Böyük demokrat ədib və milli istiqlal carçısı
İsa Həbibbəyli
AMEA-nın vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri,
akademik
Çoxəsrlik Azərbaycan ədəbiyyatı qədim dövr və orta əsrlərdə romantik istiqamətdə inkişaf etmiş, dünya ədəbiyyatına görkəmli ədəbi simalar və ölməz şedevrlər bəxş etmişdir. XVIII əsrdən etibarən Azərbaycan ədəbiyyatında realist meyillər qüvvətlənməyə başlamış, XIX əsrdə daha da inkişaf etmişdir. Xüsusən, Mirzə Fətəli Axundzadənin çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycanda maarifçilik ideyadan hərəkat səviyyəsinə qaldırılmış, maarifçi realizm ədəbi cərəyanı formalaşdırılmışdır. XX əsrin əvvəllərində isə Azərbaycan ədəbiyyatında tamamilə fərqli bir mərhələ başlanmışdır. Tənqidi realizm və mollanəsrəddinçilik adlanan bu yeni ədəbi tarixi mərhələnin qüdrətli yaradıcısı görkəmli Azərbaycan yazıçısı Mirzə Cəlil Məmmədquluzadədir.
Azərbaycan ədəbiyyatında böyük demokrat yazıçı və ictimai xadim kimi şöhrət qazanmış Cəlil Məmmədquluzadə (1869-1932) XIX əsrin ikinci yarısından sonra canlanmağa başlayan maarifçilik ənənələri və dövrün mühüm elm və maarif mərkəzlərindən olan məşhur Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası zəminində yetişib formalaşmışdır. Onun formalaşmasında və mənəvi təkamülündə Naxçıvan məktəblərində keçdiyi çətin və şərəfli yol, eyni zamanda, əsas yaradıcılarından biri olduğu Naxçıvan teatrı da xüsusi rol oynamışdır. Beləliklə, Cəlil Məmmədquluzadə hələ cavan yaşlarından etibarən mənsub olduğu ölkə və Şərq, Rusiya və Qərb mədəniyyətləri və ədəbiyyatları, dövrün maarifçi ideyaları və ictimai fikri ilə dərindən tanış olmuş, yazıçı və vətəndaş kimi öz yolunu müəyyənləşdirmişdir. Böyük demokrat ədibin uğrunda ardıcıl olaraq mübarizə apardığı tənqidi-realist ədəbiyyat, satira mətbuatı və milli istiqlal mübarizəsi onu Azərbaycan ədəbi-ictimai fikrinin ön cəbhəsinə gətirib çıxarmışdır. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının banisi, “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və milli istiqlal hərəkatının əsas simalarından biri kimi tanınıb şöhrət qazanmışdır. O, Azərbaycanda yeni tipli realist-satirik ədəbiyyatın və demokratik mətbuatın əsasını qoymuşdur.
İlk növbədə onu qeyd etmək lazımdır ki, Cəlil Məmmədquluzadə Azərbaycanda tənqidi-realist satirik ədəbiyyatın görkəmli yaradıcısıdır. O, özündən əvvəl ədəbiyyatda mövcud olmuş maarifçi realist ənənələri tənqidi realizm səviyyəsinə qaldırmışdır. Ədəbiyyatda həyatın və cəmiyyətin daha dərin qatlarına, insanın mənəvi aləminin incəliklərinə nüfuz etmək və fərqli bədii vasitələrlə canlandırmaq baxımından Cəlil Məmmədquluzadə ilə müqayisə ediləcək başqa bir yazıçı göstərmək çətindir. O, hələ ilk qələm təcrübəsi olan “Çay dəstgahı” dramında (1889) alleqorik vasitələrlə olsa da cəmiyyət üçün aktual olan “Nə etməli” sualına cavab axtarmaqla mənsub olduğu xalqın milli oyanışına xidmət edəcək yazıçı olacağını bəyan etmişdir. Ədibin “Danabaş kəndinin əhvalatları” povesti (1894) Azərbaycanda milli-mənəvi oyanışın zəruriliyini bütün reallığı ilə diqqət mərkəzinə çəkən ədəbiyyatın böyük müqəddiməsidir. Bu, bütövlükdə Azərbaycan kəndinin faciəvi həyatının ürəkağrıdan nağılvari hekayətləri, əsərin əsas qəhrəmanı Məhəmmədhəsən əminin timsalında iztirablarla üz-üzə qalan, haqqı tapdanmış, lakin ləyaqətini qoruyub saxlamış kiçik adamların böyük əhvalatlarıdır. Əsərdə təsvir edilən sadə və zavallı insanların sayəsində Azərbaycan ədəbiyyatında “kiçik adam” ilk dəfə böyük ədəbiyyatın əsas obrazı kimi ədəbiyyata gətirilmişdir. Ümumiyyətlə, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında «kiçik adam»ın taleyini böyük ədəbiyyatın baş mövzusuna çevirmiş ilk Azərbaycan yazıçısıdır. Yazıçı «kiçik adam»ı geniş mənada xalq anlayışı səviyyəsində təsvir etmişdir. Cəlil Məmmədquluzadənin ürək yanğısı ilə ədəbiyyata gətirdiyi Məhəmmədhəsən əmi, Novruzəli, Usta Zeynal, Kərbəlayi Məmmədəli, Pirverdi, Sadıq kişi kimi obrazlar taleyi, güzəranı, düşüncəsi və ümidləri etibarilə Azərbaycan xalqının XIX əsrin sonları və XX əsrin əvvəllərindəki həyatını bütün reallıqları ilə əks etdirib ümumiləşdirir. Onlar heç də keçmiş sovet ədəbiyyatşünaslığının təqdim etdiyi kimi cahil və nadan insanlar deyildilər. Cəlil Məmmədquluzadənin “kiçik adam”ları özlərinin sədaqəti, mənəvi təmizliyi, halallığı, toxluğu, əsl insani keyfiyyətləri ilə mənsub olduğu xalqın xarakterik xüsusiyyətlərini əks etdirir. Savadsız olmaları, poçt qutusunu tanımamaqları, «hürriyyət»dən baş çıxarmamaları özlərinin deyil, onları daim əsarətdə saxlamaq istəyən mövcud rejimin yaratdığı müstəmləkə zülmünün təzahürləridir. Cəlil Məmmədquluzadənin də niyyəti Novruzəlini yox, onu geridə saxlayan siyasi rejimi tənqid etməkdən ibarət idi. Cəlil Məmmədquluzadə nəinki ölkədəki siyasi istibdadı və ruhani despotizmini kəskin tənqid etmiş, müstəmləkəçi rejimə onun əsaslarını sarsıdan öldürücü zərbələr vurmuşdur. Cəlil Məmmədquluzadədən «Rişədən başlamalı» çağırışı Azərbaycan ədəbiyyatında müstəmləkəçi siyasi sistemin tam aradan qaldırılması və onun bütün təzahürlərinin məhv edilməsi vəzifələrini irəli sürür: «Əsas mətləb rişədədir. Çünki qalan kiçik məsələlər həmin rişəyə bağlıdır: əlifba, çadra, papaq, əmmamə, əba neyləsin, yaşıl qurşaq, qüsl, …imamət, ziyarət… və müxtəsər, yenə minlərcə bu qəbil… mövhumat və axmaqlıqhat!.. Sən gərək məsələni rişədən başlayasan. Əgər rişə bərk və möhkəm olsa, ağac möhkəm duracaq və qanad-budağın darasan da, yenə axırda onlar dübarə pöhrələnib təzələnəcəklər».
