Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

XALQ ŞAİRİ ZƏLİMXAN YAQUBUN ƏSƏRLƏRİNDƏ VƏTƏNPƏRVƏRLİK İDEYALARI


 

 
Vətənpərvərlik insana xas olan ən dərin hisslərdən biridir. Bu hisslər doğma ocağa, el-obaya, ana torpağa, təbiətə, ana dilinə, adət-ənənələrə əzəli duyğulardan irəli gəlir.
Ölkəmizin müstəqil olduğu müasir dövrdə insanlarımızın vətənpərvərlik hissi daha yüksək səviyyəyə qalxmışdır. Xalqımız öz vətənini təkcə ona görə sevmir ki, doğma təbiəti, dili, adət-ənənələri onlara əzizdir. Həm də ona görə sevir ki, müstəqillik, öz taleyimiz öz əlimizdədir, pisə də, yaxşıya da cavabdeh özümüzik.
Bütün ziddiyyətlərə, çətinliklərə baxmayaraq əminik ki, gec də olsa «tunelin o başında işıq» görünməkdədir. Bu işıq azadlığımızın mücdəsidir, torpaqlarımızın toxunulmazlığıdır, müqəddəs yerlərimizə inamımızdır, halal çörəyimiz və saf sularımızdır – gələcək xoşbəxtliyimizdir.
Dədə-babalarımız nə qədər çətinlikdə yaşasalar da, gənc nəsilə həmişə öz ana torpağına məhəbbət, vətənə sədaqəti hissi aşılamağa çalışmışlar. Onlarda dostluğa sədaqət, düşmənə nifrət, yeri gələndə bağışlamaq bacarığı, Vətən naminə heç bir güzəştə getməmək, çətinlikdən qorxmamaq, düşmənin gözünə dik baxa bilmək kimi keyfiyyətləri tərbiyə etmişlər.
Uşaq və yeniyetmələrimiz ilk vətənpərvərlik dərslərini öncə öz ailələrində alırlar. Valideynləri onlara həyatı seyr etməyə, nəyin doğma və nəyin qeyri-doğma olduğunu duymağa alışdırırlar. İstər kənddə, istərsə də şəhərdə bu prosesdən kənar qalan ailə olmur.
Vətənpərvərlik hissləri məktəb illərində daha da inkişaf edir və zənginləşir. Şagirdlər müxtəlif fənlər üzrə Ana Vətən, doğma torpaq, müqəddəs ailə, böyüklərə hörmət, kiçiyə qayğı, Vətən həsrəti kimi yüzlərlə mövzu öyrənirlər.
Vətənpərvərlik ideyalarından söz açmaq istədiyimiz xalq şairi Zəlimxan Yaqub da istisna təşkil etmir. Fərq orasındadır ki, şair öz duyğularını, düşüncələrini, hisslərini hamı kimi deyil, bədii müstəvidə, lirik lövhələrlə əks etdirir, təkrarsız ifadələrdən, sinonimik mənalardan istifadə edir.
Zəlimxan Yaqub şəxsiyyətinin hansı tərəfinə nəzər salsaq, orada bir bütövlük, tamlıq, təmizlik görürük. Ulu bir dağdan qopmuş iri qaya parçası o dağın bütün xüsusiyyətlərini özündə cəm etdiyi kimi şair də Azərbaycan xalqının ünlü bir damlası kimi öz xalqının bütün səciyyəvi cəhətlərini kamilliklə özündə cəmləşdirə bilmişdir.
