Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dahilərin Görüşü

                       








                                     Ümummilli Lider Heydər Əliyevin yubileyinə həsr olunur
                                                   (Bir pərdəli pyes)
İştirak edirlər:
Heydər - Heydər Əliyevin uşaqlığı, 12 yaşında.
Cavid əfəndi - Hüseyn Cavid.
Lətif müəllim - Heydər Əliyevin müəllimi.
Uşaq – Heydərin dostu.
Bahirə - Əslən Güney azərbaycanlı qadın, 40 yaşında.
 
  Həzin musiqinin müşayiəti ilə ekranda Heydər Əliyevin Hüseyn Cavidin qəbirüstü məqbərəsini ziyarət etməsi nümayiş etdirilir. Heydər Əliyev dərin fikrə gedir. Uşaqlıq illərini, Hüseyn Cavidlə görüşünü xatırlayır.
  Araz çayının sahilində səfalı bir məkan, qarşı tərəfdə sərhəd dirəkləri, tikanlı məftillər və uzaqdan kənd görünür. Çayın həzin şırıltısı quşların səsinə qarışıb. Bahirə əlində kuzə səhnəyə daxil olur. Arazın o tayına həsrətlə boylanır, sonra ah çəkib kötüyün üstündə oturur. Vətən həsrətli bayatılar deyib ağlayır.
Bahirə -      Bu axan xan Arazdı.
                 Suları qan Arazdı
                 Vətəni iki böldü.
                 Bəxtimi qara yazdı.
                                Araz kənarı yaldı.
                                Bizləri ayrı saldı.
                                Fələk kor düyün vurdu,
                                Doğmalar həsrət qaldı.
                 Araz, suyun qan-yaşdı.
                 Dərddən köpürdü, daşdı.
                 Buz don, qəribə yol ver,
                 O tay, bu tay qardaşdı.
 
Heydər əlində kitab daxil olur, kənarda dayanıb Bahirənin dediyi bayatılara qulaq asır.
Heydər (yaxınlaşır) – Bahirə xala, Bahirə xala...
Bahirə (diksinir) – Hə, Heydər, sənsən?
Heydər – Salam, Bahirə xala. Ağlayırsınız?
Bahirə - Yox, ay bala. Qərib taleyimi oxşayıram.
Heydər (tərəddüdlə) – Çoxdandır sizdən bir şey soruşmaq istəyirəm.
 
 
Bahirə - Nə olar, soruş. Sən ağıllı balasan. Mən səni çox istəyirəm. Nə istəyirsən soruş.
Heydər – Bahirə xala, deyirəm ki, ... niyə hamı suyu yaxındakı Novlu bulaqdan götürür, sizsə su üçün bura gəlirsiniz, Arazın qırağına? (Ayrılıq mahnısı eşidiir)
 