Deməli, Cəlil Məmmədquluzadənin realizmi maarifçi, islahedici, tərbiyələndirici yox, mövcud rejimin əsaslarının dağıdılması yolu ilə xalqın azadlığının təmin edilməsinə ünvanlanmış yeni tipli realist ədəbiyyat modelidir. Cəlil Məmmədquluzadənin nəsr əsərləri, xüsusən dərin məzmuna malik kiçik hekayələri Azərbaycan ədəbiyyatının bu janrda yazılmış ilk tənqidi-realist örnəkləridir. «Molla Nəsrəddin» jurnalının «Sizi deyib gəlmişəm» müraciəti yalnız millətin oyanışına deyil, həm də yeni ədəbiyyatın prinsiplərinin müəyyən edilməsinə çağırışın ifadəsi idi. Eyni zamanda, «Molla Nəsrəddin» jurnalının hələ 1906-cı ildə başladığı “həqiqi “Molla Nəsrəddin” şairi axtarışları” tənqidi-realist satirik ədəbiyyatın Mirzə Ələkbər Sabir və Əli Nəzmi, Əliqulu Qəmküsar və başqaları kimi böyük yaradıcılarının kəşfi ilə nəticələnmişdir. Beləliklə, Azərbaycanda ciddi ictimai mövzularda kəskin bədii söz deməklə xalqı ayıltmaq və cəmiyyəti dəyişmək vəzifələrini özündə əks etdirən yeni tipli ədəbiyyat yaranmışdır. Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində genişlənməkdə olan tənqidi realist ədəbiyyatın əsas yaradıcısıdır. Onun banisi olduğu tənqidi realizm bütövlükdə Azərbaycan ədəbiyyatında yeni hadisə olan realizmin fərqli bir mərhələsini müəyyən etmişdir. Ətrafına cəlb etdiyi eyni tipli yaradıcılıq prinsiplərini əsas kimi qəbul etmiş qələm dostlarının vahid ideya-sənətkarlıq mövqeyindən çıxış etmələri ilə tənqidi realizm ədəbi cərəyan kimi formalaşmışdır. XX əsrin əvvəllərində Azərbaycanda digər ədəbi cərəyanların: maarifçi realizm, romantizm və sentimentalizmin də yanaşı fəaliyyət göstərməsinə baxmayaraq, Cəlil Məmmədquluzadənin yaradıcısı olduğu tənqidi realizm dövrün ən aparıcı ədəbi cərəyanı funksiyasını həyata keçirmişdir. Təsadüfi deyildir ki, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı əsasən romantizm epoxası kimi səciyyələnir. Müasiri olmuş görkəmli Azərbaycan yazıçısı Yusif Vəzif Çəmənzəminlinin Cəlil Məmmədquluzadəni “ədəbi dövrün başçısı” adlandırması böyük demokrat yazıçının milli ədəbi-ictimai fikrin inkişafındakı xüsusi rolunu və mövqeyini aydın surətdə əks etdirir. Cəlil Məmmədquluzadə “ədəbi dövrün başçısı” kimi təkcə tənqidi-realizm ədəbiyyatını və mollanəsrəddinçilik hərəkatını deyil, bütövlükdə yaşayıb-yaratdığı tarixi mərhələnin bütün istiqamətlər üzrə ədəbi-ictimai fikrini istiqamətləndirmiş və idarə etmişdir.
Tənqidi-realist ədəbiyyatın ədəbi cərəyan səviyyəsinə yüksəldilməsində məşhur “Molla Nəsrəddin” jurnalının rolu və xidmətləri xüsusi qeyd edilməlidir. Cəlil Məmmədquluzadənin redaktorluğu ilə 1906-1917-ci illərdə Tiflisdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilən “Molla Nəsrəddin” jurnalı tənqidi realizm cərəyanının əsas ədəbi cəbbəxanasıdır. Öz ətrafında mollanəsrəddinçi şairləri və yazıçıları birləşdirən “Molla Nəsrəddin” jurnalı nəinki ölkədə, Qafqazda, Türkiyədə, İranda, Orta Asiyada, Volqaboyunda... tənqidi realist və satirik ədəbiyyatın bayrağını ucaltmış, həm bu tipli ədəbiyyatın konsepsiyasını irəli sürmüş, həm də konkret ədəbi nümunələrini xalqa çatdırmışdır. Tənqidçi-realistlər üçün “Molla Nəsrəddin” jurnalı ədəbi məktəb funksiyasını həyata keçirmişdir. Azərbaycan ədəbiyyatında tənqidçi-realist yazıçı və şairlər ordusu “Molla Nəsrəddin” jurnalı ətrafında yetişib formalaşmışdır. Bu mənada tənqidi realizm ədəbi cərəyanı ilə “Molla Nəsrəddin” ədəbi məktəbi ifadələri eyni məna daşıyan sinonim sözlərdir. “Molla Nəsrəddin” ədəbi məktəbi geniş anlayış olub, özündə mollanəsrəddinçi şairləri və yazıçıları, satirik publisistikanın mahir yaradıcılarını, karikaturaçı rəssamları birləşdirmişdir. