Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Əbdürrəhim bəy Haqverdiyevin hekayə yaradıcılığının ilk mərhələsi

  
Mətanət Vahid,
filologiya üzrə fəlsəfə doktoru,
AMEA-nın böyük elmi işçisi

Azərbaycan bədii nəsrinin inkişafında misilsiz rolu olan Əbdürrəhim bəy Haqverdiyev 1892-1906-cı illər ərzində daha çox dramatik əsərlər yazmış, sonralar isə mütəmadi olaraq nəsrlə, o cümlədən, hekayə yaz­maq­la məşğul olmuşdur. Bu baxımdan, tədqiqatçılar ədibin hekayə yaradıcılığını 2 mərhələyə ayırırlar: ilk mərhələyə 1906-cı ildə yazıb “Həyat” qəzetində dərc etdirdiyi “Ata və oğul”, “Ayın şahidliyi” hekayələri aiddir.
Ə.Haqverdiyevin yaradıcılığında “Bəxtsiz cavan” faciəsi ilə başlayan “atalar və oğullar” qarşıdurması “Ata və oğul” hekayəsində davam edir. Hekayəni bu yöndən təhlilə cəlbetmə ədəbiyyatşünaslığımızda daha əvvəllər də mövcud olmuş təcrübədir. “Atalar və oğullar” məsələsi yalnız konkret valideyn-övlad arasındakı anlaşılmazlıq olaraq qalmır - bəşər övladının yaranışından mövcud olan problem kimi meydana çıxır: elm, məişət və sənətin müxtəlif sahələrində yaranan fikir ayrılıqları problemin əsasını qoyur və bütövlükdə nəsillərin qarşıdurması şəklində əksər böyük yazarların yaradıcılığında ifadəsini tapır. Nəsillərarası münasibətlərin qırılması “atalar və oğullar” məsələsi kimi müxtəlif əsərlərdə bəzən əsas, bəzən fon motiv kimi mətnlərdə yer alır.
Ə.Haqverdiyevin “Ata və oğul” hekayəsinə “atalar və oğullar” kontekstindən yanaşıldıqda birincilərin (Hacı Xəlil, Kərbəlayı Qulaməli, Rüstəmin atası) təlim-təhsil tərəfdarı olmaları, hesab-kitabda halallıq, sədaqət, fədakarlıq, yaxşılıq, humanistlik kimi xüsusiyyətlərə münasibətlərinin idealizə olunduğunu görürük. Gənc nəslin əsərdə təsvir olunan hər iki nümayəndəsinin isə (Rüstəm, Əkbər) tənbəl, nankor, valideyn hesabına yaşayan, ata mülkünü dağıtmağı hər şeydən yaxşı bacaran, əyləncəni təhsildən üstün tutan düşüncəsiz, intizamsız olduğunu izləyirik.
Ə.Haqverdiyevin maarifçi realizmi hekayə yaradıcılığının ilkin mərhələsində dini aspekt­də təşəkkül tapır; “Pir”, “Şəbih”, “Seyidlər ocağı” kimi hekayələrdə dini fanatizmi hədəflədiyi halda, ilk hekayəsində insana islam əxlaqı ilə aydın yol göstərir. Deməli əksər maarifpərvər ədiblər kimi Ə.Haqverdiyev də dini hədəf seçmir, cəhaləti tənqid edirdi. Ədəbiyyatşünas Tehran Əlişanoğlu bu hekayəni “milli müsəlman həyatının “proza”sı­nı verən ibrətli bir hekayə” adlandırır.
Hacı Xəlil insanın həyatını çevrələyən bütün məsələlərə münasibətdə ideal bir obrazdır. Yetimliklə böyüyüb, min bir əziyyətə qatlaşan balaca Xəlilin uğurlu iş adamı, hörmətli, nüfuzlu Hacı Xəlilə çevrilməsi prosesi oxucunun gözü qarşısında baş verir: onun uğurunun səbəbi oğluna da vəsiyyət etdiyi kimi, təhsilli və inanclı olması, bu dəyərlərə tutunmasıdır. Burada qarşısına çıxan insanların kimliyi və necəliyi də az əhəmiyyət daşımır. Adətən, bədii mətnlərdə izlədiyimiz naqis ruhani, yetim əməyindən sui-istifadə edən “qaniçən” obrazları bu hekayədə görə bilmirik. Mənfi obraz olaraq yalnız Əkbərin dostu Rüstəm hekayənin ikinci - Xəlilin ölümündən son­rakı hissəsində görünür və ardınca yalnız şər və pislik gətirir.
