Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Demokratik Respublikası dövrün ədəbi salnaməsində

 

Maarifə Hacıyeva,
Filologiya elmləri doktoru, professor

1918-ci il 28 May. Bu gün «Azərbaycan» sözü xəritədə rəsmi vətəndaşlıq hüququ qazanmış, Azərbaycan Demokratik Respublikasının (ADR) varlığını səciyyələndirmişdir. 1918-ci ilin 28 mayında yaradılmış ADR islam və türk dünyası tarixinə ilk demokratik respublika kimi daxil olmuşdur. Üzeyir Hacıbəyli 1919-cu ildə Bakıda Azərbaycan Demokratik Respublikasının istiqlalının bi­rinci ildönümü münasibətilə «Azərbaycan» qəzetində ya­zırdı: «Azərbaycan Dövləti sağlam bir milli fikir - türkçülük şüuru üzərində qu­rulmuşdur» (Bax: «Azərbaycan Türk Kültür Dərgisi», 253, kasım, 1985. səh. 6).
Azərbaycan Demokratik Respublikasının mövcudluğu tarixində ədəbiyyatımızda çox ciddi mövzularda bədii əsərlər yazılmış, bu əsərlər dövrün aktual problemlərini özündə əks etdirmişdir. ADR hakimiyyəti illərində (1918-1920) yazılan əsərlərin bir qisminin mətni «Azərbaycan Dövlət Himni» ilə əlaqədar idi.
28 may 1918-ci ildə çar Rusiyasının müstəmləkəsindən xilas olan Azərbaycan müstəqilliyini elan etdikdən sonra dövlətin həyata keçirdiyi tədbirlərdən biri də Azərbaycan Dövlət Himninin qəbul edilməsi idi. Azərbaycan Demokratik Respublikasının himni üçün müsabiqə elan olunmuş, bu müsabiqə ilə bağ­lı «Azərbaycan» qəzetin­də (14.IX.1919, № 246 (rusca) elan verilmiş, son­ralar da bu elan təkrarlanmışdır. Bu müsabiqə haq­qında Ethem Üngörün 1966-cı ildə Ankarada yayınlanmış «Türk Marşları» kitabında verilən məlumatdan aydın olur ki, Azərbaycan Milli Marşının seçimi üçün müsabiqənin son qəbul tarixi 1 fevral 1920-ci ildir.
Müsabiqəyə təqdim olunmuş mətnlərdən biri də sözləri Əliabbas Müznibə (1882-1938), musiqisi Üzeyir Hacıbəyliyə (1885-1948) aid olan aşağıdakı şeirdir:

Azərbaycan çəlik qollar bağçası,
Bakıxanlar gülzarıdır bu ölkə.
Məhəmməd xan, Əhməd xanlar məskəni,
Cavadxanlar məzarıdır bu ölkə.
Turan irqi bu ölkədə boy atmış,
İgidliyin sancağını ucaltmış,
Dünyaları qeyrət ilə donatmış,
Qəhrəmanlar peykanıdır bu ölkə.

Mədənləri fironları qudurtdu,
İskəndəri uzak yerdən gətirtdi.
Nüşabəni, Sədanları böyütdü,
Sərkərdələr qəmxarıdır bu ölkə.

Turan soyu başqa soya qarışmaz,
Qul olmağa heç bir zaman alışmaz.
Qucağında yad tutmağa çalışmaz,
Düşmənlərin əğyarıdır bu ölkə.

Moskovlular gözlərini yumdular,
Turanlıya barbar deyə cumdular.
Pozuldular axır geri döndülər,
Hırsızların qəhharıdır bu ölkə.

Məbudumuz üç boyalı bayrağı,
Kəbəmizdir hər bir ovuc torpağı.
Sevməz bu yer hər xaini, alçağı,
Doğruların asarıdır bu ölkə.

