Firudin Qurbanov 6 nömrəli məktəb-liseyin “Son zəng” tədbirində iştirak edib




İyunun 13-də ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri təşkil olunub.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə keçirilən “Son zəng” tədbirində iştirak edib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri Aygün Bayramova, Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, məktəbin pedaqoji heyəti, şagird və valideynlər iştirak ediblər.
Məktəb-liseyin direktoru Gülşən Orucova tədbiri giriş nitqi ilə açaraq 2025–2026-cı tədris ilinin təhsil müəssisəsi üçün uğurlu olduğunu bildirib. O, məktəbin respublika və beynəlxalq olimpiadalarda, “Sabahın alimləri” müsabiqəsində, eləcə də idman, mədəniyyət və incəsənət sahələrində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.
Direktor builki 144 məzunun buraxılış imtahanlarında uğurlu nəticələr göstərdiyini, bir sıra şagirdlərin yüksək bal topladığını, təltif attestatına və qızıl medala namizəd məzunların olduğunu qeyd edib.
G.Orucova məktəbin şagirdlərə yalnız bilik deyil, həm də vətəndaşlıq dəyərləri aşıladığını vurğulayaraq məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov məzunları təbrik edərək onların ölkənin gələcək inkişafında mühüm rol oynayacaqlarını bildirib. Nazir müavini qeyd edib ki, sürətlə dəyişən və inkişaf edən dünyada gənclərin üzərinə böyük məsuliyyət düşür. O, gələcəkdə hansı yeni çağırışların yaranacağını dəqiq proqnozlaşdırmağın mümkün olmadığını vurğulayaraq Azərbaycan gənclərinin bu çağırışların öhdəsindən uğurla gələcəyinə və ölkənin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Firudin Qurbanov 6 nömrəli məktəb-liseyin zəngin ənənələrə malik olduğunu, bu təhsil müəssisəsinin məzunu olmağın həm böyük şərəf, həm də məsuliyyət daşıdığını diqqətə çatdırıb. O, məktəbin məzunları arasında Azərbaycan Prezidenti İlham Əliyevin də olduğunu qeyd edərək ölkənin əldə etdiyi uğurların və tarixi Zəfərin gənc nəsil üçün nümunə təşkil etdiyini bildirib.
Nazir müavini məzunlara gələcək təhsil həyatlarında uğurlar arzulayaraq harada təhsil almalarından asılı olmayaraq Azərbaycanla bağlılıqlarını qorumağın vacibliyini vurğulayıb. O, gəncləri milli-mənəvi dəyərlərə sadiq qalmağa, Vətənə xidmət etməyə və ölkənin gələcək uğurlarına töhfə verməyə çağırıb.
Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov çıxışında məktəbin əldə etdiyi uğurları yüksək qiymətləndirib və bu nailiyyətlərin davamlı xarakter daşıdığını vurğulayıb. O, ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs edərək müasir təhsil mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini qeyd edib. Q.Vahidov məzunlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb, onları bilikli, vətənpərvər və cəmiyyət üçün faydalı vətəndaşlar kimi yetişməyə çağırıb.
Tədbir şagirdlərin hazırladığı bədii kompozisiya və musiqi nömrələri ilə davam edib.
Tarix: Bu gün, 16:58
