Kollec iki mühüm missiyanı yerinə yetirir: təhsil-tədris və tərbiyəvi funksiyanı
Böyüməkdə olan nəslin mənəviyyatca zəngin, ideyaca mətin,
yüksək əxlaqlı şəxsiyyət kimi formalaşdırılması
bu gün cəmiyyətimizin qarşısında duran çox mühüm vəzifədir.
Heydər ƏLİYEV,
Azərbaycan xalqının Ümummilli Lideri
Azərbaycan xalqının Ümummilli Lideri
Ölkələrin və xalqların inkişafı elm və təhsildən əhəmiyyətli dərəcədə asılıdır. O ölkələr, o xalqlar irəli gedir ki, orada elm və təhsil daim inkişafdadır. Ulu Öndər Heydər Əliyev yeni əsr və üçüncü minillik münasibəti ilə xalqımıza müraciətində təhsil sahəsində görülən işləri yüksək dəyərləndirərək deyirdi: “Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır ki, ötən yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, təhsil, intibah yolunu tutmuşdur. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur”.
Bu gün Azərbaycanda cəmiyyətin bütün sahələrində böyük dəyişikliklər baş verməkdədir. İctimai şüur köklü dəyişikliklərə məruz qalır, dəyərlər sistemi yeniləşir. Belə bir şəraitdə milli təhsilimiz bu hadisələrin mərkəzində durur.
Azərbaycanın müasir təhsil siyasətinin əsas ideyası inkişafdır. Müasir təhsilin inkişafı siyasəti həm cəmiyyətə, həm də təhsil sisteminin özünə ünvanlanıb. Təhsil sisteminin inkişafı prinsipləri bir-biri ilə əlaqəlidir, bir-birini tamamlayır və təhsil sisteminin normal inkişafının təmin olunmasına yönəldilib.
Hal-hazırda Azərbaycanda təhsil sistemi çox çətin mərhələləri keçərək uzun bir yol adlayıb və bu günkü inkişaf səviyyəsinə çatıb. Müstəqilliyimizin ilk illərində böyük çətinliklərlə qarşılaşan milli təhsil sistemimiz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yeni bir mərhələyə – inkişaf mərhələsinə qədəm qoyub.
Ulu Öndərin uzaqgörən siyasi kursunun mübariz davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab edir. Belə ki, son illərdə təhsil xərclərinin artmasının əsasında da məhz həmin konseptual müddəalar dayanır. Cənab Prezidentin “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” konsepsiyası cəmiyyətin inkişafında yeni zəmin yaratmaqla yanaşı, dövlət başçısının bu uzaqgörən fikirlərini daha da təsdiqləyir.
Azərbaycanda təhsilin inkişafı, uşaq və gənclərin dünya standartlarına uyğun təhsillə təmin olunması, yüksək ixtisaslı kadrların yetişdirilməsi ölkə prezidentinin neft kapitalını intellektin, kadrlaşmanın, peşəkarlığın inkişafına çevirmək strategiyasının mühüm hissəsini təşkil edir. Təhsilə yatırılan investisiyalar uzunmüddətli və strateji əhəmiyyətlidir. Bu investisiyalar Azərbaycanın uzunmüddətli inkişafı üçün mühüm baza formalaşdırır və öz nəticəsini gələcək onilliklərdə daha bariz formada göstərməyə başlayacaq.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilimizin inkişafında daha yüksək müsbət irəliləyişlərin əldə edilməsinə şərait yaradıb. Bu, çox əhatəli, strateji bir sənəd olmaqla qarşımıza yeni və çox mühüm vəzifələr qoyub. Təhsilimiz tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri də yerinə yetirir. Bu sahədə dövlətimiz islahatyönümlü tədbirlər həyata keçirir, milli təhsilimizin dünya standartlarına cavab verəcək bir sistemə çevrilməsi üçün çox mühüm addımlar atılır.
