Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təlim keyfiyyətinin yüksəldilməsində müəllimin metodik səviyyəsinin rolu


 

“Azərbaycan uğurla inkişaf edən ölkədir. Son illər ərzində biz bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atmışıq. Elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, insanlar hazırlıqlı, gənclər bilikli olmalıdırlar. Əgər inkişaf etmiş ölkələrin tarixinə və bu gününə baxsaq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik. Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki iqtisadiyyatda, sənayedə, bütün sahələrdə çox gözəl mütəxəssislər lazımdır. Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə, təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır”                                                

İlham Əliyev

 

Məlumdur ki, müəllimin metodik səviyyəsinin yüksəldilməsi təlim keyfiyyətini təmin edir. «Müəllim peşəkarlıq baxımından hazırdır»   anlayışı təhsildə keyfiyyətin  əldə edilməsi üçün böyük əhəmiyyət kəsb edir. 

Əgər müəllim ali məktəbdə oxuyarkən lazımi vərdişləri əldə edibsə və müstəqil pedaqoji fəaliy­yətində onları təkmilləşdirib pedaqoji ustalığa yiyələnirsə, o, məktəbdə keyfiyyət əldə etməkdə çətinlik çəkməyəcək. 

Fənlərin məzmunu ixtisas xarakteristikasından asılıdır. O, islahatlar prosesində,  xüsusən hazırda həyata keçirilən təhsil kurikulumlarının tətbiqində daha da təkmilləşir. Bu zaman müəllimə aid olan kompetensiyalardan söz gedə bilər ki, onlar da ali məktəbdə tədris prosesində, sonralar isə məktəbdə iş prosesində  formalaşdırılır və  həyata   keçirilir. Bu kompetensiyalar aşağıdakılardır: 

* Planlaşdırma, dərsin hazırlanması, keçirilməsi və təhlili;

* Məktəbdə  tətbiq   edilən  eksperimentlərdən tədris məqsədləri üçün istifadə etmək;

* Şagirdləri həyati bacarıqlara yiyələndirmək, çətin məsələlərin həllinə yönəltmək;

* Fənn kabinetini yaratmaq və onun işini təşkil etmək;

* Uşaqları layihələşdirmə fəaliyyətinə cəlb etmək;

* Ekskursiyaları planlaşdırmaq və həyata keçirmək;

* Sinifdənxaric və məktəbdənkənar işləri planlaşdırmaq və həyata keçirmək;

* Tədris prosesində təlimin texniki vasitələrindən, xüsusən informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək;

* Qiymətləndirmənin növlərini, məqsədini və qiymətləndirmə vasitələrini bilməli və tətbiq  etməli, monitorinqdən istifadə etməli;

* Məktəbdə tədris olunan fənlərin təliminin təşkili mexanizminə yiyələnməli.

Fənnin tədrisi metodikası ali məktəblərdə ixtisas təhsilinin yekun mərhələsidirsə, ixtisasartırma təhsilində və xüsusən, müəllimlərin məktəbdə işlədikləri müddətdə təkmilləşmə prosesinin təşkilində aparıcı istiqamətdir. Məktəbdə həyata keçirilən islahatlar Azərbaycanda təlim prosesinin yeni-interaktiv təlim üsulları ilə təşkil edilməsini, müəllimlərin ali məktəbdə hazırlanmasını, həm də məktəbdə işlədikləri dövrdə tədris prosesinin təşkilinə yeni münasibətlə yanaşmasını, yeni metodların tətbiqini, digər tərəfdən şagirdlərin bilik və həyati bacarıqlara yiyələnməsini təmin etməyi tələb edir.

Bütün bunların həyata keçirilməsi milli və fənn kurikulumlarının həyata keçirilməsini təmin  etməlidir.

Metodik işin ümumtəhsil məktəblərimizdə təşkili müəllimə tədris prosesində yaradıcı münasibət formalaşdırmağı, əsaslı qərarlar qəbul etməyi öyrətməli, yeniliyi dərk etməyi, məktəbin həyatında daim baş verən dəyişikliklərin cəld reaksiyasına şərait yaratmalıdır. Bu işdə gənc müəllimlərə kömək, onların öz pedaqoji-fərdi stillərini seçməyi öyrətməlidir. Bu proses  arzu  olunan nəticələrin  əldə   edilməsinə yönəlməlidir. Başqa sözlə, şagird nəyi bilməli, nəyi dərk etməli və nəyi  edə bilməlidir? 

Müəllim təlimə hazırlıq prosesində məqsədi müəyyənləşdirməli, tələb edilən kurikulumdan istifadə etdikdə hansı nəticəni alacağını müəyyənləşdirməyi bacarmalıdır (belə olduqda təlim prosesi keyfiyyətə istiqamətlənə bilər). Bu isə müəllimdən nəticəyə istiqamətlənən təlim-tərbiyə prosesini həyata keçirmək bacarığı tələb edir. 

