Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Xalq Şairi Vahid Əziz – 80

 
Şanı-Şöhrətiniz, İzzəti-Şərəfiniz mübarək!..
 
(Bir az gecikmiş, bir az da vaxtını qabaqlamış məktub)
 
Ey... şeirlərinin möhürbəndində Tanrının iki adı həkk olunan Vahid Əziz – Baldan Ləziz qardaşım!
Tale elə gətirdi ki, tanışlığımız 1977-ci illərə təsadüf etsə də, doxsanıncı – ikimininci illərdə daha çox ünsiyyətdə olduq... Görünür, bunun əsas səbəblərindən biri də ümummilli faciəmizin bu zamanının ilkin dövrlərində alovlanan vətən, millət qeyrətinin kəskin çəkim yanğısı oldu... Kifayət qədər itkilər verdik. Çox acılar çəkdik... Zaman keçdikcə də bu acıların, ağrıların nisgili içimizi oyur-oyur oydu, sökdü, dağıtdı. (Qəlbimizdə, dilimizdə şeirə, bayatıya çevrildi). Mənəvi sarsıntılar, əzablar azmış kimi, cismani əzablar – xəstəliklər, maddi çətinliklər, dözülməzliklər kəllə-çarxa qalxdı... Qədribilinməzlik, saymamazlıq, hörmətsizlik, bir sözlə əsl insanlara qarşı biganəlik və s. qeyri-insani münasibətlər, laqeydliklər baş alıb getdi. Bütün bunların fonunda isə şəxsi-mənafe güdənlərin işlərinin "xod" getməsi, buna müvafiq olaraq da ölkənin sərvətinin talanması bizi hədsiz sarsıtdı... Belə olan təqdirdə Tanrıdan başqa sığınacaq yerimizin olmadığını bir daha idraki-bəsirətimizlə anladıq. Bu səbəbdən də yönümüzü bütövlükdə Yaradanımıza çevirdik... O, da öz lütfünü bizdən əsirgəmədi: Sizin şairlik qüdrətinizi, mənimsə tədqiqatçılıq bəsirətimi artırdı... Siz, Tanrı qatlarından gələn sözləri eşidib köçürməyə, mən isə bu qatlardan gələn səsləri eşidib, yer üzünün minilliklərdən o yana olanlarının görüntülərini anlayıb yazmağa başladım...

  Beləliklə, Sizin irihəcmli cild-cild şeir kitablarınız, millətimizin və dövlətimizin mənafeyi naminə qüdrətli tənqidi yazılarınız, xalqımız üçün yüksək əxlaqi dəyərli müsahibələriniz müntəzəm olaraq dərc olunmağa başladı... Mənimsə “Muğam dilli tarix” adı altında geniş əhatəli söhbət-serialım, xalqımızın “Milli, irsi mənəvi-mədəni tarixi” ilə bağlı iri həcmli tədqiqatı, tənqidi-monoqrafiya səviyyəli yazılarım, o cümlədən də “Muğamın tarixi və fəlsəfi mahiyyətinin əsaslarına dair” – gələcək tədqiqatlar üçün vacib bir “açariyyə”m, bir neçə xırda kitabçalarım, həmçinin tədqiqatlarımın qısa informatik xarakterli məcmusunu əhatə edən bitkin səviyyəli “Müdrikliyin səlahiyyət zirvəsi” kitabım ərsəyə gəldi...

Daha sonralar isə Sizin çoxcildli külliyyatınızın nəşri başlandı...

Doğrudur, bunların əksəriyyəti daha sonralar oldu. Lakin qeyd etdiyim kimi bizim mənəvi bağlılığımızın əsas tarixi həyatımızın ən çətin anlarına təsadüf etdiyindən, bu dövrlərdə Allah bizə imkan verdi ki, bütün dost-tanışlarımızı xəlbirdən, ələkdən və daha nazik süzgəcdən keçirək...
Mümkün qədər keçirdik də... Təəssüflər olsun ki, bu xəlbir, ələk və nazik-sıx süzgəclərin mədaxilində olan ilqarlıların sayı çox az, məxaricində çıxdaş-çıxarda qalan ilqarsızların sayı isə daha çox oldu...
 
