Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mənim incə duyğularım..



     Nüşabə Bayram qızı Yaqubəliyeva Azərbaycan Elmlər Akademiyasında aparıcı mühəndis vəzifəsində çalışır. Bu günlərdə onun "Mənim incə duyğularım" adlı ilk şeir kitabı çap olunub. 

Şeir ruhun çölə açılan pəncərəsidir – deyilir. Şeir həm də Tanrı ilə xəlq etdiyi insan arasındaki bir körpüdür. Qəlbin körpüsü... 
Azərbaycan xanımlarına xas olan xüsusiyyətlərə malik əsl ziyalı xanım olan Nüşabə xanım da Tanrı sevgisi, el-oba təəssübkeşliyi, ailə, övlad məhəbbəti ilə döyünən təmiz qəlbinin pıçıltılarını sözə çevirərək, qəlbinin dilini tapanlardan biridir.

Səsin rəngi olduğu kimi sözün də öz rəngi, çaları var. Bu rəng, bu çalar Tanrının qüdrəti ilə əsrarəngiz bir aləm yaradır. Nüşabə xanımın da öz rəngi, öz çalarları olan hissləri, duyğuları çiçək-çiçək ağ kağız üzərinə səpələnərək, rayihəsi gözəl bir çələngə çevrilir.
Nüşabə xanımın ən ali sevgilərindən biri və birincisi Vətəninə, xalqına olan sevgisidir. İllərlə düşmən tapdağı altında olan Qarabağın – Şuşanın azad edilməsi onun qəlbini şad edən əvəzolunmaz bir sevincdir. “Şuşanın rəmzi" şeirində bunu aydın görürük:

 
Yenə toplayırıq çiçəyi, gülü
O gözəl günlərin vaxtı çatıbdı
Artıq sağaltmışıq Xarı Bülbül
Şuşanın əbədi rəmzi olubdu.


 
Vətənin hər qarış torpağı, hər daşı, qayası, çölü, çəməni Nüşabə xanım üçün çox əzizdir. Ancaq doğma yurdu gözəl Ağstafa torpağı isə ilk beşiyi, isti ana qucaqıdır. Anasının həzin laylası ilə iliyinə, canına hopmuş, qırılmaz tellərlə bağlandığı müqəddəs ocağıdır.

 
Ağstafam, Oğuz tayfam, ocaq yerim, qədim Vətən,
Azərbaycan gözüm nuru, sən gözümün giləsisən.
Əcdadlarım yatır səndə, sən onların məskənisən.
Qismət olsa, qəbul etsən son mənzilim yenə sənsən.


 
Onun Ağstafam, Oğuz tayfam, ocaq yerim, qədim Vətən sevgisi, bütün Azərbaycana bir alov kimi yayılır, şölələnir.
Nüşabə xanım şeirləri ilə könül dilində danışmağı bacarır. Könül dili də elə bir dildir ki, bənövşənin həzinliyi, bulağın duruluğu, ayın aydınlığı var bu dildə.

 
Baharın seyrinə qalmaq istəsən, 
Gərək qarlı qışdan keçib gedəsən.
Onun xoş ətrini duymaq istəsən
Dumandan, çiskindən, çəndən keçəsən.


 
Deyən ziyalı xanımın qəlbindən süzülüb ağlın, hisslərin süzgəcindən keçən lirik, həzin duyğuları insanın qəlbində lirik bir nəğməyə dönür. Canından artıq sevdiyi doğmalarına, anasına, atasına həsr etdiyi şeirlərdə dünyanın özü boyda kədər yükü hiss olunur. Axı səni dünyaya bəxş edən valideyn itkisindən ağır nə ola bilər?

 
Ata, sən gedəni qarışıb beynim,
Yamanca dolaşıb, yorulub zehnim,
Özüm də bilmirəm nə edim, neynim?
Fikirlər əlində əsir olmuşam.


 
Anasına olan duyğularını isə belə ifadə edir:

Anam yuxuma girdi,
Yaman fikirli idi,
Səbəbini soruşdum,
Nə danışdı, nə dindi.


 
Bu gün də bir ana, nənə - bir övladı, iki nəvəsi olsa da, valideynlərini xatırlayan zaman bir uşağa çevrilir. Nüşabə xanım nə etsə də onların borcundan çıxa bilməyəcəyini söyləyir. Təskinliyini isə ailəsində tapır. Xalqımız ailə dəyərlərinə hər zaman önəm verib. Ailə müqəddəs yuva, toxunulmaz bir qaladır. Azərbaycan ailələrində ailənin başçısı aparıcı qüvvə, söz sahibidir. Nüşabə xanım da öz ailəsinə, ömür-gün yoldaşına qırılmaz tellərlə bağlı olan, onu özünə yaxın dost bilən qəlbinin hər sirrini onunla bölən bir xanımdır. O, “Ömür yoldaşım” şeirində duyğularını belə dilə gətirir:

 Sınaqlarla dolu həyat yolunda 
Əlin əlimdəydi, qolun qolumda,
Sən işıq saçırdın dörd bir yanımda.
Ey tale ortağım, ömür yoldaşım.


 
Ailəsinin, övladının, nəvələrinin məhəbbəti  onu bu həyata bağlayan, yaşamağa sövq edən ən ülvi hissidir.
Nəvəsi Hüseynə həsr etdiyi misralarda isə duyğularını belə ifadə edir:

 
Heç canım kimi də sevə bilmərəm,
Çünki ürək  fani, can gedəridi.
Axı mən ruhumla sevirəm səni,
Təkcə ruh daimi, ruh əbədidir.


 
Nəvəsi Aylinə həsr etdiyi “Sənə çiçək ömrü arzulamıram” şeirində isə qəlbinin istəyini belə ifadə edir.

Mənə çiçək dərib gətirən nəvə,
Sən özün hər şeydən əzizsən mənə.
Çiçəktək sevilmək arzumdur sənə,
Sənə çiçək ömrü arzulamıram.


N.Yaqubəliyevanın şeir dili axıcı dildir. Dil axıcı olanda deyilən fikir, obrazlı ifadə oxucuya daha tez çatır. Onun ilk kitabındaki bu şeirlər öz çəkisi, poetik tutumu ilə müəllifin daxili aləmini xarakterizə edir. Ali hisslərlə bütün sevginin fövgündə duran kövrək duyğularını dilə gətirir.
Qoy iç dünyamızın üzümüzə açılan qəlb pəncərəmizin aynası hər zaman aydın, kövrək duyğularımız daim var olsun, Nüşabə xanım. Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
                                                                                                   
  Tinatin ƏHMƏD,
 jurnalist, JB-nin üzvü



"Təhsil" jurnalı
31 may 2024-cü il


Tarix: 31-05-2024, 08:00

Xəbəri paylaş