Milli mətbuat - dövlətçilik və milli dəyərlərin keşikçisi



Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan milli mətbuatının yaranmasının 151 illiyi münasibətilə “Milli mətbuat - dövlətçilik və milli dəyərlərin keşikçisi” adlı tədbir keçirilib. Tədbir Mərkəzi Elmi Kitabxananın və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov cəmiyyətin maariflənməsində, obyektiv informasiyanın çatdırılmasında və milli-mənəvi dəyərlərimizin təbliğində mətbuatın mühüm rol oynadığını söyləyib. Direktor qeyd edib ki, Mərkəzi Elmi Kitabxana ilə media arasında formalaşmış səmərəli əməkdaşlıq elmin, kitabın və mütaliə mədəniyyətinin geniş ictimaiyyətə çatdırılmasına töhfə verir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında Azərbaycan mətbuatının dövlətçilik tarixindəki rolundan danışıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə bütün sahələrdə olduğu kimi, milli mətbuatın inkişafında da yeni mərhələnin əsasını qoyub. Qeyd edib ki, 1998-ci ildə Azərbaycan mətbuatında senzura ləğv edilib.
B.Nəbiyev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni inkişaf mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan mediası yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirərək ölkənin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, dezinformasiyaya qarşı mübarizəyə və tarixi Zəfərin salnaməsinin yaradılmasına mühüm töhfə verib.
Tədbirdə “Səs” qəzetinin təsisçisi və baş redaktoru Bəhruz Quliyevin məruzəsi dinlənilib. Məruzədə vurğulanıb ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən 151 il ərzində xalqın maariflənməsində, milli özünüdərkin formalaşmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb.
Bəhruz Quliyev qeyd edib ki, müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi media siyasəti Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin əsasını qoyub. Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, media sahəsində həyata keçirilən islahatlar və rəqəmsallaşma prosesi Azərbaycan informasiya məkanının inkişafına mühüm töhfə verir.
MEK-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mina İbrahimova çıxışında Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolundan, onun dövlətçilik, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətin maarifləndirilməsindəki rolundan bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu media siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, postmüharibə dövründə isə Azərbaycan mediasının ölkənin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, dezinformasiyaya qarşı mübarizə və dövlət maraqlarının müdafiəsində mühüm xidmətlər göstərdiyini vurğulayıb. Çıxışda, həmçinin Mərkəzi Elmi Kitabxananın fəaliyyətinin işıqlandırılmasında media nümayəndələrinin rolu yüksək qiymətləndirilib.
Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndəsi YAP Yasamal rayonu təşkilatının fəxri fərmanı və təşəkkürnaməsi, həmçinin MEK-in təşəkkürnaməsi ilə təltif edilib. Daha sonra iştirakçılar Mərkəzi Elmi Kitabxananın Sərgi salonunda nümayiş etdirilən daimi və tematik sərgilərlə tanış olublar.
Tarix: Bu gün, 17:20
