Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

TƏDRİSİN KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİNİN RƏQABƏTƏ DAVAMLI KADRLARIN YETİŞDİRİLMƏSİNDƏ ROLU


 
                                                                                                                                         Qabil NAMAZOV

Bakı Biznes Universitetinin
 Ali riyaziyyat və texniki fənlər 
kafedrasının dosenti
 
         Təhsil vacib sahələrdən biri olmaqla yanaşı, həm də əhalinin və cəmiyyətin sosial həyatının əsas inkişaf istiqamətlərindəndir. Miqyas baxımından dəyərləndirsək, insan fəaliyyətinin bu sferası dünyada ən geniş və şaxələnmiş sahələrdən biridir. Çünki hazırda cəmiyyətin bütün təbəqələrini özünə bu cür geniş miqyasda cəlb edən və davamlı olaraq inkişafı hər bir dövlət üçün prioritet təşkil edən ikinci bir sfera tapmaq çətindir. Hər bir ölkənin iqtisadi, sosial və siyasi həyatında innovasiya proseslərinin intensiv inkişafı həm dövlət, həm də xüsusi təhsil müəssisələri səviyyəsində təhsilin idarə edilməsində müxtəlif problemlər yaradır. Bu problemlərin həll yollarının araşdırılması və tapılması isə hər bir dövlətin təhsil siyasətində öz aktuallığını saxlayır. Bir çox dövlətlər kimi Azərbaycan da təhsilin davamlı və dayanıqlı olması üçün inkişaf istiqamətlərini müəyyənləşdirən milli təhsil konsepsiyası və təhsil sisteminin bütün sahələrinin inkişafını özündə cəmləşdirən dövlət proqramları həyata keçirir. Burada əsas istiqamət kimi təhsilin keyfiyyətinin nəzərdə tutulması labüddür. Təhsilin keyfiyyəti dedikdə, təkcə tələbələrin biliklərinin dövlət standartlarına uyğunluğu deyil, həm də təhsil müəssisəsinin özünün uğurlu fəaliyyəti, habelə təhsil xidmətlərinin keyfiyyətinin təmin olunması yönündə pedaqoqların və idarəedənlərin fəaliyyətinin təşkil olunması başa düşülür.

     Təhsil sistemində inkişafa nail olmaq dövlətin əsas hədəflərindən biri hesab edildiyindən bu sferada qəbul olunan normativ aktların, hüquqi normativ sənədlərin və qərarların işlək olması keyfiyyətli idarəetmənin əsas şərti hesab edilir. Bu səbəbdən də keyfiyyətin təmin olunması üçün peşəkar idarəetməyə şərait yaratmaq, effektivliyi və davamlılığı qorumaq, idarəetmənin nəzəri və praktik məsələlərini bilmək, bu sahədə zəruri bacarıqlara yiyələnmək çox önəmlidir. Öz fəaliyyətini dinamik mühitdə həyata keçirən təhsil müəssisələrinin davamlı olaraq təkmilləşməsi, fəaliyyətində beynəlxalq təcrübədə sınanmış metod və üsulları tətbiq etməsi keyfiyyətli idarəetmədə mühüm amildir. Təhsilin idarə olunması dedikdə, ilk növbədə aşağıdakılar başa düşülür: 
- Qərarların qəbulu, problemlərin həll olunması, kommunikasiya, informasiya və effektiv komanda qurmaq; 
- Makro səviyyədə planlaşdırma, məqsəd, prinsip, yanaşma və prosesləri vasitəsilə mikro səviyyədə təşkilati planlaşdırma; 
- Tədris planı və fəaliyyətinin planlaşdırılması, proqram və akademik təqvim;
- Təhsil idarəçisinin vəzifə və öhdəliklərini təsvir edən idarəetmə nəzəriyyəsi və bacarıqlarını inkişaf etdirmək; 
- Maliyyə resurslarının effektiv bölüşdürülməsi və təşkilatların büdcələrinin planlaşdırılması; 
- Məlumatların saxlanılması və tələbənin qiymətləndirilməsi. 
  Təhsilin idarə edilməsində onun əhatə dairəsinin düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə qarşıya qoyulan məqsədə nail olmaq üçün əlverişli olan hər hansı bir fəaliyyət təhsil idarəçiliyinin komponenti hesab edilir. Bu cür fəaliyyət ümumtəhsil məktəbi, kollec və universitet səviyyəsində ola bilər. 