Dövlətimizin başçısı İlham Əliyevin 19 iyun 2009-cu il tarixində təsdiq etdiyi “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda “Əsas anlayışlar” bölməsində kollecin tərifi belə qeyd edilir: kollec - orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Qanunun 21-ci maddəsi “Оrta iхtisas təhsili” adlanır və birinci cümləsində deyilir: “Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müхtəlif iхtisaslar üzrə оrta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir”. Daha sonra orada göstərilir ki, “Orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin tabeliyində yaradılan müvafiq strukturlarda həyata keçirilir və subbakalavr iхtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi оrta təhsil bazasında оrta iхtisas təhsili müəssisələrinə daхil оlanlar həm də tam оrta təhsil alırlar”.
Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, kolleclər çoxfunksiyalı təhsil müəssisələridir; belə ki, onlar yeni sosial-iqtisadi şəraitə ən çox uyğunlaşdırılan, regional təhsil komplekslərinə mümkün qədər inteqrasiya olunan və bu günə qədər idarəetmə problemləri müəyyən qədər araşdırılan subbakalavr təhsil müəssisələri kimi çıxış edir.
Azərbaycan Respublikası bütün sahələrdə olduğu kimi, təhsil sferasında da böyük uğurlar qazanıb. Beynəlxalq təcrübəyə əsaslanaraq təhsil sistemində yeni normativ-hüquqi baza yaradılması istiqamətində mühüm işlər həyata keçirilib.
Xüsusilə qeyd olunmalıdır ki, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində, şəxsiyyətin və cəmiyyətin peşə-ixtisas təhsilinə olan tələbatının ödənilməsində orta ixtisas təhsilinin özünəməxsus yeri vardır. Bütün bunların nəticəsi olaraq yeni tipli orta ixtisas təhsili müəssisələrinin yaradılması sahəsində mühüm işlər görülüb. Bir sıra texnikumlar birləşdirilib və onların maddi-texniki, həmçinin kadr potensialı əsasında kolleclər yaradılıb.
Son illərdə orta-ixtisas təhsilinin normativ-hüquqi bazası, demək olar ki, tam surətdə formalaşıb. Orta ixtisas təhsili sahəsində aparılan dövlət siyasəti onun məzmunca dəyişməsinə, mövcud şəraitə uyğun mütəxəssis hazırlığı strukturunun təkmilləşdirilməsinə imkan yaradıb.
Azərbaycan təhsil sisteminə öz töhfəsini verən orta ixtisas təhsili müəssisələrindən biri də Astara Pedaqoji Kollecidir. Kollec çox əhəmiyyətli iki missiyanı yerinə yetirir. Bunlardan biri təhsil, tədris, digəri isə tərbiyəvi funksiyadır.
Astara rayonunda fəaliyyət göstərən kollec ölkəmizin orta ixtisas təhsili müəssisələri arasında qabaqcıl təhsil müəssisələrindən sayılır. Təhsil ocağının məzunları ixtisas biliklərinə mükəmməl yiyələnməsi, metodik bacarıqları və səriştələri ilə seçilir və üz tutduqları ünvanlarda rəğbətlə qarşılanırlar. Təhsilin keyfiyyəti, mütəxəssis hazırlığının səviyyəsi ildən-ilə daha da yaxşılaşır. Bütün bunlar ilk növbədə pedaqoji kollektivin birgə gərgin əməyinin nəticəsidir.
Digər orta-ixtisas təhsil ocaqları kimi Astara Pedaqoji Kolleci də təhsillə bağlı dövlət proqramlarından, normativ sənədlərdən irəli gələn tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətini artırır, müəllim-pedaqoq heyəti təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində əzmlə çalışır. Bu məqsədlə, təhsil alan tələbələrin günümüzün tələblərinə cavab verən, hərtərəfli inkişaf etmiş vətəndaşlar və mütəxəssislər kimi yetişməsi ilə bağlı tədbirlərin təşkili və gücləndirilməsi, onların savadlı insanlar kimi hərtərəfli inkişafını təmin edən tədris işinin təşkili həmişə diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlər kollecdə tədris və təlim-tərbiyə işinin keyfiyyətinin artırılmasında önəmli rol oynayır.
