Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

2018-2019-cu tədris ilində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin məktəbəhazırlıq qruplarına tətbiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pilot layihənin həyata keçirilməsi barədə” 14 may 2014-cü il tarixli 591 nömrəli və 17 iyun 2014-cü il tarixli 723 nömrəli əmrlərinə əsasən 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədi ilə “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin tətbiqinə başlanılmışdır. 2015-2016-cı tədris ilindən etibarən pilot layihə 34 məktəbin 67 sinfində, 2016-2017-ci tədris ilində 34 məktəbin 116 sinfində, 2017-2018-ci tədris ilində isə 38 məktəbin 168 sinfində tətbiq edilməkdədir. Həmin məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərmişdir ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.
Layihənin məktəbəhazırlıq qruplarına tətbiqinə dair Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Tibb Universitetinin rəylərinə əsasən, 5 yaşlı uşaqların diqqət, yaddaş, təfəkkürünün inkişafına kömək edən məktəbəhazırlıq mərhələsinin layihənin standartları əsasında təşkili uşaqlarda tədrisə marağı artıracaq və əqli yorğunluğu aradan qaldırmağa şərait yaradacaqdır.
2018-2019-cu tədris ilində layihəni məktəbəhazırlıq qrup­larına tətbiq etmək məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Bakı və Sumqayıt şəhərlərinin “Sağlam Təhsil-Sağlam Millət” layihəsi tətbiq edilən ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ilində layihə çərçivəsində məktəbəhazırlıq qruplarına qəbul həyata keçirilsin.
2. Təhsilin inkişafı proqramları şöbəsinə (E.Əmrullayev), Ümumi və mək­təbəqədər təhsil şöbəsinə (A. Əhmədov) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (M. Vəliyeva) tapşırılsın ki:
2.1 Əmrə əlavədə adları qeyd edilən təhsil müəssisələrində məktəbəhazırlıq qrup­ları komplektləşdirilərkən sinif otaqlarında hər bir şagirdin normativlərdə nəzərdə tutulan ölçüdə sahə ilə təmin olunması gözlənilsin;
2.2 Sağlam təhsil texnologiyalarının tətbiq olunduğu məktəbəhazırlıq qruplarının müəllimlərinin təlim məş­ğələlərinə və digər maarifləndirmə tədbirlərinə cəlbi üçün ümumi təşkilati işlər həyata keçirilsin;
2.3 Sağlam təhsil texnologiyaları tətbiq edilən bütün ümumi təhsil müəssisələrində sağlamlığın mühafizəsinə yönəlmiş təlim texnologiyalarının davamlı inkişafına köməklik məqsədilə ümumtəhsil məktəblərindəki müvafiq işçi qruplarının səmərəli fəaliyyətinə lazımi şərait yaratsınlar;
2.4 Sağlam təhsil texnologiyalarının mahiyyəti, məqsəd və vəzifələri ilə bağlı valideynlərlə davamlı maarifləndirmə işlərinin aparılmasını təmin etsinlər;
3. İnformasiya şöbəsi (E. Məmmədov) bu əmrin, eləcə də nazirin 2018- 2019-cu tədris ilində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin ümumtəhsil məktəblərində tətbiqinə dair F-273 nömrəli əmrinin Nazirliyin internet səhifəsində yerləşdirilməsini və bu əmrin müvafiq strukutur bölmələrə çatdırılmasını təmin etsin;
4. Əmrin icrasına nəzarət nazirin müşaviri H. Həsənliyə həvalə edilsin.

Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
17 iyul 2018-ci il
№F-496


Tarix: 11-09-2018, 11:56

Xəbəri paylaş