Azərbaycan Xalq Cümhuriyyəti və ordu quruculuğu
Mehman Süleymanov,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin hərb tarixi üzrə dosenti, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. Xalq Cümhuriyyəti Azərbaycanın XX əsr tarixinin parlaq səhifələrindən biridir. Bu işlərin və əldə edilmiş nəticələrin öyrənilməsi, ümumiləşdirilməsi həm dövrün tarixinin tədqiqi, həm də ordu quruculuğu sahəsində ənənənin bərpası və ondan düzgün nəticə çıxarılması baxımından elmi və praktiki əhəmiyyətə malikdir.
Azərbaycanın istiqlaliyyətinin elan olunduğu tarixi şərait, onun qərar tutduğu bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyinə real dayaq ola biləcək ordunun formalaşdırılmasını tələb edirdi.
Hələ Türkiyə hərbi qüvvələri Azərbaycanda olarkən başlamış ordu quruculuğunu yenidən canlandırmaq və onu daha səmərəli aparmaq üçün 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabrın 1-də imzalandı. Yeni şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə Hərbi Nazirliyin üzərinə düşməli idi. Bu struktur hökumətin qarşısında dayanan tarixi vəzifələrin həllində çox mühüm rol oynadığından ona rəhbərliyi ilk vaxtlar Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski öz üzərinə götürdü. Tam artilleriya generalı Səməd bəy Mehmandarov nazir müavini təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı.
Cəmiyyət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunun da özünəməxsus obyektiv qanunauyğunluqları vardır və bu qanunauyğunluqlara riayət edilməməsi ordunun formalaşdırılmasında ciddi çətinlik yarada bilər. Bütün dövrlərdə, bütün ordular üçün ümumi olan qanunauyğunluqlar, eyni zamanda, milli ənənələrdən, xalqın mənəvi potensialından, ölkənin iqtisadi, siyasi, demoqrafik imkanlarından, coğrafi vəziyyətindən və s. irəli gələn xüsusiyyətləri də əhatə edir. Ordu quruculuğu üçün ümumi cəhətlər çoxluq təşkil etsə də, hər bir ölkədə bu prosesin həmin ölkəyə xas olan xarakterik xüsusiyyətləri də vardır. Azərbaycan Xalq Ordusunun qısa vaxt ərzində formalaşdırılmasının əsas səbəblərindən biri də bu idi ki, həmin prosesə rəhbərlik edən şəxslər ümumi nəzəri dəyərlər və əldə olan təcrübə ilə ordu quruculuğunun Azərbaycan şəraitindən irəli gələn xüsusiyyətlərini çox incəliklə və üzvi şəkildə birləşdirə bilmişdi. Hərbi Nazirlik bərpa edildikdən sonra bu istiqamətdə müəyyən çətinliklər də mövcud idi. Bir tərəfdən türk qoşunları Azərbaycanı yenicə tərk edirdilər. Cümhuriyyət ordusu quruculuğunun ilkin mərhələsi türk hərbçilərinin rəhbərliyi altında aparıldığından ordu daxilində onların dəst-xətti qalmaqda idi. Digər tərəfdən Cümhuriyyət ordusunda xidmət edən yüksək rütbəli zabitlərin, demək olar ki, hamısı xidməti çar ordusu sıralarında keçmişdilər və rus ordusunun ənənələri ruhunda tərbiyə olunmuşdular. Cümhuriyyət ordusunun milli dəyərlər üzərində formalaşdırılması üçün, ilk növbədə, bu təsirlərin Azərbaycan şəraitinə uyğun gəlməyən tərəfləri aradan qaldırılmalı idi. Həmin problem Hərbi Nazirliyin mövcud olduğu təxminən ilyarım ərzində ardıcıl olaraq həll edildi. Ordu quruculuğuna türk və rus təcrübəsinin güclü təsirə malik olmasına baxmayaraq, Azərbaycanda milli zəminə söykənən bir ordu formalaşdırıldı və proseslərin sonrakı inkişafı da qonşu dövlətlərin ordu quruculuğu təcrübəsinin kor-koranə təkrarlanmamasının doğruluğunu təsdiqlədi.