Pedaqogika üzrə fəlsəfə doktoru Fərhad Xubanlı “Zəlimxan Yaqub yaradıcılığı tərbiyə anlamında” kitabında yazır ki, “çağdaş ədəbiyyatımızın bir çox istedadlı şairlərinin əsərlərində olduğu kimi, onun şeyirləri klassik irsə söykənən, didaktik obrazlarla insanların zehninə və qəlbinə yol tapan yaradıcılığı bu cəhətdən çox münasibdir. Həm də Zəlimxan Yaqub bu ictedad və faydalanmalarla müasir dövrümüzün Şərqdən və Qərbdən əsən küləklərinin ehtimallarını çox yaxşı duyur və nəinki böyük düha sahiblərinin öyüd-nəsihətlərini, xalq hikmətini təbliğ edir, eyni zamanda, dinimiz, qədimliyimiz, sınaqlardan çıxmış ənənələrimiz üzərində cücərən pöhrələri qayğı, ayıqlıq və sayıqlıqla becərib ərsəyə çatdırmaq üçün axtarışlar edir və bu yolun düzgünlüyünü xalqa təlqin edir”.
«Yolunu eldən başlayan» şair heç vaxt öz elindən, obasından uzaq düşməyib. Onun üçün Vətən hər yer idi: Borçalıda, Bolnis- Kəpənəkçi də, Bakı da, bütün şəhər, rayon və kəndlər də.
Bir şəxsiyyət kimi onun vətəndaşlıq mövqeyi hər sahədə özünü biruzə verirdi. Deyirlər, şairlər təbiət vurğunu olurlar. Bunu Zəlimxan Yaqubun bütün yaradıcı­lığın­dan sezmək olur. Elə bir dağ, meşə, çöl, çəmən olmayıb ki, şair onu vəsf etməsin.
Tarixini və translyasiya olunduğu televiziya kanalını unutduğum, lakin yadımda əbədi qalan çıxışlarının birində o, təxminən 40 dəqiqə bənövşə gülünü elə vəsf etdi ki, bu gülü bütün güllərin, çiçəklərin şahı saydım. O, təkcə bənövşəyə həsr etdiyi şeirini deyil, bütün şairlərin bu qəbildən olan şeirlərini əzbərdən sevərək söylədi. Mən ikinci belə bir şair tanımıram ki, digərlərinin də şeirini özününki kimi eyni şövqlə saatlarla söyləsin. Bu, məncə, təkcə yaddaş məsələsi deyil. Burada öz işində məsuliyyət, ətrafa diqqət, dostlara sədaqət, təbiətə vurğunluq, Allah töhfəsinə görə minnətdarlıq hissi, böyük zəhmət, yaddaşın daim itilənməsi əsas yer tutur. Əbəs yerə deyildi ki, görkəmli ədəbi tənqidçimiz Yaşar Qarayev onu “təbiət və gözəllik şairi” adlandırmışdı.
Zəlimxan Yaqub insanların sevgisini elə məhz poeziyası ilə yanaşı, səlis nitq qabiliyyəti, fenomenal yaddaşı ilə qazanmışdır. Bu barədə onun haqqında yazdıqları məqalə və kitablarda ədəbiyyatımızın, elmimizin görkəmli nümayəndələri demək olar ki, hər biri həmfikirdilər. Onun yaradıcılığına böyük dəyər bildirən Xəlil Rza Ulutürk Zəlimxan Yaqubun portretini belə çəkmişdir: “Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur. İnciməsin Mikayıl, aktyora da ehtiyacı yoxdur. Çünki o həm aktyordur, həm şairdir, həm aşıqdır, həm də küll halında, ensiklopedik lüğətdir. Natiqdir, böyük ictimai xadimdir”.
Zəlimxan Yaqub öz varlığı ilə özündən qabaqki söz sahibləri ilə - ustad aşıqlarla, filosoflarla, din xadimlərilə həmişə bağlı olmuş, onlara söykənmişdir. Bu sırada aşıq Alını, Ələsgəri, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni və başqalarını göstərmək olar.
«Yunus Əmrə» dastanından şair «əsrlər boyu öz milli soy-kökündən uzaq düşən, öz yaddaşından qopan xalqı özünə qayıtmağa» səsləyir. Türk dünyasının sufi şairi Yunus Əmrənin böyük sevgiylə vəsf edirək, bu qəbildən olan nəhənglərin tək-tək dünyaya gəldiyi qənaətində olduğunu vurğulayır.
Doğulan çox olsa da, neyləsin doğan ana,
Hər gün dünyaya gəlmir nə Yunus, nə Mövlana.
