Arif Əziz - rəssam, pedaqoq, novator
Arif Əziz – yaradıcılıq axtarışları novatorluq yönümlü sənətkarlar kateqoriyasına aiddir. Yaradıcılıq problemlərinin dərkinə doğru aparan çığır enişli-yoxuşlu irəliləmələr işlənmiş çoxsaylı əsərlərlə doludur. Lakin bütün bunlarla yanaşı, o, hətta ənənəvi baxışlar sistemini dəyişsə belə, problemin daha perspektivli bədii həlli üçün imkan və şərait yaranan kimi hər hansı uğurdan inadla və qətiyyətlə imtina edərək, qeydsiz-şərtsiz irəliyə doğru addımlamışdır. Buna ən yaxşı sübut isə onun bütün yaradıcılıq bioqrafiyasıdır.
Moskvanın ciddi bir ali məktəbinin – Moskva Ali Sənaye Rəssamlıq (keçmiş Stroqanov)da o zamanlar nadir rast gəlinən dizayner rəssam peşəsində (o illərdə dizayn sözü bədii quruluş və bədii layihələndirmə anlayışları ilə əvəzlənirdi) çalışmaq imtiyazı verən diplomunu almış gəncin qarşısında böyük mərkəzlərə – Moskva, Leninqrad, Baltikyanı respublikaların paytaxtlarına, hətta xarici şəhərlərə (1970-ci ildə diplomçu Polşada diplomöncəsi təcrübə keçmişdi və işə dəvət almışdı) aparan bütün yollar açıq idi. Lakin elə o vaxt da Arif Əziz yaxşı başa düşürdü ki, onun yaradıcı rəssam ruhunun mayası xalqının, ilahidən əsrarəngiz boyalı Abşeron torpağının, qoca Xəzərin bərq vuran parıltılı dalğalarının ruhu ilə sarsılmaz vəhdətdədir. Odur ki, müxtəlif perspektivli dəvətlər alsa da, gənc rəssam fikirləşmədən doğma şəhəri Bakıda işləmək təklifini qəbul edir.
Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun o zamankı rektoru Rahib Hüseynov Arif Əzizi rəhbərlik etdiyi ali təhsil ocağında dərs deməyə dəvət edir. Və dizayn sahəsində ilk peşəkar mütəxəssis olan gənc rəssam elə məzun olduğu il – 1971-ci il sentyabrın 1-dən həmin institutda kompozisiya müəllimi kimi fəaliyyətə başlayır. Qeyd etmək lazımdır ki, bu təklif gözlənilməz idi, çünki o, dərs deməyə qətiyyən hazır deyildi və fikrən özünü müstəqil yaradıcılıqda təsəvvür edirdi. Lakin Arif Əziz Stroqanov məktəbini keçmişdi və ona dərs demiş Q.İ.Motivilov, Y.F.Belaşova, B.A.Smirnov kimi məşhur rəssamların aktiv yaradıcılıq fəaliyyətlərini müəllimliklə çox uğurla birləşdirdiklərinin şahidi olmuşdu – bu, yaradıcı pedaqoqların və eyni zamanda böyük sənətkarların rəhbərlik etdikləri rəssamlıq məktəbi idi. Arif Əziz işə başladığı ilk gündən doğma “Stroqanovka”nın yaradıcı mühitdə əxs etdiyi bütün sənət sirlərini öz tələbələrinin şüuruna yeritməyə, onlara təlqin etməyə çalışırdı. O, möhkəm əmin idi ki, tədrisə fitri istedadı olan insanları cəlb etmək lazımdır.
