Əməkdar incəsənət xadimi Firidun Şuşinskinin xatirəsi anılıb
Respublika Gənclər Kitabxanasında Azərbaycanın görkəmli musiqi tədqiqatçısı-alim, publisist və pedaqoq, Əməkdar incəsənət xadimi Firidun Şuşinskinin 100 illiyi münasibətilə videomaterial və məlumat bülleteni hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Qarabağın görkəmli siması Firidun Şuşinski” adlı videomaterialda alimin həyat və yaradıcılığı əhatəli şəkildə təqdim olunub.
Materialda onun xalq musiqisinin qorunması və təbliği sahəsindəki fəaliyyəti, xüsusilə muğam sənətinin tədqiqi istiqamətində apardığı mühüm işlərdən bəhs edilib. Firidun Şuşinskinin Qarabağ musiqi mühitinin öyrənilməsinə verdiyi töhfələr, tanınmış xanəndələr, ifaçılar və bəstəkarlarla bağlı yazdığı tədqiqat əsərləri xüsusi vurğulanıb. Həmçinin alim haqqında çap olunmuş kitablar, onun müəllifi olduğu nəşrlər təqdim edilir. Bu əsərlərdə Firidun Şuşinskinin Azərbaycan musiqi irsinin toplanması, sistemləşdirilməsi və gələcək nəsillərə çatdırılması sahəsindəki xidmətləri diqqətə çatdırılıb.
“Xalq musiqisinin böyük tədqiqatçısı Firidun Şuşinski -100” adlı məlumat bülletenində akademik Nizami Cəfərovun “Firidun Şuşinski haqqında ilk kitab” və tarixçi Aslan Kənanın “Heydər Əliyevin qoruduğu Şuşalı: Azərbaycan xalqının “türk” adı özünə qaytarılmalıdır" adlı məqalələrinin tam mətni yer alıb. Məlumat bülletenində Firidun Şuşinskinin müəllifi olduğu və onu haqqında qələmə alınan “Azərbaycan musiqi xəzinəsi”, “Sadıqcan”, “XX əsrin görkəmli musiqi tədqiqatçısı Firidun Şuşinski”, “Musiqişünasın düşüncələri”, “Şuşa”, “Azərbaycan xalq musiqiçiləri” kimi kitabların biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələrinin siyahısı sərgilənib.
Məlumat bülleteni kitabxananın rəsmi saytında yerləşdirilib.
Tarix: Bu gün, 14:24