Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Hərbi vətənpərvərlik tərbiyəsi layiqli vətəndaşın formalaşmasında əsas istiqamət kimi


 

Sevinc BƏŞİROVA, 

İsmayıllı rayonunun Aşıqbayram kənd tam orta 

məktəbinin  təlim-tərbiyə işləri üzrə direktor müavini

 

Gələcəyimiz olan gənc nəslin öz xalqına, Vətəninə məhəbbət, el-obasına hörmət, soykökünə, ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmaları təhsilimiz qarşısında duran ən mühüm vəzifələrdəndir. İnsan cəmiyyətinin tarixi inkişaf mərhələləri sübut etmişdir ki, vətənpərvərlik insanda qəhrəmanlıq, fədakarlıq, mübarizlik hissi yaradır. Bu mübarizlik hissi isə onda məğlubedilməzlik inamını formalaşdırır. 

 Obyektiv həqiqətdir ki, qəhrəmanlığın əsasını qoyan da məhz vətənpərvərlik amilidir. Hərbi vətənpərvərlik hissləri isə insanda döyüş ruhunu yaradan ən güclü hisslərdir. Azərbaycan Respublikasının Təhsil Qanunu və  bu qanunun yerinə yetirilməsi ilə bağlı qəbul edilən digər normativ hüquqi sənədlərin biz təhsil işçiləri qarşısında qoyduğu ümdə vəzifə hərtərəfli inkişaf etmiş şəxsiyyətin tərbiyə olunaraq cəmiyyətə təqdim edilməsidir. Elə bu günlərdə kütləvi informasiya vasitələrində Təhsil nazirimiz Emin Əmrullayevə müxbir belə bir sual ünvanladı: “Cənab nazir təhsil nə üçündür?”. Cavab belə oldu: kamil, bacarıqlı. özünə, özünü idarə edən və müstəqil vətəndaş yetişdirmək üçündür təhsil. Bir sözlə, təhsilin mahiyyəti insan yetişdirməkdir.

 Hesab edirəm ki, bu konsepsiya insan cəmiyyəti mövcud olduqca aktual və müasir olacaqdır. Elə buna görə də uzunmüddətli pedaqoji təcrübəmə əsaslanaraq bir sıra fikir və mülahizələrimi oxucularla bölüşmək istərdim. 

 Hamımıza yaxşı məlumdur ki, məktəb dövlət müəssisəsi olmaqla əvvəlcədən planlaşdırılaraq kollektiv tərəfindən kollegial qaydada qəbul edilmiş iş planı əsasında fəaliyyət göstərir. Odur ki, məktəbimizdə illik, rüblük, aylıq iş planları tərtib edilərkən təbiyənin digər komponentləri ilə yanaşı, hərbi vətənpərvərlik tərbiyəsinin formalaşdırılması işini xüsusi diqqətdə saxlayırıq. Belə ki, tədris prosesi ilə yanaşı sinif rəhbərlərinin həyata keçirdiyi bütün fəaliyyətlərdə vətənpərvərlik ideyalarının  for­malaşması prioritet istiqamət kimi əsas götürülür. Humanitar fənlərin ayrı-ayrı möv­zularının tədrisi imkan verir ki, yetişən nəsildə öz tarixi keçmişinə bələd olmaq, xalqının milli, mənəvi dəyərlərini öyrənərək Vətənə məhəbbətin vacibliyi haqda sərbəst nəticəyə gələ bilsin. Tarix fənninin tədrisi zamanı əfsanəvi qəhrəmanlarımızın şanlı döyüş yolu barədə geniş bilik və məlumatların əldə edilməsi Cavanşir, Babək, Şah İsmayıl Xətayi, Səmədaga Mehmandarov, Əliaga Şıxlinski, Cəmşid bəy Naxcıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz Vətənini qorumaga hazır olan mətin gənclər yetişdirmişdir.

Otuz ildən artıq bir zaman kəsiyində mənfur erməni düşmənlərimiz tərəfindən işğala məruz qalmış torpaqlarımızın düşmən tapdağından azad edilməsində igidlərimizin göstərdiyi şücaət bir daha ölkəmizdə ümumilikdə vətənpərvərlik, o cümlədən gənclərdə hərbi-vətənpərvərlik hisslərinin yüksək səviyyədə olmasına bariz nümunədir. İstər Birinci Qarabag döyüşlərində, istərsə də Vətən müharibəsində məktəbimizin məzunları Vətən uğrunda döyüşlərə mərdliklə qatıldılar. Məktəbimiz Birinci Qarabağ müharibəsinin cəsur döyüşçüsü şəhid Qəşəm Məmmədovun adını daşıyır. Fəxrlə deyə bilərəm ki, rayonumuzun, eləcə də kəndimizin əli silah tutan bütün gəncləri bu ölüm-dirim savaşına könüllü qatıldılar. Məktəbimizin hərbi hazırlıq müəllimi Malik İbrahimov Vətən müharibəsi başladığı gündən könüllü olaraq döyüşlərə qatılmaqla öz şa­girdlərinə şəxsi nümunə göstərdi. Onunla birlikdə məktəbimizin məzunları Bahadur Zöhrabov, Şamil İbadov, Murad Osmanov, Sənan Babayev, Yasin Bəşirov, Xəyal Bəşirov, Ülvi Bəşirov, Sərxan Osmanov və cəmi iyirmi iki nəfər Vətən uğrunda ölüm-dirim savaşına girdilər. Onların hər biri şagird olarkən Birinci Qarabağ savaşında şəhid olmuş həmkəndliləri Qəşəm Məmmədov və Revomir Bəşirovun ruhları qarşısında onların qisasını alacaqlarına söz vermişdilər. İndi isə bu qisas günü yetişmişdi.