1918-1920-ci illərdə Azərbaycanda ordu quruculuğunun başlıca aspektlərindən biri bu fəaliyyət sahəsinin dövlət quruculuğunun mərkəzində dayanması idi. Müstəqilliyin qorunması üçün düzgün seçilmiş siyasi-strateji xətt ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə real zəmin yaratmışdı. Hərbi quruculuq məsələləri yeni cəmiyyət quruculuğunun bütün sahələri ilə sıx şəkildə tənzimlənir, bütün imkanların Azərbaycanın ərazi bütövlüyünün qorunmasına səfərbər olunması üçün təxirəsalınmaz və qəti addımlar atılırdı.
Həm ali qanunvericilik orqanı olan ölkə parlamenti, həm də icraedici orqan olan Nazirlər Şurası bu istiqamətdə öhdələrinə düşən vəzifələrə böyük məsuliyyətlə yanaşırdılar. Ölkə parlamenti mövcud olduğu dövrdə hərbi quruculuğun müxtəlif sahələri ilə bağlı 9 qanun layihəsini nəzərdən keçirmiş və müvafiq qərarlar qəbul etmişdi. Həmin qərarların hər biri dövlətin müdafiə gücünün artırılması üçün həm cari, həm də perspektiv əhəmiyyətə malik idi və bu qərarlar icraedici orqanların fəaliyyətinin istiqamətləndirilməsi üçün əsas kimi qəbul edilmişdi. Öz işini ölkə daxilində cərəyan edən proseslərlə sıx surətdə əlaqələndirən parlament dövlətin müstəqilliyinin qorunması sahəsində gərginlik yaradan məsələlərə dərhal reaksiya verir və bunları müzakirə obyektinə çevirirdi.
Hərbi Nazirliyin bərpa edilməsindən sonra, ilk növbədə, pərakəndə olan hissələri möhkəmləndirmək, onları vahid rəhbərlik altına gətirmək üçün mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə diqqət yetirildi. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Hərbi Nazirliyin təşkili barədə hökumət qərarından iki həftə sonra, noyabrın 15-də ordunun Ümumi Qərargahının (Qlavnıy ştab) təsis edilməsi barədə S.Mehmandarovun müvafiq əmri imzalandı.
Mudros müqaviləsinin şərtlərinə görə, müttəfiq dövlətlər adından Bakıya gəlməli olan ingilis qüvvələri komandanı general V.Tomson hələ Azərbaycana qədəm qoymamışdan əvvəl tələb edirdi ki, 1918-ci il noyabrın 17-dək türk qoşunları kimi Azərbaycan qoşunları da Bakını tərk etsinlər. Çünki Tomson Bakı şəhərini istər iqtisadi baxımdan, istərsə də hərbi-siyasi baxımdan mühüm strateji mərkəz sayırdı və ona nəzarəti tamamilə öz əlində saxlamaq istəyirdi. O, müstəqil Azərbaycan hökumətini tanımaq istəmədiyi kimi, onun nəzarəti altında olan hərbi qüvvələrə də etibar etmirdi. Ona görə 1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçdü və öz fəaliyyətini burada davam etdirdi. İngilis qoşunlarının komandanlığı Hərbi Nazirliyin Bakıdan kənarda fəaliyyət göstərməsinə etiraz etmirdi.
Bütün hökumət strukturlarının Bakıda yerləşdiyi halda, Hərbi Nazirliyin Gəncəyə köçürülməsi, şübhəsiz ki, bu strukturla hökumət orqanlarının əlaqələrində və bütünlüklə ordunun formalaşma prosesində çətinliklər yaradırdı. Bununla belə Hərbi Nazirliyin rəhbərliyinin səmərəli fəaliyyəti ordu quruculuğu prosesində bir ardıcıllıq yaratdı. Bu istiqamətdə düzgün siyasətin formalaşması və onun yerinə yetirilməsi üçün yüksək təşkilatçılıq işlərinin həyata keçirilməsi qısa zaman ərzində öz nəticəsini verdi. Həmin səmərəli fəaliyyətin nəticəsi idi ki, Cümhuriyyət ordusunun əsas qüvvələri də məhz Hərbi Nazirliyin Gəncədəki fəaliyyəti zamanı təşkil edilmişdi.