Açıqlamasına çox da ehtiyac olmayan bu şeir Vətən sevgisi və milli düşüncələr zəminində yazılmışdır.
Azərbaycan Demokratik Respublikası dövründə Əliabbas Münzib milli zəmində yazdığı şeirləri ilə yanaşə məqalələr də çap etdirirdi. 1919-cu ilin mayında ADR-in birillik yubileyi münasibətilə «Azərbaycan» qəzetində M.Ə.Rəsulzadənin «Nə gözəl bayram» məqaləsi ilə yanaşı Ə.Müznibin «Azərbaycan istiqlalı» məqaləsi nəşr edilir. Məqalədə Əliabbas Müznib Azərbaycan istiqlalının tarixi bir gün olduğunu, bu günün heç zaman unudulmayacağını bildirir, oxucuları bu günlə fəxr etməyə çağırır və milli aldığın müqəddəs mənasını izah edirdi.
Ə.Müznib 1919-cu ilin əvvəllərində Zülfüqar Hacıbəyov ilə birlikdə «Ovraqı-nəfisə» jurnalını redaktə edir. Bu jurnalda ADR-ə həsr edilmiş ən yaxşı şeirlər müsabiqədə birinci yer tutur. Mənbələrdə yazılır ki, Ə.Müznibin yazmış olduğu şeir A.Şaiqin 1919-cu ildə nəşr edilmiş «Türk çələngi» adlı kitabında çıxmışdır (Bax: İslam Ağayev. «Ədəbiyyat, mətbuat və publisistika problemləri». Bakı, Elm, 2008).
Əliabbas Müznib də ADR hökumətində təmsil olunan digər ziyalılarımız kimi 1937-ci ilin 27 avqustunda həbs edilir. Bir millətçi kimi mühakimə edilərək, 8 il müddətinə Sibirə göndərilir. O, 1938-ci ildə Vladivostok şəhəri yaxınlığındakı xüsusi məntəqədə vəfat edir.
Azərbaycan Dövlət himni haqqında yazılmış məlumatlardan aydın olur ki, o dövrdə milli, dini duyğu və düşüncə ilə yazılmış bir neçə himn mətnləri içərisində sözləri Əhməd Cavada (1892-1937) və musiqisi Üzeyir Hacıbəyova (1885-1948) aid olan «Azərbaycan Dövlət Himni» müsabiqənin qalibi olaraq 1919-cu ildə Azərbaycan Demokratik Respublikası Parlamentində qəbul edilmişdir. Sovet rejiminin 70 ili ərzində adı bir dəfə də olsun dilə gətirilməyən bu himn günümüzdə «Azərbaycan Dövlət Himni» kimi qəbul edilmişdir.
Azərbaycan dövlətçilik tarixinin şanlı səhifələrindən olan Azərbaycan Demokratik Respublikasının Himninə, bayrağına, istiqlalına, şərəfli tarixinə yazılmış şeirlərlə bərabər Azərbaycanı işğalçılardan və erməni təcavüzündən qurtarmaq üçün canlarını fəda etmiş türk əs­gərlərilə, türk ordusuna, türk bayrağına şeirlər də yazılmışdı. Bu şeirlərin öndə gedən müəlliflərindən biri Əhməd Cavad (1892-1937) idi. Onun 10 aprel 1919-cu ildə Azərbaycan Parlamenti üzərində dalğalanan üçrəngli milli bayrağa yazdığı «Azərbaycan bayrağına» şeirinin mətni belə idi:

Türküstan yelləri öpüb alnını
Söylüyor dərdini sana, bayrağım!
Üçrəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!

Gedərkən Turana çıxdın qarşıma,
Kölgən dövlət quşu, qondu başıma!
İzn ver gözümdə coşan yaşıma -
Dinlətsin dərdini aha, bayrağım!

Qayı Xan soyundan aldığın rəngi,
Qucamış Elxanla, müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!

Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!

Əhməd Cavad bu illərdə Bakını erməni-rus işğalından qurtaran türk əsgərini alşıqlayan «Ey əsgər», «Türk ordusuna» (1918), «Şəhidlər» (1919) ay-ulduzlu türk bayrağına məhəbbətlə yazdığı «Al bayrağa» (1919) kimi şeirlər yazdı (Bax: Əhməd Cavad. «Sən ağlama, mən ağlaram». Bakı, Yazıçı, 1991).
Əhməd Cavad bu illərdə yazdığı şeirlərində ilk Türk Respublikası olan Azərbaycan Demok­ratik Respublikasının varlığını bütün gur səsi ilə dünyaya car çəkərək: "Soranlara mən bu yurdun, Anladayım nəsiyəm - Mən çeynənən bir ölkənin, Haqq bağıran səsiyəm"- deyirdi.
Azərbaycanı istiqlalına qovuşduran Qafqaz İslam Ordusunun Mondros müqaviləsinə görə ingilislərin ultimatumu ilə geri çağırılması, türk ordusunun Azərbaycanı tərk etməsi və ingilis qoşunlarının Bakıya daxil olması Əhməd Cavadı sarsıdan hadisəyə çevrildi. O, noyabr ayının 15-də «Azərbaycan» qəzetinin 40-cı sayında dərc olunan «Gəlmə» şeirində «bu dağlar mənimdir, yeni gün doğdu, boğar səni ahım, ey duman gəlmə» deyərək ölkəsinin dumanlı gələcəyinə ümidsiz nəzərlə baxaraq, kədərini ifadə etmişdir. Eyni düşüncə «İngilis» şeirində də ifadə edilmişdir:

O xain gözünü dikdiyin ellər,
Mənim nişanlımdır, türkülər söylər.
Göz dikmə taxtıma, bax əlim titrər,
Düşəcək taxtına talan, ingilis!

Azərbaycanı bolşeviklərin işğal etməsindən sonra yazdığı «Ağlaram» adlı şeirində 1920-ci ilin may ayında Azərbaycanda meydana gələn ictimai-siyasi hadisələrə münasibətini

Mən hər gələn bir Mayısa,
Çox ümidlər bağlamışam.
Hər gələcək Mayıs üçün,
Nisan ağlar, mən ağlaram —

şəklində ifadə edən Əhməd Cavadı Azərbaycanın müstəqilliyinə son qoyan sovet rejimi qəbul edə bilmədi. O, təqib edildi, nəzarətdə saxlanıldı, əsərləri ciddi şəkildə tənqid edildi və 4 iyul 1937-ci ildə həbs edildi. Vətən üçün hər bir fədakarlığa qatlaşan şair, həmin ilin noyabr ayında 45 yaşında güllələnərək öldürüldü. Torpaqda dəfn edildimi? Bilən yoxdur. Məzarının harada olduğunu da görən yoxdur.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının hakimiyyəti gənc Cəfər Cabbarlının yaradıcılığına qol-qanad vermişdi. Onun bu dövrdə yazdığı «Bakı müharibəsi», «Trablis müharibəsi və ya ulduz», «Ədirnənin fəthi» kimi müstəsna əhəmiyyətli əsərləri, təəssüf ki, sovet hakimiyyəti illərində milliyyətçilik ruhunda yazılmış zərərli əsərlər hesab edilərək, uzun illər tədqiqatdan uzaq tutulmuşdu. C.Cabbarlı «Bakı müharibəsi» dramında müstəqil Azərbaycan dövlətini alqışlayırdı. Əsər 1919-cu ildə tamaşaya qoyulmuş, fəqət ADR-in süqutundan sonra ortadan götürülmüş, arxivlərdə yalnız əsərin proqram və afişaları qalmışdı.
1918-1920-ci illərdə Bakıda tamaşaya qoyulmuş yuxarıda adlarını çəkdiyimiz əsərlər sovet rejimi illərində C.Cabbarlını guya pantürkizm ideyalarını yaydığı üçün gözükölgəli etmiş, bəlkə də 1930-cu illərin repressiyasının ilk qurbanlarından biri edərək, onun vaxtsız ölümünə səbəb olmuşdu.
«Trablis müharibəsi və ya Ulduz» dramında oxucu «Ədirnənin fəthi»ndə igid, vətənpərvər kimi tanıdığı Ramiz, Ənvər bəy (tarixi şəxsiyyət, türk-islam ordusunun Bakını ermənilərin törətdiyi 30 mart 1918-ci ildə soyqırımdan xilas edən Türkiyənin hərbi naziri Ənvər paşa (1880-1922) kimi tiplərlə bir daha qarşılaşır.
ADR hakimiyyəti illərində C.Cabbarlı «Azərbaycan bayrağı» şeirində Azərbaycan Respublikasının üçrəngli bayrağını iftixarla tərənnüm edirdi:

Buraxınız seyr edəyim, düşünəyim, oxşayayım,
Bu sevgili üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərinə kölgə salan?
Nə imiş bu, aman Allah! Od yurdunun bayrağı!

Şeirin sonrakı misralarında Azərbaycan bayrağındakı Ay və Ulduz, qırmızı, yaşıl, mavi rənglərin də rəmzi mənası öz bədii əksini ifadə etməkdədir.

Bu ay, ulduz boyaların qurultayı nə
demək?
Bizcə, belə söyləmək.
Bu göy boya Göy Moğoldan qalmış bir türk
nişanı,
Bir türk oğlu olmalı.
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı.
Bu al boya azadlığın, təməddüdün fərmanı,
Mədəniyyət bulmamalı.