  Bütün bunların tam düzgün həyata keçirilməsinin nəticəsi olaraq təhsilin düzgün idarə edilməsi reallaşdırılır.
Keyfiyyətin yaranması dedikdə, bunu təşkil edən tərəf kimi yalnız dövlət nəzərdə tutulmamalıdır. Keyfiyyətin təmin edilməsi elə bir anlayışdır ki, burada iştirak edən tərəflərin hamısı əsasdır. Birtərəfli yanaşma ilə nə təhsil sistemində, nə də digər vacib sistemlərdə nailiyyət əldə oluna bilər. Buraya dövlətin təhsil sahəsində siyasətini həyata keçirən cavabdeh orqan pedaqoqlar, tələbə və şagird kollektivi, bir sözlə təhsil prosesində iştirak edən bütün tərəflər aid olunmalıdır. Bu tərəflərin hər biri öz tutduqları mövqeyə görə qanundan irəli gələrək həm hüquqlarını, həm də vəzifələrini bilməli və buna əməl etməlidirlər. Bu mümkün olduğu halda təhsildə keyfiyyətin təmin olunmasından söhbət gedə bilər. Ümumiyyətlə, tərəflərin hüquq və vəzifələrini bu cür göstərmək olar: bu sahəyə aid olan standartların hazırlanması və tətbiqi, təhsildə bərabər imkanların əldə olunması üçün şəraitin yaradılması, mövcud qayda və qanunlara riayət olunması, müasir tələbləri nəzərə almaqla yeni təşkilati-iqtisadi modellərin yaradılması, təhsil sahəsində əməkdaşlığın qurulması və s.
 
      Müasir dövrdə keyfiyyət ölkənin sosial-iqtisadi inkişafını təmin edən əsas göstəricilərdən biri kimi qəbul olunur. Bildiyimiz kimi, daim inkişaf edən cəmiyyətin tələblərinə keyfiyyət göstəricisi olmadan cavab vermək qeyrimümkündür. Keyfiyyətin idarə edilməsi istehsalın planlaşdırılmasından son məhsulun satışı və daha sonra xidmət də daxil olmaqla bütün mərhələləri əhatə edən sistemli prosesdir. Buraya keyfiyyətin planlaşdırılması, təminatı, nəzarəti və yaxşılaşdırılması aiddir. Təhsildə keyfiyyət dedikdə isə, beynəlxalq səviyyədə keyfiyyət göstəricilərinin təhsil sistemində əks olunması nəzərdə tutulur. Bu akademik fəaliyyəti əhatə edən bütün funksiyaları özündə birləşdirən bir anlayışdır. Buna görə də keyfiyyətin qiymətləndirilməsi üçün təhsilalanların, müəllimlərin, müvafiq infrastrukturun, tədris prosesinin və resurslarının keyfiyyəti nəzərə alınmalıdır.     