Hərbi Nazirlik yaradılana kimi mövcud olan hissə və birləşmələr başlıca olaraq Gəncədə və Qarabağda yerləşdirilmişdi. Bu da tarixi şəraitlə və qoşun hissələrinin icra etdikləri vəzifələrlə bağlı idi. Hərbi Nazirlik Gəncədə yerləşəndən dərhal sonra - 1918-ci il noyabrın 27-dən dekabrın 3-dək ordu rəhbərliyi Gəncə və Ağdam ətrafında yerləşən hərbi hissələrə səfər etdi və oradakı vəziyyətlə şəxsən tanış oldu. Hərbi nazir hələ türk qoşunları Azərbaycanda olarkən təşkil edilmiş bu hissələrdə çox ciddi nöqsanlarla rastlaşdı və bu nöqsanları ümumiləşdirərək xüsusi əmr imzaladı və hissə komandirlərindən belə nöqsanların aradan qaldırılmasını tələb etdi. Hər şeydən əvvəl hissə və bölmə komandirləri qarşısında vəzifə qoyuldu ki, müstəqil Azərbaycan Ordusunda xidmət edən bütün şəxslərin dərhal Azərbaycan Xalq Cümhuriyyətinə sədaqət andı içməsi təşkil olunsun.
1918-ci ilin sonu - 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edildi ki, bu da ordunun formalaşması prosesinə müsbət təsir göstərdi. Nazirlər Şurasının 1918-ci il 25 dekabr tarixli qərarı ilə tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir təyin edildi. Hökumətin 1918-ci il 29 dekabr tarixli qərarı ilə general-leytenant Ə.Şıxlinski hərbi nazirin müavini təyin edildi. Bu qərar da Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində hökumətin qəbul etdiyi dəyərli qərarlardan biri idi. Çünki onların təcrübəsi və biliyi orduda quruculuq işlərinin səmərəli xarakter almasına zəmin yaratdı.
Hərbi Nazirliyin rəhbərliyi ordu və dövlət arasındakı münasibətlərin mahiyyətini kifayət qədər dəqiqliklə müəyyənləşdirmiş və bütün fəaliyyəti boyu ona riayət etmişdi. S.Mehmandarov əmrlərində dəfələrlə qeyd etmişdi ki, ordu heç bir siyasətə qarışmamalı, ona tapşırılan vəzifələrin icrası ilə məşğul olmalıdır. Məhz bu tələbi rəhbər tutmağın nəticəsi idi ki, respublika hökumətinin bir neçə kabineti təşkil edilsə də, Hərbi Nazirliyin rəhbərliyi dəyişməz qalmışdı. S.Mehmandarov və onun silahdaşlarının prinsipiallığı, ardıcıllığı bütün kabinetlər tərəfindən yüksək qiymətləndirilmişdi. Yeni qurulan hökumətlərin rəhbərləri Hərbi Nazirliyin rəhbərliyini dəyişməz olaraq saxlamışdılar.
Hərbi Nazirliyin rəhbərliyi orduda xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirirdi. Qısa müddət ərzində Azərbaycan Ordusunun yeni qanunvericilik bazasının yaradılması mümkün olmadığı üçün hərbi nazirin 1919-cu ilin əvvəlində imzaladığı əmrlə 1917-ci il yanvarın 1-dək keçmiş Rusiya imperiyasında qəbul edilmiş hərbi qanunvericilik aktları qüvvədə saxlanılırdı. Buraya hərbi nizamnamələr, döyüş təlimatları, xidmətin bütün sahələrini tənzimləyən sənədlər, səfərbərlik, hərbi məhkəmə işlərinin aparılması üzrə təlimatlar və s. daxil idi. Ancaq bu qanunvericilik aktlarının Azərbaycan müstəqilliyi, milli orduda xidmətin bu və ya digər tələbləri ilə uyğun gəlməyən tərəfləri ləğv edilir və nazirin əmri ilə həmin məqamlar təkmilləşdirilir, ya da yenisi ilə əvəz edilirdi. Məsələn, nazir hələ 1918-ci il dekabrın 27-də 34 saylı əmri ilə hərbi qulluqçular arasında salamlaşmanın Azərbaycan dilində və azərbaycanlılar arasındakı salamlaşma ənənələrinə uyğun olaraq aparılmasını tələb edirdi. Yəni, salamlaşan şəxs “salam” deməli, qarşı tərəf isə “əleyküm salam” deyə cavab verməli idi. Əsgəri tərifləyərkən və ya ona minnətdarlıq bildirərkən “mərhəba” deyilməli, əsgər isə cavabında “çox sağ ol” deməli idi.
Azərbaycan dili orduda da dövlət dili elan edildi. Bununla bağlı hərbi nazir orduda xidmət edən qeyri-azərbaycanlı zabitlər qarşısında belə bir tələb qoydu ki, bir ay müddətində heç olmasa komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər.