Cəfər Cabbarlı şeirin son misrasında arzu və istəyini belə fadə edirdi.

Ürəyimdə bir dilək var, o da doğru
kəsilsin,
O gün olsun bu göy bayraq Turan üstə
açılsın.

C.Cabbarlının yaşadığı illərin sovet hakimiyyəti dövründə onu bir növ gözükölgəli edib qorxu içərisində yaşamağa vadar edən də məhz müstəqilliyin 1918-1920-ci illəri, bayrağın sevincini, türklük sevdasını, Vətən sevgisini yazdıran əsərləri idi. Onun 1919-cu ildə «Azərbaycan» qəzetinin 92-ci nömrəsində çap etdirdiyi «Ölkəm» şeiri də müstəqil Azərbaycan sevdası ilə yazılmışdır.
Böyük ədib Mehdi Hüseyn hələ 1950-ci illərdə yazdığı «Fikir bahadırı» adlı məqaləsində C.Cabbarlının «hələ az öyrənildiyini, bəlkə də həqiqi mənada öyrənilmədiyini» yazırdı (Bax: Mehdi Hüseyn. «Ədəbiyyat və sənət məsələləri». Bakı: Azərnəşr, 1958, səh. 126).
Mehdi Hüseynin böyük uzaqgörənliklə söylədiyi bu fikri C.Cabbarlının ADR dövründə yazdığı əsərlərində, bu əsərlərdə qaldırdığı problemlərdə, əsərdəki qəhrəmanların milli düşüncələrində görürük. Səməd Vurğunun da böyük uzaqörənliklə dediyi «Cəfər Cabbarlının bizə qoyub getdiyi ədəbi xəzinəni illər boyu axtarmaq, onun hələ bizə məlum olmayan sənət incilərini kəşf etmək, bu barədə qalın çeşidli kitablar yazmaq lazımdır» fikri ədbibin o dövrdə yazdığı əsərlərində qaldırdığı ictimai-siyasi problemləri öyrətmək baxımından uzaq­görənliklə söylənilmişdir (Bax: Səməd Vurğun. «Böyük sənətkar». Bakı, 1960, səh. 18).
Azərbaycan Xalq Cümhuriyyəti illərində ilk kütləvi və gündəlik mətbuat orqanı olan «Azərbaycan» qəzetini bir müddət Üzeyir Hacıbəyov, eyni adla rusca çıxan qəzeti isə qardaşı Ceyhun Hacıbəyov (1891-1962) redaktə edirdi. Qəzetdə dərc etdirdiyi məqalələrdə Ceyhun Hacıbəyov milli problemlər qaldırdığı kimi, bədii yaradıcılıqla da məşğul olurdu. Onun yalnız «Hacı Kərimin səhəri» povesti dövrün ədəbiyyat aləminə məlumdur.
Azərbaycan Demokratik Respublikası hakimiyyəti illərində Azərbaycanın müstəqilliyi Abdulla Şaiqin, Məhəmməd Hadinin, Salman Mümtazın da yaradıcılığına təsir göstərmişdir.
Abdulla Şaiq Talıbzadə bü dövrdə yazdığı əsərlərdə türk xalqlarının sosial-siyasi birliyini əks etdirirdi. Onun «Yeni ay doğarkən», «Neçin böylə gecikdin» kimi şeirlərində türk xalqlarını birliyə çağıran milli-mənəvi ideya səslənirdi (Bax: Azərbaycan Xalq Cümhuriy­yəti və Qafqaz İslam Ordusu». Bakı: «Nurlan» Nəşriyyatı, 2008, səh. 551-552).
Poeziyamızda öz fəlsəfi tutumu ilə tanınan vətənpərvər şair Məhəmməd Hadi Azərbaycan Demokratik Respublikasının tribunu olan «Azərbaycan» qəzetində dərc etdirdiyi «Türkün nəğməsi», Şühədayi-hürriyyətimizin əfkarına ithaf», «Zəfəri-nəhayəyə doğru» kimi şeirlərində hürriyyətimiz, zəfərimiz, bu zəfər uğrunda tökülən qanlar, bu yolda geri dönülməzlik ifadə edirdi.
Məhəmməd Hadi 1918-ci ilin oktyabrında dərc etdirdiyi «İki simayi-siyasinin müharibə haqqında mütaliələri münasibətilə» və «Zərbeyi-inqilab» məqalələrində həyatda qalib çıxmaq üçün qüvvət və mətanətə sahib olmağın önəmini vurğulayırdı.
Yazıçı 1918-ci il sentyabrın 15-də Bakının düşmənlərdən azad edilib paytaxtımız olması münasibətilə yazdığı «Zəfəri-nəhayəyə doğru» şeirində bu qələbəni belə tərənnüm edirdi:

Mərd olan əsgərliyi təqdir edər əzyan ilə,
Əsgər olmaq fərzdir hər möminə Quran ilə.
Əsgər olmaq bir şəəfdir türk üçün, islam üçün,
Əsgəriyyətlə yaşar millət həyatı şan ilə.

(Bax: Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu». Bakı: «Nurlan» Nəşriyyatı, 2008, səh. 546).
Şeirdə M.Hadi əsl kişinin əsgər olmağı özünə şərəf bilməsini, türk oğlu öz namusunu əlindən sıyrılmış qılınc, dilindəki iman və ədalətlə qoruyub, döyüşdə belə bərkidiyi fikrini ifadə edərək, Azərbaycanın yüksələn hilalının bütün Şərq aləminə bir nur gətirəcəyinə inanaraq «İştə bax! Türkün hilalı bir nuri-bəxşi-şərqidir» deyirdi.
Azərbaycan ədəbiyyatında böyük xidmətləri olan Salman Mümtaz (1883-1938) cümhuriyyəti məhvolma təhlükəsindən xilas etmək məqsədilə Qafqaz İslam Ordusunun Şəkiyə gəlməsi ilə əlaqədar «Öyün, millət» şeirində xalqını təbrik edərək yazırdı.

Qızılgültək açıl, gül, gör ki, türkün şanlı
ordusu,
Rəvaq-ərşə nəsəb etmiş, Böyük Osmanlı
ünvanın,
…Bütün mümtaz ellərdən olar türk milləti
Mümtaz,
Sürər bundan sonra türklük şərəfi, şanlı dövranın.

(Bax: Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu». Bakı: «Nurlan» Nəşriyyatı, 2008, səh. 535).
Bu düşüncə tərzi, müstəqil Azərbaycan dövlətinin sevinci Salman Mümtaz üçün da avan olmadı. Sovet rejiminin 1937-ci illərinin qorxunc haqsızlığına uğrayan 70 min Azərbaycan ziyalısı içərisində Azərbaycan Demokratik Respublikasının varlığını sevinclə yaşayan və sonrakı illərdə də Azərbaycan folklor elminə müstəsna xidməti üzündən divan tutularaq fiziki cəhətdən məhv edilməklə bərabər əsərləri, arxivi talan edilən, gördüyü tarixi xidmətlərə kölgə salınan Salman Mümtaz da var idi.
Çox təəssüf ki, XX əsrin əvvəllərinin ən parlaq səhifəsi olan Azərbaycan Demokratik Respublikasının fəaliyyəti dövründə yazılmış ədəbi nümunələr kommunist rejimi dövründə xalqdan uzaq tutulmuş, tarixi gerçəklik yaddaşlardan silinmişdir.
Azərbaycan Demokratik Respublikası dövründə ciddi əhəmiyytli olan belə tarixi əsərlərdə 23 aylıq qısamüddətli bir dövrün bədii salnaməsi yaranmışdı. Buraya bir də 1920-ci ilin 28 aprel bolşevik işğalından sonra Azərbaycandan mühacirət edib Türkiyə, İran və bir sıra Avropa dövlətlərində yaşayan qələm sahiblərinin də əsərlərini daxil etsək, dövrün böyük bir ədəbi salnaməsi alınar.
  Hörmətli oxucu! Azərbaycan Demokratik Respublikasının bir əsrlik yubileyi ərəfəsində sizlərə təqdim etdiyimiz bu məqalədə ADR-in ikiillik hakimiyyəi dövründə sevincləri aşıb-daşan bir neçə qələm sahibinin dövrün ədəbiy­yatına verdiyi töhfələrin bir qismindən bəhs edə bildik. Şübhəsiz ki, bunlar o dövrdə yazılmış əsərlərin hamısı deyil. Sovet rejiminin sərt illərində o dövrdə yazılmış əsərlərin çoxu məhv edilmiş və ya hələ də üzə çıxarılmamış və ya yaddaşlarda ölümə məhkum edilmişdir.


Tarix: 30-04-2018, 11:42

Xəbəri paylaş