Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Vətənpərvər övladlar yetişdirək

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.
Sakini olduğumuz bu dünya bizdən həyati bacarıqlara yiyələnən insanın tərbiyə olunmasını tələb edir. Təhsil alan uşaq və gənclərin dövlətçilik ruhunda tərbiyəsi prioritet məsələlərdəndir. Ənənəvi olaraq bütün tip təhsil müəssisələrində Azərbaycan Respublikasının atributları təbliğ olunur, məktəblilərdə onlara məhəbbət hissi aşılanır. Dövlət bayrağının, Dövlət gerbinin, Dövlət himninin yaranması, dövlət rəmzlərimizin mənaları uşaqlara hələ məktəbəqədər təhsil müəssisələrində aşılanır. Bu, çox önəmli məsələdir.
Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi müharibə şəraitində yaşayan ölkəmiz üçün həddən artıq önəmlidir. Gənclərə milli ruhun aşılanmasına hələ körpə yaşlarından başlanmalı, uşaq bağçalarında, orta məktəblərdə, mətbuat səhifələrində və televiziyalarda bu məsələyə mütəmadi olaraq güclü şəkildə xüsusi önəm verilməlidir. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsi nəticəsində reallaşdırılır.
Müstəqil Azərbaycanımızın memarı və qurucusu olan ulu öndər Heydər Əliyev demişdir: “Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin».
Bəllidir ki, təlim-tərbiyə işinin bütün sahələrində olduğu kimi, vətənpərvərlik tərbiyəsinin də əsası uşaq bağçalarında qoyulur, sonra isə ibtidai siniflərdə və sonrakı təlim pillələrində daha da inkşaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan uşaqların qəlbinə elə ilk günlərdən Vətənə məhəbbət ruhu aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Şagirdlərin vətənpərvərlik və vətənə məhəbbət hissi ilə tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır. Ölkəmizin tarixi haqqında sistemli şəkildə uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər və tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edirlər, bu biliklər sonradan əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da gücləndirir.
“Vətənpərvərlik” məfhumu öz məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil. Bu hiss uşaqlarda tədricən formalaşır. İnsan dünyanı dərk etdikcə, Vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Torpaqlarımızın işğal altında olduğu bir şəraitdə biz uşaqlarda Vətənə, torpağa, elə-obaya sevgi, məhəbbət hissini formalaşdırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçiririk. İşğal günləri ərəfəsində uşaqlar arasında xüsusi müzakirələr aparılır, bu günlər xüsusi olaraq şagirdlərə xatırladılır. Bundan əlavə, məktəbimizdə işğal günləri ərəfəsində müxtəlif müsabiqələr keçirilir, divar qəzetləri, şeir və ya inşa yazı müsabiqələri, rəsm sərgiləri təşkil olunur.
Yuxarı siniflərdə vətənpərvərlik tərbiyəsinin aşılanması daha asan formada həyata keçirilir. 3-4 yaşında uşağa isə nə qədər müharibədən danışsaq da, o, heç nə anlamayacaq. Sadəcə olaraq ona düşmənlərimizi tanıda bilərik. Ona görə də uşaqlara Vətənə aid şeir və mahnılar öyrətməklə onlar üçün vətənpərvərlik mövzusunda açıq məşğələlər təşkil etmək olar. Məktəbimizdə hər səhər Azərbaycan Respublikasının Dövlət himni oxutdurulur, uşaqlara bayrağımızın, gerbimizin mənası öyrədilir.
Bilirəm ki, oxucularımızın böyük əksəriyyətini ziyalılar, müəllimlər təşkil edir. Bunu nəzərə alaraq sizi bir sual ətrafında düşünməyə səsləyirəm. Uşaqlarda vətənpərvərlik hissini necə yaratmaq olar, müəllim buna necə nail ola bilər?