  Fikrimizcə, təhsil müəssisələri müasir tələblərə uyğun nəticələr əldə etmək üçün keyfiyyət səviyyəsinin modelləşdirilməsi, keyfiyyətin əldə edilməsinin təmin olunması və onun diaqnostikası kimi kompleks məqsədlər müəyyənləşdirməli və onları həyata keçirmək məqsədilə sistemli işlər görməlidir. Təhsildə keyfiyyət nəticələrə əsaslandığına görə müvafiq göstəricilər əsas götürülməlidir. Buraya sərbəst fikir söyləməyi və düzgün qiymətləndirməyi, obyektivliyi təmin etməyi, tənqidi və analitik düşünməyi, savadlı və dünyagörüşlü olmağı aid etmək olar. Bunlarla yanaşı, empatiya (özünü başqasının yerində hiss etmək və ya başqasının emosional halını duymaq qabiliyyəti), habelə cəmiyyətdə sosial, siyasi və iqtisadi cəhətdən iştirak etmək də vacib məsələlərdəndir. Təhsildə keyfiyyətin idarə olunmasının formalarını nəzərdən keçirərkən görürük ki, hər bir forma özlüyündə nəticə olaraq keyfiyyətli təhsilə birbaşa yönəlir: məsələn, məqsədlərin keyfiyyəti – əgər bir fəaliyyət həyata keçirilərkən məqsədlər düzgün olaraq müəyyən olunmasa, əldə olunan nəticə də düzgün dəyərləndirilə bilməz. Məqsədli olaraq təyin olunan hər bir prosesi idarə etmək, əldə olunan nəticələrin də ölçüləbilən olmasına gətirib çıxarır.

   İnkişaf etmiş ölkələr təhsil də daxil olmaqla, müxtəlif sahələrdə beynəlxalq arenada aparıcı subyektlərdir. Həmin ölkələrdə təhsil sisteminin inkişafı daha az səmərəsi olan üsullardan imtina olunmasına gətirib çıxarmışdır. İllər keçdikcə daha çox qəbul edilənlər isə ictimai tələbatın təzyiqi ilə dəyişikliklərə məruz qalanlardır. Dünya təcrübəsində həyata keçirilmiş bəzi layihələrə diqqət yetirək: Rəqəmsal yaradıcılıq məktəbi olan “Kodabra” uşaqların özlərinin kompüter oyunları, mobil proqramlar və interaktiv animasiyalar yaratması üçün tədris kurslarıdır. Sinifdə uşaqlar komandalarda işləyir, vəzifələri öz aralarında bölüşdürür, beyin fırtınası qurur, layihələr üçün fikirlər ortaya qoyur və planlarını yerinə yetirmək üçün bir-birinə kömək edirlər. Burada deviz belədir: “Oynamağı dayandır, yaratmağa başla”. “Lifecamp” – şagirdlərin şüurlu şəkildə peşə seçməsinə imkan verən səyyar məktəb proqramıdır. Hazırda bu cür proqramlar Krasnoyarsk ərazisində, Xakasiya Respublikasında, Moskva vilayətində, eləcə də Çinin Şanxay və ABŞ-ın San-Fransisko şəhərlərində həyata keçirilir. Əsas məqsədi məktəb şagirdlərinin şüurlu formada hansı peşədə özlərini gördüklərini müəyyən etməkdir. “Scratch Russia” – proqramlaşdırma dilinin öyrənilməsinə imkan verən təhsil proqramıdır. Bu layihə çərçivəsində xüsusi metodiki göstərişlər, dərsliklər, dəstək materialları olan onlayn platforma hazırlanır. Layihənin əsas vəzifəsi uşağın erkən yaşdan proqramlaşdırma ilə maraqlanmasını təmin etməkdir. Bu baş verdiyi təqdirdə şagirdlər müasir tələblərə uyğun olaraq artıq məktəb yaşlarında informasiya texnologiyaları sahələrinə meyillənmiş və bu sahə üzrə biliklər əldə etmiş olurlar. Dünya təcrübəsində tətbiq olunan və uğurlu nəticələri olan bir çox layihələr indi də reallaşdırılmaqdadır. Burada əsas məsələ bu sahədə həyata keçirilən layihələrdən təhsil sisteminin məzmununa uyğun olaraq, milli dəyərlər nəzərə alınmaqla ən optimal dünya təcrübəsindən faydalanmaqdır.
   