Dahilik zərrə-zərrə hopur iliyə, qana,
Dünyanın yaxşi şeiri hər gün yazilan deyil!
Zəlimxan Yaqub dövrün ən çətin problemlərindən olan ekoloji məsələlərədə də vaxt ayırmağa macal tapmışdı: Meşə yoxdursa ək, çoxdursa qırma, azdırsa, qoru!
Zəlimxan Yaqubun bu misrası sanki atalar sözü kimi vətəndaşları təbiəti qorumağa səsləyir. Meşələrin qırılması, yaşıllıqların azalması onu, həmişə narahat edirdi.
Zəlimxan Yaqubun pedaqoji ideyaları etnik pedaqogika, xalq pedaqogikası ilə sıx surətdə bağlıdır. Onun üçün ən böyük pedaqoq xalqdır. Xalqdan gələn ideyaları özünküləşdirib, müasir dövrlə uzlaşdırıb bədii şəkildə oxuculara çatdırmağı şair özü üçün vətəndaşlıq borcu sanırdı.
Məsələn xalq pedaqogikasında belə bir atalar sözü var: «Papağı isti-soyuqluğuna görə qoymurlar». Bunu şair poetik mənada «Gözümə az dəyir qarapapaqlar» şeirində belə ifadə edir:
Mən papaq deyəndə ata yurduna,
Sonsuz sədaqəti salıram yada.
Ana-bacılara ər vəfasını,
Namusu, qeyrəti salıram yada.
Elə şairin təbirincə desək papaq ata yurdunu, sonsuz sədaqəti, arı, namusu simvolizə edir Zəlimxan Yaqubun yaradıcılığında.
Şairin özünün yaratdığı neçə-neçə zərb məsələləri dillərdə əzbər olub:
• Qədirbilməzlik ruzi verən əli yandırmaq kimi bir şeydir; Şər ilandır, şər əfidir – saflıq ömrün şərəfidi; Hikmətdən yük tut, halaldan maya və s.
Zəlimxan Yaqubun yaradıcılığının pedaqoji mahiyyətini Azərbaycanın ümumilli lideri Heydər Əliyev o qədər dəqiq qeyd etmişdir ki, onu şair haqqında yazılan tədqiqat əsərlərinin əvvəlində bir epiqraf kimi vermək olar:
"Siz müasir ədəbiyyatımızda Azərbaycanın zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlardansınız....
Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız...
Ana dilimizin tükənməz imkanlarından məharətlə istifadə edərək, təbiətimizin füsunkarlığına, oğul-qızlarımızın qeyrətinə, ata-babalarımızın müdrikliyinə həsr etdiyiniz misralar oxucular tərəfindən hüsnü-rəğbətlə qarşılanır...
Əminəm ki, yaradıcılığınızın ən məhsuldar dövrü hələ qabaqdadır".
Zəlimxan Yaqubun əsərlərində nəzərə çarpan vətənpərvərlik ideyaları məkan və zamanla qanunauyğunluq təşkil edir. Bu o deməkdir ki, Zəlimxan Yaqub öz Vətəninin oğludur, onunla fəxr edir, ondan heç vaxt ayrı düşmək istəmir. Amma tale elə gətirib ki, şairin üç vətəni var. Bu heç yerdə yazılmasa da, doğrudan da belədir.
Onun birinci vətəni (mikrovətəni desək daha doğru olar) Kəpənəkçi kəndidir. Necə ki, özü deyir: «Körpəlik, uşaqlıq illəri və gəncliyinin bir hissəsi tam 18 yaşına qədər Borçalıda və doğma kəndimiz Kəpənəkçidə keçib. Bu gör-götür dünyasında ən güclü görüb-götürdüyüm dövr elə bu illərin payına düşür».
Bu «mikrovətənlə» şair görün necə qürrələnir, fəxr edir: «Mənim yetişdiyim mühit – Gürcüstan dövləti, sazın-sözün, zəngin folklorun, olduqca maraqlı hadisələrin beşiyi Borçalı mahalı, bir mahal qədər səsi-sədası olan Bolnis-Kəpənəkçi kəndi həm Azərbaycanla, həm Türkiyə ilə, həm İranla tarixi əlaqələri olan bir məkanla bağlıdır».