Gənclərimizə diqqət və qayğı, harmonik inkişafa malik insan yetişdirmək istəyi Azərbaycan xalqına xas olan milli xarakterik cəhətlərdən biridir. Ona görə də kollecin fəaliyyətinin əsas vacib istiqamətlərindən biri də təlim-tərbiyə və mənəvi-maarifçilik ilə bağlı işləri təşkil etməkdir. Bu işlər savadlı, hərtərəfli inkişaf etmiş, Vətənə məhəbbət, xalqımızın adət-ənənələrinə və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmuş, mənəviyyatlı, əxlaqca kamil, müstəqillik ideyalarına, dövlətimizə və dövlətçiliyimizə sadiq gənclərin tərbiyəsinə yönləndirilib. Bu istiqamət mənəvi-əxlaqi, vətənpərvərlik, hüquqi, bədii-estetik, fiziki, ekoloji, zəhmətsevərlik və digər tərbiyəvi işləri özündə birləşdirir.
Kollecdə tərbiyə və mənəvi-maarifçilik işi əvvəlcədən müəyyənləşdirilmiş və təsdiq edilmiş plan əsasında aparılır. Mənəvi-maarifçilik sahəsində ortaya çıxa biləcək problemlərin aşkar edilməsi, təlim-tərbiyə işində tələbə və müəllim heyətinin tələbatının öyrənilməsi üzrə sosioloji tədqiqatların aparılması, aktual məsələlərin həllində təcrübə mübadiləsi ilə bağlı toplantılar, bu işdə tələb olunan normativ-metodiki sənədlər və tövsiyələrin işlənilib hazırlanması və yayılması əsas fəaliyyət istiqamətlərimizdir. Bu işdə bütün müəllim heyəti iştirak edir. Vətənpərvərlik, humanizm, öz dövlətinə və xalqına bağlılıq və sədaqət – biz tələbələrimizə məhz bu hissləri aşılamağa çalışır, onları yüksək əxlaqlı, Ulu Öndər ideyalarına sadiq vətəndaşlar kimi görməyə can atırıq. Milli Müstəqillik ideologiyasının əsas ideyalarını aşılamaq məqsədilə onlarla daim söhbətlər aparılır, Vətənimizin günü-gündən çiçəklənməsi, xalqımızın sülh, əmin-amanlıq şəraitində yaşaması, xalqımızın firavan həyatını, bu əmin-amanlığın qorunub saxlanılması, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən nəhəng ölçülü işlər, 44 günlük müharibə meydanında qazanılan möhtəşəm Zəfər, gənclərimizin göstərdiyi şücaətlər, şəhidlərimizin xatirəsi bu söhbətlərin əsas qayəsini təşkil edir.
Tələbələrin dünyagörüşünün, bilik səviyyəsinin artırılması, təfəkkürünün genişləndirilməsi məqsədilə onlarla mütəmadi olaraq görüşlər keçirilir və söhbətlər aparılır. Bu söhbətlərin əsas mövzusu və qayəsi dövlətçiliyimizə və dövlətimizə sədaqət ruhunda tərbiyə etmək istəyindən qaynaqlanır.
Təhsil insanın mənəvi siması olub, mədəniyyət, təlim-tərbiyə və mənəvi dəyərlərin təsiri altında formalaşır. Burada bilik həcmi əsas deyil, ondan sərbəst olaraq istifadə etmək keyfiyyətləri əsas sayılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söylədiyi “Həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar” tövsiyəsindən irəli gələn vəzifələri yerinə yetirmək istiqamətində kollecdə mühüm işlər həyata keçirilir. Tələbələrin istər mənəvi, hüquq, estetik, istərsə də fiziki tərbiyəsi, bu sahədə təhsilin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi kollektivimizin qarşısında duran əsas məsələdir. Çünki təkcə bilik Vətən üçün gərəkli meyar ola bilməz. Vətənə ilk növbədə onu böyük məhəbbətlə sevən, onun çiçəklənməsi, möhkəmlənməsi, müdafiəsi naminə hər cür fədakarlığa hazır olan övlad gərəkdir. Bunun bariz nümunəsinə 44 günlük müharibədə və bir günlük antiterror əməliyyatlarında iştirak edən gənclərimizin timsalında bir daha şahid olduq. Odur ki, şəhidlərimizin xatirəsini daim yaşatmağa və gələcək nəsillərə ötürməyə çalışmalıyıq. Ona görə də kollecdə aparılan tərbiyə işinin mərkəzində xalqımızın adət-ənənələrinə hörmət, kökə bağlılıq, ölkəmizin ərazi bütövlüyünün qorunması, azğın düşmənə nifrət, doğma Vətənə məhəbbət hissinin aşılanması durur. Bu məqsədlə kollecdə çalışan şəhid ailələrinin üzvlərinə xüsusi diqqət və qayğı göstərilir, şəhidlərin anım və mövlud günləri geniş şəkildə tələbə və müəllimlərin, ictimaiyyət nümayəndələrinin, döyüş yoldaşlarının iştirakı ilə qeyd edilir. Bundan əlavə kollecdə teatr tamaşalarının nümayiş etdirilməsi təşkil edilir ki, bu da onların estetik tərbiyəsinin inkişafına mühüm təsir göstərir.
