Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsilin və pedaqogika elminin görkəmli nümayəndəsi

 Əjdər Ağayev – 80
   
 
  Ölkəmizdə təhsilin və pedaqogika elminin inkişafında önəmli xidmətləri olan insanlar sırasında Əjdər Ağayevin özünəməxsus mövqeyi vardır.
O, son 50 illik dövrdə əməli pedaqoji və elmi-pedaqoji fəaliyyəti, yenilikçi ideyaları ilə seçilmiş, ustad müəllim və istedadlı alim kimi tanınmışdır.
Tarix, dil və ədəbiyyat müəllimi ixtisasına yiyələnən Əjdər Ağayev çox sevdiyi müəllimlik fəaliyyətinə həvəslə başlamış, az müddətdə ən yaxşı müəllim kimi tanınmışdır. O, Salyan ra­yonunda, Bakı şəhərində müəllim işləyərkən dövrün təlim texnologiyaları vasitələrindən, öyrətmə metodikalarından məharətlə istifadə edərək şagirdlərinin biliklərə mükəmməl yiyələnməsinə nail olmuş, hər bir şagirdinin zehnini və qəlbini zənginləşdirməyə çalışmışdır. Yazdığı metodik məqalələrlə, müzakirələrdəki çıxışları və təklifləri ilə həmkarlarının təlim-tərbiyə prosesini elmi-metodik əsaslarla və qabaqcıl iş təcrübəsinin öyrənilməsi yolu ilə təkmilləşdirilməsinin optimallığına kömək etmişdir.
Əjdər Ağayevin fəaliyyəti və yaradıcılıgı haqqında yazılmışlardan və uzunillik şəxsi müşahidələrindən belə nəticəyə gəlirəm ki, onun pedaqoq alim kimi uğurlarının əsas səbəbi ümumtəhsil məktəbində praktik pedaqoji fəaliyyət göstərməsi, təlim-tərbiyə işinin, pedaqoji prosesin ziddiyyətlərini, prob­lemlərini, incəliklərini görərək, duyaraq o aləmə baş vurmasıdır.
Əjdər Ağayevin Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitunda aspirantura təhsili alarkən və sonrakı elmi fəaliyyəti zamanı da ümumtəhsil problemlərinin həllində Təhsil Nazirliyi, Elmi-Tədqiqat Pedaqogika İnstitutu, Müəllimləri Təkmilləşdirmə institutları, rayon təhsil şöbələri, hətta o zamankı Azərbaycan KP Mərkəzi Komitəsinin elm və təhsil şöbəsinin xətti ilə fəal iştirak etmiş, praktik təhsil, pedaqoji iş bilicisi kimi tanınmışdır.
Onun elmi fəaliyyəti, pedaqoji problemlərin, təhsil və pedaqogika tarixinin tədqiqinə dair araşdırmaları həm yeni əsərlərin yaranmasına imkan vermiş, həm də nəzəri pedaqoji məsələləri tarixilik, varislik, müasirlik baxımından anlamağa, təhlil etməyə şərait yaratmışdır.
Həmkarları ilə birlikdə onlarla elmi-praktik konfranslarda iştirakı, məzmunlu və təsiredici məruzələri, çıxışları rəğbətlə qarşılanmış, örnək mənbəyinə çevrilmişdir.
Əjdər Ağayev 1974-cü ildə Maarif Nazirliyinin elmi-metodiki və nəzəri-pedaqoji orqanı olan “Azərbaycan məktəbi” jurnalına və ona fənlərin tədrisi üzrə əlavələrin baş redaktoru təyin edildikdən sonra təhsil, təlim, tərbiyə, təhsilin idarəedilməsi, pedaqoji prosesin təşkili, təlim psixologiyası, sosiologiyası, qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, xarici ölkə pedaqoq alimlərinin, pedaqoji fikir nümayəndələrinin ideya irsinin öyrənilməsi, təbliği və digər məsələlər üzrə fəaliy­yətini daha da genişləndirmişdir. “Azərbaycan məktəbi” jurnalı öz əlavələri ilə birlikdə müəllimlərin əsl metodik mərkəzinə, elmi əsasları öyrənmə mənbəyinə çevrilmişdir. Onun yazdığı baş məqalələr, tədrisin keyfiyyətinin yüksəldilməsinə, tərbiyə işinin təşkilinə, pedaqoji fikir tarixinə aid yazılar geniş oxucu auditoriyası qazanmış, təqdir olunmuşdur.