Bahirə - Eh... ay bala, Vətən həsrəti məni bura gətirir. Biz Arazın o tayından – Təbrizdən bura gəlmişik. Düz 24 ildir atamdan, anamdan, bacı-qardaşımdan ayrı düşmüşəm. Vətənimə gedə bilmirəm, doğmalarımın üzünə həsrətəm. Kim ölüb, kim qalıb xəbərim yoxdur.
Heydər – Necə oldu ki, bura gəldiniz?
Bahirə - Heydər, bala, başqası soruşsa danışmazdım. Amma sən çox ağıllı uşaqsan, hər şeyi başa düşənsən. Hə... Biz Təbrizdə Əmrəqız məhəlləsində yaşayırdıq. Mənim o vaxt on yeddi yaşım var idi. Xalq Məhəmmədəli şahın zülmünə qarşı birləşib “Məşrutə” inqilabına başladı. İstəyirdilər ki, Ədalətxanalar yaradılsın, xalqın hüquqları qorunsun. Səttarxan xalqın başında dururdu. Ona hamı “sərdari milli” deyirdi. Mənim böyük qardaşım da Səttar xanın ən yaxın silahdaşı idi. 1910-cu il Novruz bayramına az qalmışdı. Qardaşım Səttar xan, Bağır xanla birlikdə Tehrana getdilər. Şahın qoşunu ilə vuruşmada Səttar xan ayağından yaralanıb əsir düşmüşdü. Qardaşım da yaralanmışdı, amma qaçıb Təbrizə qayıda bilmişdi. Onu axtarırdılar. Yarası sağalana kimi evə gəlmədi, qaçaq yaşadı. Şahın adamları hər gün evimizə gəlib qardaşımı istəyirdilər. Bir dəfə məni zorla aparmaq istədilər. Atam, anam güclə əllərindən aldılar. Dedilər ki, gələn dəfə oğlunuzu təhvil verməsəniz, əvəzində qızınızı aparacağıq. Atamı o ki var qançılamışdılar. Atam qardaşıma tapşırdı ki, məni də götürüb Arazın bu tayına keçək. Gecə ikən ölümü gözə alıb Arazı keçdik. Bacı-qardaş kimsəsiz, ac-yalavac, tanımadığımız yerlərdə çox zülmlər, iztirablar çəkdik. Hə...
Heydər – Bahirə xala, inciməsəniz bir şey də soruşardım... Ona görə sizin yaşadığınız məhləyə “Qəriblər məhləsi” deyirlər?
Bahirə - Hə... Qəriblər... Qəribanlar... Kimsəsizlər.
Heydər – Bağışlayın, Bahirə xala. Dərdiniz böyük imiş. İncitdim sizi.
Bahirə - Yox...Ay bala. Yaxşı oldu. Dərdimi danışıb yüngülləşdim. Axı belə şeyləri hamıya danışmaq olmur. Ona görə bura suya gəlirəm ki, həsrət qalan gözlərim uzaqdan da olsa vətənə baxsın. Arazdan götürdüyüm suda o tayın bulaqlarının da suyu var. Göz yaşlarımı Araza axıdıram ki, bəlkə Vətən torpağın sulayar. (ətrafa baxır). Gör bu quşlar necə bəxtəvərdirlər, hara istəsələr uçub qona bilirlər. Kaş bir quş ola biləydim... Eh...
Heydər (qətiyyətlə) – Darıxmayın, Bahirə xala, vaxt gələcək, ayrı düşmüş xalqımız birləşəcək.
Bahirə (ayağa qalxır) – Hə, Heydər bala, kaş o günü görəydim. Ölsəm arzum olmazdı. Dərdimi sənə danışıb səni də sıxdım. Gedim Arazdan suyumu doldurum, aparım evə. Sən də kitabını oxu, ay bala. (onun başına sığal çəkib bayatı deyə-deyə gedir)                       Heydər Arazın o tayına baxıb xeyli düşünür, sonra kötüyün üstündə oturub kitab oxuyur.
         Səhnə arxasından səs gəlir.
Uşaq - Heydər... Heydər... (daxil olur) Buradasan? Yenə kitab oxuyursan? Gəl gedək. Uşaqlar bizi gözləyir. Gedək  çilingağac oynayaq.
Heydər (uzaqları göstərir) - Heç bilirsən ora haradır?...(sərhəd dirəklərini göstərir) Bu gördüklərin nədir?...
Uşaq - Ora?... Ora İrandır. Onlar da sərhəd dirəkləridir. Nə olsun ki?
Heydər - (ayağa qalxır) Yox. Ora İran deyil, Azərbaycandır... Oradakılar bizim qardaşlarımız, bacılarımızdır. Bu gördüyün sərhəd dirəkləri xalqımızı iki yerə bölüb ayrı salan hicran hasarı, o tikanlı məftillər qardaşı qardaşa həsrət qoyan zəhərli əfi ilan, axan Araz isə ayrı düşmüş xalqımızın göz yaşlarıdır. 
Uşaq - Eh... Heydər, sən həmişə qəribə şeylər danışırsan. Biz uşağıq. Bunların bizə dəxli yoxdur. Oynamağa gedirsən?