                                                    ***
 
O zamanlar biz tez-tez görüşərdik; demək olar ki, hər gün, ən geci isə günaşırı. Və mümkün qədər də bir-birimizin haqsızlıqdan zinhara gəlmiş mənəvi iztirablarına məlhəm olmağa çalışardıq.
Təəssüflə deməliyəm ki, Sizi çox şeydən məhrum edənlər, bu “məlhəm”dən də məhrum etməyə çalışırdılar... Mənim Sizinlə dostluğumun paxıllığını çəkənlər də az deyildi, Sizi tamamilə tək qoymağa çalışanlar da... Hətta mənə bir fikri tez-tez təlqin edirdilər ki, “nə qədər ki, Vahid Əzizlə dostluq edirsən, sənə heç vaxt iş verməyəcəklər”. Bu da işə yaramayanda zati-nəcabətlərinə xas olan iyrənc, ürəkbulandırıcı şər-böhtanlar yayıb bizi bir-birimizdən, dost-tanışlarımızı da bizdən rəncidə salmağa çalışanlar da tapılırdı... Əlbəttə ki, nə əsl dost-tanışlarımız bizdən, nə də biz bir-birimizdən rəncidə düşmədik... Əksinə, Siz, həmin çətin dövrlərin əzabı içində çabalayan bütün dost-tanışlarınıza bacardığınız qədər, yəni imkanınızın çatdığı qədər yardım etməkdə davam etdiniz.... Gündəlik cibxərcinizi özünüzə yox, məhz onların gündəlik çörəyi üçün xərclədiniz... Hansı ki, Siz heç də onlardan az maddi ehtiyac içində deyildiniz... Bununsa ən bariz canlı şahidi mən özüməm... “Daimi görüş yerimizdə” oturub Sizin gəlişinizi həsrətlə gözləyən neçə-neçə tanışlarımızın intizar gözlərinin necə alacalandığının da şahidi mən özüməm... Gəlişinizin onlar tərəfindən necə bayram edilməsinin də... Hətta həmin zamanlarda müəyyən vəzifə imkanı olan sadiq dostlarınızın köməyindən istifadə edib, neçə-neçə çətin həyat sürən bu insanların, yaxud da onların ailə üzvlərindən heç olmazsa birini işə düzəldib evinə çörək pulu aparmasına necə səbəb olduğunuzun da yenə şahidi mənəm...


Torpağı sanı yaşayasınız... Hamı böyük Səməd Vurğunun etdiyi yaxşılıqlardan bu gün də ağızdolusu danışır... Amma Sizin bu ali-ilahi xüsusiyyətlərinizdən, xeyirxah əməlinizdən nədənsə heç kim danışmır... Təbii ki, buna Sizin heç ehtiyacınız da yoxdur. Lakin bir Allah və mən şahidik ki, Siz, bütün bunları böyük sıxıntı və ehtiyaclar içində yaşadığınız vaxtlarda etmisiniz... Bu yerdə yadıma bir əhvalat düşdü; Sovet dövründə ADU-nun filologiya fakültəsinin bir neçə tələbəsi yüksək hökumət vəzifəsi daşıyan bir xalq şairinə yaxınlaşıb (maraq xatirinə) bir qədər yardım istəyirlər. O, da mədəni şəkildə imtina edir. Tələbələr ona S.Vurğunu misal göstərirlər. Şair də özünü sındırmır: “Nə mən Səməd Vurğunam, nə də zaman o zamandı” – deyib uzaqlaşır...

  Mən tanıdığım Vahid Əziz, Siz, isə hər iki ictimai-siyasi quruluşda elə Vahid Əziz olaraq da qaldınız... Bəlkə də elə ona görə də bu gün Tanrının ən əziz bəndəsisiniz... Heç şübhəsiz ki, Tanrının Sizə bəxş etdiyi bu ali-insani xüsusiyyət mənəvi dünyanıza hakim kəsilərək, möhtəşəm sənətinizdə – bədii yaradıcılığınızda öz ecazkar təzahürünü tapmışdır.