Dərsdə səmərəliliyin artırılması, intensivlik, fənlərarası əlaqə, təlimin texniki vasitələrindən istifadə, tədqiqatçılıq və problemli vəziyyətin yaradılması, şagirdlərin müstəqil işlər vasitəsi ilə yaradıcılıq qabiliy­yətlərinin yüksəldilməsi və s. bu kimi cəhətlər jurnal vasitəsi ilə geniş şəkildə müəllimlərə çatdırılmış, onların keyfiyyətcə yüksəlməsini təmin etmişdir.
Əjdər Ağayev yalnız təlim prosesinin təşkili ilə əlaqədar məsələlərə diqqət yetirməmiş, təhsilşünaslığın ümumi nəzəri problemlərinin də təhlilinə çalışmışdır. Xüsusilə fasiləsiz təhsil anlayışının izahı, onun məzmun xətləri və tətbiqi imkanları Azərbaycanda ilk dəfə Əjdər Ağayev tərəfindən şərh olunmuşdur. Onun qabaqcıl iş təcrübəsinin öyrənilməsinə, yayılmasına aid məqalələri, eləcə də ayrı-ayrı ustad müəllimlərin, məktəb rəhbərlərinin iş təcrübəsinin təqdimatına dair yazıları geniş maraq dairəsi cəlb etmiş, təhsilin inkişafına, təkmilləşməsinə, yeni keyfiyyət çalarları qazanmasına təsir göstərmişdir. Onun təhsilin məzmunu ilə əlaqədar nəzəri və praktik fəaliyyəti yeni tədris planlarının daha optimal tərtibinə imkan vermişdir.
Əjdər Ağayev mükəmməl və yaradıcı təhsil bilicisi olduğuna, müəllimliyin bütün keyfiyyətlərinə həm praktik, həm də nəzəri baxımdan bələd olduğuna görə onun elmi araşdırmaları, nəşr etdiyi əsərləri elmi-nəzəri və praktik dəyəri ilə diqqət çəkmiş, maraqla oxunmuş, həvəslə öyrənilmiş, bəlkə elə buna görə də ilk yazılarından, radio-televiziya çıxışlarından bəyənilmiş, tezliklə ictimai fikir sahibi və alim kimi şöhrətlənmişdir. O, pedaqogika elminin yenilikçi alimi kimi də tanınmaqdadır.
“Elmi xidmətləri ilə Azərbaycan pedaqogika elminin son dövr tarixinə daxil olan Əjdər Ağayevin elmi-pedaqoji irsində məktəb və pedaqogika tarixinin öyrənilməmiş məsələlərinin araşdırılması, tərbiyə nəzəriyyəsi və təcrübəsi üzrə (xüsusilə əxlaqi-mənəvi tərbiyə) orijinal tədqiqatların aparılması, təlimin təkmilləşdirilməsi, təlimin yeni məzmununun müəyyənləşdirilməsi, pedaqoji biliklərin geniş təbliği və digər məsələlər geniş yer tutur. O, ilk dəfə olaraq XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikrinin başlıca problemləri və cərəyanlarını müəyyənləşdirib, təhlilini vermişdir” (H.M.Əhmədov, F.A. Rüstəmov. Cəfakeş alim. “Azərbaycan məktəbi” jurnal, 1997, №1, səh. 15).