Arif Əziz auditoriyaya qədəm qoyduğu gündən tələbələrini dairəvi şəkildə öz ətrafında əyləşdirərək, onlara özünün incəsənətdəki gələcək həmkarları kimi yanaşdı və yeri gələndə çay, yaxud qəhvə də təklif etməklə özünün yeni qaydalarını tətbiq etdi. O, müəllim və tələbələr arasında sərbəst ünsiyyət şəraitini qurmaqla onlar üçün yaradıcı mühit yaratmağı bacardı. Arif müəllimin dərslərində tələbələrə gözəl Azərbaycan xalq musiqisinin sədaları altında işləməyə icazə verilirdi. Özünün də bilavasitə qoşulduğu bu proses zamanı o, məhz yaradıcılığı öyrədirdi. Təhsilin ən mühüm prinsiplərindən biri tələbələrin işlərinin bütün qrupun iştirakı ilə kollektiv şəkildə dəyərləndirilməsi metodudur. Belə təhlillər hər həftə aparılır və tələbələrdə şəxsi işlərinə qarşı özünütənqid vərdişini inkişaf etdirən çox mühüm vasitə rolunu oynayırdı. O, tədris semestrinin sonunda təcrübi məşğələləri Moskva, Leninqrad, eləcə də Baltikyanı ölkələrin şəhərlərində keçirilməsinə nail olur, burada tələbələrini ən yaxşı muzeylərlə, qədim mədəniyyət abidələri ilə tanış edirdi. O, artıq bir neçə onillikdir ki, bütöv bir pedaqoji sistemə yiyələnərək Azərbaycan gəncliyi mədəniyyətinin fəal “qurucusu”na çevrilmişdir. O, çoxsaylı şagirdlərinə gözəlliyi görməyi və hiss etməyi, mürəkkəbdə sadəni, sadədə mürəkkəbi görməyi, gördüklərini isə incəsənətin dilinə, gözəllik, forma və xətlərin dilinə çevirməyi, kompozisiyanı anlamağı öyrədib. Onun üçün öz yetişdirmələri ilə olduğu kimi, rəssamlarla, fırça həmkarları ilə də yüksək ünsiyyət mədəniyyəti xarakterikdir. Bu ünsiyyətdə bağlayıcı vasitə - yalnız incəsənətə yüksək əxlaqi münasibətin rəssamın şəxsiyyətini formalaşdıran qüvvə olmasına inamdır.
Gənclər Arif Əzizi təkcə yaxşı pedaqoq olduğuna görə deyil, həm də tələbələrini həvəslə öz emalatxanasına dəvət edən çox gözəl rəssam olduğuna görə sevirlər. Arif Əziz emalatxanada sanki onun əsərlərinin təəssüratı altında sehrlənmiş tələbələrinə dərslərini davam etdirir. Dərs demək Arif Əzizin fitrətindədir, həm də yalnız universitet divarları arasında deyil, o, həmçinin öz emalatxanasında, təcrübi məşğələlər zamanı təbiətin qoynunda da tədrislə məşğul olur. Bu, rəssamın ünsiyyəti sevdiyindən irəli gəlir. Onun emalatxanası isə özlüyündə bir “İncəsənət məbədi”dir. Buraya onun artıq yaşa dolmuş tələbələri də gəlirlər. Onun artıq yetkinləşmiş, püxtələşmiş keçmiş tələbələri indiyə qədər öz müəllimləri və rəhbərləri ilə ünsiyyətə ehtiyac duyurlar. Gənclərlə işləmək Arif Əzizin çalışdığı universitetin rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. R.Hüseynovu rektor kürsüsündə əvəz edən A.Aslanov da yaradıcı pedaqoqa qarşı diqqətli olmuş və dəfələrlə onu tələbələrlə işinə görə mükafat və diplomlarla təltif etmişdir: 1978-ci ildə o, “Tələbələr arasında nümunəvi ideya tərbiyəsi işinə və institutdakı ictimai fəaliyyətinə görə” “Fəxri Fərman”la, 1982-ci ildə “Keçirilən tədbirlərin təşkilində fəal iştirakına görə” “Gənclərin rəhbəri diplomu” ilə təltif edilmişdir. O, eyni bir təhsil müəssisəsində işlədiyi qırx beş illik fəaliyyəti ərzində kompozisiya kafedrasının baş müəllimi vəzifəsindən professor səviyyəsinədək yüksəlmiş, prorektor kimi çalışmışdır. Hazırda isə dekorativ-tətbiqi sənət kafedrasının müdiridir. Bu uzun fəaliyyət illəri ərzində onun təşəbbüsü və dəstəyi ilə institutda modelyer-rəssam, zərgər-rəssam, xalça rəssamı, xəttat, reklamçı, teatr