Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsilin keyfiyyətinin artırılmasında İKT-dən istifadənin əhəmiyyəti

Vaqif MAHMUDOV,
Əməkdar müəllim,
Qabaqcıl təhsil işçisi,
pedaqogika üzrə
fəlsəfə doktoru

Təhsil sistemində gedən yeniləşmə, modernləşmə, hər şeydən əvvəl təhsilin keyfiyyətinə təsir göstərir. Modernləşmənin məqsədi, müasir Azərbaycan cə­miyyətinin təhsil sis­temi qarşısına qoyduğu tələblər yeni təhsil nəticələrinə  adekvat olmalıdır.
Hazırda dünyada təhsilin keyfiyyətinin cəmiyyətin tələblərinə cavab verməsi məqsədilə müxtəlif təkliflər irəli sürülür və tətbiq edilir. Bu təkliflərin ana xətti təhsil keyfiyyətinin bir proses kimi, eyni zamanda onun nəticəsi kimi qəbul edilməsidir. Belə münasibət tələb edir ki, təhsil prosesinin keyfiyyətinə onun təşkili, təlim vasitə  və metodlarının uy­ğunluğu, müəllimlərin ixtisası uyğun gəlməlidir. Amma bu, məqsədə çatmaq üçün heç də kifayət deyildir.
Müasir dövrdə təhsilin nəticələri anlayışı son illərdə yeni məzmun kəsb etmişdir. Müasir pedaqoji psixologiya və didaktika elmində şəxsiyyətin motivləşməsi onun koqnitiv ehtiyatlarının prob­lemin həllinə yönəldilməsini tələb edir. Motivləşmə potensialın inkişafına (dəyərlərə istiqamətlənmə, tələbat və maraqlar) şəxsiyyətin təhsil nəticələrinə uyğun gəlməsinin rolu böyükdür. Koqnitiv imkanlar (biliklər), bir qayda olaraq, fənlərin tədrisinin nəticələri ilə uyğun  olmalıdır.
Bu nəticələrin cəmini inkişaf etmiş ölkələrdə səlahiyyətli münasibət kimi qəbul edirlər. Təhsil müəssisələrimizdə uzun illər boyu tətbiq edilən və ölkəmizdə  müvəffəqiyyətlə yüksək səviyyəli kadrlar hazırlanmasına yönəlmiş  əvvəlki sistem bu gün artıq müasir tələblərə cavab vermir. Ona görə də yeni təhsil nəticələrinə nail olmaq üçün təhsilalanların müstəqil dərketmə vərdişlərinə yiyələnməsi, praktik fəaliyyət vərdişlərinə malik olması müasir tələbata çevrilir.
Təhsil prosesində biliklərə yiyələnmə üsullarının mənimsənilməsi, yaradıcı potensialın inkişafı təlim prosesinin mərkəzində durmalıdır. İnkişaf etmiş ölkələrin apardıqları psixoloji-pedaqoji və didaktik tədqiqatlar informasiya - kommunikasiya  texnologiyalarının yüksək təlim metodikalarına malik  olduğunu sübut etmişlər.
İKT təlimin fərdiləşməsində şagirdlərin imkan və maraqları nəzərə alınaraq, onların müstəqilliyinə, yaradıcı qabiliyyətlərinin inkişafına, yeni məlumat mənbələrindən istifadə etməsinə imkan yaradır. Öyrənilən proseslərin və obyektlərin kompüter vasitəsilə modelləşdirilməsinə  xidmət  edir. Beləliklə, təlim mühitinin yeniləşməsinə şərait yaradır.
Məktəbdə təlim mühiti nə qədər müxtəlif, rəngarəng olarsa, o qədər də şagirdlərin maraqları, meyilləri və fərdi imkanları nəzərə alınmaqla təlim prosesinin effektivliyi təmin edilər. Bu prosesdə isə iki mühüm ideya diqqəti cəlb edir.
Birincisi, təlim mühitinin müxtəlifliyidirsə, ikincisi təlimin fərdiləşməsi,  onun idrak tələbatlarını və təlim  alanın maraqlarına  xidmət  etməsidir. Bu problemlərə IKT effektiv xidmət edir.
Xarici ölkələrin təhsil sis­temində təhsil-informasiya mühitinin yaradılması məqsədilə bir tərəfdən çoxlu sayda tətqiqatlar aparılır, digər tərəfdən tədqiqatlar təhsil müəssisələrində istifadə olunur. Bu tədqiqatlar zamanı təhsil mühiti subyekt və  ob­yektlərə bölünür. Təhsil prosesinin subyektləri müəllimlər və şagirdlərdirsə, obyektləri təlim vasitələri və təlim fəaliyyətinin alətləri, maddi baza və pedaqoji prosesin idarəetmə mexanizminin informasiya-kommunikasiya texnologiyalarıdır.
