Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bir sinədə iki dünya

 

Alim-şair Hikmət Mahmudovun biblioqrafik toplusu işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu Azərbaycan elm və mədəniyyət xadimləri silsiləsindən alim-şair Mahmudov Hikmət İsmayıl oğlunun biblioqrafik toplusunu (Biblioqrafiya) nəşr etdirmişdir. Biblioqrafiya bu yaxınlarda «Nurlan» nəşriyyatında işıq üzü görmüşdür. Kitab ömrünün ahıl çağını yaşayan professor-şairin uzun illər ərzində apardığı geniş geoloji araşdırmaların, çoxşaxəli elmi-tədqiqat işlərinin və poeziya sahəsində uğurlu fəaliyyətinin göstəricisidir.
Biblioqrafiyada görkəmli geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, «Qızıl qələm» və «Vətən» mükafatlarına, qızıl medal və diploma, «İlin adamı», «İlin Vətənpərvər adamı», «Şərəfli ömür yolu» fəxri adlarına, «Tərəqqi» medalına və Prezident təqaüdü­nə layiq görülmüş Hikmət Mahmudovun həyatının əsas tarixi dövrləri, elmi, pedaqoji, ictimai və ədəbi fəaliyyəti öz əksini tapmışdır. Biblioqrafiyanı tərtib etməkdə əsas məqsəd oxucunu alim və şairin həyatı, əsərləri, elmi və ədəbi yaradıcılığı ilə tanış etməkdir.
200 səhifəlik biblioqrafiyanın tərtibçiləri geologiya-mineralogiya elmləri doktoru, əməkdar elm xadimi, professor Şahin Balakişibəyli və elmi işçi Kəmalə Səmədova, redaktoru isə tanınmış şair-tərcüməçi Səyavuş Məmmədzadədir.
Qeyd edək ki, Hikmət Mahmudovun əsərlərinin biblioqrafiyası 1961-2017-ci illərdə Azərbaycan, türk, rus, ingilis, alman, bolqar, gürcü, fars və digər xarici dillərdə dərc edilmiş elmi və ədəbi kitabları, monoqrafiyaları, dərslikləri, habelə külliyyatlarda, müxtəlif elmi, ədəbi jurnallarda və yerli mətbuatda çap olunmuş məqalələri əhatə edir.
«Hikmət Mahmudov» biblioqrafik göstəricisi zəngin bir ziyalının məhsuldar və şərəfli ömrünün bələdçisidir. Doğrudan da Hikmət Mahmudovun hər kəsə nəsib olmayan maraqlı həyat tarixçəsi var. 1963-cü ildə BDU-nu əla qiymətlərlə bitirən gənc Hikmət mühəndis-geoloq ixtisasına yiyələnir və təyinatını Qazaxıstan Respublikasına alır. Aktyubinsk vilayətinin Muqodjar Geoloji partiyasında texnik-geoloq vəzifə­sində çalışır, səmərəli və geniş axtarışlar apararaq Aktyubinsk vilayətində bir neçə qızıl, gümüş və başqa nadir elementlər, o cümlədən 2 iri qızıl yatağı, habelə bir neçə nadir element təzahürləri aşkar edir, ilk dəfə cənubi Muqodjar sahəsində qızılın olduğunu aşkar edir. Gənc tədqiqatçı 1967-ci ildə Vətənə qayıdaraq Azərbaycan EA-nın Geologiya İnstitutunun aspiranturasına daxil olur, oranı müvəffəqiyyətlə bitirir, geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi qazanır. Sonra da doktorluq dissertasiyasını müdafiə edir. O, ilk dəfə olaraq dünya elm təcrübəsində vulkanik şüşələrdən suları və qazları almış və onların kimyəvi tərkibini müəyyən etmişdir.
H.İ.Mahmudovun elmi yaradıcılığını bir çox dünya alimləri – O.A.Boqatikov (Moskva), M.Ə.Qaşqay, Ş.F.Mehdiyev, X.C.Məmmədov (Bakı), İ.V.Yanev (Bolqarıstan), Q.E.Fridman (ABŞ) və başqaları yüksək qiymətləndirmişlər.
Azərbaycanlı akademiklərdən Fuad Qasımzadə, İsa Həbibbəyli, Firudin Köçərli, Budaq Budaqov, Arif Mehdiyev, Hətəm Quliyev, Vasif Babazadə, Arif İsmayılzadə, Hikmət Mahmudovun ömrünün ən dəyərli illərini elmi axtarışlarda keçirməsindən, yüksək elmi nailiyyətlər qazanmasından bəhs etmişlər.
