Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“LAYİHƏ VƏ PROBLEM ƏSASLI DƏRSLƏRİN QURULMASI” ÜZRƏ METODİK DƏSTƏYİN GÖSTƏRİLMƏSİ



  
MƏFTUNƏ KƏRİMOVA
Füzuli rayon 7 nömrəli tam orta məktəbin direktor müavini
 
Xarici ölkə məktəblərinin birində həyata keçirilən layihə nümunəsinə nəzər salaq: “Hər gün müəyyən yolu qət edərək məktəbə gələn şagirdlər yolda zibil yığınlarını görür və bu məsələnin həll olunması üçün layihə təklifi irəli sürürlər. Layihə müxtəlif fənn müəllimləri tərəfindən müzakirə olunur, şagirdlər layihə planı hazırlayır və layihənin icrasına başlayırlar. Layihə əsaslı dərslərdə inteqrasiya imkanları geniş olduğu üçün şagirdlər layihənin planlaşdırılmasından tutmuş icrasına qədər müxtəlif fənn müəllimlərinə müraciət edirlər. Müəllimlər həm dərs, həm də dərsdənkənar vaxtlarda şagirdlərə istiqamət verir və prosesə nəzarət edirlər. Layihənin məqsədi şagirdlərin yaşadıqları ərazilərin zibillərdən təmizlənməsi, şəhəri zibilləmənin qarşısının alınması və toplanan zibillərin təkrar emala verilməsi idi. Olduqca faydalı fəaliyyətləri əhatə edən bu işləri görmək üçün şagirdlər Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Şəhər Bələdiyyəsi və Yüksək Texnologiyalar Nazirliklərinə müraciət etdilər. İcma əsaslı öyrənmə mühitinin təşkilində müraciət edilən qurumlar şagirdlərə dəstək göstərdilər. Şagirdlər əvvəlcə dron və ya mövqe təyin edən GPS qurğuları vasitəsi ilə zibilliyin çox olduğu ərazilərin koordinatlarını müəyyənləşdirdi, daha sonra isə ərazilərin şəkillərini çəkdilər. Bunun üçün şagirdlər əvvəlcə drondan və ya GPS-dən istifadə qaydaları ilə tanış oldular. Şagirdlər ən çox zibil olan bölgələrin xəritələrini hazırladılar və bələdiyyəyə təqdim etdilər. Daha sonra bələdiyyə ərazini təmizlədi. Həmçinin şagirdlər ərazinin təkrar çirklənməməsi üçün təbliğat-təşviqat işlərini də həyata keçirmişdilər.”
Real həyat problemlərinin həllinə yönəldilmiş bu tip layihələrin hazırlanması xarici ölkə məktəblərinin əksəriyyətində həyata keçirilir. Bu tip layihələr şagirdlərə müxtəlif fənlər üzrə mövzunu nəzəri deyil fəaliyyət zamanı öyrənmək imkanı ilə yanaşı, həm də onlarda ətraf aləmin problemlərini müəyyənləşdirməsi ilə yanaşı, bu problemlərin həlli üçün də bacarıqlar formalaşdırır. Qısaca desək, şagirdləri birbaşa real həyata hazırlayır.
 
 
Layihə əsaslı öyrənmənin banilərindən sayılan Con Dyuyiyə görə təhsilalanlar əsasən təcrübə əsasında öyrənməlidirlər. C. Dyuyiyə görə məktəb fənlərin öyrənildiyi, müəyyən bacarıqların qazanıldığı yer deyil. O, deyirdi ki, mətnlərdən və müəllimlərdən öyrənmə təcrübə əsasında öyrənmə prinsiplərinə tamamilə ziddir. Şagirdlər məktəblərdə hər-hansı ictimai fəaliyyətə, sosial məşğuliyyətə, müxtəlif layihələrin hazırlanmasına cəlb edilməli və bu fəaliyyətin yerinə yetirilməsi zamanı zəruri olan bilikləri öyrənməlidir. Yəni, o, hər-hansı problemin həlli üçün öyrənmə ehtiyacının yaradılmasını daha təbii öyrənmə üsulu sayırdı. 
Fikrimizi ümumiləşdirsək və layihə və problem əsaslı dərs nümunələrini təhlil etsək görərik ki, şagirdləri məzun olacaqları dövrün peşələrinə hazırlamaq üçün dərsləri tək nəzəri məlumatların mənimsənilməsi istiqamətində keçmək lazım deyil. Bunun üçün şagirdləri birbaşa fəaliyyətə, hər hansı layihənin, praktik işin icrasına yönəltmək və texnologiyalardan istifadəyə sövq etmək lazımdır. Məhz belə öyrənmə mühitinin yaradılması şagirdləri XXI əsr bacarıqlarına yiyələndirəcək.
Məlumdur ki, şagirdlərdə yuxarıda sadalanan bacarıqları formalaşdırmaq, onlara layihə və problem əsaslı öyrənmə mühiti yaratmaq üçün əvvəlcə müəllimlər özləri bu bacarıqlara yiyələnməlidirlər. Təklif etdiyimiz layihə çərçivəsində “Layihə və problem əsaslı dərslərin qurulması” üzrə metodik dəstək göstərməklə müəllimlərdə bu bacarıqları formalaşdıracağımıza əminik.
Layihə çərçivəsində layihə və problem əsaslı dərsin keçirilməsinə dəstək məqsədilə 40 səhifəlik oxu materialı, 12 saatlıq təlim və 24 saatlıq mentorluq dəstəyi mexanizmi hazırlandı. Daha sonra bu istiqamətdə bilik və bacarıqlara yiyələnmək istəyən 120 nəfər müəllim sorğular əsasında seçildi, onlar ilkin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün diaqnostik qiymətləndirmə iştirak etdilər. İlkin qiymətləndirmə nəticəsinə uyğun olaraq layihə rəhbəri müəllimləri eyni ehtiyaclara uyğun qruplara ayırdılar.
 
 
Daha sonra müəllimlərə əyani təlimlər keçirilməyə başladı. Əyani təlim müddətində müəllimlərə layihə və problem əsaslı dərs nümunələri təqdim olundu, bu dərslərin xüsusiyyətləri öyrədildi, müəllimlər öz dərs nümunələrini hazırladılar. Daha sonra isə 24 saatlıq distant mentorluq dəstəyi zamanı müəllimlər hazırladıqları dərs planlarını təqdim etdilər, həmkarlarının, eləcə də mentorun dəstəyi ilə dərs planlarını təkmilləşdirdilər. Layihə nəticəsində müəllimlər bir-birindən və mütəxəssislərdən öyrənməklə dərslərini layihə və problem əsaslı qurmağı öyrəndilər. Layihənin icrası nəticəsində şagirdlər maraqlı öyrənmə prosesinə cəlb olunacaq və XXI əsr bacarıqlarına yiyələnəcəklər.


Tarix: 24-01-2023, 17:26

Xəbəri paylaş