Tarixçilər üçün yeni monoqrafiya
“Elm və Təhsil” nəşriyyat–poliqrafiya müəssisəsində Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevin ilk monoqrafiyası nəşr olunub. Kitabın nəşrdən çıxdığı gün AXC–nin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum gününə təsadüf edir.
Monoqrafiya Cənab prezidentimiz İlham Əliyevin 2018–ci ildə imzaladığı sərəncama uyğun olaraq Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr edilmişdir. Tarixçi alimin “Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (bundan sonra QAKA) Şimali Azərbaycanın Rusiya tərəfindən işğalını öyrənmək üçün mənbə kimi” adlı monoqrafiyası giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Müəllif kitabda Şimali Azərbaycan xanlıqlarının yaranması, sosial–iqtisadi və siyasi həyatı ayrı-ayrı müəlliflərin əsərlərində istər Sovetlər dönəmindən əvvəl, istər Sovet dövründə, istərsə də müstəqillik illərində geniş şəkildə araşdırılmış, sanballı elmi axtarışlar aparılmışdır. Müəllif ilk dəfə olaraq işğal problemini QAKA əsasında tədqiq etməyi qarşısına məqsəd qoymuş, elmi əhəmiyyəti ilə seçilən 12 cildlik sənədlər toplusunu mənbə kimi dövriyyəyə cəlb etməklə maraqlı araşdırma etmişdir. 1813–cü il Gülüstan və 1828–ci il Türkmənçay müqavilələri ilə tarixi Azərbaycan torpaqları Qacarlar İranı və çar Rusiyası arasında ikiyə parçalanması və Azərbaycan xanlıqlarının müstəqilliyinə son qoyulması elmi mənbələrlə qeyd edilmişdir.
Monoqrafiyanın elmi redaktoru və ön sözün müəllifi Bakı Dövlət Universitetinin “Mənbəşunaslıq, tarixşunaslıq və metodika” kafedrasının müdiri, t.ü.e.d., professor Anar İsgəndərovdur. BDU–nun “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, t.ü.e.d., prof. İradə Hüseynova, AMEA–nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın yeni tarixi” şöbəsinin müdiri, Elm üzrə Dövlət mükafatı laureatı, t.ü.f.d., Hacı Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının professoru, t.ü.e.d., Musa Quluzadə monoqrafiyaya rəy vermişlər.
Yenimonoqrafiya tarix müəllimləri, ali və orta istisas təhsili müəssisələrinin tarix ixtisasının bakalavriat, magistrant və doktorantları eləcə də “Vətən tarixi” ixtisası üzrə müxtəlif elmi–tədqiqatlarla məşğul olan alimlər və digər şəxslər üçün nəzərdə tutulub.
Esmira Şükürova
Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi, jurnalist
Tarix: 31-01-2018, 10:06