dekorçusu, vizajist və digər ixtisaslar üzrə fakültələr açılmışdır. Arif Əzizin pedaqoji fəaliyyətinə əvvəldən axıradək nəzər salsaq, belə bir nəticəyə gəlmək olar ki, o, bu sahədə çox əmək sərf etmiş, işinə yaradıcı yanaşmış, nəzəriyyəçi pedaqoq kimi hörmət qazanmışdır. O, proqramlar tərtib etmiş, yeni prinsiplər işləyib hazırlamış, özünün təkzibedilməz nəzəri direktivlərinə əsaslanan bütöv bir tədris sistemi yaratmışdır. Bir pedaqoq kimi Arif Əzizin yaradıcılıq proqramında nəzəriyyə və praktika bir araya gətirilir. Dekorativlik anlayışı, fakturanın (incəsənət əsərlərində bədii yaradıcılıq xüsusiyyəti) mahiyyəti kimi kateqoriyalar Arif Əziz tərəfindən araşdırılmış, ifadə vasitələri, arxitektonika (bir əsərin və ya binanın hissələri arasındakı uyğunluq, ahəng), ritm, plastika, hərəkət, miqyas təhlil edilmiş, bütün fəaliyyəti boyunca onun özünü həm rəssam, həm də nəzəriyyəçi kimi düşündürən sintez anlayışı şərh olunmuşdur. Pedaqoq-rəssamın arxivində ümumi materialın əks olunduğu mühazirələrin qaralama və konspektlərini görmək olar. Bunlar ona görə maraq doğurur ki, Arif Əziz “keçmişi süpürüb atan” islahatçı kimi deyil, praktikada istifadə etmək üçün ənənələri öyrənmək və şərh etmək məqsədi ilə onlara əsaslanan nəzəriyyəçi kimi çıxış edir. Bu mühazirələrdə kompozisiyaya, dinamikanın ritminə və statikaya xüsusi yer ayrılmışdır. Bütün bu konspektlər Arif Əziz tərəfindən onun pedaqoji işində topladığı təcrübələr əsasında hazırlanmışdır.
Yaradıcı düşüncənin dinamikası, sintezin qanunauyğunluğu, keyfiyyətli mərhələləri və konkret xüsusiyyətləri, onun daxili mexanizmi, mümkün olan tendensiyaları – bütün bunlar müxtəlif nümunələr üzərində dərin və hərtərəfli, xüsusən də əhəmiyyətli və faydalı nəticə çıxarmağa əsas verən təcrübəni dərinləşdirməklə aparılan tədqiqat üçün materialdır.
Arif Əziz “üslubi sərhədlərin kəskin və qəti şəkildə “cızılması” - təkcə janr baryerlərinin aradan qaldırılmasını deyil, həmçinin bütövlükdə predmetlər aləmi ilə bədii yaradıcılıq arasındakı vəhdətin bərpasını tələb edən böyük sintez ideyasına ziddir” – fikrini təkcə nəzəri cəhətdən təbliğ etmir, həmçinin öz yaradıcılığı və fəaliyyətində də bu ideyaların təcrübi təcəssümünü sərgiləyir.
Onun başlıca məqsədi – bədii formanın xüsusiyyətlərini anlamaq, incəsənətin əsas kateqoriyalarını dərk etmək, geniş, ümumiləşdirilmiş plastik və məkani düşüncə prinsiplərini işləyib hazırlamaq olmuşdur. Arif Əzizin fikrincə, belə bir düşüncə tərzi olmadan əsl rəssam formalaşa bilməz. Onun şəxsi təşəbbüsü ilə qrafik dizaynın müxtəlif sahələrinin öyrənilməsi tədrisə daxil edilmişdir. O, israrla zamanla ayaqlaşır, bəzən hətta pedaqogika və fəaliyyətinin digər sahələrində novatorcasına onu qabaqlayır. Arif Əzizin tədris etdiyi mövzuların təxmini siyahısı budur: assosiativ kompozisiya, dizaynda kreativlik, reklamda kreativlik, müşahidə qavrayışının illüziyaları, loqotip – nişanların tarixi və yaranma metodikası, loqotip üçün əsas vizual üslublar, gerb, işarə (nişan) sistemi, əmtəə nişanı, firma stilinin funksional xüsusiyyətləri, qrafik dizaynın qrafik və təsviri texnologiyaları, dizaynda kompozisiya, kompozisiyada ritm, texnikada kompozisiya, kompozisiya və mühit, dizayn – yaradıcılıq prosesi kimi və bir çox digər mövzular. O, əyani bədii təhsili plakat, şrift və kitab tərtibatı fənləri ilə tamamlamağa və təkmilləşdirməyə nail olmuşdur.