Hacı Xəlil ölüm yatağında oğluna xüsusi vurğu ilə özünə doğru yoldaş seçməyi vəsiyyət edir: “Yaman yoldaşdan, oğul, həmişə uzaq qaç. Çünki yaman yoldaş səbəbinə insan min bəlayə düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Yenə deyirəm, aman yaman yoldaş əlindən!” Hacı Xəlilin “yenə deyirəm” deyə vurğu etdiyi nəsnə həqiqətən də yerini tapır, zamanla yaman yoldaş seçiminə görə Əkbər əzablar çəkir, atasının dediyi kimi, min bəlaya da düçar olur, xalq arasında da bədnam olur. Bu hekayədə müxtəlif məsələlər qabardılsa da, əsərin əsas ideya məzmunu didaktik xətdir - övlada vəsiyyət edərkən əslində nəsihət verən atanın sözləri ən çox bu istiqamətə yönəlir.
Ə.Haqverdiyev uzun mətləblərdən qısa bəhs etməyin ustasıdır; yazdıqları arxasında yazmadıqlarını da görə bilmək mümkündür. Bir insanın yanlış yola düşməsini hekayədə mərhələ-mərhələ, lakin qısa təsvirlərdə izləyirik. İlk dəfədən səhərə kimi içki məclisində əylənən Əkbərə yoldaşı Rüstəm deyir: “Əkbər, bu dəfə sənə kifayət elər. Belə-belə öyrənərsən. Ayaq bir-bir qoyarlar nərdivan”a. Əkbər qısa müddətə nərdivanın elə bir pilləsinə qalxır ki, oradan yıxılanda həyatı, taleyi paramparça olur. Əvvəlcə yanlış addımlar atarkən utanıb-qızaran, yanlış saydığı əməllərinin üstü açılmasın deyə, yalan danışmağa məcbur olan Əkbər sonra heç yalan danışmağa belə cəhd gös­tərmədən anasına qarşı kobud davranaraq “Bir yol, sənin borcun deyil” - cavabını verir. Ana oğlunu bu illətdən qurtarmağa çalışmır, cəhd gös­tərmir, sadəcə xiffət edib xəstələnir və dünyasını dəyişir. Onun təbiətindəki bu acizlik, çarəsizlik “binəva övrət” birləşməsində ifadə olunur. Hadisələr sona doğru sürətlə cərəyan edir. Atanın ömrü boyunca qəpik-qəpik qazandıqlarını oğul böyük məbləğlərdə havaya sovurur.
Hekayədə əxlaqi dəyərlərin dini dəyərlərlə tənzimlənməsi sondakı beytdə də əksini tapır: “Lutun arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədanı itdi” (beytin hərfi tər­cüməsi) fikrini sitat gətirən müəllif yenə oxucunu dini əxlaqdan bəhrələnməyə sövq edir. Maarifçilik mövqeyindən tədqiq olunan “Ata və oğul” hekayəsi də Haqverdiyevin son­rakı digər hekayələri kimi bir ailənin timsalında cəmiy­yətin sosial bəlalarını üzə çıxarır.
Bu hekayədə təhsilə münasibət həm Hacı Xəlilin, həm də Rüstəmin atasının simasında əksini tapır. Oğluna vəsiyyət edən ata deyir: “Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa, bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı ləzzət aparacaqsan”. Fikir versək, adam olmaq savadlanmanın nəticəsi kimi gös­tərilir. Bəs Hacı Xəlilin oğlu niyə “adam ola” bilməyib? Çünki məktəbi yarımçıq qoyub çıxıb, təhsili tamamlanmadığı üçün insanlıqdan da kəsirli qalıb.
Burada insanın bütöv bir simaya, xarakterə sahib olmasında qabardılan iki əsas amil - təhsil-təlim və islam əxlaqı bir-birini rədd etmir, əksinə, birlikdə insani keyfiyyətlərin dolğunlaşmasına, bitkinləşməsinə xidmət edir.