Məlum məsələdir ki, şair ilk vətənpərvərlik duyğularını buradan əxz edib və öz qiymətli əsərlərində məharətlə əks etdirib. Əlbəttə, onun bu dövr vətənpərvərliyi öz yaxınlarına, doğmalarına, kəndinə, mahalına məhəbbətdən irəli gəlir.
Hamı kimi onunçün də ən əziz adam anasıdır ki, bunu «Niyə yatmırsan ana!» şeirində hiss edirik.
Niyə yatmırsan, ana,
Hələ ki, səhər deyil,
Qızarmayıb dan yeri.
Belə tezdən durmağın
Axı sənə nə xeyri?!
Qurban olum, ay bala,
Yat yuxun şirin olsun
Ürəyimin başında
Qoy sənin yerin olsun
Mənsə ana olandan
Unutmuşam yatmağı
Sevirəm tezdən durub,
Gülləri, çiçəkləri
Yuxudan oyatmağı.
Şairin bu və başqa misralarında anaya hörmətin həddi-hüdudu yoxdur. Torpaq sevgisi, Vətən qeyrəti buradan irəli gəlmirmi?!?
Vətəndir alovu, vətəndir közü,
Eşqimin gözləri kor olan deyil,
Ona məhəbbətim sönməz işıqdır,
Yatıb kül altında qor olan deyil
1973-cü ildə öz Kəpənəkçi kəndinə həsr etdiyi şeirini oxuyan hər kəs mütləq düşünür ki, ana ocağını, doğulduğu məkanı sevməyən gənc heç vaxt söz incisindən bu qədər məharətlə istifadə edə bilməz:
Şırha-şır sinəmdən axar bulaqlar,
Başlasa söhbəti Kəpənəkçimin.
Nəyinnən danışım, nəyinnən deyim,
Azdımı şöhrəti Kəpənəkçimin.

Şairin ikinci məkanı – böyük Vətəni haqqında əvvəlcə onun özünü dinləsək daha düzgün olardı: “Ömrümün bir fəsli var idi, gənclik və bahar fəsli. Arı kimi çiçək­lərdən şirə çəkir, kəpənək kimi güldən-gülə qonur, kəklik kimi daşdan-daşa çəkir, qartal kimi zirvələrdə qıy vurur, küləklərə, şimşəklərə meydan oxuyurdum… Təbiətin qar-boranını çox görmüş olsam da, hələ cəmiyyətin, müharibə adlı iblisin sərt üzünü görməmişdim. Gül ətri verən şeirlərimdən birdən-birə qan iyi gəlməyə başladı” (1, s.32).
«Bakı haqqında düşüncələr» şeirində şair Bakının gözəlliyini, abidələrinin təkrar­olunmazlığını, «azadlığın havasından yarandığını», əyilməzliyini vəsf edərək, iblislərində pis niyyətini açıqlayır:
Atdığı daş öz nəslinin başını əzdi,
Səni əzmək istəsə də əzə bilmədi,
Alçaqların fikri gəzdi, xəyalı gəzdi,
Özü gəlib bu yerlərdə gəzə bilmədi.
İkinci – makro vətəndə Zəlimxan Yaqub yaradıcılığının ən əsas mövzu-la¬rından biri «kədər fəlsəfəsidir», yəni müharibə mövzusudur. Şair yaxşı başa düşür ki, tarixən xalqımızın həyatında məşəqqətlər, faciələr çox olub və indi də təkrar olunmaqdadır. Əbədi düşmənimiz olan mənfur qonşularımız bu faciələri davam etdirməkdədir.
