Cəbrayıl rayonunun Horovlu kəndində tam orta məktəb binası və körpələr evi-uşaq bağçası inşa olunub






Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
Təməli Prezident İlham Əliyev tərəfindən 2023-cü ildə qoyulmuş Horovlu kəndində fərdi evlər, digər sosial obyektlərlə yanaşı 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının tikintisi də həyata keçirilib.
Qeyd edək ki, burada inşa olunmuş körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada yeməkxana, oyun və musiqi otaqları balacaların ixtiyarına veriləcək. Bundan başqa, binada inzibati, kompüter və metodika otaqları yaradılıb. Bağçanın ərazisində uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün də şərait yaradılıb.
Horovluda müasir tam orta məktəb binası da tikilib. Məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 26 sinif otağı, kimya, fizika, biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4 laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada 180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb. Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur.
Tarix: Bu gün, 11:38