Heydər (başını bulayır) – Eh... Bu qədər dərdimiz ola-ola necə oynayaq, necə şənlənək?
Uşaq – Eh... Sən özün bilərsən. Mən getdim. Uşaqlar gözləyir. Uşaqlar, gözləyin mən də gəlirəm! (gedir) 
Heydər yenidən kötüyün üzərində oturub uzaqlara baxaraq fikrə gedir. “Ayrılıq" mahnısının musiqisi davam edir. Müəllim səhnəyə daxil olur və Heydərin yanına gəlir.
Müəllim - Salam, Heydər, buradasan?
Heydər (ayağa qalxır) - Salam, müəllim.
Müəllim - Uşaqlar dedilər ki, yenə Araz qırağında kitab oxuyursan. Bildim ki, burada olarsan. Hər gün dərsdən çıxıb evə gedəndə səni burada kitab oxuyan görməyə adət etmişəm.
Heydər – Müəllim, olar bir söz soruşum?
Müəllim – Buyur, soruş.
Heydər – Müəllim, nə vaxta qədər xalqımız ayrı qalıb həsrətdə yaşayacaq?
Müəllim – Əziz oğlum, sən bunları da düşünürsən? (ah çəkir) Hə... Heydər, bala, bu ayrılıq xalqımızın ən böyük dərdidir.
Hüseyn Cavid daxil olur.
Cavid əfəndi - Salam, müəllim. Salam, oğlum. (əl verib onlarla görüşür)
Müəllim - Salam, Cavid əfəndi. Necəsiniz?
Cavid əfəndi - Sağ olun, müəllim, yaxşıyıq. Siz necəsiniz, cocuqlar necədilər, məktəbdə dərslər necə gedir?
Müəllim - Şükürlər olsun! Şikayətçi deyilik. Cocuqlara elm öyrətməkdən yaxşı nə ola bilər ki?
Cavid əfəndi - Doğru deyirsiniz. Müəllimlik müqəddəs peşədir. Bu gənc kimdir? Sizin şagirdlərinizdəndir?
Müəllim - Bəli. Ən zirəng və ağıllı şagirdimdir. Adı da Heydərdir. Xüsusi istedada malikdir.
Cavid əfəndi - Heydər... Heydər. (saçına sığal çəkir, diqqətlə ona baxır) Adın da gözlərin kimi mənalı, dərindir. Əlindəki kitab kimindir? Oxumağı çoxmu sevirsən?
Müəllim - Bütün günü kitab oxuyur. Məktəbdə əlaçıdır.
Cavid əfəndi - O kitabın müəllifi kimdir?
Heydər - Çox sevdiyim bir ədibdir. Adi Hüseyn Caviddir. Onun çox gözəl, mənalı əsərləri var.
(kitabı ondan alıb baxır)
Cavid əfəndi - Hüseyn Cavid?... Haradan tanıyırsan onu? Onun haqqında sizin məktəb dərsliklərində heç bir məlumat yoxdur axı. (müəllimə işarə edir) Səhv etmirəm ki, əfəndim? 
Müəllim - Doğru buyurursunuz.
Heydər - Düzdür. Dərslikdə olmasa da, mən onu çox sevirəm. Haradan olsa, əsərlərini tapıb oxuyuram. Hüseyn Cavidin əsərlərindəki dərin fəlsəfi fikirlər mənim xoşuma gəlir.
Cavid əfəndi (maraqla və təəccüblə) - Doğrudan? Məsələn, hansı fikirləri sənin üçün maraqlıdır?
Heydər - Onun "Peyğəmbər" əsərindəki bir fikri məni daha çox düşündürür.
Cavid əfəndi - Maraqlıdır. Nə yazır orda sizin bu Hüseyn Cavid?
Heydər - Yazır ki, "Kəssə hər kim tökülən qan izini,
         Qurtaran dahi odur yer üzünü”
Cavid əfəndi (mənasını bilmirmiş kimi) - Heydər, bala, bunun mənası nədir ki?
Heydər (böyük həvəslə) - Tarix boyu insanlar var-dövlət, taxt-tac, torpaq uğrunda müharibələr edirlər, bir-birlərini qırırlar. Şəhərlər, kəndlər yandırılır, qadınlar dul, uşaqlar yetim qalırlar. İnsanları ev-eşiksiz, ac-yalavac, min bir əzab içində qoyan bu savaşlarda qazanılan var dövlət, taxt-tac, torpaqlar isə sonda heç kimə qismət olmur. Bu qanlı savaşları, müharibələri dayandırıb, insanlara sülh, barış gətirəcək bir dahi rəhbər görmək istəyir Hüseyn Cavid.
Cavid əfəndi - Afərin sənə, Heydər bala. Sən yaşına uyğun olmayan, çox dərin fikirləri təhlil edirsən. Lətif müəllim, məktəbinizdə çox böyük bir şəxsiyyət, bəlkə də, gələcəyin dahi rəhbəri yetişir. (Cib saatına baxır.) Heyif ki, tələsirəm. Ədəbi məclisdə çıxışım var. Yoxsa Heydər bala ilə çox söhbət edərdim. (Saatın zəncirini çıxarıb Heydərə verir) Al bu saatı məndən yadigar saxla. Unutma ki, dünyada ən qiymətli şey zamandır, vaxtdır. İtirdiyin zamanı heç cür geri qaytara bilməzsən. Bir işə qərar verəndə vaxtı, zamanı düzgün qiymətləndirməlisən. Hər işi öz məqamında həll etməlisən. Nə bir dəqiqə tez, nə də gec. Tələsmək də, gecikmək də olmaz. Bunları heç vaxt unutma. (Heydərin alnından öpür.) Heydər balanı qoruyun, müəllim, o, qiymətli varlıqdır. Xoşca qalın, əfəndim.
