Oğurlanmış xəritənin sirri
Allahverdi EMİNOV,
pedaqoji elmlər namizədi
Elm elə ünvandır ki, onun pik nöqtəsini fəth edən hələ ki, yoxdur, nə yaxşı belədir. Elm isə təyinatlı sahədir və oxucu ünvanını hər kəsə vermir. Amma elmi kəşflər, dəqiq hesablamalar, proqnozlar və sair problemlərlə həvəskar oxucular maraqlanırlar. Bu istəyi ödəmək məqsədilə yazarlar (jurnalistlər, publisistlər, alimlər) elmin konkret bir sahəsinin bünövrəsindən, yaranma prosesindən, son nəticəsindən lakonik, sadə, şərhli üslubda məqalələr, kitablar yazıb çap etdirirlər. Təəssüf ki, bizdə bu «janra» münasibət yaxşı deyil, çox az hallarda qələm sahibləri müraciət edirlər.
Qürrələndirici haldır ki, IX-XIII yüz illərdə - təhsil müəssisələrimizlə, dünyada ilk «sinif-dərs» sisteminin tətbiqilə, astronomiya elminin uğurları ilə və hətta Moskvada, Kremlin şamaxılı azərbaycanlı memar tərəfindən tikilməsilə biz azəri türkləri sivilizasiyanı açıq-aşkar yaşamışıq. Təəssüf ki, bu gün də sivilizasiyanın dəyərlərini məmləkətimizdə lazımınca kütləviləşdirməyi bacarmırıq.
Halbuki ana torpağı üçün, onu zənginləşdirmək, sərhəddini genişləndirmək naminə risklərə əl atdılar ulularımız. Qan qardaşımız osmanlı türkləri Aralıq və Qırmızı dənizlərə, bizim Qaraqoyunlu və Ağqoyunlu dövlətlərimiz Ərəb körfəzinə, Hind okeanının Şərqinə sahib kəsildilər. Avropalıların Qərbə doğru yollarını qapadılar. Məntiq tələb edirdi: başda İspaniya sarayı olmaqla iqtisadi krizisdən çıxmaq üçün müstəmləkəçilik üsuluna əl atmaq lazım gəlirdi. Və bu qüvvə bir adamın iddiasında gerçəkləşdi. Bu şəxs məşhur səyyah Xristofor Kolumb (1441-1509) idi! Mən ona okean cəngavəri deyərdim!
X.Kolumbun İspaniya sarayına gəlib, kral I Filipp və onun xanımı, kraliça İzabelladan xeyir-dua almasına, yeni müstəmləkə tapmaq eşqiylə yola düşməsinə bir səbəb vardımı? Bəlkə bu təşəbbüs bəxt sınağı idi? Yoxsa özünə və komandasına inamı idi?
Yadıma fransız psixoloqu Q.Lebonun kəlamı düşdü: «Dirilər ölülərin fikirlərindən faydalanırlar». Unutmayaq, bu sözlər X.Kolumdan dörd əsr sonra deyilmişdi. Bəs X.Kolumb «ölülərin» fikrindən, yoxsa yazılı qoyub getdikləri elmi kəşflərindən yararlanmışdı? Axı, bu səyyah-coğrafiyaçı canından və gəminin çoxsaylı heyətindən bezmişdimi? Tələsməyək.
Artıq üçüncü həftə ötmüşdü. Sərt və hövsələsiz dalğaların əlinə bir şey keçmir, ümmanın ortasında kibrit çöpü kimi atılıb-düşən gəmiyə hücum edirdi. Ləpələrdən sıçrayan sular göyərmədə çırpınırdı. Heyətdə heç də hamısı əsəblərini cilovlamağı bacarmırdı, deyinir, Kolumbun vədlərini lənətləyirdilər. İradəli cavanlar göyərtədə taxta dor ağaclarına kürəklərini söykəyib çox-çox uzaqlara baxırdılar. Nəhəng balinalar dənizi oyur, şumlayırdılar. Köpək balıqları atılıb-düşən yelkənli gəmiyə çiyin vurmağa cəsarət göstərmirdilər.