Arif Əziz 2004-cü ildə İstanbulun Beykent Universitetinə dəvət olunur və 2008-ci ilədək orada çalışır. O, bir tərəfdən pedaqoji təcrübəsini xarici tələbələrlə bölüşür, digər tərəfdən özü də ölkəmizin təhsil praktikasında tənqidə açıq universitet təcrübəsinə yiyələnir. Xüsusilə, müasir dizaynerlik nailiyyətlərinin, ikiölçülü və həcmli formaların yaranmasının qanunauyğunluqları, məkan illüziyaları kimi məsələlərin ciddi şəkildə öyrənilməsinə ehtiyac vardı. Beykent Universitetindəki bütün təhsil prosesi Arif Əzizin təhsil sistemində illərlə hasilə gəlmiş baxışlarını dəyişərək, yeni görüşlərinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Artıq qırx beş illik pedaqoji fəaliyyətinin uğurları sayəsində əminliklə demək olar ki, Mədəniyyət və İncəsənət Universitetində Arif Əziz “məktəbi” yaranmışdır. Təbii ki, burada söhbət, onun uzun illik kollektiv iş təcrübəsi nəticəsində formalaşmış düşüncə və həqiqətləri öz tələbələrinə çatdırmağı bacaran əsl güclü rəssam şəxsiyyətinin nüfuzu, təsiri və nümunəsindən gedir. Respublikanın bir çox təsviri sənət nümayəndələri, hazırda xalq rəssamı, əməkdar xadim adını daşıyan bir çox sənətkarlar öz qabiliyyət və bacarıqlarını məhz Arif Əzizin yaradıcılıq emalatxanasında cilalamışlar. O, öz emalatxanasında istedadlı yeniyetmələr üçün məktəb açaraq onlara böyük diqqət ayırmışdır. Böyük incəsənət aləminə daxil olmaq istəyən yeniyetmələr həftədə iki dəfə bu məktəbə gəlirdilər. O, öz tələbələrinə həmişə dəstək olmuş, sərgilərini hazırlamaqda onlara kömək etmiş, onların tərtibatında iştirak etmiş, bu sərgilərin kataloqlarında giriş sözünün müəllifi olmuşdur. Respublika gənclərinin I və II forumlarında tələbələrinin əsərlərinin ekspozisiyasının tərtibatına şəxsən rəhbərlik etmiş və bu ekspozisiyanı ümummilli lider Heydər Əliyevə özü təqdim etmişdir.
Arif Əziz sanki incəsənətin hansısa bir müdrik sirrinə vaqifdir. Arif Əziz gənc rəssamlara təkcə sənətkarlığı öyrətmir. Ondan dərs alan və sənətdə ilk addımlarını atan gənc rəssamda incəsənətin özünün mahiyyəti haqqında anlayış formalaşır. O, öz şagirdlərində elə insani, əsl peşəkar rəssam keyfiyyətlərini tərbiyə etməyi bacarır ki, onların yoxluğu heç bir bacarıqla doldurula bilməz, çünki incəsənətdə hər şeydən ümdə olan – rəssamın bütöv və gözəl şəxsiyyətidir. Ona görə ki, incəsənət insan ruhunun gözəlliyi ilə vəhdətdədir. Yaradıcılığın ruhi-mənəvi aləmlə vəhdət Arif Əzizin bir müəllim kimi tərbiyə metodunun mahiyyətidir. Həqiqətən pedaqogika onun ikinci peşəsinə çevrilib. Onun arayıb-axtaran enerjisi gəncliyin mənəvi tərbiyəsində çox həssasdır. Bəlkə də bunun səbəbi müharibədə atasını itirmiş və “atalıq” məfhumunun ən yaxşı keyfiyyətlərini canına hopdurmuş rəssamın uşaqlıqdan onun qəlbinin dərinliklərində gizlənib qalan incə duyğularıdır. Bəlkə də bu onun sənətinin fəlsəfəsi ilə izah olunur. Bu sənətdə əşyalara bədii baxış qədər, həm də yaradıcı dünyagörüşü də vardır. Həm də sanki hər ikisi də çox irəliyə yönəldilmişdir və gələcəkdə özünün tam təcəssümünü gözləyir. Onun üçün bu gələcək öz şagirdləridir. Onun yaradıcılığı ilə incəsənətə bəxş edilmiş