Hacı Xəlilin həyatı bütün mərhələləri ilə Şərqə bağlıdır - inancı, ticarəti, ziyarəti... Əkbərin yolu isə Moskva, Peterburq, Parisdən keçsə də, əslində, keçdiyi yerlərin mədəniyyətini özündən keçirə bilmir, içindəki neqativlər onu yanlış yola yönləndirir. Əkbər atasının işini davam etdirsə də, yolunu davam etdirə bilmir.
İlk hekayədən təxminən iki ay sonra yenə “Həyat” qəzetində dərc olunmuş “Ayın şahidliyi” haqqında ədəbiyyatşünaslıqda müxtəlif fikirlər yer alsa da, qəbul olunmuş ümumi bir qənaət var ki, bu hekayənin əsas leytmotivi “Nahaq qan yerdə qalmaz” fikridir. Bu hekayə və onun leytmotivi ədəbiyyatşünaslığımızda maarifçi-realizmə aid edilsə də, burada magik realizm elementlərinin olduğunu da istisna etmək olmaz.
Bədii mətndə başlanğıc da, son da daxili konfliktin bədii həllinin aşkara çıxarılması baxımından əhəmiyyətlidir. Ə.Haqverdiyev hekayələrinin əksəriyyətinə bir beyt, yaxud bir bənd şeirlə epiqraf verir. Əminliklə demək olar ki, həmin epiqraflar yazıçının mətnin sonunda qət edəcəyi qənaət şəklində hekayənin əvvəlində yer almaqla oxucuya müəllif məramını açıqlamış olur. Lakin mətni oxumadan o qənaət hələ ki, bizimçün qaranlıq olaraq qalır. “Ayın şahidliyi” hekayəsinin epiqrafında Ayın düşdüyü vəziyyətlərlə insanın əhvalı arasında bənzətmə aparılır:

“Key gəh qədim kimi xəmidə,
Gahi pür olan misali-didə!”

Bu beytdə dairəvi forması yaşla dolmuş göz bəbəklərinə, qövs şəklində olan bədirlənməmiş forması Məcnunun həsrətilə əyilmiş qəddinə bənzədilir. Füzulinin qələmindən çıxan bu kədərli beyt hekayənin ümumi intonasiya ilə həmahəngdir, onu tamamlayır.
“Ayın şahidliyi” hekayəsində yazıçının ictimai əhəmiyyətli məsələlərdən kiçik formada, lakonik şəkildə bəhs etmək məharətinin şahidi oluruq. Feodal dərəbəyliyinin hökm sürdüyü cəmiyyətdə quldurluq və vəhşiliyin ifşasına həsr olunmuş mətndə süjetə başlamazdan öncə kənd təbiətinin təsviri verilir: “Düzlərdə əkilmiş taxıl nəsimin qabağında o yan-bu yana yatıb dərya tək mövclənirdi və dolu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətli­nə fərman verilmiş müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi. Taxılın qurtardığı yerdə xırda çayın şırıltısı bilavasitə qulağa gəlirdi və çayın kənarında cərgə ilə boy atmış ərərləri guya sünbüllər üstündə qarovul qoymuşdular”. Azərbaycan ədəbiyyatında realist nəsrə qədərki bədii ümumiləşdirmə, əsasən, peyzaj və portret vasitəsilə həyata keçirilirdi. Misal gətirdiyimiz nümunədə də peyzajın təfərrüatlı təsviri müəllifin ideya-siyasi düşüncələrini sətiraltı mənalarla oxucuya çatdırmaq məqsədi daşıyır.