Bəlkə biz bu tərbiyəni uşaqlara lazımınca aşılaya bilmirik, elə buna görə də hərbi məktəblərə üz tutan məzunlarımızın sayı azlıq təşkil edir. Bəlkə təhsil müəssisələrində hərbi hazırlıq və fiziki tərbiyə dərslərinə daha çox diqqət ayırmaq lazımdır. Fikrimcə, hərbi hazırlıq və fiziki tərbiyə fənlərini tədris edən müəllimlərimiz bir araya gəlib bu istiqamətdə birgə səmərəli iş görməlidirlər.
Mənə elə gəlir ki, bu tərbiyəyə ibtidai sinifdən “Yaxşı nədir, pis nədir?” , “Biz dostuq”, “Biz hansı qaydalarla yaşayırıq?” kimi mövzularla başlayıb, daha sonra “Mənim şəhərim”, “Mənim ailəm”, “Ölkəm, onun paytaxtı, simvollar”, “Vətənimin təbiəti”, “Vətənimin müdafiəçiləri” və s. mövzularda söhbətlər aparmaqla davam etmək lazımdır. Bütün bunları müxtəlif formalarda həyata keçirmək olar: tarixi və bayram günlərində gəzintilər, söhbətlər, müharibə veteranları ilə görüşlər, ekskursiyalar təşkil etmək; qəhrəmanlıq, igidlik, dözümlük, Vətən uğrunda döyüşə həmişə hazır olmaq kimi mövzularla onları məlumatlandırmaq olar. İnanıram ki, belə söhbətlər zamanı uşaqlar tez böyüyüb, əsgər olmaq, torpağı, Vətəni qorumaq istəyəcəklər.
Ümumiyyətlə, düşünürəm ki, fənnindən asılı olmayaraq, hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də Vətəninə, millətinə layiq bir tərzdə yetişsin. Keçirilən dərslərdə işğal olunmuş torpaqlarda fədakarlıqla döyüşən Milli Qəhrəmanlarımızı tanıtmaq, Qarabağı və onun başına gətirilən faciələri uşaqlara çatdırmaq lazımdır. Bir insan öz ölkəsi, Vətəni haqqında nə qədər çox məlumat alarsa, torpağını da bir o qədər çox sevər, onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlanar və onu qorumağı özunə borc hesab edər. Bir də axı Azərbaycan müharibə şəraitində yaşayır, torpaqlarımız hələ öz xilaskarını gözləyir. Ona görə də bizim təhsil ocağında tez-tez Böyük Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi veteranları və Azərbaycanın Milli Qəhrəmanları ilə görüşlər keçirilir. Elə bu günlərdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş növbəti tədbir barədə danışmaq istəyirəm. Məktəbin akt zalında Mübariz İbrahimovun böyük şəkli asılmışdı. Tədbiri giriş sözü ilə bu sətirlərin müəllifi açdı. Azərbaycan torpaqlarının azadlığı, müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş Azərbaycanın oğul və qızlarının ruhu bir dəqiqəlik sükutla yad edildi. 11b sinif şagirdi Ə.Sevən, 10 b sinif şagirdi A.Nurlan çıxış edərək M.İbrahimovun keçdiyi hər bir Azərbaycan gəncinə nümunə olan döyüş yolundan danışdılar. Şagirdlər A.Rauf, O.Fərəc, Günel Orucova, Kənan Hüseynli, Nurlan Qarayev, Murad Novruzov Mübariz İbrahimova həsr olunmuş şeirlər söylədilər.
  Tədbirdə 3 c sinif şagirdi Arif  Məlikov səhnədə Mübariz İbrahimovun obrazını canlandırdı. 10  a sinif şagirdi Şirzad Quliyev Mübarizə həsr olunmuş mahnını ürək yanğısı ilə ifa etdi. Sonra da Milli Qəhrəmanın həyat və döyüş yolunu əks etdirən sənədli film nümayiş etdirildi. Tədbirin sonunda gənclər Mübariz kimi Vətəni qorumağa and içdilər.
Gəlin, övladlarımızı “Vətən uğrunda ölməyə deyil, Vətən uğrunda öldürməyə” şüarı altında tərbiyə edək! Elə Mübariz İbrahimov kimi!

Gülnaz Abdullayeva,
Bakının Sabunçu rayonundakı T.İsgəndərov adına 142 nömrəli
tam orta məktəbin direktoru,
əməkdar müəllim


Tarix: 14-03-2017, 11:16

Xəbəri paylaş