Əjdər Ağayev elmi-tədqiqi araşdırmalarına görə əsasən pedaqogika tarixçisidir. O ayrı-ayrı maarifpərvərlərin, filosof və pedaqoqların, yazıçı və şairlərin orta əsrlərdən üzü bəri irsini araşdıraraq, neçə-neçə insanın pedaqoji ideyalarını, görüşlərini, əxlaqi-mənəvi baxışlarını üzə çıxarmış, sistemləşdirmiş, tarixi rolunu göstərməklə bərabər, müasirlik mövqeyini də açmışdır. Görkəmli elm və fikir insanları Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, M. Füzulinin, Ə. Xaqaninin, eləcə də XIX əsr və XX əsrin əvvəllərinin böyük maarifçi simalarından A. Bakıxanovun, M. F. Axundovun, H. Zərdabinin, F. Ağazadənin, Ü.Hacıbəylinin və digər görkəmli şəxsiyyətlərin pedaqoji ideyalarının tədqiqi və təbliği ilə əlaqədar araşdırmaları pedaqogika tarixinin zənginləşməsinə təsir göstərmişdir. Əjdər Ağayevin elmi xidmətlərindən bəhs edən pedaqogika tarixi üzrə görkəmli mütəxəssislər akademik Hüseyn Əhmədov və əməkdar elm xadimi Fərrux Rüstəmov yazır: “1970-ci illərdə keçmiş ittifaqda, o cümlədən Azərbay­canda görkəmli pedaqoqların (bəzən də heç pedaqoq olmayanların) pedaqoji görüşlərinin tədqiqi dəb olduğu bir vaxtda, ilk dəfə Əjdər Ağayev problem xarakterli mövzunun-şəxsiyyət haqqında Azərbaycan pedaqoji fikir klassiklərinin ideyalarının müddəa və mülahizələrinin tədqiqinə girişmişdir. “Azərbaycan maarifpərvərləri şəxsiyyət və onun formalaşması haqqında”, “Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında” kitabları və silsilə məqalələri ilə pedaqoji fikir tarixinin tədqiqində yeni cığır açmışdır, bu təşəbbüsün pioneri kimi pedaqoji elmə daxil olmuşdur” (H.M.Əhmədov, F.A.Rüstəmov. Adıçəkilən məqalə).
Ümumiyyətlə, qeyd etməliyəm ki, Əjdər Ağayev orijinalllğa, araşdırma mövzularının yeni olmasına, hətta tədqiqat işinin özündə belə yeni təhlil yanaşmalarına üstünlük verir. O, şəxsiyyətlərin pedaqoji ideyalarını araşdırarkən ilkin olaraq həmin şəxsiyyətin yaşadığı dövrün xüsusiyyətlərini, ictimai –siyasi mühitini, mənəvi-mədəni həyat şəraitinin öyrənilməsini problemin düzgün açılması və şəxsiyyətin xarakter keyfiyyətlərinin üzə çıxarılması üçün vacib hesab edir. O, 1969-cu ildə tamamladığı ilk tədqiqatının – “Fərhad Ağazadənin pedaqoji fəaliyyəti və görüşləri” adlı dissertasiya işində bu yanaşmanın əsasını qoymuşdur. Həmin yanaşma digər gənc tədqiqatçılar tərəfindən davam etdirilməkdədir.
Əjdər Ağayev iranlı həmkarı Q. Ədaləti ilə birlikdə məşhur şair-filosof Məhəmməd Hüseyn Şəhriyarın pedaqoji ideyalarının öyrənilməsində də ilkinlik missiyasını yerinə yetirmişdir. Eləcə də həmkarı Vahid Rzayevlə birlikdə Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri tarixini öyrənmiş, nəticədə arxiv materialları əsasında ciddi elmi mündəricəli əsər meydana çıxmışdır.
Əjdər Ağayevin “150 yaşlı Şuşa məktəbi”, Qutqaşında (Qəbələdə) ilk rus dilli dünyəvi məktəbin yaranması və fəaliy­yətindən bəhs edən “Ötən əsrdə doğulmuşlardan biri” kitabı da tariximizi işıqlandıran elmi-kütləvi üslubda yazılmış maraqlı əsərlərdir.
Əjdər Ağayev elmi-pedaqoji yaradıcılığının digər istiqamətlərini pedaqogika elminin metodologiyası, təlim, tərbiyə nəzəriyyəsi və praktikasına aid əsərləri təşkil edir. Hər dövrün öz tələblərini nəzərə alan alimin əsərləri ilə tanışlıqdan belə nəticəyə gəlmək olur ki, o müasirləşən həyatın önündə getməyə çalışmış, elmi-texniki inkişafın, informasiya texnologiyalarının genişlənməsindən meydana çıxan yenilikləri ilkin əks etdirməyə nail olmuşdur. “Təhsilin informasiyalaşdırılmasında müəllimlərin İKT hazırlığının artırılması məsələləri”, “Qloballaşma və təhsil”, “Müasir dərs: o necə olmalıdır”, “Müasir təlim prosesi: nəzəriyyə və təcrübə məsələləri”, “Təlim prosesi: reallıqlar və perspektivlər”, “Yeni təlim metod və texnologiyalarından istifadənin nəzəri və praktik məsələləri”, “Ali məktəbdə tədris: ənənə və müasirlik”, “Pedaqoji elmləri inkişaf etdirmək üçün hansı islahatları keçirmək lazımdır”, “Yeni dövr: pedaqogikanın aktual problemləri”, “Pedaqoji terminologiyanın bəzi məsələlərinə dair” kimi məqalələri istiqamətverici əsərlər kimi qarşılanmış, metodoloji əsas kimi qəbul edilmişdir. O, bu əsərlərində tarixilik, varislik, müasirlik prinsiplərinə əsaslanaraq yeniliklərə qovuşmağın yollarını göstərmişdir. Hazırda bu prinsiplər pedaqoji prosesin dialektikasını qəbul edən alimlər və müəllimlər tərəfindən tətbiq olunur.