Təhsildə keyfiyyət müasir şəraitdə məktəbdə çalışan müəllimlərin metodik baxımdan ixtisaslarının  artırılması və təkmilləşdirilməsi qarşısında yeni tələblər qoyur. Bu metodik xidmət əməkdaşlarından tələb edir ki, işlədikləri sahədə keyfiyyətin müəyyənləşdirilməsi  üçün beynəlxalq və yerli təcrübənin öyrənilməsi və həyata keçirilməsi məqsədi ilə metodik işin planlaşdırılmasına yeni münasibətlə yanaşsınlar. Təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün müəllimlərə yeni münasibətlər aşılasınlar, eyni zamanda Milli Kurikulumda təhsilin yeni keyfiyyətinin   açıqlanmasına diqqəti  artırsınlar, öyrənənlərin intelektual potensialının yüksəldilməsi ilə müəllimləri əla təhsil nailiyyətlərinin əldə edilməsinə istiqamətləndirsinlər. 

Hər bir məktəbdə təhsil işini dövlətin təhsil məqsədlərinə uyğunlaşdırmağa çalışmaq lazımdır. Bu məqsədlə, hər şeydən əvvəl, müəllimlərin  şəxsi və peşə keyfiyyətləri məktəb rəhbərləri və məktəbin metodik xidmət (metodik şuralar, məktəb rəhbərləri, dayaq məntəqələri, rayon-şəhər metodik xidmət) əməkdaşları tərəfindən təhlil edilməlidir.  Təhlil prosesində isə «Müəllimlərin yüksək keyfiyyət  əldə etmələrində nələr çatışmır, onlar nəyi öyrənməlidir?» sualına cavab axtarılmalıdır.

Aydın məsələdir ki, müəllim peşəsinin xüsusiyyətlərinə onun mədəniyyəti, bilik, bacarıq səviyyəsi və öyrətmək qabiliyyəti aiddir ki, bunlar da yüksək keyfiyyət  əldə etməyə kömək edən xüsusiyyətlərdir. Şəxsiyyətin inkişafında isə müəllimin özü tərəfindən şəxsi etik normalar müəyyənləşdirilməli, fərdi dəyərlərin əldə edilməsi üçün bilməli və öyrənməli olduğu məsələlər araşdırılmalıdır. Bununla yanaşı müəllimin professional səviy­yəsində onun öz peşəsinin incəliklərinə uyğunluğu da böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə o, öz ixtisasını artırmalı, müəllim kimi mütəmadi təkmilləşməli, təlim prosesinin təşkilində, inkişafında, yeniləşməsində  və qiymətləndirilməsində ekspert səviyyəsinə yüksəlməlidir. Bilməlidir ki, müəllim tədris prosesində  şagirdlərin mənəvi, psixoloji və fiziki tələbatlarını öyrənməli,  onları müasir elmə, mədəniy­yətə yiyələnməyə istiqamətləndirməlidirlər.

Müəllimlər öz şagirdlərinə həyatlarını gələcəyə doğru şüurlu və müstəqil şəkildə qurmağı öyrətməlidirlər. Buna görə də müəllim öz fənni sahəsində biliklərlə yanaşı müasir dövrdə cəmiyyətimizdə baş verən ictimai, iqtisadi, ekoloji, həm də mədəni və texniki yenilikləri təhlil etməyi, qiymətləndirməyi bacarmalıdır. 

Müəllimlərin ixtisasının artırılması və təkmilləşməsi elə təşkil edilməlidir ki, müəllimdə müəllim peşəsinə  elə münasibət aşılanmalıdır ki, o ömür boyu oxumalı, innovasiya xarakterli texnologiyalara yiyələnməli və məktəb təcrübəsinə tətbiq etməlidir. Bu məqsədlə məktəbi idarə  edənlər və bütövlükdə məktəb kollektivi məktəb həyatını daim təhlili etməli, təlim-tərbiyə prosesində baş verənləri ümumiləşdirməli, işin nəticələrini qiy­mətləndirməlidirlər. Məhz bu yolla nöqsan və çatışmayan cəhətləri üzə çıxarmaq, «diaqnoz» qoymaq və düzgün idarəetmə qərarları qəbul etmək olar.

Hər bir pedaqoji kollektiv analitik funksiyaların həyata keçirilməsinə öz münasibətindən asılı olaraq yanaşmalıdır. 

Təhlilə yanaşma mərhələlərinin aşağıdakı istiqamətlərindən istifadə etmək olar: 

- Strategiyanın formalaşdırılması;

- Proqramın hazırlanması;

- Dərs ilinin sonunda idarəetmə qərarının hazırlanması və s.

Məktəbin inkişaf konsepsiyası hazırlanarkən isə şagird, pedaqoji və valideyn kollektivlərinin inkişaf səviyyəsi təhlil edilməlidir. Bu sosioloji təhlil zamanı məktəb qarşısında qoyulmuş sosial sifariş araşdırılmalı, kənddə və ya şəhər mikrorayonunda məktəbin yeri və təlim-tərbiyə prosesinin mühüm istiqamətləri araşdırılıb müəyyənləşdirilməlidir. Proses həyata keçirilərkən məktəbdə son illərdə baş vermiş dəyişikliklər, onların əsas komponentləri üzə çıxarılmalı, nöqsanlar müəyyən edilməlidir. 


Tarix: 8-07-2021, 16:37

Xəbəri paylaş