X.Kolumb bu çaxnaşmanı görürdüsə, üstünü vurmurdu. Amma arabir öz kaumasına girib nəyisə götürüb göz gəzdirdi. Taleyi sanki bu kağızdan asılıydı. «Riyaziyyatçılar yaxşı bilir, elə astronomlar da: Məşhur alman alimi Eyler olmuşdur, vaxtında tanınmışdır, «triqonomotrik funksiyalar nəzəriyyəsi»nin atası (qiymət Karl Marksa məxsusdur) sayılmışdır. «Səma cismləri və Yer ölçülərinin yerbəyeredicisi» kimi vurğuladığı Eyler - bu fikri söyləyəndə dahi hərtərəfli alim Nəsirəddin Tusini (1201-1274) nəzərdə tuturdu. Azəri türk astronomu, riyaziyyatçı (həm də əxlaq nəzəriyyəsinin banisi, şair və s.) N.Tusi barədə onu deyərdim ki, milli mədəniyyətinə yüksək qiymət vermiş Elxanilər sülaləsi cənubi (güney) Azərbaycanında hakimiyyətini möhkəmlətmişdi və saraya ətrafdakı böyük istedad sahiblərini toplamışdı, o cümlədən, onların arasında Nəsirəddin Tusi də vardı. Təbrizə gələn gənc alim az sonra Hülakü xanın yardımı və razılığı ilə rəsədxana tikintisinə başlayır. Əsası 1259-cu ilə təsadüf edən rəsədxanaya o zaman üçün ciddi məbləğ sayılan 35.000 dinar, yəni «qızıl sikkə» ayrılmışdı. Marağa şəhərinin qərb hissəsində - dağda uzunu 350, eni 150 arşın sahə nəzərdə tutulmuşdu. Tikintiyə və elmi aparaturasına Tusinin özü rəhbərlik edirdi və bir ilə rəsədxana fəaliyyətə başladı. Bir maraqlı detalı xatırlatmaq yerinə düşər ki, N.Tusi Marağa rəsədxanasına ərəb, fars, yəhudi, azərbaycanlı, həbəş, Çin millətindən olan istedadlı alimləri toplamışdı və onlar can-başla müşahidələrini aparır, tədqiqatlarını davam etdirirdilər. N.Tusi öyünməli, dünyaya nümayiş etdirməli aşağıdakı elmi kəşflərin, dəqiqləşdirmələrin, proqnozların müəllifi oldu və bunlar dünya elmi ictimaiyyəti tərəfindən rəsmi status aldı: İngilis alimi İ.Nyutondan 400 əvvəl Ayın fəsillərini (fazasını) tapmış; Yerə peykimiz Ay arasındakı məsafəni ilk dəfə olaraq 7 arşın az fərqlə ölçmüş (386,781 minar, yəni km); peykimizin Yerə nisbətən beş dərəcə bucaq altında çəpəgi dövr etdiyini, Yerin tam Kürə şəklində deyil, qütblərdə batarı oval olduğunu aşkara çıxarmış; Ayda cazibə qüvvəsinin Yerə nisbətən 6 kərə zəifliyini sübuta yetirmiş, 900 ulduzun uzunluq, 878 ulduzun enlilik koordinatlarını yüksək dəqiqliklə hesablamışdı. Bu icadlar və dəqiq hesablamalar 7 (yeddi) edir və heyrətlənməmək qeyri-mümkündür. Ən önəmlisi bu gün də İsaak Nyutonun adına çıxılan ixtiranın müəllifi azəri türk astronomu Nəsirəddin Tusidir.
N.Tusi subuta yetirmişdi ki, dənizlərdə və okeanlarda baş verən qabarma və çəkilmələr heç də təbiətin kor-koranə şıltaqlığı deyildir, məhz Ayın çəpəki hərəkətindən, Yerin qütblərindəki bayaqlıqdan irəli gələn vaxtaşırı (il ərzində 24 dəfə özünü göstərən cazibə sıxılması) özünü büruzə verir.
Okeanda intizar hökm sürür, gəminin hara baş aldığını yalnız Kolumb bilirdi, o isə heç kimə sirr gəlmədiyi nə iləsə məşğuldur? Sual, heyətin fikrindən keçsə də, heç kəs cürət eləmir ki.. Amma heyrətedici faktlar gəmi kapitanını - Kolumbu inandırır ki…
N.Tusi su-quru ilişgilərini dahiyanə təxəyyülü ilə önə çəkib, qabarmaların və çəkilmələrin iç dənizlərdəki vüsəti və cizgiləri ilə - görünüşü ilə okeanların gücü və sərhədləri arasındakı məsafə fərqlərini hesabladı. Bununla bəşəriyyətə naməlum torpaqların olduğunu irəlicədən xəbər verməklə ümumbəşəri kəşfə imza atdı. N.Tusiyə görə, Atlantik okeanının sinəsində uzunluğu 1015 km-lik ada yerləşməliydi. Maraqlıdır ki, portagizli dənizçilər bu informasiyadan xəbərsizdilər və 1467-ci ildə (mart ayında) həmvətənimiz Tusinin qabaqcadan - öncədən xəbər verdiyi quru parçasını - Müqəddəs Yelena adasını aşkarlamışdılar. Hansı ki, 450 ildən sonra fransız kralı, hökmdarı Napaleon həmin adaya sürgün ediləcəkdir.