Əjdər Ağayevin yaradıcılığında təhsil və ideologiya prob­lemi aktual ideya istiqaməti olaraq öz əksini tapır. Bu yanaşma da sırf Əjdər Ağayev yara­dıcılığına xasdır. Onun “Heydər Əliyev irsi və milli tərbiyə konsepsiyası”, “Günün vacib mövzusu: milli ideolo­giya”, “Müstəqil dövlət: vətəndaş tərbiyəsi”, “Vətəndaş təhsili günün vacib tələbidir” kimi əsərləri yeniləşən pedaqogikanın və təhsilin azərbaycançılıq, dövlətçilik, müstəqillik mövqeyini ortaya qoyan və təhsilin milli ideya məzmununu irəli sürən konseptual dəyərlərdir.
İstedadlı pedaqoq yeni ictimai-siyasi quruluşun tələblərini nəzərə alaraq, şagirdlərdə sahiblik hissi tərbiyəsi problemini irəli sürür və onun həlli yollarını gös­tərir.
Əjdər Ağayev hələ 1970-ci illərdə şagirdlərdə vətəndaşlıq borcu tərbiyəsinin onlarda vətənpərvərlik, yurdsevərlik, millətsevərlik hissinin dərk edilərək formalaşmasında mühüm rol oynadığını qeyd etmişdir. Hələ o illərdə “Şagirdlərdə vətəndaşlıq borcu tərbiyəsi”, “Vətəndaş olmağa borclusan” kimi kitabları və çoxsaylı məqalələri ilə böyüyən nəslin müstəqil düşüncəli, azadlıqsevər, doğma Azərbay­cana sədaqət hissi ilə dolu məhəbbətlə formaşdırılmasının məzmununu şərh etmiş və yollarını göstərmişdir. O, bütün bunları həyata keçirmək üçün şagirdlərin hüquqi biliklərə yiyələnməsini vacib saymış, ona görə də hüquq tərbiyəsi praktikasını təbliğ etmiş və uşaqların hüquqi bilgisizliyinin törətdiyi problemləri aşkarlamışdır. Bu baxımdan onun “Uşaq qanunpozmaları və mikromühit”, “Məktəblilərin hüquq tərbiyəsi təcrübəsindən”, “Məktəblilərin hüquq tərbiyəsinə diqqəti artırmalı” kimi məqalələri mühüm əhəmiyyət daşımış və bu gün də daşımaqdadır. Bu araşdırmaların məntiqi nəticəsi olaraq Ə. Ağayev tarixi aspektdə şəxsiyyət probleminin tədqiqinə girişərək, “Azərbaycan ictimai-pedaqoji fik­rində şəxsiyyətin formalaşması problemi” kimi fundamental əsər meydana qoymuşdur.
İkimininci illərdən başlayaraq şəxsiyyət-vətəndaş probleminin vətəndaş təhsili aspektini irəli sürən alim vətəndaş cəmiyyəti quruculuğuna öz pedaqoq töhfəsini verməyə başlamışdır. Nəticədə yeni məzmunlu “İnsan və cəmiyyət” dərsliyi “VIII-XI siniflər üçün” onun redaktəsi ilə hazırlanmış, Azərbaycan və rus dillərində nəşr olunmuşdur.