Obyekt dedikdə isə informasiya daşıyıcıları, tədris daşıyıcıları, tədris hərəkətləri başa düşülür. Onlar mənimsənilibsə, subyektlər onları şüurlu şəkildə mənimsəyibsə, onda onlar tədris prosesində şəxsiyyətin keyfiyyətinə, dünyagörüşünə, dəyərlər sisteminə, inam və səlahiy­yətinə çevrilir.
İnsanların bəziləri hesab edə bilərlər ki, bu açıqlamalar ancaq informatika müəllimlərinə aiddir. Əslində isə bu bölmə bütün müəllimlərə və məktəbi idarə edən məktəb rəhbərlərinə daha çox aiddir. Oxucu razılaşar ki, məktəbdə innovasiya proseslərinə rəhbərlik edən,  onun  elmi-metodik təminatını təşkil edən məhz məktəb rəhbərləridir.
Digər bir problem də diqqəti cəlb edir:
Təhsilin keyfiyyətinin idarə olunmasına və yüksəlməsinə informasiya texnologiyalarının tətbiqi nə verir?
Bildiyimiz kimi, təhsil müəssisəsində başlıca fəaliyyət sahəsi təhsilin məzmunu və məktəblinin özüdür. Məktəb nə qədər varsa, təhsilin məzmunu və keyfiyyəti diqqət mərkəzində olmuş, indi də hamını narahat edir. Ona görə də təhsil işçiləri çalışırlar ki, şagirdlər haqqında ətraflı və dərin məlumatlar əldə etsinlər. Ancaq təcrübə göstərir ki, biz nə qədər çalışırıqsa, bu mürəkkəb vəzifənin öhdəsindən çətinliklə gəlirik. Məhz bu zaman informasiya texnologiyaları, kompüterlər məktəb rəhbərlərinə, müəllimlərə kömək edə bilir. Təhsilin keyfiyyəti haqqında  əldə  edilmiş informasiyaların obyektivliyi, operativliyi təmin edilmiş olur.
Təhsildə keyfiyyət dedikdə,  əldə  edilmiş nəticənin qarşıya qoyulmuş məqsədə uyğun gəlməsi və məqsədin  əldə  edilməsi qaydaları haqqında düşünülür. Buradan  aydın olur ki, məktəb kollektivini, məktəb rəhbərliyini eyni ölçü vahidləri ilə qiymətləndirməyi öyrənməliyik:
a)  məktəb qarşısında qoyulmuş məqsəd;
b)  məktəb tərəfindən əldə edilmiş nəticə.
Hazırda istifadə olunan üsullarla yanaşı, müasir şəraitdə informasiya texnologiyalarından istifadə edilməsi də yaxşı nəticələr əldə etməyə imkan verir.
Müasir məktəbin vəzifəsi şagirdlərin intellektual səviyyəsinin yüksək olmasına nail olmaqdır. Şagirdlərin intellektual tərbiyəsinə istiqamətlənmə məktəb təhsilinin  əsas komponentlərinə yeni münasibətlə yanaşmanı tələb edir. Yeni komponentlər dedikdə onun vəzifələri, məzmunu, təlim metodlarının effektivlik kriteryaları, şa­girdlərin burada rolu və müəllim funksiyaları gözlərimiz qarşısında canlanmalıdır:
—        Təhsilin məqsədi. İntellektul tərbiyə baxımından təlim prosesinin məqsədi fənlərin məzmununu mənimsəməklə yanaşı, tədris edilən fənlərin köməyilə şəxsiyyətin fərdi intellektual imkanlarının genişlənməsi və dərinləşdirilməsidir;
—        Təhsilin məzmunu. Şagird intellektinin formalaşmasına çalışan məktəb kollektivi təhsilin məzmununu şagirdin tələbatlarına, onun imkanlarına uyğunlaşdır-malıdır;
—        Təlim metodlarının  effektivlik kriteriyaları.  Məktəblilərin intellektual səviyyəsinin, inkişafının müxtəlif tərəflərini və bilik, bacarıq, vərdişlərinin keyfiyyətlərinin formalaşmasının göstəriciləridir;
—        Müəllimin vəzifələri. Müəllimin vəzifələri dünənkilərdən ciddi  şəkildə fərqlənir. Əgər keçmişdə müəllimin əsas vəzifəsi sosial təcrübənin şagirdə ötürülməsi idisə, bu gün artıq müəllim bu vəzifəyə hər bir şagirdin fərdi-intellektual inkişafının layihələşdirilməsinin həyata keçirilməsini də əlavə etməlidir.