Məşhur yazıçımız Əzizə Cəfərzadə milli mənliyimizin formalaşdırılması prosesindən öz narazılığını bildirərək hələ keçən əsrin 90-cı illərində belə bir «sual-mühakimə» irəli sürmüşdür: «1918-ci il Bakı, Şamaxı genosidini dünya xalqlarına çatdırmışıqmı, qabaqcıl bəşəriyyətin nəzərini bu faciəyə cəlb etmişikmi? «Mart qırğınları» zamanı Xorasana, Kərbəlaya, Təbrizə üz tutanların faciəsindən, doğma Azərbaycandan baş götürüb elbəel didərgin düşənlərdən indinin özündə də xəbərimiz varmı?..
1937-ci il «yanların» əli ilə «istintaq» edilib məhv olunan Vətən oğullarının xatirəsini nəylə əbədiləşdirmişik və həmin illərdə Orta Asiyaya sürülənlərin ağır faciəsini, bununla belə, Vətəni unutmadıqlarını hansı əsərimizdə canlandırmışıq?.. 1988-ci il. Doğma yurdundan qovulan, sayı iki yüz mini keçmiş əzizlərimizə nə gün ağlamışıq?».
Belə faciələrə 20% torpaqlarımızın zəbt olunmasını, Xocalı soyqırımını, atəşkəs dövründə davam edən itkilərimizi və s. də əlavə etmək olar. Həmin boşluğu doldurmağa çalışan yazar oğullardan biri də Zəlimxan Yaqub olmuşdur.
Onun silsilə formada yazdığı «Vətən yaraları», «Şair harayı» və s. adlı əsərlərini yuxarıdakı çağırışa cavabdır.
Məsələn, «Ey Vətən oğulları!» poemasında şair əsgərlərimizə yazar kimi müraciət edir:
Bu gün əlimdə qələm, bu gün sinəmdə dəftər,
Sizin haqqınızdakı,
Yaralı ürəyimdə yaralanmış bir əsər!
Sizin kəsərinizdir sözümdəki güc, kəsər!
Sizin işığınızdır üzümə doğan səhər!
Səs-səsə verək bu gün,
Bu xalqın xidmətində mən bir şair, siz əsgər!
Sonra o tarixi hadisələri açıb göstərir:
«Ey Vətən oğulları!»
Bu Vətən nələr görüb?
Hər dəfə göz açanda.
Oğlunu şəhid görüb, qızını mələr görüb.
Bu xalqın, bu millətin hər evinə yas düşüb
Bu gün onun bəxtinə
Ölümə ölüm düşüb, qisasa qisas düşüb
Qonşu müxənnəs düşüb, dostu yağıya dönüb
Ağılar deyə-deyə ömrü ağıya düşüb.
Daha sonra xalqa yol göstərir:
Qılınc ol, polad ol, dəmir ol, daş ol.
Ağlama, sızlama, kövrəlmə, millət!
Yaxınlaş, doğmalaş, sıxlaş, dəmirləş,
Dağılma, sökülmə, seyrəlmə millət!
Təbrizsiz qalmağa öyrəndin, yetər,
Dərbəndsiz qalmağa öyrəndin, yetər,
Göyçəsiz qalmağa öyrəndin, yetər,
Şuşasız qalmağa öyrənmə, millət!
Laçınsız qalmağa öyrənmə, millət!
Vətənsiz qalmağa öyrənmə, millət!
Nəhayət, şair Vətən oğullarına dəqiq tapşırıq verir:
Bu torpaq sizlərə Quranın ayəsidir,
Bu tapşırıq sizlərə,
«Torpağı qoru» – deyən babaların səsidir!
Bu tapşırıq kəskindir sıyrılmış xəncər kimi,
Bu tapşırıq böyükdür «Allahu-əkbər kimi!» (11,195).
Zəlimxan Yaqubun hansı əsərinə müraciət edirsən, orada bir şair harayı, müdriklik, vətəndaş qeyrəti, insanlıq heyrəti, Zəlimxan qarqışı hiss edirsən:
«… Hamının evində son tikəmizi
Qardaş malı kimi bölməmişiksə,
Vətəndən, torpaqdan, millətdən ötrü,
Ölümdən yayınıb ölməmişiksə,
Günah yaz, günah yaz, günah yaz, günah!
Bizi bağışlama, ey qadir Allah!