Kollecdə təhsil alan tələbələrin asudə vaxtlarının təşkili məsələlərinə də xüsusi diqqət yetirilir. Bu da səbəbsiz deyil. Çünki müasir dövrdə tələbə-gənclərin zərərli vərdişlərdən çəkinmələri və ondan uzaq olmaları üçün məhz belə tədbirlərin həyata keçirilməsi təqdirəlayiq hesab olunmalıdır. Belə ki, kollecdə tələbələrin asudə vaxtlarının səmərəli və mənalı keçirmələri üçün bütün şərait yaradılıb. Təsdiq olunan bütün tədbirlər planlarında tələbələrin tədbirlərdə fəal iştirakı önəmli yer tutur. Kollecdə dərsdənkənar tədbirlərin, fiziki tərbiyə və idman işlərinin, gənclərin çağırışaqədərki hazırlıq işlərinin yerinə yetirilməsinə xüsusi önəm verilir. Bundan əlavə fiziki tərbiyə və çağırışaqədərki hazırlıq rəhbərlərinin, Gənclər Təşkilatının fəaliyyətinə dəstək verilir. İl boyu dərsdən sonra tələbələr arasında tərbiyə işinin təşkili sahəsində tədbirlər həyata keçirilir. Tələbələr arasında ideya-siyasi və milli-mənəvi tərbiyə işi daha da gücləndirilir. Qrup rəhbərləri tərbiyə saatlarında ictimai-siyasi, milli-mənəvi, hərbi vətənpərvərlik mövzularında geniş söhbətlər aparırlar. Tələbələrin mütəmadi olaraq Heydər Əliyev Mərkəzinə, rayon diyarşünaslıq muzeyinə, Gənclər Evinə və Bayraq Meydanına ekskursiyaları təşkil edilir. Tarixi gün və bayramlara həsr olunan tədbirlərin keçirilməsi ənənə halını alıb. Kollecin kitabxanasında müxtəlif tərbiyəvi və vətənpərvərlik mövzularında disputlar və sual-cavab gecələri keçirilir. Tarxi günlərdə, idman bayramlarında yarışlar təşkil edilir ki, burada da tələbələr daha fəal iştirak edirlər. İdmançı tələbələrimiz müxtəlif idman növləri üzrə rayon, zona və respublika yarışlarında çıxış edirlər.
Tələbələr arasında hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində işləri daim diqqət mərkəzində saxlamaq bizim bir nömrəli vəzifəmizdir. Bu məqsədlə kollecdə hərbi-vətənpərvərlik mövzusunda söhbətlərin aparılması ilə yanaşı foto-stend və guşələr də yaradılıb. Milli Ordumuzun qüdrətini nümayış etdirən foto-stend və Milli Qəhrəmanlar guşəsi də tələbələrin təşəbbüsü və gücü ilə həyata keçirilib. Azərbaycanın müasir tarixinə adını qızıl hərflərlə yazdırmış bir neçə şəxsiyyət var ki, onların cəsarəti, vətənpərvərliyi və fədakarlığı uzun illər boyu xalqın yaddaşında yaşayacaq. Bu adların sırasında xüsusi bir yer tutan Mübariz İbrahimov təkcə Azərbaycanın deyil, bütün türk dünyasının fəxri, igidlik və əyilməzlik rəmzidir. Onun həyatı və qəhrəmanlığı Azərbaycan gənclərinə Vətən sevgisinin, mərdliyin və əzmkar olmağın ən bariz nümunəsi kimi göstərilir. “Astara şəhidləri” adlanan stenddə şəhidlərimizin fotoları əks olunub. Keçirilən bütün tədbirlərdə Qarabağ müharibəsi veteranları, döyüşçüləri və qaziləri iştirak etməsin. Onların iştirakı indiki gənclərə - tələbələrə bir növ örnəkdir. Şəhid valideynləri tez-tez kollecə dəvət olunur və onlarla görüşlər təşkil edilir.