əsərlərin miqyasını bütövlükdə təsəvvür edəndə rəssamın öz qarşına əslində bir insanın gücü çatmayacaq bir vəzifə qoyduğunu düşünməyə bilmirsən. Fəal, coşqun, axtaran, lakin sadə, daim inkişaf və hərəkətdəki həyat həqiqətlərinin axtarışında cəsarətli olan rəssamın qəlbində başqalarını öyrətmək, yüksək sənətin ideya-bədii prinsiplərini öz tələbələrinə ötürmək kimi müqəddəs istək buradan qaynaqlanmırmı! Öz enerjisinin yarısını özünün şəxsi sənətinə vermək əvəzinə gənc istedadlara həsr edən sənətkarın müdrikcəsinə özünə bəraət qazandırmasının kökləri bunda deyilmi! Axı hər halda razılaşmaq lazımdır ki, Arif Əzizin öz yaradıcılığının daha çox çiçəklənməsi son illərə təsadüf edir. Bu illərdə rəssam keçmiş dövrlərdən daha artıq həvəs və fədakarlıqla özünü pedaqoji fəaliyyətə həsr edir və nəhayət, bütün gücünü yalnız yaradıcılığa yönləndərək, özünün ən yaxşı əsərlərini yaradır... Lakin qeyd edək ki, ömrünün çox hissəsini o, öz əsərlərinə, öz sənətinə deyil, daha çox ictimai işlərə, respublika, bəzən isə beynəlxalq əhəmiyyətli tədbirlərin tərtibatına, daha çox isə öz tələbələrinə həsr etmişdir. Arif Əziz öz tələbələri üçün həmişə həm müəllim, həm ata, həm rəhbər olmuş və olaraq qalmaqdadır.
Onun üçün, incəsənət sahəsinə məxsus böyük və ya kiçik iş olmayıb. O, saysız-hesabsız komissiyalarda işləyib, Rəssamlar İttifaqının “Plakat” seksiyasının idarə heyətinin üzvü olub, bir sərgini də buraxmayıb. Onu tez-tez milli və beynəlxalq müsabiqə-sərgilərin münsiflər heyətində iştirak etmək üçün dəvət ediblər. Rəssam özünün şəhər kənarındakı bağ evini həqiqi üzvü olduğu Dubrovnikdəki Beynəlxalq Rəssamlar Akademiyasının Bakı filialına çevirmiş və “Sənət evi” adlandırmışdır. Bu ocağı açmaqla Arif Əziz öz tələbələri üçün sənəti əyani şəkildə görmək və dərk etmək, sahibi olduğu kiçik bir sahəni əhatə edən şəxsi qalereyasında keçirilən hər cür sərgi və konfranslarda onların iştirakını təmin etməklə incəsənətlə daha yaxın ünsiyyətdə olmaq imkanı yaratmışdır.
Arif Əzizin bədii və nəzəri yaradıcılığının ayrı-ayrı sahələrini ardıcıllıqla nəzərdən keçirdikdə ilk baxışda elə təəssürat yarana bilər ki, sanki qarşımızda bir deyil, bir neçə rəssamın əsərləri sərgilənir. Həqiqətən də onun fəaliyyəti həddindən artıq geniş və əhatəlidir. Bununla belə, Arif Əzizin fəaliyyətinin bütün sahələrini onun yaradıcılığının müxtəlif tərəfləri kimi qiymətləndirmək olar. Tətbiqi, dəzgah və kitab qrafikaları arasındakı əlaqələr, qrafika ilə təsviri sənət, pedaqogika, nəzəriyyə, rəssam-dizayner və reklamçı rəssamın bədii tərtibat fəaliyyətləri arasındakı əlaqələr – bütün bunlar vahid üslubdan şaxələnmişdir. Arif Əziz bütün qəlbilə, bütün yaradıcılıq məramı ilə bədii kəşflərə meyillidir. O, hər şeydən əvvəl ixtiraçıdır, lakin onun novatorluğu düşünülmüş şəkildədir. Arif Əziz ənənəni inkar etmir, əksinə ənənəvi sənətləri, o cümlədən dəzgah formalarını öyrənərək, onu yaradıcılıq axtarışları, istehsalat incəsənətinin nəzəriyyəsini inkişaf etdirmək səyləri ilə birləşdirməyin yollarını axtarır. Rəssam həm qrafikada, həm təsviri sənətdə onlar arasında üzvi əlaqə axtarır.