Rəsədxana işində idi. Başda Tusi olmaqla Atlantik okeana günbatana gün əyildikcə heyrətedici hadisələr baş verirdi. N.Tusi qeyri-adi idrakı və dərin müşahidələrinin yekunu kimi qərara gəldi ki, Yer kürəsi şərti olaraq 24 meridiana bölünməli, birinci meridian Atlantik okeanına yaxın guşədən keçməlidir. İndi «O» meridianının Qrinviçdən keçməsi Tusinin dahiyanə kəşfinin ölməz sübutudur bu gün də.
Dəqiq hesablamalara əsaslanıb deyə bilərik ki, Atlantik okeanın Qərbində Şimaldan cənuba doğru sularda nəhəng quru sahilləri uzanır və cazibədar, sirli torpaqlara insan ayağı dəyməmişdir. Bu torpaqlar Şərqə tərəf 81 dərəcədə Şimal «en» dairəsində və 62 dərəcə Cənub uzunluq dairəsində yerləşməlidir. Deməli, N.Tusi Amerika qitəsinin coğrafi cizgilərini qabaqcadan aşkarlamışdır ki, heç bir layihəyə əsaslanmağa yer qoymamışdır.
N.Tusi qeyri-adi elmi fantaziyası və riyazi hesablamaları ilə kəşflərinin reallaşmasında Ayın rolunu bir amil kimi əsaslandırmışdır: Okean və iç-çöl dənizlərdə özünü cuşa gətirən dəlisov fırtınalar, qasırğalar, sunamilər heç də küləklərin, tufanların nəticəsi deyil, əksər vəziyyətlərdə Ay dövriyyəsinin fəsadlarıdır. Ortaya nə gəldi? Qeyri-adi zəka sahibi N.Tusinin ardıcıl kəşflərinin nəticəsi olaraq, hələ tapılmamış torpaqlar, Şərqdə Amerika qitəsi və ətraf arxenalaqın dəqiq xəritəsi bu cür yarandı.
Marağa rəsədxanasında yuxarıda dediyim kimi, bir çinli alim - Mun-çi də çalışırdı. Tusidən öyrənirdi, onun möcüzəli istedadından xəbərdardı. Dünya heç kəsə - istedadından və ali vəzifəsindən asılı olmadan güzəştə getməyi bacarmır - bir gün ağlaya-ağlaya doğulan bir gül də yaşamaq intizarında dünyadan köçür. Bizim Nəsirəddin Tusi də. Mun-çi ustadının ölümündən sonra Vətəni Çinə üz tutdu və özüylə həmin xəritəni də apardı…
Tədqiqatçı-jurnalist, mərhum Oqtay Eldəgəz yazır ki, tanınmış italyan səyyahı Marko Polo 1292-ci ildə Azərbaycan sahillərindən keçib Çinə yollanır və xeyli yaşlaşmış, Çində məşhur bir simaya çevrilmiş Mun-çi ilə görüşür. Fəndkir M.Polo Mun-çidən nəfis şəkildə üzü köçürülmüş «Marağa coğrafi xəritə»ni satın alır. İki il ötmüş Marko Polo Vətəninə qayıdarkən Muğan-Mil düzündən adlayıb. Apenin yarımadasına qayıdır…
Ömür yetişir, M.Polo dünyasını dəyişir (1317) və yeganə oğlu Poola atasının illərlə səfər çantasında daşıdığı qiymətli sənədləri, qeydləri qoruya bilmir. Florensiya Tarix Muzeyinin rəhbərliyi ayıq düşür. Onlar bilirdilər ki, o çantada nələr var, o cümlədən «Tusi xəritəsi» («Marağa xəritəsi»), baha qiymətə satın alırlar - Ata Polonun «Səyahətnamə» əsərinin əlyazmasını muzey nəşr etdirir. Lakin «Marağa xəritə»siz. Bu, sirr hələ açılmayıb. Mərhum Oqtay Eldəgəzin vətənpərvər harayını bir daha xatırladıram: «Gəlin, biz azəri türklər üzümüzü Florensiya Tarix Muzeyinə çevirək və Tusi xəritəsinin taleyilə maraqlanaq».
X.Kolumbun həyatı barədə daha bir məlumat yerinə düşər: O, peşəkar rəssam idi, İspaniyaya getməzdən 6 il qabaq varlı Florensiyanın qızı ilə evlənmişdi. Adı Veronika idi. Kolumbun qaynatası vəfat edəndən sonra onun dəbdəbəli malikanəsinə yığışdılar ailəlikcə.