   Azərbaycan Respublikasında həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi sferanın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır. Ölkəmizin qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir (Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası). Sosial iqtisadi sferanın müasirləşdirilməsində isə təhsilin rolu böyükdür. Ona görə də təhsildə keyfiyyət Avropanın təhsil məkanında keyfiyyət təminatı üzrə standartlara uyğunlaşdırılmalıdır. Bunun üçün bir sıra mühüm əhəmiyyətli məsələlərin, o cümlədən təhsilalanların qazandığı bilik və bacarıqların vərdişə çevrilməsinin forma və metodlarının mənimsədilməsi zəruridir. 

  Bu vəzifələrə, həmçinin aşağıdakıları aid etmək olar: 
- Təhsildə maraqlı tərəflər olan şagird, valideyn, müəllim kontingentinin, ümumən isə cəmiyyətin mənafeyinə xidmət edən yeni təhsiltədris və idarəetmə yanaşmasının tətbiqi; 
- Təhsildə maraqlı tərəflərin qərar qəbul etməsinə müvafiq əsaslar çərçivəsində təsir etməklə pedaqoji mühitdə demokratiya düşüncəsinin və mədəniyyətinin inkişafı; 
- Dini və irqi ayrı-seçkiliyə yol verməməklə, gender bərabərliyi gözlənilməklə, təhsil sisteminin əsas prinsiplərindən biri olan bərabərlik prinsipinin şərtlərinə əməl etməklə hər kəsin bilik və bacarıqlarının inkişafı; 
- Təhsildə insani dəyərlərin öncül mövqeyinə əsaslanaraq, yüksək intellektli insanların yetişdirilməsi; 
- Təhsilin idarə edilməsində davamlı inkişafın təmin edilməsi;
-Təhsilə ayrılmış qaynaqlardan səmərəli istifadə olunması; 
- Çağdaş mədəniyyətin daşıyıcısı olan fərdlərin yetişdirilməsi;
- Təhsilalanların yaxşı insan, layiqli vətəndaş, peşəkar mütəxəssis olmasına kömək edilməsi;
- Cəmiyyətin düşüncə və əxlaqının formalaşmasına dəstək verilməsi; 
- İnsanların öyrənməsinə və özlərini reallaşdırmasına mane olan bütün əngəllərin aradan qaldırılması; 
- Əmək bazarında tələb olunan işçi qüvvəsinin formalaşmasına dəstək verilməsi; 
- Təhsildə universal prinsiplərə riayət edilməsi. 
   
  Bu vəzifələrin müvəffəqiyyətli həlli səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət göstəricilərinə görə aparıcı mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sisteminin yetirməsi olan rəqabət qabiliyyətli kadrlardan asılıdır. Ona görə də respublikamızın inkişaf konsepsiyasına əsaslanaraq, fərdlərə müxtəlif tipli biliklərin və bacarıqların aşılanması məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişaf etdirilməsi ölkədə əhalinin rifahının yaxşılaşdırılması və fərdin həyat tərzinin daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları daha tez mənimsəmək, əmək bazarında özünəməxsus yer tutmaq, ömürboyu təhsil prosesinə qoşulmaq və ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Təhsilin idarə edilməsi dinamik bir sistem olmaqla, lazımi idarəetmə qərarları qəbul etmək üçün inkişaf perspektivləri haqqında proqnozlaşdırıcı məlumatlar tələb edir. Bu prosesdə keyfiyyət üzrə proqnozlaşdırılan qiymətləndirmələr insan (intellektual) kapitalı və ümumilikdə iqtisadiyyatın fəaliyyətindən asılıdır. Təhsil sisteminin idarə edilməsi üçün proqnozlaşdırma qısa, orta və uzunmüddətli perspektivdə qazanılmış biliyin ən yaxşı şəkildə istifadəsi məqsədilə müvafiq metod və yanaşmanın seçilməsini özündə birləşdirir.


Tarix: 22-06-2023, 22:30

Xəbəri paylaş