Ə. Ağayevin elmi fəaliyyət istiqamətlərindən biri də redaktə, kitablara ön söz və tərtib xarakterli işlərlə pedaqoji ideyaların yayılmasına xidmətdir. Ə.Ağayevin əsas tərtibçisi və müəlliflərindən olduğu “Azərbaycan pedaqoji fikri antologiyası”nın Moskvada rus dilində nəşri (1989-cu il) o zamankı İttifaqda mühüm hadisə kimi qarşılanmışdır. Bu elmi nəşr vasitəsi ilə ilk dəfə olaraq orta əsrlərdən üzü bəri Azərbaycanda təhsilin və pedaqoji ideyaların meydana çıxması, inkişafı, əhəmiyyəti, eləcə də xalq pedaqogikası nümunələri, “Avesta”, “Kitabi-Dədə Qorqud”, N. Gəncəvi, N.Tusi, M. Füzuli və digər görkəmli mütəfəkkirlərin pedaqoji fikirləri dünya pedaqoji aləminə daxil oldu. Böyük bəstəkar, əvəzsiz pedaqoq dahi Üzeyir Hacıbəyov ensiklopediyasının hazırlanmasında da Ə. Ağayev müəllif kimi iştirak etmişdir. O, məktəb, təhsil mövzusunda çəkilmiş geniş­ekranlı “Yay mövsümündə xəzan yarpaqları” filminin (ssenari müəllifi Asim Cəlilov, rejisoru Tofiq İsmayılov) məsləhətçisi olaraq da bədii ekran əsərində öz pedaqoji mövqeyini bildirmişdir.
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan pedaqoq pedaqoji ideyalarını həm bədii, həm də publisistik əsərlər yazmaqla da yaymağa çalışmışdır. Onun uşaqlar üçün yazdığı şeir və hekayələr ayrıca toplularda çap edilmiş, ibtidai sinif dərslikləri, sinifdənxaric oxu kitablarında tədris üçün təqdim olunmuşdur; yüzdən artıq şeirinə bəstəkarlar tərəfindən mahnı yazılmışdır. Bu əsərlərdən nümunələr “Musiqi” dərsliklərində, musiqi antologiyalarında yer tutmuşdur. Ə. Ağayevin yaradıcılığını “Uşaq ədəbiyyatı” proqramı və dərsliyində təhlil edən müəllif Bilal Həsənli yazır: “Ə.Ağayevin məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün əsərlərinin leytmotivini gənc nəslə vətənpərvərlik, soykökünə bağlılıq, mənəvi saflıq, fəal həyat mövqeyi aşılanması təşkil edir. Şair poetik təravəti, dil-üslub xüsusiyyətləri ilə seçilən uşaq şeirləri ilə oxucuya, ilk növbədə, nəcib hisslər, gözəl duyğular aşılayır, onu mənən saflaşdırmaq, kamilləşdirmək niyyəti izləyir” (B. Həsənli. Azərbaycan uşaq ədəbiyyatı, dərslik Bakı 2013, səh 473).
Bəli, pedaqoji və bədii düşüncənin vəhdətindən yaranan əsərlər belə də olmalıdır.
Xalq yazıçısı Hüseyn Abbaszadə Ə.Ağayevin uşaq hekayələrinin uğurunu, ilk növbədə, müəllifin uşaq aləminə yaxından bələdliyində görür. O yazır: “Bu hekayələri bütün ömrünü pedaqogikaya həsr etmiş respublikanın əməkdar müəllimi yazıb. Bu hekayələrin bir üstün cəhəti də ondan ibarətdir ki, mövzuları yenidi maraqla oxunur, gənc oxuculara çox söz deyir. Bu baxımdan “Əhədbaba”, “Axtarış”, “Bir parça çörək”, “Xatirə”, “Ceyran nənəm”, “Sülh gəmisinin kapitanı” çağdaş uşaq ədəbiy­yatı­mızın dəyərli nümunə­lərin­dəndir (Ə.Ağayev. Seçilmiş əsər­ləri. VI cild. Bakı 2015, s.241).
Digər tədqiqatçılar da Ə.Ağayevin bədii yaradıcılığındakı uğuru onun müəllim, pedaqoq olması ilə əlaqələndirirlər. Filologiya elmləri doktoru Zaman Əsgərli yazır: “XIX əsrin sonları, XX əsrin əvvəllərində fəaliy­yət göstərmiş müəllim-ziyalıların ən görkəmliləri – Seyid Əzim Şirvani, Kamal Ünsüzadə, Məhəmməd Tağı Sidqi, Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Süleyman Sani Axundov, Mirzə Məhəmməd Axundzadə, Abdulla Şaiq və b. yeri gəldikcə bu yoldan istifadə etmişlər. Ə.Ağayev də onların peşə-sənət ənənələrini, pedaqoji yolunu davam etdirən ədib-pedaqoq, müəllim-yazıçı, tərbiyəçi-jurnalist, şair ürəkli, bədii təfəkkürlü tədqiqatçı alimdir” (Ə.Ağayev. Seçilmiş əsərləri. VII cild. Bakı, 2016, səh.4).
