Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADPU Şamaxı filialı - 30 ilin uğuru
































 Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş  müstəqil Azərbaycan bu gün  dünya  birliyinə  inteqrasiya istiqamətində  çox  ciddi  addımlar  atmış ən qabaqcıl ölkələrdən biri  kimi  tanınmış,  iqtisadi inkişaf  tempinə  görə lider ölkələr sırasında dayanmışdır. Uğurla aparılan daxili  və xarici siyasətin nəticəsidir ki, ölkəmizin nüfuzu  bütün dünyada  artmaqdadır. Bu gün Azərbaycan təhsili də dünya təhsilinə  inteqrasiya edir. Müstəqil  Azərbaycan Respublikasında  təhsilin strateji hədəfləri sırasında insan kapitalının inkişafına şərait yaradan səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrasturuktura malik, keyfiyyət səviyyəsinə görə dünyada öncül mövqe tutan təhsil sisteminin, o cümlədən ali təhsilin formalaşdırılması ön planda durur.    Ölkəmizdə elmi-pedaqoji  fikrin, maarif və  milli  mədəniyyətin inkişafını  öz  çiyinlərində  daşıyan ali təhsil  müəssisələrindən  biri – Azərbaycan Dövlət Pedaqoji  Universitetinin 100 yaşı  tamam  olur.  Keçən əsrin 20-ci  illərinin  sonlarından  fəaliyyətə başlayıb öz işini  uğurla  davam  etdirən, ölkəmizdə pedaqoji  kadr  hazırlığını  həyata keçirən bu qocaman təhsil müəssisəsi ötən tarixi dövr ərzində  böyük inkişaf yolu keçərək milli təhsilimizin inkişafında  xüsusi  yer tutmuş, 5 (beş) filialı və 1 (bir) kolleci ilə  ölkəmizin ən nüfuzlu ali  məktəblərindən birinə  çevrilmişdir.
2021-ci ildə  respublikamızın  dilbər guşələrindən  biri olan Şamaxı  şəhərində  yerləşən  ilk  ali  təhsil  müəssisəsinin,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı  filialının  fəaliyyət  göstərməsinin 30 ili  tamam olur. Bu məqsədlə  ADPU-nun rektoru, professor Cəfər Cəfərov tərəfindən “Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının  30 illik yubileyinin qeyd edilməsi haqqında”  5 may 2021-ci il tarixdə  3/40 nömrəli əmr imzalanmışdır.
ADPU-nun Şamaxı filialı 1991-2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, 2000-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun filialı kimi fəaliyyət göstərmişdir. 2015-ci ildən isə Azərbaycanda ali təhsilin,  ümumi təhsilin, elmin və mədəniyytin inkişafında əvəzsiz xidmətləri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı olaraq fəaliyyətini davam etdirməkdədir. 
ADPU-nun Şamaxı filialı olaraq məqsədimiz  tələbələrimizə pedaqoji sahədə ən yaxşı təhsil və ən müasir bilikləri vermək, məzunlarımızın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə olan karyera imkanlarından faydalanmaları üçün lazımi bilik və qabiliyyətlər əldə etmələrini təmin etmək və rəqabətə davamlı təhsil bazası yaratmaqdır. 
ADPU-nun Şamaxı filialının vizionu ölkədə və regional səviyyədə tanınan, təhsil sahəsində güclü əlaqələr qurub, daha çox iş və karyera imkanları yaradan, yüksək təhsil standartına sahib olan filial  olmaqdır. 
2012-ci ilin may ayından filiala filologiya üzrə fəlsəfə doktoru, dosent  Yusifova Tünzalə Vəli qızı rəhbərlik edir. Elə həmin ildən filialın Tədris və elmi işlər üzrə direktor müavini vəzifəsində fəlsəfə doktoru Şasəddin Mikayılov, 2019-cu ildən yeni ştat cədvəli üzrə Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində baş müəllim Şəlalə Seyidova çalışır. 
Filialda fəaliyyət göstərən strukturlar:
“Tələbə və tədrisin idarə olunması şöbəsipedaqoji  fakültədə və kafedralarda tədris işlərini təşkil edir, tədris yüklərinə dair tapşırıqların müvafiq bölmələrə çatdırılmasını, kafedralar üzrə professor-müəllim heyətinin  dərs yükünün bölünməsini, təsdiqini və yerinə yetirilməsini, tədrislə bağlı bütün statistik məlumatların hazırlanmasını və aidiyyati orqanlara  göndərilməsini təşkil edir. Şöbənin nəzdində Pedaqoji təcrübə bölməsi və Karyera mərkəzi fəaliyyət göstərir. 