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində “Molla Nəsrəddin” jurnalı qədər geniş universal yaradıcılıq istiqamətlərini və böyük yaradıcı qüvvələri öz ətrafında cəmləşdirən ikinci bir uzunömürlü mətbuat orqanı olmamışdır. “Molla Nəsrəddin” nəinki Azərbaycanın, geniş mənada türk-müsəlman dünyasının ilk satirik və karikaturalı jurnalı kimi bədii yaradıcılığın və təsviri sənətin inkişafına xidmət edən yeni nəsil sənətkarlar ordusu meydana çıxarmışdır. Cəlil Məmmədquluzadənin səyləri nəticəsində “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri vahid ədəbi cəbhədən çıxış etmiş, köhnəliyə, cəhalətə, fanatizmə, geriliyə qarşı bütün cəbhə boyu mübarizə aparmışdır. “Molla Nəsrəddin” jurnalı İran Məşrutə hərəkatına, Azərbaycan milli istiqlal mübarizəsinə bir ordudan çox xidmət göstərmişdir. “Molla Nəsrəddin” jurnalı Azərbaycan ədəbiyyatında ən böyük istiqlal kitabıdır. Bütövlükdə “Molla Nəsrəddin” jurnalı Azərbaycanın tənqidçi realist və satirik yazıçılarının çoxcildlik külliyyatıdır. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbinin rəhbəri olmaqla bərabər, həm də mollanəsrəddinçilik təliminin yaradıcısıdır. Cəlil Məmmədquluzadəyə görə Mollanəsrəddinçilik - azərbaycançılıq, milli istiqlal ideyalarının, tənqidi realist və satirik ədəbiyyatın əsas hərəkətverici qüvvəsi demək idi. Ən çətin məqamlarda belə “Molla Nəsrəddin” jurnalı mövqeyindən dönməmiş, böyük qətiyyətlə mübarizəsini davam etdirmişdir. Hətta sovet hakimiyyəti illərində “Molla Nəsrəddin”in işinə Kreml səviyyəsində müdaxilələr olanda da Cəlil Məmmədquluzadə böyük cəsarət nümunəsi göstərərək 1927-ci ildə yazmışdı ki, “Molla Nəsrəddin” məcmuəsinin Moskvaya heç bir dəxli yoxdur. “Molla Nəsrəddin”i nə Moskva, nə də Şura hökuməti yaradıbdır. Bu, bitərəf vərəqədir ki, iyirmi iki il bundan qabaq şahlar, sultanlar və krallar ilə söhbət etməyə adətkərdə olubdur.” “Molla Nəsrəddin” axıradək Azərbaycan idealına sədaqətlə xidmət etmişdir. Cəlil Məmmədquluzadənin əsərləri və “Molla Nəsrəddin” jurnalı azərbaycançılıq idealının lokomotividir. “Molla Nəsrəddin” jurnalı Azərbaycanın istiqlal qatarı, Cəlil Məmmədquluzadə milli istiqlal ədəbiyyatı və mətbuatının inkişafı magistrallarındakı böyük sükançısıdır. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində ilk dəfə olaraq “Haradır Azərbaycan?” sualını ictimai fikrin gündəminə Cəlil Məmmədquluzadə gətirmiş və ölkəsinin, əslində həm də milli oyanışı və istiqlalına xidmət etdiyi tarixi-coğrafi ərazinin xəritəsini cızmışdır. O, bütün yaradıcılığı boyu Vətən, Millət və Ana dili idealı uğrunda mübarizə aparmışdır. Böyük demokrat ədibin azərbaycançılıq görüşləri həmişə onun cümhuriyyətçilik baxışları ilə üst-üstə düşmüşdür. Cəlil Məmmədquluzadə Azərbaycanda respublika-cümhuriyyət tipli müstəqil dövlətin yaradılmasını həyatının və sənətinin ən böyük qayəsi hesab etmişdir. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” (1920) dramı ədəbiyyatda azərbaycançılıq idealının manifestidir. “Anamın kitabı” əsərindəki Gülbaharın monoloqu bədii sözdə ifadə edilmiş azərbaycançılıq üvertürasıdır: “Qaldı bircə kitab: bu da Anamın kitabı!.. Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır Günün başına dolanırlar. Çünki bunlar hamısı qədim əzəldə Gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, mənim də qardaşlarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar. Çünki ay və ulduz Şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət edərək, nə qədər canında nəfəs var, peşiman olacaq.”