  Mənəvi varlığına Yaradanımızın ali-insanlıq lütfü hopmuş ləziz qardaşım!
 
Təbii ki, mənim Sizin haqqınızda olan hiss və duyğularımı bir təbrik məktubuna sığışdırmaq sözsüz ki, mümkünsüzdür. Lakin sağlıq olsun, Tanrım imkan versə, yəqin ki, bu duyğularım nə vaxtsa bir “esse povest”ə çevriləcəkdir.
 
                                                  ***
 
O ki qaldı yaradıcılığınız haqqında olan düşüncələrimə... hə.... bax, buna söz verə bilmərəm... Ona görə ki, bunu mən öz ampulamda görə bilmirəm...  Yəni mürəkkəbi qurumamış şeirlərinizin ikilikdə etdiyimiz təhlili zamanı söylədiyim fikirləri çox bəyənsəniz də... bu qeyri-adi möhtəşəm yaradıcılığınızın təhlili üçün düşünürəm ki, yetərli ola bilməz... Çünki mən özümü o qüdrətdə görmürəm... Yəni mən fitrətən anlayıram... və qəti əminəm ki, Sizin yaradıcılığınızı bütövlükdə təhlil edib dəyərləndirmək üçün ədəbiyyatşünaslığa, dilşünaslığa, musiqişünaslığa, təbiətşünaslığa, dinşünaslığa, tarixşünaslığa, siyasətşünaslığa bütövlükdə isə fəlsəfənin bütün şaxələrinə mükəmməl bələd olan, çox qiymətli əsərlərinizi ən yüksək səviyyədə təhlil etməyi bacaran və bu bacarıqlarını bütövlükdə öz idrakında cəmləşdirib birləşdirə bilən, təxminən orta əsrlərin elm adamlarına xas bir təfəkkür sahibi elm insanı – akademik gərəkdir...

Əminəm ki, buna görə məni üzrlü sayacaqsınız...
Əgər xatırlayırsınızsa, Siz darıxanda, bəziləri Sizə kəskin olmağı söyləyərdilər (bilərəkdən, ya annamazlıqdan, ya da ürəyi yananlıqdan, demək çətindir...). Onda mən Sizə səbrli olmağı təklif edərək, deyərdim ki, Allah səbirli olanların yanında olar... Sonra da “Qurani-Kərim”in surəsindən bir ayə söyləyərdim: “Allah hər şeyi ölçü ilə yaratmışdır. Onun rizası olmadan bir kimsə bu ölçüləri yarım saat o yana, yarım saat bu yana çəkə bilməz” – sonra da vaxt, zaman yetişəndə hər şey öz yerini tapacaqdır, deyərdim.
 
                                                     ***
Əziz qardaşım!
Bu məktubu mən illər öncə yazmışdım. Lakin çap etdirməmişdim. Görünür, qismət işıqlı yubileyinizə imiş… Əlbəttə ki, Allah deyən oldu. Uzun illərdən bəri xalqımızın yüksək dəyərləndirdiyi yaradıcılığınızı Zəfərlər Sultanı, ölkə başçımız Cənab İlham Əliyev də gördü və layiqincə qiymətləndirdi. Sizi həm Xalq şairi fəxri adı həm də özünün fərdi təqaüdü ilə mükafatlandırdı – şərəfləndirdi. Əminəm ki, Sizin ləyaqət və yaradıcılığınız dövlətimiz tərəfindən bundan sonra da şöhrətləndiriləcək.
 
… Sağlam yaşayın, yaradın və daha da şöhrətlənin!.. 
Tanrı Sizi qorusun!..

Bütün uğurlarınıza sevinən və mübarək deyən:
 
Binnət HÜMBƏTOĞLU


Tarix: Bu gün, 13:57

Xəbəri paylaş