Bütün tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir, dövlət himni səsləndirilir.
Şair və yazıçıların, görkəmli sənət adamlarının yubileyləri ilə əlaqədar ədəbi-bədii gecələr tələbələrimizin təşəbbüsü və fəal iştirakı ilə keçirilir. Tədbirlərin keçirildiyi məkanın dekorasiyasından tutmuş ssenariyə qədər bütün məsələlər tələbələrin bilavasitə iştirakı ilə həyata keçirilir.
Qrup rəhbərləri, psixoloq, metodist və şöbə müdirlərinin iştirakı və rəhbərliyi ilə tələbələr arasında tərbiyə, iqtisadi, səhiyyə, gigiyenik və hüquqi mövzularda söhbətlər aparılır. Tələbələrin iştirakı ilə dəyirmi masa, seminar və konfranslar təşkil edilir. Burada əsasən müasir dövrün aktual mövzuları barədə söhbətlər edilir.
Kollecin ərazisində qızlar yataqxanası var. Onların asudə vaxtlarının daha mənalı və daha maraqlı keçirilməsin təmin etmək məqsədi ilə tədbirlər planı işlənib hazırlanıb. Onlar bir an belə diqqətdən kənarda qalmırlar. Yataqxanada və həyətində müxtəlif mövzularda tədbirlər keçirilir ki, bu da onların asudə vaxtlarının səmərəli keçməsinə şərait yaradır.
Kollecin kitabxanası tələbələrin ən çox müraciət etdiyi sevimli məkanlardandır. Tələbələr kitab və dərsliklərdən əlavə kitabxanada qoyulmuş kompüterlərdən də istifadə edir, verilən tapşırıqları yerinə yetirirlər. Kitabxanada həmçinin bədii əsərlərin oxusu və müzakirələri keçirilir. Tələbələrimiz təkcə kollecin kitabxanası ilə kifayətlənmir, rayon Mərkəzi Kitabxanası ilə də sıx əlaqə saxlayırlar. Mərkəzi Kitabxanada keçirilən tədbirlərdə iştirak edən tələbələr xalqımızın milli-mənəvi, bəşəri dəyərlərinin təsvir olunduğu bədii əsərlərin oxunuşunda və müzakirəsində iştirak edirlər. “Hərəyə bir ağac əkək” devizi altında yaşıllaşdırma aksiyalarında tələbələr yaxından iştirak edirlər. Təkcə mart-aprel aylarında kollecin həyətində tələbələrin gücü ilə müxtəlif adda ağaclar, kollar, gül-çiçəklər, sitrus ağacları, digər bitkilər əkilib, həyətdə səliqə-sahman yaradılıb.
Təhsilin idarəedilməsində aşkarlıq və şəffaflıq prinsipinin prioritet təşkil etməsi günümüzün çox vacib və aktual məsələsidir. Bu prinsip demokratiyanın təzahürü olub, bir-birilə sıx bağlıdır. Aşkarlıq görülən işlərin, aparılan yoxlamaların, müzakirə və qərarların gizlin yox, aşkar şəkildə olmasını, kollektivə vaxtında məlumat verilməsini nəzərdə tutur.
