Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
Oktyabrın 15-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunmuş “Azərbaycanın istiqlal mücahidi” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan bildirilib.
Elmi sessiyanı açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci il 17 sentyabr tarixli Sərəncamına əsasən, bu il Fətəli xan Xoyskinin 150 illiyi qeyd edilir və bununla bağlı müxtəlif tədbirlər keçirilir.
Fətəli xan Xoyskinin müstəqil dövlətimizin qurulmasında böyük xidmətlər göstərdiyini deyən akademik G.Baxşəliyeva onun İstiqlal Bəyannaməsini imzalayanlardan biri olduğunu xüsusi vurğulayıb. Akademik çıxışında Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının diplomatik münasibətlərin yaradılmasında, ordu quruculuğunda, təhsil və digər sahələrdə böyük işlər gördüyünü bildirib.
Elmi sessiyada Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi dosent Gülər Qafqazlı “Azərbaycanın istiqlal mücahidi” mövzusunda məruzə edib. Müstəqil Azərbaycan dövlətinin yaradıcılarından biri və ilk Baş naziri Fətəli xan Xoyskinin siyasi fəaliyyətindən geniş danışan G.Qafqazlı onun Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından öncə də müxtəlif vəzifələrdə çalışdığını, çar Rusiyasının ədalətsiz qanunlarına qarşı etirazlar etdiyini, II Dövlət Dumasının deputatı seçildiyini bildirib. Daha sonra Azərbaycan öz müstəqilliyini elan etdiyi gündən etibarən Fətəli xan Xoyskinin Baş nazir və eyni zamanda, müxtəlif vaxtlarda həm ədliyyə, həm də daxili işlər naziri vəzifəsini icra etdiyini diqqətə çatdıran məruzəçi onun mühüm xidmətlər göstərdiyini, o cümlədən Azərbaycanın dəyişdirilmiş yer adlarının geri qaytarılması, çoxpartiyalı parlament sisteminin yaradılması, milli valyutanın və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması prosesində bilavasitə iştirak etdiyini vurğulayıb.
Elmi sessiyanın sonunda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tarix: Bu gün, 16:51