Fəxrlə qeyd etməliyəm ki, 44 günlük Vətən müharibəsinin dərslərindən biri də o oldu ki, məktəbin, Azərbaycan müəlliminin aşıladığı   vətənpərvərlik tərbiyəsi xalqımızın ən çətin anında xilaskar rolunu oynadı. Şəhidlərimizin qisası alındı, müqəddəs Vətən yağı düşmən işğalından azad edildi.

Müzəffər ordumuzun Ali Baş Komandanı, Prezidentimiz İlham Əliyevin siyasi və hərbi iradəsi möhtəşəm qələbəmizi təmin etdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünyanın tərəqqipərvər təşkilatlarına ünvanladığı dolğun məlumatlar haqq işimizdə dünya dövlətlərinin obyektiv nəticəyə gəlmələrini təmin etdi.

Vətənpərvərlik, həmçinin hərbi vətənpərvərlik tərbiyəsinin aşılanmasında təhsil müəssisəsinin tərtibatının da xüsusi əhəmiyyətini qeyd etmək istərdim.Tərtibat işində xüsusi standartları nəzərə almaqla məktəblilərdə Vətən sevgisi yarada biləcək  vasitələrdən istifadəyə üstünlük veririk. “Şəhidlər ölməz Vətən bölünməz”,  “Vətən müharibəsində kəndimizdən olan igid döyüşçülər”,  “İsmayıllı igidləri”, “Qazilərimiz və Vətən müharibəsinin iştirakçısı” və s.başlıqlarla hazırlanan stend, buklet, albom kimi vasitələr məktəblilərdə Vətəni sevmək, onu qorumağın vacibliyi  barədə əyani şüurlu düşüncə tərzinin formalaşmasına stimul verir. İkinci Qarabağ müharibəsində iyirmi iki nəfər iştirak etmiş, onlardan iki nəfəri qazi, iyirmi nəfəri isə müharibə veteranı kimi müxtəlif döyüş təltifləri ilə mükafatlandırılmışlar. Şəhidlər Revomir Bəşirov, Qəşəm Məmmədovun xatirəsi daim əziz tutulmaqla onların şanlı döyüş yolu barədə maraqlı tədbirlər hazırlayaraq kənd icması, məktəblilər üçün pandemiya qaydalarına əməl etməklə internet və s.vasitələrlə maarifləndirmə işi aparılır.

   Heç kəsə sirr deyil ki, təlim-tərbiyə işlərinin bütün sahələrində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur, yuxarı siniflərə keçdikcə daha da inkişaf etdirilir. Mən ixtisasca ibtidai sinif müəllimi olmaqla uzun illər təcrübəmdə sübut etmişəm ki, yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə yenicə qədəm qoymuş məktəblilərin qəlbində elə ilk günlərdən  Vətən anlayışını aşılamağa, Vətəni sevməyin vacib olduğunu, onu qorumağın müqəddəs hissə çevrilməsini təmin etməyə çalışırlar. 

 Həmişə çalışmışam ki, Vətənə məhəbbət hissi tərbiyəsinin ən vacib məqamı kimi onların yaşadığı kənd, şəhər, ölkə haqqında, coğrafi məkan barədə ətraflı məlumata malik olsunlar. Bu işdə məktəbin psixoloqu Aysel İbadova, Azərbaycan dili və ədəbiyyat müəllimi Nübar Dəmirova, tarix müəllimi Əziz Ağayev, ibtidai sinif müəllimi Azadə Əhmədova, təşkilatçı Sevin Hacıyeva, rus dili müəllimi Bahar Əliyevanın fəaliyyətlərini xüsusi qeyd etmək istərdim.

Çalışıram ki, istər dərs prosesində, istərsə də sinifdənxaric tədbirlərin imkanlarından istifadə edərək ölkəmizin tarixi haqqında onların başa düşəcəyi tərzdə verilən məlumatlar vətənpərvərlik hisslərinin formalaşmasına xidmət etsin. Dərsliklərdəki ayrı-ayrı mətnlərdə və ya aparılan tərbiyəvi tədbirlərin son nəticəsi kimi onlarda Vətənimizin zəngin tarixi, xalqımızın öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında dolğun təsəvvür yaransın.


Tarix: 15-04-2021, 16:17

Xəbəri paylaş