Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Azərbaycan məktəbi” jurnalının nəşri tarixindən (1924-1991-ci illər)”

 

Pedaqoji fikir tariximizin salnaməsi olan 95 illik tarixə malik “Azərbaycan məktəbi” jurnalı haqqında yeni kitab işıq üzü görüb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris-metodik şurasının 22 iyun 2018-ci il tarixli qərarı ilə dərs vəsaiti kimi təsdiq olunmuş kitabın müəllifi jurnalın tədqiqatçısı, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Elnarə Məmmədovadır. Elmi redaktoru tanınmış alim, pedaqogika üzrə elmlər doktoru, mərhum professor Əjdər Ağayev olan, pedaqogika üzrə elmlər doktoru, professor Rüfət Hüseynzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəcəf Nəcəfov və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər İmanovun rəy verdikləri vəsaitdə “Azərbaycan məktəbi”nin keçdiyi yol mərhələlər üzrə təhlil olunub. Kitaba “Ön söz” yazan ADPU-nun “Ümumi pedaqogika” kafedrasının müdiri, professor İramin İsayevin haqlı qeyd etdiyi kimi “70 ilə yaxın bir dövrü əhatə edən çox dəyərli fikirlərlə dolu tədqiqat əsəri tamamilə yeni üslubda, pedaqoji fikrimizin inkişaf yolunun araşdırılması isti­qamətində” yazılıb.
Vəsait “Giriş”dən, “Azərbaycan məktəbi” jurnalına sələfləri, “Yeni məktəb”, “Müəllimə kömək”, “Azərbaycan məktəbi” pedaqoji fikrimizin güzgüsüdür (1943-1991)”, “Azərbaycan məktəbi” jurnalının əlavələri” adlı 3 hissədən və ədəbiyyat siyahısından ibarətdir.
“Giriş”də pedaqoji mətbuatın inkişaf yoluna nəzər salınıb, Azərbaycan maarifçilərinin pedaqoji mətbuat yaratmaq cəhdləri və ötən əsrin əvvəllərində işıq üzü görmüş ilk pedaqoji jurnallar haqqında tədqiqatların nəticələri, həmin jurnalların tematikası və əhəmiyyəti ilə bağlı müəllifin orijinal qənaətləri əksini tapıb.
“Azərbaycan məktəbi” jurnalı fəaliyyətə “Yeni məktəb” adı ilə başlayıb. Azərbaycan Xalq Maarifi Komissarlığının orqanı olan və nazirliyin elmi-metodik şurası tərəfindən nəşr edilən jurnal 1934-cü ilədək bu adla çıxıb. Həmin ildən isə fəaliyyətini “Müəllimə kömək” adı altında davam etdirib. “Yeni məktəb”in əsas hədəfləri, toxunduğu sahələr, əhatə etdiyi mövzular, istifadə etdiyi rübrikalar jurnal “Müəllimə kömək” kimi nəşr olunanda da davam etdirilib. Əlbəttə, dəyişən dövrün tələbləri baxımından jurnalın mövzu dairəsi və fəaliyyət istiqamətlərində də yeniliklər olub. Çünki, bütün mətbu nəşrlər kimi o da dövrünün, xidmət etdiyi sahənin salnaməsi idi və pedaqoji elmdə baş verən bütün yeniliklərin, dövlətin təhsil sahəsindəki siyasətinin təbliğinə öz töhfəsini verməyə çalışırdı. Bütün bu məsələlərdən bölmədə müəllif xronoloji ardıcıllıqla bəhs edir, jurnalın o dövrdəki xidmətlərini açıb göstərir.
“Azərbaycan məktəbi” pedaqoji fikrimizin güz­güsüdür” adlı fəsildə isə jurnalın 1943-cü ildən - bir müddətdən sonra yenidən, lakin bu dəfə həm də yeni adla fəaliyyətə başladığı dövrdən 1991-ci ilə qədərki tarixi təhlil olunub.
Bu fəsildə jurnalın yeni nəşrinin ilk nömrəsində dərc olunmuş “Azərbaycan məktəbi” adlı baş məqalədən başlamış müxtəlif illərdə onun səhifələrinə çıxarılan çoxlu sayda pedaqoq alim, təhsil təşkilatçısı, müəllimlərin pedaqogika elminə, təhsilin təşkili və idarə edilməsinə, qabaqcıl təcrübənin təbliği və yayılmasına, dünya təcrübəsindən nümunələrə, pedaqoji yenilik və innovasiyalara həsr olunmuş yazılaradək böyük həcmdə faktik materialı təhlil süzgəcindən keçirən müəllif haqlı olaraq bu qənaətə gəlir ki, “Azərbaycan məktəbi” 90 illik fəaliyyəti dövründə ən mürəkkəb situasiyalarda təhsilimizə dayaq olub, yeni formalaşmağa başlayan pedaqoji elmimizin, Azərbaycan pedaqoji fikrinin, məktəbimizin keşiyində durub, dövrün basqılarına sinə gərərək müəllimlərin və bütün pedaqoji işçilərin, məktəblərin yaxın dostu, həmkarı kimi çıxış edib, yeni fikirlərin, qabaqcıl pedaqoji təcrübənin, innovasiyaların və texnologiyaların təbliğatçısı və tədqiqatçısı olub”.
Vəsaitdə “Azərbaycan məktəbi”nə əlavə nəşr olunan 7 metodik məcmuənin hər birinə də yer ayrılıb və fəaliyyətləri təhlilə cəlb olunub.
Qeyd edək ki, Elnarə Məmmədovanın “Azərbaycan məktəbi”nin nəşri tarixindən (1924-1991-ci illər)” tədris vəsaiti uğurlu bir tədqiqat əsəridir. Vəsait ali təhsilin bakalavriat və magistratura pillələrinin proq­ramına uyğun yazılsa da ondan jurnalın nəşri tarixi ilə maraqlanan hər kəs bəhrələnə bilər.
Yusif ƏLİYEV
   


Tarix: 10-04-2019, 15:10

Xəbəri paylaş