Arif Əzizin yaradıcılığı və pedaqoji fəaliyyəti heç vaxt diqqətdən kənarda qalmamışdır. O, xalqı qarşısındakı xidmətlərinə görə 1986-cı ildə “Şərəf nişanı” ilə təltif olunmuş, 1992-ci ildə isə ona əməkdar incəsənət xadimi fəxri adı verilmişdir. Arif Əzizin təbiətində bir çox qabiliyyət və bacarıqlar bir-birilə harmonik şəkildə əlaqə və ünsiyyətdədir. Bu isə bədii yaradıcılığın hər bir sahəsində özünü mükəmməl şəkildə büruzə verməyə kömək edir. Müəllimlik fəaliyyətinin başlanğıcında İncəsənət İnstitutunda yalnız böyük rəssamlar deyil, həm də görkəmli aktyorlar, rejissorlar, dramaturqlar, ssenaristlər, musiqiçilər, müğənnilər, rəqqaslar – bir sözlə, Azərbaycanın bütün yaradıcı elitası, mədəniyyət və incəsənətin aparıcı xadimləri Arif Əzizin həmkarları olmuşlar. Qarşılıqlı ünsiyyət hər iki tərəfi, həm rəssamı, həm də onun yaradıcılığına, müxtəliftərəfli həmkarlarını ruh yüksəkliyi ilə münasibət bildirən həmkarlarını zənginləşdirir və təsirləndirirdi. Yəni Arif Əzizin fəaliyyəti heç zaman qapalı olmamış və ən müxtəlif maraqların geniş əhatə dairəsi ilə təmasda inkişaf etmişdir.
Rəssamın obrazlı-plastik sistemi hərəkətin gözəlliyini rəsmlərində ifadə etmişdir, fiqurların plastik ifadəliliyi çox güman ki, bir çox rəqslərə quruluş vermiş məşhur baletmeysterlərin başçılıq etdikləri balet və rəqs məktəbinin təəssüratlarından doğurdu. Lakin şübhəsiz olan bir şey var idi: Arif Əzizin işlədiyi məkan öz-özlüyündə böyük ekspressiya gücünə malik idi. Eyni sözləri teatr haqqında da demək olar. Teatrla bilavasitə ünsiyyət, həm də yalnız tamaşaçı kimi deyil, eyni zamanda onun kulis arxasındakı həyatının, “mətbəxinin” üzvü, şahidi kimi teatrla birbaşa əlaqə, ola bilsin ki, onun teatr dekorasiyası haqqındakı düşüncələrinə təkan vermişdir. Belə ki, rəssam yaradıcılıq yolunun lap başlanğıcından bir çox respublika, ümumittifaq və xarici sərgilərdə iştirak edərək, özünü həm qrafikada, həm də plakat yaratmaqda yoxlamasına baxmayaraq, öz daxili “Mən”inin çoxsaylı axtarışlarının birində özünü teatr dekorasiyası sahəsində də sınamışdır. Artıq 1972-ci ildə teatr rəssamlarının Moskva şəhərində keçirilən sərgisində Arif Əziz yeni bədii təfəkkürü ilə, öz “Mən”ini büruzə verməklə, bədii şərtiliklərin zəngin leksikası ilə, seyrçinin assosiativ şüuruna müraciət etməklə fərqlənir. Konstruksiya, maddi fakturalar öz rəngarəngliyi ilə və böyük obrazlılıqla, üzvi şəkildə yetişən metafora, simvol və alleqoriya ilə uyğunlaşaraq yeni yaradıcı nəslin doğulduğunu sübut edirdi. Bu, rejissor və SSRİ xalq artisti A.A.Qonçarovun da diqqətindən yayınmır. Belə ki, A.A.Qonçarov o zaman hələ gənc olan istedadlı rəssamı N.Erdmanın “İntihar edən” tragikomediyasının bədii tərtibatını vermək üçün dəvət edir. Tanınmış rejissor rəssamın dəzgahla işləmə mədəniyyətinin səviyyəsini, yəni onun öz peşəsinə yiyələnmə dərəcəsini, obrazlı təfəkkürün inkişaf səviyyəsini və nəhayət, rəssamın öz şəxsiyyətinin əsərlərində iştirak dərəcəsini görə bilmişdi. O, istedadlı gəncin solğunluğu, ifadəsizliyi, simasızlığı, bir sözlə, o zaman mövcud olan stereotipləri, qavrayış standartlarını vurub dağıtmağa qadir olan müasir düşüncə tərzini hiss etmiş, novatorluğu, nəzərdə tutulmuş və tamaşaya qoyulduqdan sonra öz üslubu, ruhu, ideya-estetik istiqaməti baxımından stenoqrafiyanın (teatr səhnəsinin bədii tərtibat sənəti) yeni mərhələsi, teatr sənəti tarixində yeni söz olan pyes üçün zəruri və son dərəcə yerinə düşən dizaynerlik qabiliyyəti və duyğusunu sezmişdi. Arif Əzizin hazırladığı dekorasiya eskizləri və bədii vizual effektlər də pyesin quruluşunda xüsusi seçilirdi və bəlkə də daha əvvəllər doğma təhsil ocağının divarları arasındakı teatrla ünsiyyət nəticəsində onun düşüncələrində doğan arzuların müjdəçisi idi. Lakin pyes Moskva səhnəsində çox yaşaya bilmir və öz səhnə ömrünü yalnız Baltikyanı ölkələrin teatrlarında davam etdirə bilir. Çünki o illərin Moskva tamaşaçıları hələ onu qəbul etməyə hazır deyildilər.
