Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Maraq dünyası

 
Alimlər kvant kompüteri vasitəsilə zamanı geri çeviriblər
Alimlər kvant kompüteri vasitəsilə zamanı geri çevirməyə nail olduqlarını bəyan ediblər.
Rusiya, ABŞ və İsveçrə alimlərinin apardıqları tədqiqatlarda fizikanın təməl qanunlarına zidd olaraq enerji hasil edilməsi barədə düşüncələri kökündən dəyişdirmə potensialının olduğu müəyyən edilib. “Scientific Reports” jurnalında dərc olunan məqalədə qeyd edilir ki, bu tədqiqat kvant kompüterlərinin iş prinsipində yeni ideyalar yarana biləcəyinə əsas verir. Alimlər bildirirlər ki, onların eksperimentləri elektronlar və kvant fizikasından istifadə edərək həyata keçirilib və “ən sadə dillə desək, bilyard oyununda şarların başlanğıc zərbəsi ilə təkrarən yerlərinə qayıtmasını xatırladan bir effekt verib”.
Moskva Fizika və Texnologiya İnstitutunun alimi Qordey Lesovik deyib ki, tədqiqatçılar “zamanın termodinamika istiqamətinin tərsinə hərəkət edən vəziyyətini virtual şəkildə yaratmağa nail olublar”. Bu eksperimentin həyata keçirilməsini təmin edən “zaman maşını” elektronlar və kvant kompüterlərində istifadə olunan məlumat ötürücüsü olan kubitlərdən ibarətdir. Gündəlik həyatımızda istifadə etdiyimiz kompüterlərdəki ikili kodlama sisteminin vahidləri 0 və 1 ilə ifadə edilir. Onların düzülümü kodun əmələ gəlməsini təmin edir. Kubitlər isə 0 və 1 vahidlərini qəbul etməklə yanaşı, onları eyni səviyyədə təmsil edir.
Həyata keçirilən “Zamanda səyahət” eksperimentində istifadə olunan kvant kompüterində kubitlərin gedərək daha bir mürəkkəb şəkildə 0-dan 1-ə və əks istiqamətdə məlumat vahidi dəyərini dəyişdirdiyi bildirilir. Bu müddətdə kodu təşkil edən dəyər silsiləsi tamamilə yox olur, üçbucaq formasında duran bilyard şarlarının bir zərbə ilə ətrafa dağılmasına bənzəyir.
Kvant kompüterində olan digər proqram isə öz-özünə yayılan kod xaosunun içərisindən bir nizam yaradılması və kubitlərin başlanğıc nöqtələrinə geri dönməsidir. Yəni, tədqiqatçılar zərbənin təsiri ilə ətrafa səpələnən bilyard şarlarının yenidən üçbucaq formasında çıxış nöqtəsinə qayıtmasına bənzəyən eksperimentin kvant fizikası vasitəsilə həyata keçirildiyini bildirirlər.
Tədqiqat qrupu iki kubitlə çalışdıqları vaxt “zamanı geri döndürmə səviyyəsinin 85 faiz olduğunu” da əlavə ediblər. Kubitlərin sayı üçə yüksəldikdə isə bu səviyyə 50 faizə enir. Rusiyalı alim Q.Lesovik deyib: “Alqoritmimiz gələcəkdə daha da inkişaf edəcək və kvant kompüterlərində olan səhvlər aradan qaldırılacaq”.

 Yeni sistem robotu “düşüncə gücü ilə” idarə edəcək
Kassino Cənubi Latsio Universitetinin istehsalçıları robotu idarə etmək üçün “düşüncə gücündən” istifadə etməyə imkan verən yeni sistem təqdim ediblər. Stefano Kyaverini və onun həmkarları hesab edir ki, yeni kompüter interfeysi insan üçün çox təhlükəli şəraitdə hərəkət edən maşınlara nəzarət etməyə kömək edəcək, iflic insanların həyatını asanlaşdıracaq.
nanonewsnet.ru saytının məlumatına əsasən, sistemin prototipi avtomatlaşdırılmış manipulyatordan, İMC-R300 metodundan istifadə ilə formalaşdırılan əmrlərdən istifadə edir. R300 mürəkkəb koqnitiv fəaliyyət ilə əlaqələndirilən beyin potensialının xüsusi komponentidir. Ən sadə vəziyyətdə R300 insana təklif edilən dəstdən lazımi əmrə və ya düyməyə xəyalən fokuslanmağa imkan verir, müvafiq siqnal kompüter sisteminə ötürülür.
İtaliyalı istehsalçılar bu sxemə “yüksək səviyyəli” əmrlərin icrasını yerinə yetirən mükəmməl alqoritmləri, eləcə də RGB-D kamerasını əlavə etməyə müvəffəq olublar.

