Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ICESCO-nun rəsmisi: Təhsil cəmiyyəti dəyişmək üçün əsas gücə çevrilməlidir



İndiki dövrdə təhsil təkcə öyrətmək vasitəsi deyil, həm də cəmiyyəti və sistemləri dəyişmək üçün əsas gücə çevrilməlidir. Bu, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü müddəasını (Keyfiyyətli təhsil) həyata keçirmək üçün çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ICESCO-nun Təhsil sektorunun rəhbəri Heddi Jatu Sey Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfransda deyib. O bildirib ki, iqlim dəyişikliyi probleminin nəticələri hər gün özünü göstərir: “İqlim dəyişikliyi su ehtiyatlarına, ərzaq sisteminə və cəmiyyətin əsas dayaqlarına ciddi təsir göstərir.
ICESCO Kembric Universiteti ilə əməkdaşlıq çərçivəsində “Yaşıl təhsil siyasəti” sənədini hazırlayıb. Çünki təşkilatın əsas strategiyalarından biri üzv dövlətlərə iqlim dəyişikliyi ilə mübarizədə dəstək olmaq və bu sahədə yol göstərməkdir.
ICESCO-nun Elm və ətraf mühit departamenti üzv dövlətlərə iqlimə uyğunlaşma, zərəri azaltma və davamlılıq sahələrində güclü dəstək göstərir”.
Heddi Jatu Sey bildirib ki, ICESCO-nun təhsil sahəsindəki bölmələri üzv dövlətlərin iqlim fəaliyyətini təhsil proqramlarına daxil etməsi üçün böyük səylə çalışır: “Bu məqsədlə hazırlanan “Yaşıl təhsil çərçivəsi” ötən il Omanda keçirilmiş Nazirlər Konfransında üzv dövlətlər tərəfindən rəsmən təsdiqləndi. Keçən il Bakıda keçirilmiş COP29 konfransında iştirak edərək, biz həmin siyasət çərçivəsini rəsmi şəkildə təqdim etdik və istifadəyə verdik.
Bizim bu çərçivə ətrafında dörd əsas istiqamətimiz var:
- Üzv dövlətlərə öz tədris proqramlarını (kurikulumlarını) bu istiqamətə uyğunlaşdırmaqda necə kömək edə bilərik?
- Müəllimlərin ixtisasını artırmasını və təlimlərini necə təmin edə bilərik?
- Məktəbləri bu prosesə necə cəlb edə bilərik?
- Cəmiyyətlərin iştirakını və gənclərin iqlim fəaliyyətində lider olmasını necə təşviq edə bilərik?
Bu dörd istiqamət, fikrimcə, təhsil sisteminin bütün pillələrində ekoloji məsuliyyətin dərindən formalaşmasına xidmət edəcək. Beləliklə, təhsil iqlimə qarşı dayanıqlığın və həssaslığa qarşı dözümlülüyün əsas hərəkətverici qüvvəsinə çevriləcək.
Ümid edirik ki, bu konfrans nəticəsində üzv dövlətlər arasında qarşılıqlı öyrənmə, təcrübə mübadiləsi və praktik əməkdaşlıq üçün yeni imkanlar yaranacaq”.


Tarix: Bu gün, 13:29

Xəbəri paylaş