Arif Əziz Bakıda keçirilən bir çox tədbirlərin, bayram şənliklərinin bədii tərtibat eskizlərinin müəllifidir: Yeni il, Novruz bayramı, Gül bayramları şənlikləri... Həmin tədbirlərdə onun rəhbərliyi altında rəssamın öz tələbələri də fəal iştirak etmişlər. Bu sərgilərin tərtibatı Arif Əzizin tələbələri üçün əyani dizayn məktəbi idi. Onlar burada vizual tərtibatın əsas obyektiv qanunları ilə tanış olur, böyük sərbəstlik və müstəqillik göstərə bilmək üçün şablon düşüncəni aradan qaldırmaq üsullarını inkişaf etdirirdilər. Beləcə onlara forma və rəngləri hiss etmək duyğusu, obrazlı düşünmək və fantaziya qurmaq qabiliyyəti aşılanırdı.
Vizual qavrayışın tələbələr üçün nə qədər mühüm olduğunu anlayaraq Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin keçmiş rektoru, əməkdar elm və incəsənət xadimi, professor T.Əfəndiyevin təşəbbüsü ilə universitetin foyesində rəsm qalereyası açılmışdı. Bu qalereyada təsviri sənət ustaları öz əsərlərini nümayiş etdirə bilirdilər. Bir çox beynəlxalq sərgilərin iştirakçısı olmuş Arif Əziz rəssamlar arasında ilk olaraq öz əsərlərini doğma universitetdə yenicə açılmış qalereyada sərgiləmək arzusunu bildirmişdi.
Beləliklə, dərin və bütöv plastik təfəkkürə malik, qəlbi yeni yaradıcılıq arzusu ilə dolu, bacarıqlı pedaqoq olan Arif Əziz bu niyyətlərini bədii müstəvi, məkan, həcm, xətt, rəng və s. kimi kateqoriyaların tamamilə orijinal anlamında büruzə verməklə yanaşı, klassik irs ənənəsinə dəyişməz ehtiramını qoruyub saxlayır. O bütün yaradıcılığı ilə incəsənətdə həyatın ayrı-ayrı hadisələrinin təcəssümünə deyil, dinamik və ziddiyyətli dünyanın bədii sintezinə can atan istiqamətin nümayəndəsi olduğunu təsdiq edir. Rəssam ruhi-mənəvi gözəlliyə olan inamını rənglərin, formalar, xətlər və plastikanın dilinə köçürərək əsərlərində ifadə edir. O, əbədiliyin əzəmətini açarkən belə, özü bütünlüklə bu gün də fəaliyyətdədir. Sənətkar heç zaman arxaya boylanmadan və keçmiş sxemləri təqlid etmədən həyatdan ilham alır, tələbələrinə ətraf aləmə, onun sonsuz yeniliklərinə qarşı həssas olmağı öyrədir. Tədris Arif Əzizin yaradıcılıq həyatının ən mühüm hissəsidir, çünki bu onun özünün yaradıcılıq prosesinə, tələbələrinin işlərini təhlil edib sənətin dinamikasını izləməyə yardım edir və stimul verir. Onlarla dialoq Arif Əzizin yaradıcılığına təsir göstərir, baxışları və ideyalarının üfüqlərini genişləndirir, rəssamın həyatına yeni təzə-tər axın gətirir.
Ayan Əzizova-Məmmədova,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
rəngkarlıq kafedrasının müəllimi, doktorant
Tarix: 8-05-2017, 12:43