Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Çiçək tapa bilmədim…

 
Səbzəli müəllimin 8 Martla bağlı danışdığı əhvalatı həmkarları da böyük maraqla dinləyirdi:
- Martın 7-si idi. İkinci növbədə dərslər qurtaranda yadıma düşdü ki, həyat yoldaşımı təbrik etmək üçün bir dəstə gül almalıyam. Vaxt itirmədən gül mağazasına getdim. Sifariş verdiyim gül dəstəsini götürüb mağazadan bir xeyli aralanmışdım ki, kimi görsəm yaxşıdır, 15 il əvvəl bir yerdə oxuduğum tələbə yoldaşım Qərənfili… Sevincək bir-birimizdən hal-əhval tutduq. Elə həmin andaca gül dəstəsini ona təqdim edərək 8 Mart bayramını təbrik etdim. Bu vaxt bir tele-repartyor haradansa peyda oldu. Dedi ki, gül dəstəsini nişanlınıza verəndə lentə almışam, indi qalıb özünüzü təqdim etməyiniz. Ağzımızı açmağa aman verməyən müxbir adımızı da öyrənib qaça-qaça bizdən uzaqlaşdı… Biz bu müxbirin hərəkətinə əhəmiyyət verməyib yaxınlıqdakı parka keçib, bir oturacaqda əyləşdik. Tələbə yoldaşlarımızı, müəllimlərimizi xatırladıq. Xeyli söhbətdən sonra bir-birimizə ev ünvanımızı və telefon nömrələrimizi verib ayrıldıq… Mən yenidən gül almaq üçün mağazaya qayıtdım. Gecikmişdim. Mağaza artıq bağlı idi. Tanıdığım bir neçə gül mağazasına da baş çəkdim. Amma nə gül tapdım, nə də çiçək. Başqa bir hədiyyə alıb evə qayıtdım. Həyat yoldaşıma da dedim ki, işdən gec çıxdığıma görə gül tapa bilmədim… Mən bu sözü deyəndə həyat yoldaşım da dedi ki, bəs səhər anam da, bacım da bizə gələcəklər… Nə başınızı ağrıdım, səhər tezdən şəhərə çıxıb qayınanama və baldızıma da hədiyyə aldım. Evə qayıdanda yaxın bir dostumla rastlaşdım. Qanı yamanca qara idi. Mənə dedi ki, polis idarəsinə gedirəm. Xeyir olsun- dedim. Cavab verdi ki, əşşi nə xeyir, istəyirəm ki, polisdən xahiş edim, məni 3 günlüyə həbs etsinlər... Bu 8 Mart bayramından canım qurtarsın. Axı bu qədər adama – həyat yoldaşıma, 3 qızıma, onlara dərs deyən 9 müəllimə, 3 bacıma, qayınanama, 4 baldızıma hədiyyə almalıyam. Belə bahalığın tüğyan etdiyi zamanda hədiyyə almaqdan qurtulmağın yolunu həbs olmaqda görürəm… Dostumun bu sözlərinə xeyli güldüm və ona dedim ki, məgər həbs olunmaq sənə ucuz başa gələcək? Nə qədər çalışdımsa, onu bu fikirdən daşındıra bilmədim… Nə isə polis idarəsinə getdik. Çox keçmədi ki, rəis gəlib çıxdı. Dostum Dayandur məsələni ona açıqladı. Rəis bu sözlərə bəndimiş kimi, əsəbləşib özündən çıxdı, nə çıxdı: - Əyə, a kərkibaş, sən bizi ələ salmısan, - dedi. O dəqiqə də sənədlərini hazırlayıb dostuma düz 15 gün həbs cəzası verdiyini elan etdi. Nə qədər xahiş-minnət etdik xeyri olmadı ki, olmadı… Qanıqara evə qayıdıb telefonla xəbəri Dayandurgilə çatdırdım…
Nə isə. Səhəri gün axşam süfrə arxasında əyləşib 8 Mart bayramını şad-xürrəm qeyd edirdik. Birdən televizorda mənim tələbə yoldaşım Qərənfilə gül dəstəsi verdiyim sujet göründü… Hamımız yerimizdəcə donub qalmışdıq… Bu nədi, - deyə həyat yoldaşım əsəbi halda, bəs məni təbrik etməyə nə gül tapmışdın, nə də çiçək. O gözəlçə nişanlına gül tapa bilirsən, mənə yox?! – deyib ona aldığım hədiyyəni başıma tərəf tulladı. Ara qarışdı, nə qarışdı. Nə qədər izah etməyə çalışdımsa, heç qulaq asan belə olmadı… Bu qanqaralıqdan heç bir saat keçməmişdi ki, qapının zəngi fasiləsiz səslənməyə başladı. Fikirləşdim ki, səs-küyümüzə yəqin qonşular gəlib. Qapının gözlüyündən baxanda gördüm zəngi çalan yekəpər bir polisdir, özü də dostum Dayanduru həbs edən polis. Qapını açdım. Elə həmin andaca əlini uzadıb yaxamdan yapışıb məni özünə tərəf elə çəkdi ki, ayaqlarım yerdən üzüldü. Fikirləşdim ki, məndən daha adam olmaz, dilim tutulmuşdu. - Səbzəli sənsən?, – deyə qəzəbli halda soruşdu:
- Bəli, mənəm.
- Ə, dələduz, mənim həyat yoldaşım Qərənfili haradan tanıyırsan ki, ona gül də verirsən?
- Tələbə yoldaşıyıq…
- Ay uçutel, bu kələklər keçməz. Hə, yaxşı yadıma düşdü, onunla nə vaxt nişanlanmısınız?
Qayınanam da polisin sözünə qüvvət verərək, utanmır öz halalca arvadı üçün gül tapa bilmir, başqasının arvadına tapır. Müəllimə bir bax…
Elə bu ara Qərənfil də ağlaya-ağlaya gəlib çıxdı… Çox yalvar-yaxardan sonra onları evə saldım. Qərənfillə tələbə yoldaşı olduğumu müəllim və tələbə yoldaşlarımızla çəkdirdiyimiz şəkillərlə sübut etdim. Qanqaralıq gülüşlərlə əvəz olundu… Hamımız süfrə arxasına keçdik. Rəisdən xahiş etdim ki, dostum Dayanduru da bu bayram günündə azad etsin. Onsuz da hədiyyə almaqdan canı qurtarıb. Rəis elə bizdən şöbəyə zəng etdi ki, o kərkibaşı buraxsınlar, özü də Səbzəli müəllimgilə gəlsin…
O gün 8 Mart bayramını hamımız birlikdə gecədən xeyli keçənə kimi deyə-gülə qeyd etdik. Hələ «Ayaqlarım yoruldu, çiçək tapa bilmədim» mahnısını da oxuduq…

Ə.Daşdəmirli


Tarix: 11-04-2017, 14:03

Xəbəri paylaş