Rəssam hissiyyatı ilə Kolumb arabir yolunu Tarix Muzeyinə salırdı. Roma sərkərdəsi Pompeyin dostu Krassa ünvanladığı bir məktubu muzeydə şüşə altında saxlanılırdı. Məktubda Pompey vurğulayırdı ki, o parfiyalılarla və azərlərlə (azərtürklərlə) vuruşmadan çəkinsin. Kolumb bu məktubun məzmununa aludə olacaqdı… Və şüşə ilə «qorunan» məktub səyyah rəssamın diqqətini çəkirdi, maraqlandırırdı. Ordakı xəritə isə… Tusi xəritəsilə tanışlıq Kolumba çox proqnozlardan xəbər verirdi: Naməlum böyük torpaq sahəsi qitənin şimalında 62 dərəcə cənub uzunluq dairəsi, cənubda isə 81 dərəcə şimal «en» dairəsi xətti boyu yerləşməliydi. Bəs hansı səbəbdən Amerika qitəsi məhz Kolumbun adına yox, portuqaliyalı dənizçi Ameriqo Vespuççinin şərəfinə rəsmiləşdirilmişdir?
X.Kolumb sonra üç dəfə səyahətə çıxmışdır. 1493-cü ildə bir ilin ötüşündə insanlar Venesuelin Qərbə yaxın Şimal sahillərinə çatıb geri qayıtdılar, daha iki il keçmiş (1495) Cənubi Amerikanın, başqa sözlə, Braziliyanın qərb sahilindəki xəritədə aydın göstərilmişdir - 62 dərəcə cənub uzunluğu dairəsinə toxunan Nyufaundlend yarımadasının qərb sahillərinə yetişdilər. Kolumb Qəraib dənizindəki adalar sırasına Vest Hind (qərbi Hindistan) adlandırmaqla hamını aldatmış oldu. Həqiqətən, bura Hindistandırsa, Kolumb oraya qərb tərəfdən yaxınlaşmalı idi. Daha doğrusu, yolüstü Yaponiyanı, cənub-qərb ölkələrini keçib mənzilə çatmaq problem yaratmazdı. Kolumb bicliklə düşünürdü ki, belə sorğular ona tuşlana bilər və labüddür. Onun üçün genuyalı səyyah hiyləgərliklə Antil adalarını gah Sipanco (Yaponiya), gah Katay (Çin), gah da Vest-hind adlandırır, hər bir torpaqlar arasındakı məsafələri iki dəfə artırırdı ki, Hindistana yol uzun görünsün. Əslinə qalsa, X. Kolumb, H.Tusinin «kəşf etdiyi» yeni dünyanın maddi nemətlərini, insan resurslarını, zəngin torpaqlarını İspaniyanın bomboş süfrəsinə atmışdı…
Təsadüfi deyil ki, Madrid Sarayı, sonrakı ispan zadəganları Kolumbun Hindistan cəfəngiyyatına əhəmiyyət vermədilər və Amerika qitəsinin adını ona qıydılar.
Biz heç bir rəsmi mərasimdə, hansısa elmi mərkəzdə, Amerika mətbuatında təfərrüatı ilə nə danışırıq, nə da yazmırıq ki, Amerika torpağının dünya xəritəsinə, fırlanan Qlobusa düşməsində azəri türk dühası Nəsirəddin Tusiyə borcludular. Siz bu fövqəl şəxsiyyəti düz-əməlli belə tanımırsınız.
Böyük və cəfakeş səyyah - coğrafiyaşünas Tur Xeyerdal 1999-cu ilin sentyabrında Azərbaycana təşrif gətirdi və Qobustan qaya rəsmlərinə baxarkən heyranlığını gizlətmədi və dedi: «Mən bir norveçli səyyah kimi ərz edirəm ki, xalqınızın çox böyük tarixi-mədəni kökləri vardır. Azərtürklər mənim millətimdən olmuş qədim vikinqlərlə qohumdular, doğmadılar. Ona görə Kolumbun, sizin xacə Nəsirəddin Tusi coğrafi xəritəsilə səfərə çıxdığına, Amerika qitəsini «kəşf etdiyinə» əsla təəccüblənmirəm. Gərək Yeni Dünya məhz «Tusiya» adlanaydı»…
Məncə, şərhə ehtiyac yoxdur və daha narahatlığım çəkildi. X. Kolumbun səksəkəli, amma ümidli kayutasına girib çıxmağının səbəbi açıqlandı…
Tarix: 2-04-2018, 11:13