Dünyanın ən sürətli oxuyan insanı 
Dünyanın ən sürətli oxuyan insanı Tarık Yiğitdir. O, bir dəqiqədə 11 min 725 kəlmə oxuyaraq rekord vurub. Tarık 16 il ərzində beş min kitab oxuyub. O, amerikalı Mariel Aragonun altı minlik rekordunu üstələyib, ondan iki dəfə çox kəlmədən istifadə edərək dünyanın ən sürətli oxuyan insanı olaraq tarixə düşməyi bacarıb. Tarık bunun səbəbini açıqlayaraq bildirib ki, onda belə bir istedad çoxlu kitab oxuduğu üçün yaranıb.

Robotlar 11 il ərzində 20 milyon nəfəri işsiz qoyacaq
Robotlar 11 il ərzində dünyanın istehsal sənayesində çalışan 20 milyon nəfər işsiz qoyacaq.
Böyük Britaniyada yerləşən “Oxford Economics” şirkətinin məlumatına görə, avtomatlaşdırma iqtisadi artımı yüksəldəcək və nəticədə gəlir bərabərsizliyi yaranacaq. Şirkətin hesabatına görə, sənaye sektorundakı hər bir robot 1,6 nəfəri işsiz qoyacaq.
İşsiz qalan insanlar nəqliyyat, tikinti və ofis işlərinə yönəlsə də, bu sahələrdə də avtomatlaşdırma həyata keçiriləcək və nəticədə işsizlik daha da artacaq. Şirkət siyasətçiləri, iş adamlarını və müəllimləri işçi qüvvəsinin artan avtomatlaşdırmaya uyğunlaşması üçün səy göstərməyə çağırıb.
Dünya miqyasında robotlar 2000-ci ildən etibarən təxminən 1,7 milyon insanı işsiz qoyub. Bu rəqəm Avropada 400 min, ABŞ-da 260 min, Çində isə 550 min nəfər təşkil edir. (Azərtac)

NASA-nın atom saatı kosmosa səyahətdə inqilab yaradacaq
Gələcəkdə Günəş sisteminə səyahətin avtobus turları qədər adi hala çevriləcəyi ehtimal olunur. Alimlərin fərziyyəsinə görə, astronavtları kosmosun dərinliklərinə aparan kosmik gəmilərdə quraşdırılacaq GPS sisteminə bənzəyən bələdçi atom cihazları planetlər və Ay arasında naviqasiyanı xeyli yüngülləşdirə bilər. Belə ki, bu gəmilər və peyklərdə ekstremal dəqiq vaxt göstərən yeni saatlara ehtiyac olacaq.
AZƏRTAC Science News saytına istinadla xəbər verir ki, bu cür saatın prototipi hazırlanıb və NASA-nın Dərin Kosmik Atom Saatı (DSAC) iyunun 24-də ilk uçuş testindən keçəcək. O, hazırda kosmik gəmilərin göyərtəsində quraşdırılan GPS cihazlarından 50 dəfə daha dəqiqdir. Saatda quraşdırılan antenalar planetlər arasında vaxtın dəqiq ölçülməsi və naviqasiyanın təkmilləşdirilməsi baxımından texnologiyanın ən yüksək nailiyyəti hesab olunur. Bundan başqa, DSAC daha portativdir və kosmik gəminin göyərtəsində çox yer tutmur.
DSAC-ın təqdimatı münasibətilə keçirilən mətbuat konfransında layihənin rəhbəri Gill Sobert deyib ki, mini atom saatlar kosmosun dərinliklərində naviqasiyanı ən mükəmməl şəkildə təmin edəcək. Florida ştatındakı Kanaveral burnundan saatın test uçuşuna buraxılmasından sonra alimlər onun Yerin aşağı orbitində birillik fəaliy­yətini öyrənəcəklər. Bundan sonra DSAC kosmosun dərinliklərinə göndəriləcək.
Astronomlar kosmik gəmilərin naviqasiyasını yaxşılaşdıracaq bu saatın əsas xüsusiy­yətinin antenalardan buraxılan siqnalların əks-səda prinsipi ilə çox uzaq məsafədəki kosmik cisimlərdən geri qayıtması və bu prosesin ani baş verməsi olduğunu bildirirlər. Atom saatı bu siqnalların ötürülməsinin saniyədə milyardlarla sürətlə baş verdiyini qeyd edirlər. Bu, Yerdən qəbul ediləcək siqnallara və kosmik gəminin yerinin dəqiq müəyyən edilməsinə da aiddir. Ən əsası, atom saatı ekipaja aparatın trayektoriyasını dəqiq müəyyən etməyə imkan verəcək. NASA-nın tədqiqatçısı Todd İlay bildirib ki, DSAC-ın sayəsində astronavtlar kosmik gəmini Yerdən təlimat almadan idarə edəcəklər.
Alimlər yeni texnologiyanın daha etibarlı olduğunu bildirirlər. Belə ki, rubidium neytral atomları ilə işləyən GPS cihazlarından fərqli olaraq, DSAC merkuri atomları və ionlarla şarj edilir. Sonuncuların yaratdığı elektrik sahəsi nəticəsində qarşıdakı bar­yerlər asanlıqla aşılır və DSAC daha uzun­ömürlü olur. Bundan başqa, GPS kosmik saatları Yerdəki komanda mərkəzindən iki gündə bir dəfə dəqiqləşdirməyə məruz qalır. Lakin yeni atom saatı uzun müddət dəqiq işləyə biləcək.