Pedaqoji təcrübə zamanı yeni təlim metodlarından geniş istifadə olunur. Tələbələrin pedaqoji təcrübəyə hazırlığında elmi-nəzəri və metodik biliklərə dərindən yiyələnməsində, xüsusən tədrisin humanist və demokratik əsaslarla aparılmasına xüsusi diqqət yetirilir. Artıq son illər ali təhsil müəssisələrində fəal təlim metodlarına-interaktiv təlim üsullarına geniş yer verilir. Yeni pedaqoji-psixoloji ideyalar həyata keçirilir, pedaqoji təfəkkür yeniləşir. 
Karyera mərkəzinin yaradılmasında başlıca məqsəd tələbələrin filialda hərtərəfli təhsil alması,  intelektual və mədəni inkişafı, peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi ilə yanaşı məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilatı,  texniki, informasiya və maarifləndirmə tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Tələbələrə karyeralarının planlaşdırılmasına istiqamət vermək, onları İş Dünyasına hazırlamaq, Filial-İş Dünyası əlaqələrini formalaşdırmaq və inkişaf etdirmək, Şamaxı filialının çoxsaylı məzunları ilə əlaqə saxlamaq, elektron məlumat bazasını daim yeniləşdirmək, və məzunlarla görüşlərin təşkili mərkəzin əsas vəzifələrinə daxildir. 
Filialın Pedaqoji fakültə dekanlığı 10 noyabr 1997-ci il tarixli Azərbaycan Respublikasının “Ali təhsil müəssisəsinin fakültəsi” və “Ali təhsil müəssisəsinin Fakültə Elmi Şurası” haqqında əsasnaməsinə və müvafiq normativ hüquqi sənədlərə əsasən fəaliyyət göstərir.
Fakultədə bakalavr təhsil pilləsi üzrə aşağıdakı ixtisaslarda kadr hazırlığı aparılır: 
1.Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
2.İbtidai sinif müəllimliyi 
3.Riyaziyyat və informatika müəllimliyi 
4.Tarix və coğrafiya müəllimliyi
5.Məktəbəqədər təhsil
6.Təhsildə sosial-psixoloji xidmət
Bakalavr təhsil pilləsi üzrə filialda 584 tələbə təhsil alır. 
Pedaqoji fakültənin tərkibində 3 (üç) kafedra fəaliyyət göstərir. 
1.Riyaziyyat və kompüter elmləri  kafedrası
2.Sosial və pedaqoji elmlər kafedrası
3.Dil-ədəbiyyat və onların texnologiyası kafedrası. 
Gələcək yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün filialda 36 nəfərlik professor-müəllim heyəti çalışır. Onlardan 4 nəfər dosent, 6 nəfər fəlsəfə doktoru (həmçinin baş müəllim), 6 nəfər baş müəllim və 20 nəfər müəllimdir.
Həmçinin tədrisin keyfiyyətinin artırılması məqsədilə ölkənin digər nüfuzlu ali təhsil müəssisələrindən yüksək elmi potensiala malik 17 nəfər müəllim dəvət olunur ki, onlardan 1 nəfər professor, 6 nəfər dosent, 4 nəfər fəlsəfə doktoru və 6 nəfər müəllimdir. 
Fiberoptik şəbəkə ilə internet xəttinə qoşulmuş,kompüterlərlə,elektron lövhələrlə təchiz olunmuş auditoriyalar, kitabxana və oxu zalları tələbələrin istifadəsinə verilmişdir.
Riyaziyyat və kompüter elmləri kafedrası filialın aparıcı kafedralarından biridir. Kafedrada təhsilin keyfiyyətini  və müasirliyini  bərpa etmək məqsədilə  mütəmadi olaraq  monitorinqlər keçirilir. Monitorinqin  nəticələri araşdırılır və müzakirə olunaraq tədbirlər görülür.  Kafedra  müasir təhsil sisteminin tələblərinə uyğun yüksək ixtisaslı  mütəxəssislərin hazırlanması prosesində riyaziyyat və informatika elmlərinin  müxtəlif sahələrini əhatə edən 57–dən çox fənnin tədrisini həyata keçirir.
