Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

MÜASİR HƏYAT TƏRZİ

 


Xalidə Əlizadə,

Бакы Дювлят Университетинин

шərqşünaslıqfakültəsininЫЫЫkurstələbəsi,

2017-ciil 16-cı yaponnatiqlikмцсабигясининqalibi


Müasirlik dedikdə, hal-hazırda var olduğumuz dünya və ona uyğunlaşmağımız üçün lazım olan şərtlər başa düşülür. Müasir sözü əslində hər hansı bir yerin inkişafının və ya şəxsin təkmilləşməsinin, ucalmasının bir göstəricisidir. Lakin çox təəssüf ki, çağdaş zəmanəmizdə müasirlik adı altında bir sıra davranışların şahidi oluruq. İnsanların bir qismi buna daha çox azadlıq adı versələr də, bir adı var və bu da sərbəstlikdir. Əfsuslar olsun ki, azadlıq və sərbəstlik arasındakı incə cizginin fərqinə varılmaması bir çox prob­lemlər yaradır.
Nümunəvi kimi göstərilən və ona çatmaqda gecə-gündüz dua edilən Avropa mədəniyyəti belə getsə, tezliklə bizim ölkəni də tamamilə öz əhatəsinə alacaqdır. Əgər insanlar əvvəllər ictimai nəqliyyatda bir-birinə hörmətlə yanaşır, yaşlılara yol verir, ucadan danışmırdılarsa, həmin xüsusiyyətlər əks formaya çevrilib, Avropa mədəniyyətinə uyğun olaraq, avtobusda, azqala uzanıb, ayağı ayağı üstündə oturmaq və bir sıra buna bənzər sərbəstliklər etməklə nəticələnəcək. Demək olar ki, saydıqlarıma artıq rastlaşmağa başlamışam.
Cəmiyyətdə insanların bir-birinə hörməti zəifləyib. Gənclərdən savayı, təəssüf ki, bu yaşlılara da aiddir. Cəmiy­yətdə ürək açmayan münasibətlər çoxalıb. Hələ ki avtobusda yaşlılara, qadın və uşaqlara yervermə mədəniyyətimiz qismən də olsa saxlanılıb. Lakin vay o gəncin halına ki, yer verməsin. Başının üstündə dayanan qadınlar çanta ilə onun qoluna bilərək vura-vura “indiki gənclər…” ifadəsi ilə başlayan acıqlı sözlər işlədirlər. Məsələni bu dərəcədə qabartmaq lazım deyil. İndiki dövrün dərs və iş sistemini nəzərə alsaq, bəzən həmin gənc özü də hədsiz dərəcədə yorğun ola bilər. Və ya qınanılan şəxs şikəst, xəstə olsa, necə?
Qarşılıqlı hörmətdən savayı, insanların bir-birinə inamı və duyğuları da dəyişib. Buna görə sosial şəbəkələri günahlandırıram. Mənim fikrimcə, sosial şəbəkələr insanları hissizləşdirib, duyğudan məhrum edib. Artıq nitq işləmir, beyində olan fikirlər söylənilmədən mesaj qutusuna yazılır, göndərilir. Belə hal isə insanı, həqiqi mənada, kütləşdirir. Özəl həyatdan qətiyyən söz aça bilmərik. Sosial şəbəkələr bunun varlığına imkan vermir. Əlbəttə, göstərilənlər bütün sosial şəbəkə istifadəçilərinə aid deyil. Həmin şəbəkələr bəzi məqamları dost­larla paylaşıb, onların rəyini bilmək üçün əvəzsiz vasitədir. Belə vasitələr sanki tanışlara ailə albomunu göstərməklə öz həyat fəaliyyətlərini, uğurlarını paylaşmağı xatırladır. Amma bəziləri özlərini gülünc vəziy­yətə salırlar. Hər beş dəqiqədən bir, şəkil paylaşıb həmin an nə etdikləri barədə məlumat verirlər. Əslində isə, özlərinə böyük zərər verirlər. Adətən əvvəlcə uğur qazanılır, daha sonra isə bu nümayiş etdirilir. Ancaq belələri fəaliyyətini sosial şəbəkələrdə yaymaq naminə qazanmağa can atırlar. Belə şəxslər özləri də bilmədən, eqoizmlərini daha bir pillə qaldırmış olurlar.
