Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub



Dünyanın nüfuzlu reytinq təşkilatlarından olan "Quacquarelli Symonds" (QS) tərəfindən 2026-cı il üzrə “Best Student Cities” (“Dünyanın ən yaxşı tələbə şəhərləri”) reytinqi açıqlanıb.
 
Reytinq nəticələrinə əsasən, Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək dünyanın tələbələr üçün ən yaxşı şəhərləri sırasında 95-ci yerdə qərarlaşıb. Şəhər bu mövqeni Böyük Britaniyanın Aberdin, Çin Xalq Respublikasının Quançjou və Cənubi Afrika Respublikasının Yohannesburq şəhərləri ilə bölüşür.
 
150 şəhərin qiymətləndirildiyi reytinqdə Bakı Cənubi Qafqaz regionunda ən yüksək nəticə göstərərək regionun lider tələbə şəhəri olub. Bununla yanaşı, şəhər Mərkəzi Asiyanın bir sıra aparıcı şəhərlərini də geridə qoyub. Belə ki, reytinqdə Astana 119-cu, Bişkek 137-ci, Daşkənd isə 146-cı yerdə qərarlaşıb.
 
QS-in “Best Student Cities” reytinqi ali təhsil və tələbə həyatı üçün əlverişli şəhərləri bir sıra meyarlar əsasında kompleks şəkildə qiymətləndirir. Qiymətləndirmə zamanı şəhərdə fəaliyyət göstərən universitetlərin QS Dünya Universitetləri Reytinqindəki nəticələri, məzunların məşğulluq imkanları, təhlükəsizlik və yaşayış mühiti, təhsil və yaşayış xərclərinin əlverişliliyi, beynəlxalq tələbələrin sayı və müxtəlifliyi, eləcə də həmin şəhərdə təhsil almış tələbələrin rəyləri nəzərə alınır.
 
Bakı şəhərinin reytinqdə mövqeyinin yaxşılaşması ölkədə ali təhsil mühitinin inkişafı, beynəlxalq əməkdaşlığın genişlənməsi, universitetlərin qlobal rəqabət qabiliyyətinin artırılması və tələbələr üçün yaradılan əlverişli təhsil mühitinin beynəlxalq səviyyədə tanındığını göstərən mühüm göstəricilərdən biridir.






Tarix: Bu gün, 12:00

Xəbəri paylaş