Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Universiteti xarici ölkələrin 150-yə yaxın universiteti ilə elmi-tədqiqat sahəsində əməkdaşlıq edir

Elmi-tədqiqat fəaliyyətinin inkişafı, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və tələbələrin araşdırma proseslərinə cəlb olunması prioritet istiqamətlərdən birinə çevrilib. Azərbaycan Universitetində yaradılan elmi mühit, tədqiqatçılar üçün tətbiq olunan stimullaşdırıcı mexanizmlər və tələbələrə təqdim olunan elmi platformalar gənc alimlərin formalaşmasına və akademik nailiyyətlərin artmasına imkan yaradır.
Azərbaycan Universitetindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisəsinin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsi, nüfuzlu elmi bazalarda göstəricilərinin artması və xarici universitetlərlə əməkdaşlığının genişlənməsi elmi fəaliyyət sahəsində əldə olunan nəticələrin əsas göstəriciləri sırasında yer alır. Elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi universitetin strateji inkişafının əsas istiqamətlərindən biridir. Bu istiqamətdə həm professor-müəllim heyətinin, həm də tələbələrin elmi-tədqiqat fəaliyyətini dəstəkləyən sistemli mexanizmlər yaradılıb.
“Scopus” bazasının məlumatına əsasən, Azərbaycan Universitetinin dünyanın 150-yə yaxın tanınmış universiteti ilə elmi-tədqiqat əməkdaşlığı mövcuddur. Universitetimizin alimləri müxtəlif ölkələrin nüfuzlu tədqiqatçıları ilə birgə elmi qruplarda fəaliyyət göstərir, ortaq tədqiqatlar aparır və yüksəkreytinqli beynəlxalq elmi jurnallarda məqalələr dərc etdirirlər. Elmi fəaliyyətin stimullaşdırılması məqsədilə universitetdə tədqiqat nəticələrinə əsaslanan diferensial əməkhaqqı sistemi tətbiq olunur. Tələbələrin elmi fəaliyyətə cəlb olunması da xüsusi diqqət mərkəzindədir. Universitetdə fakültələr üzrə tələbə elmi cəmiyyətləri fəaliyyət göstərir, il ərzində müxtəlif elmi seminarlar, konfranslar təşkil olunur. Hər il keçirilən Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı gənc alimlərə öz tədqiqatlarını elmi ictimaiyyətə təqdim etmək imkanı yaradır. Bundan əlavə, gənc tədqiqatçıların elmi məqalələrinin dərc olunması üçün “Pradiqma” elmi jurnalı nəşr edilir, aktual mövzular üzrə elmi müsabiqələr keçirilir.
Universitetin beynəlxalq elmi nüfuzunun artması bu istiqamətdə həyata keçirilən siyasətin nəticəsidir. Azərbaycan 2025-ci ildə ilk dəfə dünyanın ən nüfuzlu akademik qiymətləndirmə sistemlərindən biri olan “Shanghai Ranking” sistemində iki universitetlə təmsil olunub. Azərbaycan Universiteti “Global Subject Ranking” göstəricisi üzrə riyaziyyat istiqamətində 301-400-cü pillələr arasında qərarlaşıb ki, bu da ölkəmizin ali təhsil müəssisələri arasında ən yüksək nəticədir. Eyni zamanda, “QS Stars” beynəlxalq auditində 4 ulduzla qiymətləndirilməsi və “Round University Ranking” (RUR) beynəlxalq reytinqində ölkə üzrə dördüncü mövqeyini qoruması universitetdə elmi fəaliyyətin və akademik keyfiyyətin beynəlxalq səviyyədə tanındığını göstərir.
Universitetin elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricilərindən biri də elmmetrik nəticələrdir. Azərbaycan Universitetinin “H” indeksi son illərdə davamlı artım nümayiş etdirir. Hazırda bu göstərici “Scopus” bazasında 44, “Web of Science” bazasında isə 42-dir.


Tarix: Bu gün, 13:13

Xəbəri paylaş