Zəlimxan Yaqubun Vətən anlayışı çox geniş olduğu kimi onun «cahana sığmayan» vətəndaşlıq ideyaları da çoxdur, genişdir, diqqətəlayiqdir. Belə adamlar təkcə bir mikrovətənin, makrovətənin vətəndaşları yox, bütün cahanın vətəndaşı olmağa layiqdir. Şairin «Türkiyə dəftəri», «Ərəbistan dəftəri», «Çin dəftəri», «İraq dəftəri», «Almaniya dəftəri» və s. silsilə əsərləri buna canlı sübutdur.
Zəlimxan Yaqubun əsərlərində mövcud olan vətənpərvərlik ideyaları onun yaş dövrlərilə həmahəngdir. Bütün yarananlar kimi Zəlimxan Yaqub da aşağıdan yuxarıya, sadədən mürəkkəbə, uşaqlıqdan müdrikliyə doğru inkişaf edib. Və bütün yaş dövrlərinin əlamətləri onldan da yan keçməyib. Uşaq Zəlimxan, yeniyetmə Zəlimxan, gənc Zəlimxan, yetkin Zəlimxan, müdrik Zəlimxan və s. Bu bioloji xüsusiy­yətlər sosial sahədə də qanunauyğun surətdə davam edib. Yəni hürkək şair, naşı şair, gənc şair, dolğun şair, müdrik şair.
Bütün bunları biz Zəlimxan Yaqubun 13 cildlik külliyatını nəzərdən keçirdikdə açıq-aydın hiss edirik.
Şairin pedaqoji ideyaları da yaş xüsusiyyətlərinə həmahəng olaraq dəyişir, püxtələşir, inkişaf edir və tam bir pedaqoji sistem yaradır.
Məsələn, uşaq Zəlimxan böyüklərin görə bilmədiyi ən xırda, kiməsə əhəmiyyətsiz görünən şeyləri görür, iyləyir, əlləyir, dadına baxır və əbədi yaddaşına həkk edir. Amma bu uşaq adi uşaq deyir, gələcək şairdir. Yaddaşına həkk olunan hər bir hadisə nə vaxtsa onun daxili hisslərinə çevrilərək şeirlə ifadə olunur. Rüstəm Kamalın sözlərilə desək, «sətirlər qafiyələşir, sözlər həmcins sıralanır və düşüncələrin təzahürünə çevrilir».
Şairin uşaqlıq şeirlərində vətənpərvərlik ideyaları anaya, ataya, doğma kəndə, təbiətə, yaxın insanlara məhəbbətdə özünü biruzə verir:

Həyat qəribədir, budağın üstə
Həm qızılgül olur, həm tikan olur
İnsan qəribədir, dodağın üstə,
Sevinc gül açanda, qəm tikan olur.

Şairin «Babalar» şeiri də ilk yaradıcılıq illərinə təsadüf edir. Lakin burada dərin məna kəsb edən fikirlər artıq müəyyən təcrübəyə malik olan, mücərrəd təfəkkür sahibinə çevrilən yeniyetmənin beyin məhsuludur:
Dərd əzə bilmədi şah vuqarımı,
Əzdi qəzəbiylə dərdi babalar.
Namərdə tuşladı güllələrini,
Sevdi, əzizlədi mərdi babalar.

Bu şeirdə babalarımızın uzaqgörənliyi, mərdliyi, qoçaqlığı, müdrikliyi vəsf edilir və tövsiyə olunur ki, onların məsləhətlərindən qidalanmaq vacib şərtdir.
Şairin gənclik illəri mikroaətəndən makrovətənə keçid dövrünü təşkil edir. Hər bir gənc kimi o da sevgi, məhəbbət problemi ilə raslaşır, öz müəlliminin qızına meyl salır və şeirlərinin xeyli hissəsini ona həsr edir. «Duman salamat qall, dağ salamat qal» misralı şeir belə yaranır.