Əvvəllər kitab oxuyanlar özlərinə olan güvənlərini artırıb, biliklərinə inanaraq, hərəkət edirdilərsə, hazırda onlar sosial şəbəkələrdə paylaşdıqları şəkillərə gələn bəyənmələrin (like), izləyicilərin (follow) say hesabına görə yersiz fəxr edirlər. Sırf bəyənmə sayına görə hansısa bir binada yanğın və ya avtobus qəzaları kimi hallarda çəkilmiş fotoları paylaşmaq, bəyənmə az gəldikdə isə şərh bölümünə “görürsünüz, niyə like etmirsiniz?” kimi cümlələrin yazılması sosial şəbəkələrin insanları duyğusuzlaşdırdığına sübut deyilmi?
Birdəfəlik anlaşılmalıdır ki, bu bəyənmələr və şərhlər hamısı boş bir şeydir. Göz-qulaq­aldadıcı virtual aləmdir.
Virtual aləmdə edilən mübahisələr reallıqda həllini tapmayacaq. Əgər bir düymə ilə söndürülə biləcək texnologiyadan danışırıqsa, bu şərh və bəyən­mələr nə dərəcədə əhəmiyyətlidir? Bəzilərinin də şərhləri dava-dalaşlı olur və ekran arxasında istədiyi sözləri yazır. Real aləmdə onlarla qarşılaşsan, bəlkə də iki cümləni bir araya gətirə bilməzlər. Fateh Çingiz xanın “At belində dünyanı fəth etməyə nə var ki?! Enib dünyanı idarə etmək çətindir” misalı burada lap yerinə düşür.
Tanış bir məqam var ki, buna karikaturalarda rast gəlmişik. Bu məqamda, hansısa gülməli bir əhvalata, deyilən sözə və ya zarafata son dərəcədə güldüyümüzü smayliklərdən (smilic) ifadə etdiyimiz halda, həmin an üzümüzün bir əzələsi belə, yerindən oynamır. Bəs bu, duyğuları itirmək deyilmi? Hətta üzücü bir hadisəyə belə, lazımsız yerə gülüş smaylikləri göndərmişik. Təbii ki, canlı ünsiyyət zamanı həmin insanın sevinib və ya kədərləndiyini rahat şəkildə anlaya bilərik. Lakin sosial şəbəkə üçün eyni şeyi demək mümkün deyil. Bəlkə də sırf bu səbəbə görə nə qədər dostluq, sevgi, münasibətlər öz sonunu tapıb…
Belə vasitələrə alışqanlıq yarandığından ondan üz döndərmək mümkün deyil. Təbii ki, sosial şəbəkələr təkcə neqativ tərəflərdən ibarət deyil. Hər şərdə bir xeyir olduğu kimi burada da belədir. Nə qədər də olsa, sosial şəbəkələr uzaq yerlərdə yaşayan insanlara bir-birini görmə, danışma şəraiti, iş və dərs üçün material göndərmə, lap yeni maraqlı məlumat, xəbərlərdən faydalanma imkanı yaradır. Sadəcə olaraq, bu şəbəkələri həyatın mərkəzi etmək lazım deyil. Qeyd etdiklərim bəlkə də xırda bir şey kimi görünə bilər, əslində isə o, çox böyük bədbəxtliklərin göstəricisidir. Minlərlə kilometrlik yol belə tək bir addımla başlayırsa, bu xırdalıqların yığıldığı toplu bir çox insana ziyan vura bilər.
Həqiqətən, öz-özünü məhv edən bir dünyada yaşayırıq. Cəmiyyət canlı ünsiyyət vasitəsilə yaranıb, indi isə ünsiyyət olmadığına görə itəcək. Və itir də!..
Müasir həyat tərzi bizə rahatlıq və komfortla bərabər, təəssüf ki, fəsadlarını da özü ilə birgə gətirmişdir. Təbii ki, bu mənim şəxsi mövqeyim və düşüncələrimdir.
Müasir həyat tərzi həmçinin ədəbi dilin inkişafına lənglik gətirir. Dildə olan bir sıra gərəkli sözlər yoxa çıxır. Sosial şəbəkələr baxımından bu artıq mövcuddur. Ədəbi dilimizə xas normalar pozulur, robotlaşma baş verir.
  Hər nə qədər fikirlərim Şərq və Qərb mədəniyyətinin vəhdətini təşkil etsə də, Şərqin dəyərlərini həmişə üstün tutmağı seçərdim. Şərq dəyərlərində hörmət və alicənablıq vardır. Əgər illərlə buna riayət edilibsə və həmin sayədə insanlar bir-birinin gözündə ucalıbsa, deməli, doğru olan  budur.


Tarix: 14-11-2017, 09:57

Xəbəri paylaş