“Anamın kitabı”ndakı azərbaycançılıq idealları, Gülbaharın monoloqunda səslənən ümummilli çağırışlar bu gün və sabah üçün də aktual və müasirdir.
Azərbaycan ədəbiyyatında bir çox janrlar Cəlil Məmmədquluzadə tərəfindən yaradılmışdır. Cəlil Məmmədquluzadə kiçik hekayənin böyük yaradıcısıdır. Onun ustad qələmindən çıxmış məşhur “Poçt qutusu” hekayəsi Azərbaycan hekayəçiliyinin proqramıdır. “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Nigarançılıq”, “Rus qızı”, “Saqqallı uşaq” hekayələri Azərbaycan ədəbiyyatında hekayə janrında yaradılmış klassik şedevrlərdir. Cəlil Məmmədquluzadənin novellavari hekayələri dünya ədəbiyyatının da orijinal örnəkləri sayılmağa layiqdir. Cəlil Məmmədquluzadənin kiçik hekayələrində zamanın böyük mətləbləri məharətlə ifadə olunmuşdur. “Poçt qutusu” hekayəsindəki Novruzəlinin poçtxananı yox, divanxananı tanıması haqqındakı dialoqda, Usta Zeynalın evini təmir etdiyi Muğdusi Akopa verdiyi “xozeyin, niyə sizin padşahınız yoxdur” sualında, “Nigarançılıq” hekayəsindəki “həqiqət, dünyada bu nigarançılıqdan da pis şey yoxdur” etirafında fərdlərin yox, cəmiyyətin problemləri ifadə olunmuşdur. “İranda hürriyyət” hekayəsindəki İrandan ailəsini dolandırmaq üçün çörək qazanmaq naminə Qafqaz şəhərlərinə gəlmiş həmşərinin dilindən verilmiş aşağıdakı parçada diqqət mərkəzinə çəkilmiş mətləblər hekayənin yazıldığı dövrdə Arazın hər iki tayındakı siyasi proseslərin real mənzərəsini güzgüdə olduğu qədər təbiiliyi ilə əks etdirir: “Axı kim eşidibdi ki, o taydan bura hürriyyət gəlsin. O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək... belə zadlar gələr. Yoxsa vallah, mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələ. Heç bu tərəflərdə hürriyyət alış-verişi eliyəni də mən eşitməmişəm.” Yaxud “Zırrama” hekayəsindəki Qurbanqulu bəyin timsalında nadanlığın, boşboğazlığın “qanmır ki, qanmır” tipinin təqdimatı ilə Cəlil Məmmədquluzadə ictimai-mənəvi mühitin daxili çürüklüyünü dahiyanə şəkildə açıb göstərmişdir. Fikrimizcə, Cəlil Məmmədquluzadənin “Zırrama” anlayışı Çingiz Aytmatovun “manqurt” ifadəsi kimi yazıçının bədii kəşfi sayıla bilər. Manqurtluqda keçmişi, soykökü unutdurulmuş adamın faciəsi, zırramalıqda isə cahillik və avaraçılığın komediyası ifadə olunmuşdur.