Aşkarlıq - hər şeyin hamı üçün aydın və əlçatan olması deməkdir. Təcrübə göstərir ki, məxfilik işdəki qüsurların daha da dərinləşməsinə səbəb olur və ictimai bəlaya çevrilir. Aşkarlıq olmayan yerdə təlim-tərbiyə işlərinin vəziyyətini düzgün müəyyənləşdirmək, pedaqoji kollektivin, yaxud ayrı-ayrı müəllimlərin və ya tərbiyəçilərin fəaliyyətini lazımi şəkildə qiymətləndirmək, işdə müvəffəqiyyətə nail olmaq mümkün deyildir. Şəffaflıq məktəbin müxtəlif fəaliyyət sahələrinin, xüsusən, maliyyə-təsərrüfat fəaliyyətinin kollektivə, cəmiyyətə açıq olmasında özünü göstərir.
2024-cü ilin yanvarından etibarən kollecin idarəedilməsində, kollokvium və imtahanların təşkilində aşkarlıq və şəffaflıq prinsipinin həyata keçirilməsində çox mühüm addımlar atılıb. Onlardan yalnız iki faktı xüsusilə vurğulamaq istərdim:
1. Kollecimiz respublika kollecləri arasında ilkə imza ataraq tələbələrə kollokvium tarixlərini şəxsi kabinetləri vasitəsilə sərbəst seçmək imkanı yaradır və tələbələr bu prosesi ekollec.az (tələbələr üçün şəxsi kabinet) şəxsi kabinetləri üzərindən rahat şəkildə həyata keçirirlər. Bu yanaşma tələbəyə seçimi və vaxtı planlamaqda daha çox sərbəst olmağa imkan verir. Əvvəlki sistemdə rast gəlinən əlavə çətinliklər - cədvəllərin hazırlanması, otaqların uyğunlaşdırılması, tələbələrin bir qrupdan digərinə daşınması, biletlərin əl ilə yazılması, yoxlanılması və s. vaxt aparan proseslər artıq aradan qaldırılır. Yeni sistemin iş prinsipini əhatə edən bu proses çox sadə və şəffafdır, bütün mərhələlər tam aşkarlıq şəraitində keçir: tələbə şəxsi kabinetində fənni və kollokvium vaxtını seçdikdən sonra müvafiq otağa yaxınlaşır, biletini özü çap edir və fərdi qaydada cavablandırır. Kollec rəhbərliyinin əsas məqsədi tədris prosesinin daha şəffaf, çevik və aşkarlıq şəraitində səmərəli təşkilinə nail olmaqdır. Region kollecləri arasında tələbələrə şəxsi kabinet funksionallığı təqdim edən ilk təhsil müəssisəsi olaraq Astara Pedaqoji Kolleci öncül sıradadır. Artıq kollokviumların bu formada aparılması öz müsbət nəticələrini verib. Imtahanların da yeni qaydada tətbiq edilməsi üzərində aparılan işlər müvəffəqiyyətlə başa çatıb.
2. 2024/2025-ci tədris ilində imtahanlarının keçirilməsində kollec növbəti mühüm bir yeniliyə imza atıb. Beləki imtahanlar da kollecdə yaradılmış ekollec.az (tələbələr üçün şəxsi kabinet) üzərində tələbələrin vaxt seçimi əsasında təşkil olunur. Tələbələr artıq şəxsi kabinetləri vasitəsilə imtahan vaxtlarını özləri təyin edə bilir və yalnız təyin etdikləri vaxtdan etibarən imtahanlarda iştirak edirlər. Bu yanaşma tələbələrin məsuliyyət hissini artırmaqla yanaşı imtahan prosesində effektivliyi, obyektivliyi, aşkarlığı maksimum dərəcədə qorumağı hədəfləyir. Bu sistem bu gün bir çox nüfuzlu ali təhsil müəssisələri tərəfindən uğurla tətbiq olunmaqdadır. Bu mexanizm imtahanların obyektivliyini təmin etmək baxımından ən yaxşı nümunələrdəndir. Tələbə təyin etdiyi vaxtda imtahan zalına gəlir, kompüter vasitəsilə imtahan biletini çap edir və dərhal imtahana başlayır. Bu dəyişiklik yalnız texniki yenilənmə deyil, həm də tədris prosesində şəffaflığın, ədalətin və tələbəyönümlü yanaşmanın təcəssümüdür. Əminliklə deyə bilərik ki, bu addım tələbələrin uğurlarına töhfə verəcək, həm də kollecdə daha müasir və keyfiyyətli imtahan mühiti formalaşdıracaq.