Universitetin bütün elmi-tədris strukturları kimi Riyaziyyat və kompüter elmləri  kafedrası da  öz fəaliyyətini iki  istiqamətdə - elmin inkişafı və tədris prosesinin təkmilləşdirilməsi  yönümündə  qurmuşdur. Mövcud olduğu illər ərzində kafedranın  əməkdaşları tərəıfindən  müvafiq  sahələr üzrə  çoxlu sayda  elmi  tədqiqatların  aparılması  və onların  nəticələrinin tədris prosesində  istifadə olunmasına səy  göstərilməsi  onu  göstərir ki,  kafedra  qarşısına  qoyduğu  məqsədlərə nail  olmaq  istiqamətində əzmkarlıqla  çalışır. Kafedra əməkdaşları respublika və beynəlxalq konfranslarda fəal şəkildə iştirak edirlər. Son  illərdə kafedra üzrə 100-dən çox məqalə və tezis, 3 monoqrafiya və 10-dan çox proqram çap olunmuşdur.
Riyaziyyat və kompüter elmləri  kafedrasında  vaxtaşırı  tədbirlər keçirilir.  2021-ci ilin “Nizami İli” elan olunması ilə əlaqədar 19 mayda ADPU-nun Şamaxı filialı “Riyaziyyat və kompüter elmləri”  kafedrası və AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə birgə təşkil etdiyi “Nizami Gəncəvi əsərlərində kosmoloji modellər” adlı elmi praktik konfrans keçirilmişdir.
Sosial və pedaqoji elmlər kafedrasıdövlətin təhsil sahəsində siyasətini əsas  götürərək yetişməkdə olan  gənc nəslə biliklərin əsaslarını mükəmməl şəkildə öyrətməyi bacaran  müəllimlərin yetişdirilməsi  kimi mühüm vəzifələri yerinə yetirməyə çalışır. Kafedrada 80-dən çox fənnin tədrisi həyata keçirilir.Son 5 ildə kafedra əməkdaşları tərəfindən 10-dan artıq yaxın dərslik və dərs vəsaiti çap olunub.
Sosial və pedaqoji elmlər kafedrasının əsas missiyası – XXI əsrin qlobal innovasiya dəyişiklikləri və çağırışları şəraitində milli və beynəlxalq səviyyədə səmərəli pedaqoji fəaliyyəti həyata keçirə biləcək, peşəkar biliklərə, müasir bacarıqlara və zəruri səriştələrə malik olan yeni nəsil mütəxəssislərin yetişdirilməsidir.Tələbələrimizə pedaqoji sahədə  müasir təhsil  verməkləlazımi bilik və qabiliyyətlər əldə etmələrini təmin etmək və rəqabətə davamlı təhsil bazası yaratmaqdır. Tələbələrimizin hərtərəfli inkişafı,  şəxsiyyət kimi təkmilləşmələri, ümumbəşəri dəyərləri mənimsəməklə yanaşı, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən, milli ruhda yetişmələridə bizim üçün əhəmiyyətlidir.Bu səbəbdən, fəaliyyətimizi qabaqcıl universitetlərinin təcrübəsindən, eləcə də müasir tədris metodlarından istifadə etməklə, çağdaş tələblərə cavab verən və eyni zamanda milli dəyərlərə sadiq mütəxəssislər hazırlamaq istiqamətində qurulmuşdur.
Kafedra profilinə uyğun olaraq il ərzində dövlət əhəmiyyətli günlərə həsr olunmuş tədbirlərin, elmi-praktik konfransların, dəyirmi masaların təşkilində yaxından iştirak edir.
Dil- ədəbiyyat və onların tədrisi texnologiyasıkafedrası ali təhsilin bakalavriat pilləsində  “Dil-ədəbiyyat” istiqaməti üzrə əsas aparıcı ixtisas kafedrasıdır.Kafedra  müasir təhsil sisteminin tələblərinə uyğun yüksək ixtisaslı  mütəxəssislərin hazırlanması prossesini ədəbiyyatşünaslıq və  dilçiliyin  müxtəlif sahələrini əhatə edən 40–dan çox fənnin tədrisini həyata keçirir.