Azərbaycan dilinin öyrənilməsi və savadsızlığın ləğvi üçün orduda müvafiq kurslar yaradıldı və həmin kursların aparılmasına təcrübəli mütəxəssislər cəlb edildi.
Əsgərlərlə ünsiyyətin Azərbaycan dilində aparılması və onlara hərb işinin Azərbaycan dilində öyrədilməsi, şübhəsiz ki, şəxsi heyəti xidmətə daha yaxından bağlayır, onların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərirdi. Bu məsələyə Hərbi Nazirliyin rəhbərliyi xüsusi diqqət yetirirdi.
Azərbaycan döyüşçüsünün mənəvi dünyasının yaradılmasında mənsub olduğu xalqın tarixi keçmişinin öyrənilməsinə, onun qəhrəmanlıq nümunələri üzərində tərbiyələndirilməsinə böyük əhəmiyyət verilirdi. Bu baxımdan S.Mehmandarov çox qiymətli fikirlər irəli sürmüşdü. Həmin fikirlərin mahiyyəti ondan ibarət idi ki, Azərbaycanın qəhrəmanlıq tarixi həm araşdırılmalı, həm də xalq kütlələrinə, o cümlədən qoşunların şəxsi heyətinə çatdırılmalıdır. S.Mehmandarov şübhə etmirdi ki, azərbaycanlılardan təşkil edilmiş olan hərbi qüvvələr öz xalqının qəhrəmanlıq tarixini yaxşı bilməli, ondan ibrət götürməlidir. Hərbi nazir bu istiqamətdə aparılan işlərdə ifratçılığa varmağa, milli tərbiyənin millətçiliyin qızışdırılması ilə bir səviyyədə tutulmasına razı deyildi. O, milli tarixi keçmişin öyrənilməsində yalnız sağlam hisslərin aşılanmasını və mütərəqqi xəttin izlənməsini əsas vəzifə sayırdı. S.Mehmandarov yazırdı: “Bolşevizmə qarşı mübarizənin istiqamətlərindən biri xalq içərisində sağlam milli hisslərin yaradılmasıdır. Azərbaycanın yaranmaqda olan gənc ordusu üçün bu xüsusilə lazımdır. Yalnız azərbaycanlılardan təşkil olunmuş hərbi qüvvələrimiz öz xalqının ümumdünya tarixinin səhifələrinə yazmış olduğu və bizdən daha çox Avropa xalqının xatırlayıb danışdıqları çoxlu igidlikləri, şərəfli döyüş keçmişini bilməlidirlər. Bir əsrdən də artıq davam edən rus ağalığından xilas olmuş türk xalqı bilməlidir ki, biz heç də həmişə əsarətdə olmamışıq, həm də öz iradəmizi Avropa və Asiyaya nümayiş etdirmişik. Güman edirəm türk tarixinin bilicilərindən kimsə xalqımızın müxtəsər tarixini və bu günümüzə qədər olan ən mühüm hadisələri əks etdirən kütləvi kitabçaların tərtib və nəşr edilməsinin kiməsə tapşırılması faydalı olardı. Belə kütləvi tarixi nəşrlər xalq arasında və qoşunlarda geniş yayılmalı, bunun üçün hər bir kənd müəllimi, hər bir müsəlman zabit ondan geniş istifadə etməlidir.
Şəxsi heyətin mənəvi durumunun qaldırılması məqsədilə qoşunların ümumi təlim-tərbiyəsi çərçivəsində əsgərlərlə söhbətlər aparılması, onlara Azərbaycanın tarixi, hərbi anda sədaqət və s. mövzuların çatdırılması nəzərdə tutulurdu. Belə dərslərin aparılmasına ən yaxşı zabitlər və hissələrin mollaları cəlb edilirdilər.
Qoşunların şəxsi heyətinin milli tarixi köklərə bağlanması və onların mənəvi saflaşması baxımından Novruz bayramlarının ümumordu miqyasında qarşılanmasının və keçirilməsinin təşkilinə diqqəti cəlb edirdi. Öz mövcudluğu dövründə Azərbaycan Ordusu iki dəfə Novruz bayramını qarşılamış və hər ikisini də təntənəli şəkildə keçirmişdi. Novruz bayramının qeyd edilməsi əsl bayram əhvali-ruhiyyəsində həyata keçirilirdi. Hər iki bayram da qoşunların rəsmi keçidi ilə şəxsi heyətin yadında qalmışdı.