Astara Pedaqoji Kollecinin rəhbərliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin orta ixtisas təhsil müəssisələri qarşısında qoyduğu tələblərə uyğun olaraq tələbələri dövrün tələbləri səviyyəsində formalaşdırmaq üçün lazımi tədbirləri həyata keçirir. Bu məqsədlə gəncləri Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına sədaqət və Dünya Azərbaycanlılarının lideri möhtərəm Prezidentimiz İlham Əliyev ruhunda böyütmək, hərtərəfli biliyə, bacarığa, yüksək intellektual mədəniyyətə, xalqının soykökünə, ali mənəvi dəyərlərə malik, dönməz əqidə və məslək sahibi olan, xalqını, torpağını və yurdunu sevən, onun azadlığı və tərəqqisi uğrunda mübarizə aparmağı bacaran gənclər yetişdirmək üçün tədbirlər həyata keçirilmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2025-ci il “Suverenlik və Konstitusiya ili” elan edilmişdir. Bu münasibətlə kollecdə tədbirlər planı hazırlanmış və tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Əlamətdar günlərin, tarixi hadisələrin, tanınmış insanların yubileylərinin kollecdə qeyd edilməsi də daim diqqət mərkəzində olan məsələlərdəndir.
Keçirilən tədbirlər və görülən əməli işlər kollecdə idarəetmə sahəsində aparılan dəyişikliklər uğurlu nəticələrin qazanılmasına şərait yaradıb. Biz bu uğurlarla, təbii ki, kifayətlənmirik və daha mühüm nailiyyətlər əldə etmək üçün bütün qüvvələrimizi səfərbər edəcəyik.
Günümüzün reallıqları sübut edir ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilin inkişafı istiqamətində aparılan işlər Azərbaycan xalqının xoşbəxt gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir.
2025-ci il - Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü, Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”dir. Hələ qarşıda bu yubileylərlə əlaqədar çoxlu tədbirlər həyata keçiriləcək.
Artıq neçə müddətdir ki, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini – Vətən müharibəsindəki Qələbənin qürurunu yaşayır. Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad olmuş ərazilərdə dövlətimizin üçrəngli bayrağını ucaltması, Şuşa və Ağdam məscidlərinin minarələrindən azanların səslənməsi İlahi ədalətin bərpası deməkdir. Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana, Ali Baş Komandana və əlbəttə, şəhidlərimizə sonsuz minnətdarlıq edirik.
Dövlət başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində 2020-ci ilin payızında Azərbaycanın dövlətçilik qüdrəti tarixə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq, xalqımızın 30 illik həsrətinə son qoydu. Ali Baş Komandanımızın siyasi iradəsi, qətiyyəti və sərkərdəlik qüdrəti sayəsində tarixi Zəfər qazanıldı. Yüz illər ötəcək, amma bu Zəfər tarixdən silinməyəcək.
2022-ci ilin avqust, sentyabr və 2023-cü ilin antiterror əməliyyatı ilə bağlı hadisələri də təsdiqlədi ki, İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan Ordusunun qüdrətidir. Güclü Azərbaycan Ordusu ölkəmizin dövlət müstəqilliyini qorumağa qadirdir.
Özünəməxsus ənənələrə əsaslanan Astara Pedaqoji Kolleci öz fəaliyyəti dövründə daim yeniləşərək, müasir metodları tətbiq edərək ölkə təhsilinin çağdaş inkişaf mərhələsində öncül yerlərdə qəraq tutacaqdır.
Biz də təhsil işçiləri olaraq Azərbaycan Respublikasının güclü, qüdrətli və inkişaf etmiş bir dövlətə çevrilməsi istiqamətində görülən işlərə öz sanballı töhfələrimizi verməyə çalışacağıq.
Astara Pedaqoji Kolleci
PHŞ-nin direktoru:
fil.e.d Kamran Kazımov
Tarix: Dünən, 18:04
Xəbəri paylaş