Bu şəraitdə informasiya-kommunikasiya texnologiyalarından (IKT) təhsil müəssisələrinin idarə edilməsi üçün məlumatların əldə edilməsində istifadə  olunmalıdır. Təcrübə göstərir ki, bu yolla alınmış informasiyalar fərdi xarakter daşıyır, təlim prosesində hər bir şa­girdın irəliləyişini görməyə imkan yaradır.
İKT-nin tətbiqi məktəbin idarə olunmasında yeni münasibət formalaşdırır. Əgər idarəetmə keçmişdə ancaq məktəb kollektivinin idarə olunması kimi başa düşülürdüsə, bu gün isə IKT-nin tətbiqi ona yeni məna kəsb etməyə imkan yaradır. Başqa sözlə, bu gün idarəetmədə  şagirdlər təlim prosesinin istifadə  olunmasında ön plana keçir. Bu zaman idarəetmənin subyekti rəhbərlərlə yanaşı, həm də şa­gird və müəllimlərdir.
Təlim prosesi idarəetmə obyekti kimi qəbul edilirsə, onda qarşıya qoyulmuş məqsədə uyğun olaraq, obyektin (prosesin) hazırkı vəziyyəti, onun xarakteristikası və inkişafı qarşıya qoyulmuş məqsədə yaxınlaşmalıdır. Təhsilin idarə olunmasına belə münasibətdən söz gedirsə, idarəetmənin ümumi strukturunda şagirdlərin tədris materiallarını və onlarda müəyyən intellektual keyfiyyətlərin formalaşmasının səviyyəsi ayrıca istiqamət kimi nəzərə alınmalıdır. Bu da imkan yaradır ki, şagirdlərin hər birinin şəxsi xüsusiyyətləri obyektiv qiymətləndirilsin, təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsinə belə münasibət xarici ölkələrin alimlərinin fikrincə, idarə  etməyə hərtərəfli münasibət deməkdir. «Bu ideya məktəbin işinin və ya hər bir təhsil müəssisəsinin, hər şeydən əvvəl, onun  əsas bölümünün tədris prosesinin imkanlarından maksimum istifadə  olunmasının idarə  olunmasıdır.
Qeyd  etmək lazımdır ki, texnoloji yolla təlim prosesində uğurlu nəticə əldə etmiş müəllim imkan qazanır ki, həm öz yaradıcılığına, həm də  şagirdlərin inkişafına daha  artıq diqqət yetirsin.
Təlim prosesinin texnoloji quruluşu müəyyən məqsədlərə ardıcıl istiqamətlənməlidir. Məktəblərimizin təcrübəsinin, pedaqoji şuraların, təhsilin keyfiyyəti vəziyyətinin müzakirə  olunmasını təsvir edən iclas protokollarının, qəbul  edilmiş qərarların təhlili nəticəsində təhsil prosesində keyfiyyətin əldə edilməsi məqsədinin müəy­yənləşdirilməsinin mürəkkəb problem olması aydın olur.
Təlimin məqsədi təlim prosesinin nəticələri əsasında həyata keçirilməlidir. Bu nəticələr uşaqların fəaliy­yətində, hərəkətlərində müəllimlər və ya digər ekspertlər tərəfindən nəzərə alınmalıdır. Nəzərə almaq üçün isə onları görməyi bacarmaq lazımdır.
Bu ideyaların həyata keçirilməsində bir sıra çətinliklərlə rastlaşmaq olur. Bir çox təhsil işçiləri (həm müəllimlər, həm də məktəb rəhbərləri) təlimin nəticələrini fəaliyyət dilinə çevirməkdə çətinliklərlə rastlaşırlar. Bu problemlərin həllini mütəxəssislər iki cür izah edirlər:
1. Məqsədlərin dəqiq sis­temi qurulmalı. Onların arasında səviyyələrin ardıcıllığı müəyyənləşdirilməlidir.  Belə sistemlər pedaqogikada taksonomiya adlanır.
2. Hər şeydən əvvəl, təlimin məqsədlərinin konkret açıqlanması dilin hazırlanması deməkdir. Təhsil işçilərimiz ona yiyələnməlidir.
Təlim prosesində gündəlik qiymət sadəcə olaraq əks əlaqə rolunu  oynayır.  O, məhz məqsədə çatmaq üçün vasitədir. Əgər məqsəd əldə olunmayıbsa, onda gündəlik nəzarət sadəcə olaraq təlim prosesinə düzəlişlər etməyə kömək edir. Gündəlik qiymətlər məzmunlu xarakter daşımalıdır. O şagirdin öz işini korrektə etməyə kömək göstərməlidir. Yekun qiymətlərin isə ballarla göstərilməsi məqsədyönlüdür.