1919-cu ilin Novruz bayramı ərəfəsində hərbi nazirin imzaladığı əmrə əsasən şəxsi heyət üç gün təlimdən azad edildi. Bu əmrə əsasən bütün hissələrdə bayram süfrəsi açıldı və qoşunlara bayram yeməyi verildi.
Hərbi Nazirliyin bərpasının ilk günlərindən hərbi qulluqçuların geyim formasının da milliləşdirilməsi və onun Azərbaycan Ordusuna uyğunlaşdırılması üçün də zəruri işlərin görülməsinə başlandı və bunun üçün xüsusi komissiya yaradıldı. Komissiyanın işinə hərbi nazirin müavini, general-leytenant Ə.Şıxlinski sədrlik edirdi. Komissiyanın hazırladığı geyim layihəsi 1919-cu il yanvarın 1-də hərbi nazirin əmri ilə rəsmi şəkildə təsdiq edildi. Ancaq buna qədər Hərbi Nazirlik fəaliyyətə başlayarkən nazirin əmri ilə geyim formasında qismən dəyişiklik edilmişdi. Həmin dəyişiklik əsasən baş geyiminə aid idi. Nazir tələb edirdi ki, yeni geyim layihələri hazırlanana kimi furajkalar baş geyimi kimi istifadədən birdəfəlik götürülsün və papaqla əvəz edilsin. Furajkaların papaqla əvəz edilməsi üçün nazir bir ay vaxt ayırmışdı.
Azərbaycan Ordusunda tətbiq edilən yeni geyim formasının maraqlı elementlərindən biri poqonlar idi. Həm hərbi qulluqçular, həm də orduda qulluq edən məmurlar poqon gəzdirirdilər və həmin poqonların üzərində ərəb əlifbası ilə “Azərbaycan” sözü yazılmalı idi.
Yeni dəyərlər üzərində qurulan ordunun yeni milli kadrlarının hazırlanması da Hərbi Nazirliyin rəhbərliyinin qarşısında dayanan mühüm vəzifələrdən biri idi. Bu vəzifənin həllinə nail olmaq üçün hələ türk qoşunlarının Azərbaycanda olduğu vaxt Gəncədə fəaliyyətə başlamış hərbi məktəbin fəaliyyəti yenidən quruldu və onun statusu artaraq praporşiklər məktəbinə çevrildi. Məktəbdə təlim-tərbiyə prosesi də yeni statusa uyğun olaraq yenidən quruldu. Bu statusun mahiyyəti ondan ibarət idi ki, əgər əvvəlcə məktəbi bitirənlər ilkin zabit rütbəsini yalnız hissələrdə bir neçə ay xidmət etdikdən və zabitliyə layiq olduqlarını sübut etdikdən sonra alırdılarsa, praporşiklər məktəbini bitirənlər dərhal ilkin zabit rütbəsi olan praporşik rütbəsinə layiq görülürdülər. Bu ilin sonunda isə praporşiklər məktəbinin bazasında Hərbiyyə məktəbi açıldı. Bundan başqa, Azərbaycan Ordusuna milli hərbi kadrlar hazırlayan İstehkam məktəbi və hərbi dəmiryolçular məktəbi və hərbi feldşer məktəbi də açılmışdı.
Yaradıldığı ilk gündən Hərbi Nazirliyin qarşısında dayanan mühüm vəzifələrdən biri də xidmətə çağırış və səfərbərlik işinin təşkili məsələsi idi. Bu məsələnin həllinin başlıca çətinliyi ondan irəli gəlirdi ki, türk qoşunları Azərbaycanda olarkən ciddi ədalətsizliklərə yol verilməsi əhalidə əsgəri xidmətə qarşı böyük bir etimadsızlıq, təşviş və qorxu hissləri yaratmışdı. Digər tərəfdən də əvvəllər xidmətə cəlb olunanlara qarşı fiziki cəzaların tətbiq edilməsi, onların şəxsiyyətlərinin təhqir olunması, ən ali yaşayış normalarına malik olmamaları fərariliyin kütləvi şəkil almasına zəmin yaradırdı. Çağırış və səfərbərliyin təşkili yeni nazirliyin rəhbərliyi üçün nə qədər aktual idisə, fərariliyin qarşısının alınması və bunun üçün səmərəli tədbirlər sisteminin tətbiq edilməsi də o qədər vacib idi.
Tarix: 11-07-2018, 10:56