Mətn içində mətn texnikası ilə yazılan “Ayın şahidliyi” hekayəsində Ay obrazlaşdırılır; qocanın danışdığı əhvalatda Səlma tərəfindən şahid tutulan Ay təhkiyəçinin yuxusunda sanki gündüz eşitdiyi əhvalatı təsdiqləyir. Hekayəni mifoloji aspektdən incələyən tədqiqatçı Güldəniz Qocayeva mifik və islami təfəkkürdə Ayın rolu və mövqeyindən ətraflı bəhs edərək fikrini belə yekunlaşdırır:
“İki atributun vacibliyi xüsusi qeyd olunmalıdır: 1. Ay, 2. Dərə: Quldur bu hadisəni başqa məkanda və başqa zamanda xatırlaya bilərdi. Bu onun incitdiyi, öldürdüyü müxtəlif qurbanlardan birinin xatırlanmasından uzaq getməzdi. Amma həmin məkanda Ay ilahi varlıq kimi onu danışdırır. Ay çərçinin qətli günü onun ölümünə fərman vermişdi, vaxtını gözləyirdi. Burada Ayın şahidliyi Ayın intiqamına çevrilir. Qulduru Səlman öldürür, ancaq bu ölümü Ay hazırlayır. Səlman icraçı, Ay isə hakimdir. “Tədqiqatçı çox doğru olaraq hekayədə total mifin bütün parametrlərinin, zaman - məkan - insan sxeminin özünü doğrultduğunu qeyd etsə də fikrinin sonunda bunun bir növ, təsadüfi şəkildə ərsəyə gəldiyini yazır: “Halbuki əvvəldə qeyd etdiyimiz kimi, bu, sadəcə olaraq, təfəkkürdə yaşayan mifik inamların izləri ola bilər və çox güman ki, yazı­çı tərəfindən əsərə düşünülmüş şəkildə gətirilməmişdir”. Müəllifin sonuncu qənaəti ilə razılaşmaq olmur. Çünki bununla tədqiqatçı sanki özünün yuxarıdakı fikrini təkzib etmiş olur. Epiqrafından başlayaraq, bütün obrazlar, hadisələr və zamanın uyum sağladığı hekayədə məkanın təsadüfi bir element kimi daxil olduğu inandırıcı görünmür. Bu hekayədə dərənin də ən az Ay qədər yaddaşı var: Ay hər nə qədər mifik obraz olsa da, bu ölümü “hazırlayan”, “şahid” olsa da, hekayədə bütün bunlar İlahinin iradəsindən kənarda baş vermir: “Bala, Allah heç nahaq qanı yerdə qoymaz. Və Ay, ulduz, daşlar ağaclar Allahın hökmü ilə bu növ şəhadət edə bilərlər”. Yenə elə Allahın iradəsiylə “dərənin yaddaşı” da lazımi məqamda bərpa olunur və quldur Səlmanı öldürdüyü dərədən keçərkən çox ucadan gülür. Hətta bu məqamda quldurun sözləri də təsadüfi deyil: “...neçə il bundan əqdəm burda bir çərçi öldürdüm və o çərçi ölən vaxt Ayı, ulduzu, daşı, torpağı özünə şahid qayırdı”. Səlman Ayla bərabər daşı, torpağı da şahid tutmuşdu və bu dərə olanlara ən az Ay qədər şahidlik edir. Elə bu üzdən də bundan sonra baş verənlər eynilə təkrarlanır, quldur “tüfəngini düzəldib” Səlmanı vurduğu qayda ilə qardaşı Süleyman da “tüfəngini düzəldib” qulduru vurur. Bu qədər detalların bir hekayədə təsadüfi olması mümkünsüzdür, Ə.Haqverdiyev bədii detal ustası olduğu üçün bu hekayədə də istənilən söz və detalın məhz düşünülmüş olduğundan əminliyə imkan verir.
“Ayın şahidliyi” hekayəsi bu qətl hadisəsinin üstünün açılması ilə yekunlaşmır. “Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o, qara, ləkə deyil, bəlkə mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qaldığını görüb ciyərimdən çıxardıram”. Bunları təhkiyəçinin yuxusuna gələn Ay danışır. Ona görə danışır ki, onunla “söhbətləşməyi” arzu edən var. Gerçəkləri bilmək istəyən, onları duymağa hazır olan varsa, hətta Ay da “danışar”, sirləri bəyan edər. Amma hələ ki, şahid olduqlarına baxdıqca Ay da “lal olub” danışa bilmədiyinə şükür edir. Bu hekayədə dini ideyaların bədii təsir səviyyəsində iştirakını görürük. Çünki nə qədər Ayın şahidliyi aktını mifoloji təfəkkürə bağlasaq da, dini təfəkkürə söykəndiyi də şəksizdir.
  Qeyd edək ki, Ə.Haqverdiyevin ilk iki hekayəsi “Həyat” qəzetində dərc olunduqdan sonra Ə.Hüseynzadənin təqdimatı ilə “İki hekayət” adıyla ayrıca kitabçada çap olunmuşdur.  


Tarix: 31-05-2018, 11:31

Xəbəri paylaş