Şagirdin vəziyyətini nəzarətdə saxlamaq məqsədilə xarici təcrübədən mənimsənilmiş «monitorinq» anlayışından son illər bizdə geniş istifadə olunur. Monitorinqin əsas məqsədi təhsilin keyfiyyətini təmin  etməkdir. Monitorinq  aşağıdakıları özündə birləşdirən bir prosesdir:
- məlumatın toplanması;
·- məlumatın dəyərləndirilməsi;
·- qərarın qəbul edilməsi;
Monitorinq inteqrativ bir sistemdir. O, idarəetmə prosesi olmasa da, müşahidələrin, dəyərləndirmənin vasitəsilə qərarların qəbul  edilməsinə  xidmət  edir.
Təhsilin monitorinq sistemi pedaqoji sistemin fəaliy­yəti haqqında  məlumatların toplanmasına, qorunub saxlanmasına, təhlil edilməsinə və yayılmasına  xidmət edir. O, təlim prosesinin vəziyyətini nəzarətdə saxlayır, onun inkişafını proqnozlaşdırmağa şərait yaradır.
Təhsilin idarə olunmasında məktəb rəhbərlərinə monitorinqdən istifadə  olunması məsləhətdir, çünki o imkan verir ki, açıqlanan şəkildə təhsilin keyfiyyətinə mərhələ - mərhələ, sistemli yanaşma həyata keçirilsin. Bunu aşağıdakı kimi təsəvvür  etmək olar:
— Məktəbdaxili səviyyə. Bu səviyyədə təhsil monitorinqi məktəbin fəaliyyəti, qarşıya qoyduğu məqsədə çatmağın vəziyyəti, o cümlədən hər bir şagird haqqında məlumat əldə edilir. Bu zaman proqnozlaşma məqsədilə psixoloji-pedaqoji informasiya hazırlanır;
— Rayon-şəhər üzrə səviyyə. Burada rayon və ya şəhər üzrə (müqayisəli şəkildə) bütövlükdə və ya hər bir məktəb üzrə məlumatlar  əldə  edilir. Bu zaman məktəblərin növləri (lisey, gimnaziya və s.) nəzərə  alınmaqla təhlilə imkan yaranır, rayon və ya şəhər üzrə təhsil sisteminin inkişafının proqnozu hazırlanır;
— Respublika səviyyəsi. Burada Respublika təhsil sisteminin fəaliyyəti haqqında rayonlar, şəhərlər üzrə müqayisəli məlumatlar əldə edilir və lazimi proqnozlaşdırma həyata keçirilir. Burada qeyd etmək yerinə düşər ki, son illərdə respublikada monitorinqlər təhsil sistemində tətbiq edilir  və bu proses təhsilin keyfiyyətində artıq özünü göstərir.
Son illər məktəblərimiz kompüter texnikası ilə təmin olunduğundan, ondan istifadə, həmçinin şagirdlərin məlumatları informasiya və kommunikasiya texnologiyaları vasitəsilə alması bu işin daha da təkmilləşməsinə şərait yaradır, şagirdlərə məlumatların ötürülməsi, onların təhlili və mənimsənilməsi asanlaşır, informasiya texnologiyalarının tətbiqi imkanları genişlənir. Bu da pedaqoji texnologiyalardan geniş istifadə olunmasına şərait yaradır.
Beləliklə, elektron-təhsil vasitələri və onların bazasında yeni təhsil-informasiya mühiti yaranır ki, onun da təhsilin keyfiyyətini artırmaq imkanları genişdir. Ancaq o, tam mənada o zaman istifadə oluna bilər ki, təlim prosesi innovasiya modellərinə istinad  etsin.
Yeni informasiya texnologiyalarının hazırlanması və tətbiqi aşağıdakı qaydalara əsaslanır:
- Pedaqoji texnologiyaların əsas prinsiplərinə (tanışlıq-bütövlük, layihələşdirmə, məqsədin müəyyənləşdirilməsi) məqsədyönlülüyün tətbiq edilməsi;
-  Əvvəlllər didaktikada həll edilməmiş nəzəri və ya praktik məsələlərin həllinin həyata keçirilməsi;
-  Bu məlumatların hazırlanması və tətlim prosesində istifadəsinin kompüter texnikası vasitəsilə həyata keçirilməsi;
Pedaqoji texnologiyaların bu qaydalara riayət edilməsinin ardıcıllığı bir tərəfdən gündəlik təlim vəzifələrinə xidmət edirsə, digər tərəfdən təhsilin son nəticələrinə təsir göstərir. Təbiidir ki, pedaqoji-psixoloji monitorinqlərin təhsil monitorinqinin ayrılmaz hissələri kimi istifadəsinə imkan yaradır. Bu da təhsilin keyfiyyətinə təsir etməyə bilməz.
                             


Tarix: 17-07-2020, 14:49

Xəbəri paylaş