Müəllim – Siz sağ olun, əfəndim.
Heydər - Sağ olun.
(Görüşüb ayrılırlar, Hüseyn Cavid gedir.) 
Müəllim - Heydər, oğlum, bu adamın kim olduğunu bilirsən?
Heydər - Yox, bilmirəm, müəllim. (Sual dolu baxışlarla müəllimə baxır.)
Müəllim - Cavid əfəndi sənin oxuduğun kitabı yazan yazıçıdır - Hüseyn Caviddir.
Heydər (təəccüblə) - Doğrudan? Doğrudan, mənimlə söhbət edən Hüseyn Cavid idi? Heyif, müəllim, əvvəlcədən bilsə idim, ona bir neçə sual verərdim.
Müəllim – Darıxma, gələn dəfə görüşəndə istədiyini soruşarsan. Mən səni özümlə Cavid əfəndinin iştirak etdiyi ədəbi məclisə aparacağam.
Heydər - Doğrudan, müəllim? Çox sevinərəm. Cavid əfəndiyə deyiləcək çox sözüm var.
Müəllim - Mütləq aparacağam. O da səni çox sevdi. İndi isə get evinizə, Heydər. Axşam düşür, bir azdan hava qaralacaq.
Heydər - Hər günün sonu axşam olduğu kimi, hər qaranlıq gecənin də sonu işıqlı sabah olur, müəllim.
Müəllim - Doğrudur, Heydər bala, doğrudur. Sağ ol. Sabah məktəbdə görüşərik.
Heydər - Sağ olun, müəllim. (Müəllim gedir. Heydər əlindəki saata baxır, sonra üfüq boyu ətrafa nəzər salıb, dərindən nəfəs alır.)
El bilir ki, sən mənimsən.
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən.
Ayrılarmı könül candan?
Azərbaycan! Azərbayan!
(Heydər səhnədən çıxır.)
Ekranda Səməd Vurğunun "Azərbaycan" şeirini Heydər Əliyevin kövrələrək dediyi həmin hissəsinin lent yazısı nümayiş etdirilir. Daha sonra ekranda Heydər Əliyevin İlham Əliyevlə təkbətək söhbətini əks etdirən kadrlar nümayiş etdirilir. Heydər Əliyev oğluna nəsihətamiz məsləhətlər verir. Sonda Hüseyn Cavidin uşaq vaxtı ona bağışladığı cib saatını çıxarıb İlham Əliyevə verir. Hüseyn Cavidin səsi eşidilir: “Al bu saatı məndən yadigar saxla. Unutma ki, dünyada ən qiymətli şey zamandır, vaxtdır. İtirdiyin zamanı heç cür geri qaytara bilməzsən. Bir işə qərar verəndə vaxtı, zamanı düzgün qiymətləndirməlisən. Hər işi öz məqamında həll etməlisən. Nə bir dəqiqə tez, nə də gec. Tələsmək də, gecikmək də olmaz. Bunları heç vaxt unutma”
Kadr dəyişir. İlham Əliyev tək dayanıb fikirləşir. Tez-tez əlindəki cib saatına baxır. Ali Baş Komandan döyüş əmri verir. Müzəffər ordunun şanlı döyüş kadrları və qələbə paradı nümayiş etdirilir. İlham Əliyevin xalqa qələbə təbriki və “ata vəsiyyətini yerinə yetirdim” ifadəsi səslənir.  Hüseyn Cavidin “Kəssə hər kim tökülən qan izini,                                                                                                          
    Qurtaran dahi odur yer üzünü” kəlamı ilə kadrlar sona yetir. 

Müəllif: Əliyev Elman Allahverdi oğlu
 

 
Tanıtım: Elman Əliyev 1963-cü ildə Laçın şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini (1981-1985-ci illər) fərqlənmə diplomu ilə bitirib.
Qarabağ müharibəsi veteranı, 2003-cü ildən YAP-ın üzvüdür.
Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında teatr şöbəsində rejissor və aktyor sənəti müəllimidir.
E.Əliyev və yetirmələri dəfələrlə beynəlxalq və respublika müsabiqələrinin  qalibi olmuşdur. Çoxsaylı Fəxri fərman və diplomlara layiq görülmüşdür.

 


Tarix: 13-06-2023, 23:59

Xəbəri paylaş