Filologiya elmləri doktoru, professor Yadulla Ağazadə də Ə. Ağayevin bədii yaradıcılığından bəhs edərkən onun əsərlərində Vətən, yurd sevgisinin, vətənpərvərlik, sevgi, məhəbbət duyğularının, xeyirxahlığın, dost­luq və qəhrəmanlığın təbliğinin poetik ifadəliliyini diqqətə çəkir (Bax: Ə. Ağayev. Seçilmiş əsərləri. VII cild. Bakı, 2016, səh.11). Professor Y. Ağazadə qeyd edir ki, Ə. Ağayevin şeirlər toplusu yaşanmış bir ömrün salnaməsidir. Əjdər müəllimi heç vaxt görməyən, yaxından tanımayan şəxs onun şeirlərini oxuduqda, onun avtoportretini asanlıqla təsəvvür edə bilər (Yenə orada, səh.10).
Maraqlıdır ki, Ə. Ağayevin sırf pedaqoji əsərlərini tədqiq edənlər də əsərlərində onun iç dünyasının təzahür etdiyini bildirirlər. Bu cəhət görkəmli alim, akademik Əmrulla Paşayevin Ə. Ağayevin rus dilində nəşr olunmuş “Seçilmiş pedaqoji əsərləri”nin II cildinə ön sözündə öz əksini tapır. Alim yazır: “Kitabdakı bütün materiallar, mən deyərdim ki, bu xeyirxah insanın daxili aləmini əks etdirir...”.
Ə. Ağayevin xeyirxahlığı, ləyaqəti, obyektivliyi, təmənnasızlığı, mənəvi saflığı haqqında çox yazılıb, çox deyilib. Təsadüfi deyildir ki, onu tanıyan hər kəs onun şəxsiyyət aliliyinə hörmətlə yanaşır, onun qənaəti ilə hesablaşır, fikirlərinin doğruluğuna inanır. Onun yüksək nitq qabiliyyəti fikirlərinin təsir gü­cünü artırır, onu dinlədikcə dinləmək istəyirsən. Çox-çox illər bundan qabaq Ə. Ağayevin aspirantı olaraq elmi rəhbərliyi ilə dissertasiya yazan bir şəxs kimi mən bunların şahidiyəm. Bu gün Ə.Ağayevin elm məktəbinin 50-dən artıq yetirməsi var. Onlar yüksək elmi dərəcə ilə ali təhsil ocaqlarında, təsərrüfat sahələrində çalışır, yeniləşən, inkişaf edən həyatımıza xidmət göstərirlər.
Ə. Ağayev geniş ictimai fəaliyyəti ilə də ölkəmizdə təhsilin və pedaqogika elminin inkişafına, Azərbaycan təhsilinin xarici ölkələrdə təbliğinə çalışmış və bu gün də çalışmaqdadır. 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayında ulu öndər Heydər Əliyevin iştirakı ilə yaranan Təhsil Şurasına onun sədr seçilməsi alimin ictimai fəaliyyətini daha da genişləndirmişdir. Şura ötən müddət ərzində onlarla təkliflə çıxış etmiş, onlarla elmi-praktik konfrans, beynəlxalq görüşlər keçirmiş, uğurlarımızı dünyaya bəyan etmişdir.
Ə.Ağayev Respublika Ağsaqqallar Şurasının idarə heyətinin, ATİAHİ RK-nin Rəyasət heyətinin və Məclisinin üzvü olaraq da fəaliyyət göstərir. O, təhsil problemlərinə həsr olunan müzakirələrdə, radio-televiziya verilişlərində fəal iştirak edir.
Ə. Ağayev o xoşbəxt insanlardandır ki, həm ümumxalq sev­gisi qazanıb, həm də dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. O, təhsil sahəsindəki xidmətlərinə görə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına, dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görül­müşdür.
Mən Ə. Ağayevin bütün yetirmələri adından Onu- böyük müəllimimizi, təhsil və elm fədaisi, görkəmli alimimizi 80 yaşı münasibəti ilə təbrik edir, ona gümrahlıq, cansağlığı arzulayıram.

Allahverdi Quliyev,
Gəncə Dövlət Universitetinin
kafedra müdiri, dosent


Tarix: 13-10-2017, 13:00

Xəbəri paylaş