Amma onun ürəyi əsasən böyük Vətənlə - Azərbaycanla döyünür, Azərbaycanda olan hadisələrə biganə qala bilmir. «Ürəyimdə» başlıqlı şeirə fikrimizi cəmləyək:
Azәrbaycan bir nәğmәdir,
Sözü mәnim ürәyimdә.
Eşqi uca zirvәlәrdә,
Özü mәnim ürәyimdә.

Döyüşdәdir hәr gün, hәr ay,
Düşmәn üstә, çәkir haray –
Qafur, Mehdi, Cәmil, Gәray,
Hәzi – mәnim ürәyimdә.
Bu şeirdə gənc bir şairin öz Vətəninə, Azərbaycana, onun yolunda hər cür imtahandan şərəflə çıxan Vətən övladlarına sonsuz məhəbbəti hiss olunur.
Azərbaycan, onun paytaxtı Bakı, Vətən keşikçiləri, zəhmət adamları bu dövrün əsas mövzularındandır.
Zəlimxan Yaqub yorulmaq bilməyən şairdir. Yaşdan yaşa keçdikcə, inkişaf etdikcə, fikirləri də inkişaf edir, özü müdrikləşdikcə fikirləri də püxtələşir, həyat fəlsəfəsinin zirvələrinə yaxınlaşır. Arzuları tükənmir, yazıb yaratmaq həvəsi daha da artır. Özü bunu daha dəqiq ifadə edir:
«…Bəlkə də həyat elə ona görə bu qədər şirindir ki, ömrün boyu danışırsan dil yorulmur, ömrün boyu yazırsan söz qurtarmır, ömrün boyu baxırsan göz doymur, ömrün boyu yol gedirsən yol tükənmir, başa çatmır. Bu yolu qurtarmamış o biri yol səni çağırır. Yaz! Yarat! Bax! Gör, götür! Sev! Sevil! Sevdir! - deyir».
Müdriklik dövrün ayaq açdığı zamandan şair ancaq şeir yazmaqla kifayətlənmir, həyatın müxtəlif problemlərini görərək onların həll olunmasına çalışır, məsləhətlər verir, yol göstərir, Danko kimi ürəyini sinəsindən yarıb çıxararaq insanları qaranlıqdan işıqlı dünyaya sövq edir.
Azərbaycan yazıçılarının XI qurultayında çıxış edərək vacib bir məsələyə öz münasibətini belə bildirir: «Son illərdə mətbuat və söz azadlığından, demokratiyadan sui-istifadə edib keçmişə güllə atanların, ulu əcdadlarımızın bostanına daş atanların sayı yaman çoxalıb. Şah İsmayıl Xətaiyə, Füzuliyə, M.F.Axundova, M.Cəlilə, N.Nərimanova, Səməd Vurğuna, İlyas Əfəndiyevə, Rəsul Rzaya, B.Vahabzadəyə, daha kimlərə daşlar atıldı… Bir həqiqət var. Dedi-qodu, ümu-küsü, giley-güzar tarixin arxivində çürüyür. Ancaq və ancaq yazılan gözəl əsərlər tarixin yaddaşında qalır».
Burada şairimizin əsl vətəndaşlıq mövqeyi üzə çıxır. O bildirir ki, nəyimiz varsa hamısı bizimdir, yaxşımız da, pisimiz də. Gəlin pisimizi unudaq, yaxşımızı davam etdirək…
Zəlimxan Yaqubun bütün əsərləri Vətəndən can alıb, Vətənə köklənib, Vətən oğul və qızlarının tərbiyəsinə yönəlib. Müdriklik dövründə yazıb-yaratdıqca onun deyimləri, ideyaları da fəlsəfi xarakter alır, ululaşır, hər bir oxucunu düşünməyə vadar edir: «Millət nə zaman millət olur? Özünə qayıdanda… Dövlət nə zaman dövlət olur? Başçısı müdrik və səmimi olanda… İnsan nə zaman vətəndaş olur? Vətən sözünün daşıdığı mənanı başa düşüb… dərk edəndə. Torpağının, suyunun, havasının, yerinin, göyünün azad və müstəqil sahibi kimi yaşayanda…».