Biblioqrafiyada Hikmət Mahmudovun (Hikmət Mahmudun) elmi, pedaqoji, ədəbi və ictimai fəaliyyəti haqqında verilmiş qısa məlumatda qeyd olunur ki, onun apardığı elmi tədqiqatların nəticələri alimin namizədlik və doktorluq dissertasiyalarında, respublika və xarici ölkələrin nəşrlərində çap edilmiş, 20 elmi kitabında, o cümlədən 11 monoqrafik əsərdə, 5 dərslik və dərs vəsaiti kitablarında, 200-dən çox elmi məqalələrində, elmi hesabatlarda, 7 müəlliflik şəhadətnamələri və səmərələşdirici təkliflərdə öz əksini tapmışdır. Bunlar bütünlüklə, elmi ictimaiyyətin diqqətini cəlb etmiş və rəğbətini qazanmışdır. H.İ.Mahmudov geokimya və ekologiya elmlərinin inkişafı sahəsində də yüksək uğurlara imza atmışdır. Belə ki onun təbiətin qorunması və ekoloji pozulmasının qarşısının alınmasına aid bir çox elmi-kütləvi yazıları diqqətəlayiqdir. Ömrünün yarıdan çoxunu doğma Geologiya və Geofizika İnstitutunda, bu möhtəşəm elm ocağında çalışan professor Hikmət Mahmudov yüksək insani keyfiyyətləri – sadəliyi və səmimiyyəti, xoş və nurlu çöhrəsi, geniş qəlbi ilə kollektivin, eləcə də çoxsaylı tələbələrinin rəğbətini qazanmışdır.
Hikmət Mahmudov ana təbiətin vurğunudur, həm də onun qoruyucusudur. Ətraf mühitin hazırkı vəziyyəti, ekologiya və s. məsələlər onu çox narahat edir. «Təbii ehtiyatların istifadəsi və mühafizəsi» adlı tədris vəsaiti insanın təbiətə münasibətinə, təbiət üçün antropogen xarakterli zərərli amillərin aradan qaldırılmasına həsr olunmuşdur.
Hikmət Mahmudov şair kimi də xalq məhəbbəti qazanmışdır. O, təbiəti böyük məhəbbətlə sevdiyi üçün geoloq sənətinə də elə bu baxımdan yiyələnmişdir. Axı təbiət geoloqları incə ruhlu, şair ürəkli yaratmışdır. Hikmət Mahmudun təbiətlə bağlılığı da bu istəkdən irəli gəlir. Çünki elə təbiətin özü ən böyük şairdir, bəstəkardır, alimdir, müəllimdir, müğənnidir, məhz bu xüsusiyyətlər Hikmət müəllimi təbiətə bağlamışdır. Əbəs yerə çox vaxt Hikmət müəllimi təbiət və məhəbbət şairi adlandırmırlar. Elə yazımızın sərlövhəsi də bununla bağlıdır: «Bir sinədə iki dünya».
Bəli, yarım əsrdən çoxdur ki, Hikmət Mahmud şeir dünyasında qanad çalır, bu dünyada pərvazlanıb. Azərbaycan poeziyasında öz dəst-xətti ilə tanınır. Poeziya həvəskarları indiyə kimi Hikmət müəllimin müxtəlif illərdə işıq üzü görmüş «Çiçəklərin intizarı», «Danışanda-güləndə», «Qocalmağa tələsmə», «Könül açan söz deyək», «Dünya, sənin nəyin yoxdur…», «Qıyma gözəlliyə», «Karvan yolu» kitablarını sevə-sevə oxumuşlar. İndiyə kimi Azərbaycanın tanınmış bəstəkarları Eldar Mansurov, Ələkbər Tağıyev, Şəfiqə Axundova, Hökumə Nəcəfova, Oqtay Zülfüqarov onun şeirlərinə mahnılar bəs­tələmişlər. Həmin mahnıları Zeynəb Xanlar­ova, İslam Rzayev, Nisə Qasımova, Faiq Ağayev, Məmmədbağır Bağırzadə, İlhamə Quliyeva, Mirzə Babayev, Anatolu Qəniyev, Eldar Axundov ifa etmişlər.
Xalq şairləri Nəriman Həsənzadə, Hüseyn Arif, yazıçı Əlibala Hacızadə Hikmət Mahmudun poeziya yaradıcılığını yüksək qiymətləndirmişlər.
Yazını akademik Akif Əlizadənin Hikmət Mahmudun «Mənim yaddaş kitabım» haqqında yazdığı məqalədəki son fikirləri ilə tamamlamaq istəyirəm: «…Damarlarında əsl azərbay­canlı qanı axan bu böyük insan bütün varlığı ilə hər zaman xalqımızın dilini, mədəniyyətini, qürurunu qorumağı bacaran böyük ziyalıdır. Azərbaycana Hikmət Mahmud kimi geniş düşüncə və yüksək bilik diapazonuna malik ziyalılar hava və su kimi lazımdır».
Biblioqrafik toplu mütəxəssislər, elmi işçilər, şair və yazıçılar, habelə elmimizin və ədəbiy­yatımızın tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

İdris Hacızadə


Tarix: 11-04-2017, 13:58

Xəbəri paylaş