Kafedranın tədris etdiyi fənlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən tədris olunur. Kafedra  əməkdaşları  tədris olunan fənlər  üzrə keyfiyyət  və səmərəliliyi  artırmaq məqsədi ilə mütəmadi olaraq respublikanın tanınmış mütəxəssislərinin  iştirakı ilə elmi  seminarlar keçirir, tələbələrə təhsil müddətində qazanılmış biliklərin real həyatda istifadəsi yollarını öyrədir. Kafedra nəzəriyyə və praktika  arasında vəhdət  qurmağa  çalışır, bunu öz fəaliyyətinin hədəfi hesab edir.
 Filialın kitabxanası öz fondunu dövlət nəşriyyatı və digər hüquqi şəxslər tərəfindən çap olunan ədəbiyyatlar, dərslik və dərs vəsaiti, həmçinin ADPU-nun və filialın fəaliyyət istiqamətinə uyğun olan lazımi qəzet və jurnallarla zənginləşdirir. Hazırda kitabxananın fondu  31 mindən çox nüsxədən ibarətdir. Fonddakı kitabların 13 mindən çoxu dərslik və dərs vəsaitindən,  8 mindən çoxu bədii ədəbiyyatdan, 10 mindən çoxu siyası ədəbiyyatdan, qalanları isə digər nəşrlərdən ibarətdir.
Filialda fəaliyyət göstərən Kompüter mərkəzi elmi və tədris işlərinin kompüterləşdirilməsini, internet və şəbəkə texnologiyalarının qurulması zamanı yaranan problemlərin aradan qaldırılmasını, tədris prosesini asanlaşdıran lazımi proqramların yüklənməsini və düzgün istifadəsini təmin edir, müəllimlərin İKT sahəsində bacarıqlarının artıqıması məqsədilə təlimlər təşkil edir, dərslərin təşkilində texniki dəstək göstərir və video çəkilişləri təmin edir.
Filialın Həmkarlar İttifaqı Komitəsi öz fəaliyyətini Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizamnaməsi, Əmək Məcəlləsi və direktorluqla   bağlanmış kollektiv müqavilə əsasında təşkil edir.
Təşkilatın tərkibinə  filialda fəaliyyət göstərən 100-ə yaxın professor-müəllim heyəti, laborant və texniki içşi daxildir. Komitə, əsasən ittifaq üzvlərinin sosial problemlərinin, hüquqlarının müdafiəsi ilə yaxından məşğul olur, onların müalicə və istirahətlərinin daha yaxşı təşkilinə kömək edir. 
ADPU-nun Şamaxı filialının  elmi-tədqiqat fəaliyyəti
ADPU-nun Şamaxı filialında professor –müəllim  heyəti  elmi tədqiqat işlərində  xeyli uğurlu  nəticələr əldə  ediblər. Təkcə 2021-ci ildə  filial əməkdaşları  tədris üçün  zəruri 3 dərs  vəsaiti,1 monoqrafiya, 1 dərslik, 43 elmi və elmi-metodik məqalə, 1 metodik vəsait, 5  konfrans tezisi hazırlayaraq nəşr etdirmişlər. Filialda fəaliyyət göstərən Tələbə  Təşkilatları gənclər siyasəti sahəsndə aparılan işlərin əsas hərəkətverici qüvvəsidir.  
Qeyd edək  ki, filial tələbələri nəinki filial daxilində, həmçinin rayon, respublika və beynəlxalq səviyyəli tədbirlərdə də fəal iştirak edirlər və qatıldıqları bütün tədbirlərdən diplom və digər mükafatlarla geri dönürlər.

ADPU-nun Şamaxı filialı təhsil sahəsində aparılan islahatlara qoşulmağı hədəf olaraq müəyyən etmişdir. 2019-cu ildən Regional İnkişaf İctimai Birliyinin “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində İnklüziv Təhsil Mərkəzi fəaliyyətə başlamışdır.  Mərkəzdə layihə çərçivəsində təlim və seminarlar keçirilmişdir. Hazırkı dövrədək mərkəzdə filialın bütün professor-müəllim heyəti, buraxılış ili tələbələri, Şamaxı rayon və kəndlərindən 50 nəfər məktəb direktoru maarifləndirici təlimlərdən, 225 nəfər ibtidai sinif müəllimi isə ixtisasartırma təlimlərindən və 100-dən artıq valideyn maarifləndirici seminarlardan keçmişdir.
2017-ci ildən başlayaraq UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən icra edilən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinə də qoşulan filial bu sahədə də qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir.