Beləliklə, biz xalq şairi Zəlimxan Yaqubun fəlsəfi-etik, bədii estetik dünyasına ekskurs edib o böyük dünyadan özümüzə uyğun pedaqoji ideyaları toplamağa cəhd etdik və bu nəticəyə gəldik ki, şair dövrünün ən mükəmməl, hazırlıqlı söz ustasıdır. Onun böyüklüyü həm də ondadır ki, tarixin zaman-əlaqə kateqoriyasına bələddir. Keçmiş, indi və gələcək əlaqələri onun dünyagörüşündə tam bir qanunauyğunluq təşkil edir.
Zəlimxan Yaqub böyük şair, filosof, pedaqoqdur. O heç bir əsərini məqsədsiz yazmır. Onun hər bir əsərində kökə qayıdış, gələcəyə inam, oxucularla təmas, pedaqoji təsir hiss olunur.
Şairin dünyaya münasibəti «dünya sənin, dünya mənim, dünya heç kimi» ifadəsindən çox genişdir. Onun dünyası nəhayət qovuşduğu tanrıdır, tanrının qoyduğu qaydalırdır, peyğəmbərin təlimləridir.
Yuxarıda deyilənləri nəzərə alaraq bir neçə təklifi qeyd etməyi vacib bilirik:
Zəlimxan Yaqubun keçdiyi çox da asan olmayan zəhmətkeş həyatı, yaradıcılığı, fəlsəfi və pedaqoji fikirləri, poetik duyğu və düşüncələri, insanlara münasibəti, ictimai-faydalı işlərdə fəal iştirakı, patriotik və ümumbəşər keyfiyyətləri uşaqlarımızın, yeniyetmə və gənclərimizin formalaşmasında əsl tərbiyə məktəbidir. Onu təbliğ etmək, yaymaq gənc nəslin qayğısına qalan hər bir vətəndaşın borcudur;
Şairin bir çox əsərlərini uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq məktəblərin tədris planlarına və dərs vəsaitlərinə salaraq tərbiyə işində istifadə etmək müsbət nəticələrə gətirib çıxarardı;
Ali məktəblərdə tədris edilən bir çox fənlərdə – dil, ədəbiyyat, tarix, pedaqogika, psixologiya dərslərində şairin geniş irsindən istifadə etmək təlimi daha səmərəli edərdi. Xüsusən onun tarixdən, şifahi xalq yaradıcılığından, etnik ideyalardan, adət və ənənələrimizdən əxz edərək, özünün yaratdığı sinonimik sıralar, yeni mənalı sözlər, asan yadda qalan qoşmalar tədris materialları kimi çox faydalıdır.
Şəxsi təcrübəmdən çıxış edərək, qeyd etmək istərdim ki, Bakı Slavyan Universitetinin pedaqogika və psixologiya kafedrasında tədris edilən «Etnopeda­qogika» dərslərində, xüsusən «Etnope­daqogika elminin obyekti və predmeti», «Mentalitet və mili xüsusiyyətlər», «Valideyn və övlad münasibətləri», «Etnopedaqo­gikada tərbiyənin üsulları», «Etnopedaqoji ideyalar və islam», «Toy və yas adətləri» və bir sıra başa mövzuların tədrisində Zəlimxan Yaqubun əsərlərindən nümunələr təhsilin məzmununu mənim­səməkdə tələbə və magistrantlar üçün olduqca keyfiyyətli əyani vasitədir. Digər tədris müəssisələrində də geniş şəkildə istifadə etmək olar.
     Zəlimxan Yaqub yaradıcılığı hər bir təhsil işçisi, tərbiyə ustadı üçün zəngin ideya toplusu, söz bazası, tərbiyə vasitəsidir. Ondan hər yerdə – ailədə, məktəbdə, ictimai yerlərdə inamla istifadə edib faydalanmaq olar.

Nazim Mirzə,
Bakı Slavyan Universiteti
"Pedaqogika və psixologiya" kafedrasının professoru


Tarix: 13-03-2019, 16:05

Xəbəri paylaş