Cəlil Məmmədquluzadənin dram əsərləri ilə Azərbaycan dramaturgiyasının tarixində yeni mərhələ yaradılmışdır. Ədibin dram əsərləri ideya-məzmunca olduğu kimi, janr baxımından da novatorluq nümunəsidir. Dram əsərlərində yaşadığı dövrün acı reallıqlarını məharətlə əks etdirən böyük yazıçı-dramaturq səhnədə sözün həqiqi mənasında “göz yaşları içərisində gülüş”ün məşəqqətlərini diqqət mərkəzinə çəkmiş, ibrətamiz nəticələrə gəlmişdir. Cəlil Məmmədquluzadənin dram əsərləri obrazların komediyası, dövrün faciəsindən ibarətdir. Böyük Mirzə Fətəli Axundzadənin dahiyanə komediyaları janr baxımından drama, Cəlil Məmmədquluzadənin komediyaları isə faciəyə yaxındır. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının tragikomediya mərhələsini yaratmışdır. Onun pyesləri komediya ilə faciənin sintezini özündə əks etdirir. Faciə janrında yazılmış klassik əsərlərdən fərqli olaraq Cəlil Məmmədquluzadənin dram əsərlərində baş qəhrəmanın ölümü yox, ictimai mühitin və kütlənin faciəsi açılıb göstərilmişdir. Yazıçı böyük məharətlə “Ölülər” əsərindəki Kefli İskəndərin faciəsinin Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsindəki Fəxrəddinin faciəsindən daha dəhşətli olduğunu nəzərə çarpdırır. Cəlil Məmmədquluzadənin bütün yaradıcılığı üçün aktual olan “Anlamaq dərdi” fəlsəfəsi onun dram əsərlərində daha qabarıq şəkildə ifadə olunmuşdur. Bu baxımdan “Ölülər” əsəri diri ölülərin yası, Şeyx Nəsrullahın komediyası, kütlənin faciəsi, Kefli İsgəndərin mənəvi ölülük üzərində qələbəsi, mahiyyət etibarilə dirilik himnidir. Kefli İskəndərin monoloqu zamana və insana ən böyük ittihamnamədir. Bu, ayrılıqda bir əsərdə yox, geniş mənada cəhalət dünyasından tarix kitabına qanla yazılmış səhifə, bütün dövrlərin şeyx nəsrullahlarına, kütlə psixologiyasına qarşı səslənən ittihamnamədir.
Böyük ədibin dramaturgiyası dövrün ən aktual, ağrılı və zəruri problemlərinə həsr olunmuşdur. “Ölülər” - cəhalətə, ətalətə, mənəvi əsarətə, xurafata kəskin zərbə, milli-mənəvi oyanışa və ictimai-mədəni tərəqqiyə ən həyəcanlı çağırışdır. “Kamança” Azərbaycan ədəbiyyatında Qarabağ münaqişəsinə həsr olunmuş birinci bədii əsərdir, vətən torpaqlarının müdafiəsi üçün hər cür fədakarlığa hazır olan Qəhrəman yüzbaşı kimi vətənpərvər azərbaycanlının həm də ən yüksək insani hisslərə malik olduğunu təsvir edən dramatik bəyanatdır. Tragikomediya xüsusiyyətləri olan “Kamança” əsəri Azərbaycan ədəbiyyatında miniatür pyesin mükəmməl nümunəsidir. Miniatür pyes janrı Cəlil Məmmədquluzadənin dramaturgiyaya gətirilərək vətəndaşlıq hüququ qazandırdığı kiçik səhnəciklərdən ibarətdir. “Çay dəstgahı” miniatür alleqorik pyes, əyləncəli uşaq dramıdır. Ədibin dramaturgiyasında bir pərdədən ibarət olub, konkret bir hadisəni və ya ideyanı əks etdirən kiçik pyeslər silsiləsi mövcuddur. “Oyunbazlar”, “Lənət”, “Lal” pyesləri miniatür pyes şəklində səhnəyə çıxarılmaq üçün yox, oxunmaq üçün yazılmış lezedramalardan ibarətdir. Cəlil Məmmədquluzadənin “Lal” pyesi Azərbaycan ədəbiyyatında pontomim miniatür pyesin bənzərsiz nümunəsidir.
Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tragikomediyası Azərbaycan ədəbiyyatında milli istiqlala, milli birlik və azərbaycançılıq ideallarına həsr olunmuş ən mükəmməl dram əsəridir. “Anamın kitabı” - milli-mənəvi özünüdərk, Vətənçilik, milli birlik və müstəqillik dərsliyidir. “Anamın kitabı” - əsərdəki üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramıdır.
“Dəli yığıncağı” pyesində (1926) təqdim olunan “dəlilik” əslində şərti anlayış olub, mahiyyət etibarilə ruhi xəstəliyi deyil, ağıldan bəlanı və cəmiyyətdəki mənəvi-siyasi eybəcərliyi əks etdirir. Cəlil Məmmədquluzadə sətiraltı şəkildə yeni qurulmuş Şura Azərbaycanını “dəli yığıncağı” adlandırmışdır. Professor Əli Sultanlının “Ölülər”in məfkurəcə davamı” adlandırdığı “Dəli yığıncağı”nda İskəndərin funksiyasını zorla, süni şəkildə gərgin vəziyyətlərə salınaraq həbsxanaya qatılmış Pırpız Sona obrazı yerinə yetirir. Mövzu və ideya etibarilə “Dəli yığıncağı”nın davamı kimi meydana çıxmış “Ər” pyesi (1930) ilə Cəlil Məmmədquluzadə ölülər və dəlilər aləminin məşhur trilogiyasını yaratmışdır. Böyük ədibin dram əsərləri son yüzillikdə Azərbaycan teatrlarında ən çox tamaşaya qoyulmuş əsərlərdir. Cəlil Məmmədquluzadə teatrı özünüdərketmə, mənəvi oyanış və ayıqlıq teatrı kimi hər zaman aktual və müasirdir.
Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin əsərləri ən böyük tirajlarla dəfələrlə nəşr olunmuş və xalqımızın mütaliəsində geniş yer tutan qiymətli ədəbi örnəklərdir. Yazıçının əsərləri Azərbaycan dilindən başqa rus, ingilis, fransız, alman, ispan, türk, ərəb, fars, urdu, macar, gürcü, özbək, türkmən və sair dillərdə kitab halında çap olunaraq dahi yaradıcısına dünya şöhrəti qazandırmışdır. Böyük ədibin həyatı və yaradıcılığına həsr edilmiş qiymətli tədqiqat əsərləri yazılıb nəşr olunmuş, dissertasiyalar müdafiə edilmişdir. Cəlil Məmmədquluzadənin müxtəlif vaxtlarda Azərbaycan dilində və xarici dillərdə çap olunmuş bədii əsərlərindən və yazıçının haqqında yazılmış elmi tədqiqat əsərlərindən mükəmməl bir kitabxana yaratmaq mümkündür.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin yaradıcılığına yüksək qiymət vermişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1994-cü ildə Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illik yubileyi mərasimində söylədiyi aşağıdakı fikirlərdə böyük demokrat ədibin yaradıcılığındakı milli dirçəliş və istiqlalçılıq ideyaları müasir dövrün çağırışları kimi nəzərə çarpdırılmışdır: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə... Azərbaycan xalqının milli oyanışında əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlil Məmmədquluzadənin fəaliyyətinin rolu misilsizdir... Cəlil Məmmədquluzadənin yaradıcılığındakı Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir.... Təsadüfi deyildir ki, onun yazılarındakı cümhuriyyət anlayışı bu gün bizim quracağımız demokratik, hüquqi dövlət prinsipləri ilə səsləşir... Cəlil Məmmədquluzadənin həyatı böyük təcrübə mənbəyidir, məktəbdir”.
Ölkəmizdə Cəlil Məmmədquluzadənin parlaq adına və ölməz sənətinə böyük ehtiram bəslənilmişdir. Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində ucaldılmış heykəli Azərbaycan monumental heykəltaraşlıq sənətinin qiymətli nümunəsidir. Respublikamızın paytaxtı Bakı şəhərində və Naxçıvanda yazıçının adını daşıyan küçələr və məktəblər onun xatirəsinə dərin ehtiramı ifadə edir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı respublikamızın əsas sənət məktəblərindən biri kimi fəaliyyətini uğurla davam etdirir. Ədibin anadan olmasının 100, 125, 140 illik yubileylərinin böyük sənət bayramı səviyyəsində qeyd edilməsi də qüdrətli sənətkara dövlət səviyyəsində bəslənilən böyük ehtiramın əyani ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi haqqındakı 17 yanvar 2019-cu il tarixli Sərəncamı Azərbaycan dövlətində böyük demokrat ədibin ibrətamiz həyat yolu və zəngin bədii yaradıcılığına göstərilən yüksək ehtiramı, böyük diqqət və qayğını əməli surətdə əks etdirir. Prezident sərəncamında Cəlil Məmmədquluzadənin xidmətlərinə verilmiş yüksək qiymət onun böyük ideallarının həmişəyaşarlığını və müasirliyini parlaq surətdə əks etdirir. Müstəqil Azərbaycan Respublikası və xalqımız Cəlil Məmmədquluzadənin uğrunda dönmədən apardığı müstəqil dövlətçilik ənənələrini daha da inkişaf etdirib möhkəmləndirməklə ölməz sənətkarın adını və xatirəsini yaşatmağın nümunəsini göstərir.
Tarix: 10-04-2019, 14:12