ADPU-nun Şamaxı filialının  respublikanın  bir sıra  nüfuzlu ali  məkrtəbləri ilə yanaşı  Türkiyə, Makedoniya, İtaliya və Gürcüstan Respublikasının nüfuzlu ali  məktəbləri  ilə əməkdaşlıq əlaqəsinin nəticəsidir ki,  filialda 17-18 may 2017-ci il  tarixlərində  “III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu” keçirilib. Növbəti il Türkiyə Respublikasının Amasiya şəhərində həmin simpoziumun  davamı olaraq keçirilən  tədbirdə filialın əməkdaşları da iştirak ediblər. ADPU-nun təşkilatçılığı ilə Şamaxı filialında  2 iyun 2018-ci il tarixində  respublika səviyyəli “Müəllim, məni yaradıcılığa ruhlandırır!” mövzusunda  keçirilən “Pedaqoji oxu”da respublikanın 12 rayonundan ümumilikdə  200  nəfər qabaqcıl təhsil  işçisi iştirak etmişdir. 
Azərbaycan Dövlət Pedaqoji Universitetivə onun Şamaxı filialının birgə təşkilatçılığı ilə“Türkdilli xalqların elmi-mədəni əlaqələri müasir mərhələdə:tarixi ənənə və perspektivlər”Respublika elmi konfransı29-30 oktyabr 2021-ci il tarixlərində ADPU-nun Şamaxı filialında keçirildi. Pandemiya şəraiti nəzərə alınaraq konfransda məqalə ilə çıxış edən və eləcə də dəvət olunmuş qonaqlar onlayn, filial əməkdaşları isə oflayn formatda konfransda iştirak edirdilər.Filialda keçirilən bütün tədbirlərdə olduğu kimi filialın tələbələri öz töhfələri ilə konfransa rəng qatdılar.
Qeyd edək ki, filialda keçirilən bütün elmi və mədəni-kütləvi  tədbirlərin  məqsədi  ölkəmizdə  gənc nəslin  vətənpərvər, müasir dünyagörüşlü bir şəxsiyyət  yetişdirilməsinə  xidmət edir. Bunun nəticəsidir ki,  filialın  məzunları 44 günlük Vətən müharibəsində  könüllü  olaraq  iştirak  etmişdir. Məzunlardan Orxan  Nəbiyev və Elgün Quliyev  torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə  qəhrəmancasına  şəhid  olmuşlar. 
Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatan Vətən müharibəsi ADPU-nun Şamaxı filiialının kollektivi tərəfindən böyük qürur hissi ilə dəstəkləndi. 
44 günlük Vətən Müharibəsi zamanı ön cəbhəyə göstərdiyi xüsusi dəsətəyə görə ADPU-nun Şamaxı filialının direktoru, dos.Tünzalə Vəli qızı Yusifova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşdur.
Filialımız milli  düşüncəli, azərbaycançılıq məfkurəsinə sədaqətli gənclərin tərbiyəsində ən qabaqcıl  metod və  vasitələrdən istidadə etməklə, yüksək  təhsilli  pedaqoji kadrların  hazırlanması  kimi  strateji  məqsədi əsas  götürüb. Bu gün ölkənin dörd bir yanında fəaliyyət göstərən məzunlarımız arasında tanınmış elm adamları, ali və orta ixtisas müəssisələrində müəllim və bölmə rəhbərləri, məktəbəqədər təhsil və ümumtəhsil müəssisələrinin direktorları və müavinlər, bundan başqa müxtəlif dövlət və özəl qurumlarda çalışanlar vardır. Məzunlarla mütəmadi təşkil olunan görüşlərdən də məlum olur ki, Şamaxı filialının fəaliyyəti onun məzunlarının gələcək fəaliyyəti üçün mayak rolunu oynayır. 
Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının  professor-müəllim heyəti müasir təfəkkür  tərzinə, yeni təlim-tərbiyə texnologiyalarına, yüksək peşə və ixtisas hazırlığına malik müəllim hazırlamaq işini özlərinin  ən vacib  vəzifələri  hesab edirlər. 
Bu gün kollektivimiz möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan təhsilinə, təhsil işçilərinə diqqət və qayğısına cavab olaraq elmdə, təhsildə daha böyük uğurlar qazanmaq üçün gərgin elmi-pedaqoji axtarışlarını inamla davam etdirirlər.
Firidə Mustafayeva,  
ADPU-nun Şamaxı filialının riyaziyyat və kompüter elmləri kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru


Tarix: 17-01-2022, 22:11

Xəbəri paylaş