Xərçəng xəstəliyinin yeni müalicə yolları
Xərçəng xəstəliyinin müalicəsi getdikcə daha dəqiqləşir və cərrahi müdaxiləyə ehtiyac azalır. Xərçəngin hazırkı müalicsi nisbətən az vaxt aparır və ənənəvi müalicədən daha effektivdir.  Kimya-terapiyası, radiasiya və cərrahiyyə əməliyyatları ənənəvi xərçənglə mübarizənin standart formalarıdır. Lakin kimya-terapiyası və radiasiyanın yan təsirlərindən biri də zədələnmiş hüceyrələrlə yanaşı sağlam hüceyrələr da məhv edilir.
Hazırda xərçəngin müalicəsi daha dəqiq istiqamətə - digər toxumalara deyil, xərşəngin özünə yönəlib. Məsələn, radiasiyanı qadının döşündəki xərçəng erkən mərhələdə əməliyyat olunduqdan sonra birbaşa bədxassəli şişə edilir. Yan təsirlərin minimal olması ilə yanaşı, bu, bütöv döşün radiasiyasından daha az zaman aparır. Ohayo Dövlət Universitetindən olan Culia Vayt bildirir ki, “Qısa, 5 gün çəkən müalicə bütov döşə 4-6 həftə edilən müalicədən daha yaxşıdır”.
  Digər müalicə bədənin özündəki immun sistemindən istifadə edilərək edilir. Con Hopkins Tibb İnsitutundan doktor Villiam Nelson: “İndi biz əmin olduq ki, imun sisteminin xərşəng hüceyrələrini gördüyünə və onların anormal olduğunu bildiyinə tam əminik. Onlar həmin xəstə hüceyrələrə hücum edib, faydalı bir şəkildə onları məhv edə bilir”. Daha bir müalicə də sınaqdan keçirilir. Bu, xərçəng hüceyrələrinin genetic tərkibini təyin etmək və bundan sonra yalnız bu hüceyrələri məhv etmək üçün nəzərdə tutulan dərmandan istifadə etməkdir. Pensilvaniya Universitetindən Marsia Bros: “Biz hədəf alınan hüceyrələrdən danışırıq. Yəni xərçəngə səbəb olan özəkdən. Bu, dərmanların dəqiqiliyidir".
Hər xəstənin xərçəngi DNK-da olduğu kimi unikaldır. Bu isə hansı dərmanın daha effektiv olacağını öyrənməyə yardım edir. Yəni müalicə sağlam hüceyrələrə təsir etmədən və xəstədə yan təsirlər olmadan edilir. “Cəmi bir neçə nəfərdə yan təsir müşahidə olundu. Bununla bağlı nəsə etməli idim. Ona gərə də dərmanın dozasını endirdim. Bununla yalnız yan təsirlər azalmadı, həm də müalicə effektivliyini itirmədi", - deyə Marsia Bros bildirir.
Nəticələr ümidvericidir
Bu müalicə metodları hələ yenidir. Lakin xərçəng üzrə mütəxəssislər deyirlər ki, hədəflənmiş terapiya, radiasiya, immun terapiyası və ya genomik sınaqlar xərçəngin gələcək müalicəsidir.


Tarix: 10-07-2019, 14:13

Xəbəri paylaş