlham Əliyevin «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» 12 yanvar 2004-cü il tarixli sərən­camı, eləcə də «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin  inkişafına dair Dövlət Proqramı» (9 aprel 2013- cü il) Azərbaycan dövlətinin yürütdüyü dil siyasətinin  ardıcıllığının (və mükəmməlliyinin) göstəricisidir.


Tarix: 19-09-2017, 11:34

Xəbəri paylaş