Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Peşə təhsili inkişaf edən mərhələdə




Təhsil sistemi dövlətin qarşısında dayanan strateji məqsədlərdən biri olmaqla bərabər, eyni zamanda millətin inkişafı üçün xüsusi önəm daşıyır. Xalqın gələcəyə nikbin baxması üçün elmə, əhsilə sahib olması həqiqətən böyük və vacib şərtlərdən biridir.

Azərbaycan dövlətinin təhsilə xüsusi önəm verməsi, aparılan təhsil islahatları, yeni layihələrin həyata keçirilməsi, insanların müxtəlif peşə və bacarıqlara yiyələnməsi üçün kifayət qədər geniş imkanlar yaradır. Sürətli inkişaf ixtisaslı mütəxəssislərin hazırlanması üçün təkcə təhsil sahəsində alınan nəzəri bilikləri deyil, həmçinin gələcək bacarıqların qazanılması baxımından da praktik təcrübəni zəruri edir.


Son dövrlər peşə təhsilinə olan maraq və bu təhsil pilləsində yaradılan yeni  imkanlar əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasını sürətləndirir. Azərbaycan Respublikasının rezidenti cənab İlham Əliyevin peşə təhsil sisteminin potensialının gücləndirilməsi haqqında sərəncamı bunun bariz nümunəsidir. Bu sərəncamı peşə təhsili sistemində yeni mərhələnin başlanğıcı  kimi də dəyərləndirmək olar. Sərəncamda 2026-2030-cu illər ərzində 21 yeni peşə təhsil müəssisəsinin tikilməsi və 2 müəssisənin təmir edilməsinin nəzərdə tutulması gələcəkdə bu sahənin nə qədər önəmli olacağından xəbər verir.


Peşə Təhsili üzrə Dövlət Agentliyinə hörmətli İlqar Bayramlının təyinatından sonra Agentliyin fəaliyyətində olan ciddi irəliləyişlər, işgüzar səfərlər, keçirilən müxtəlif görüşlər, peşə sahəsində əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması üçün aparılan işlərin tərkib hissəsidir. Agentlik rəhbərliyinin bölgələrdə olan Peşə təhsil  liseyləri, tədris mərkəzləri ilə yaxından maraqlanması, istifadəyə verilən yeni binaların açılışında iştirak etməsi, vətəndaş qəbullarının aparılması və müəssisələrdə yaradılan yeni  infrastrukturlar aparılan davamlı və ardıcıl siyasətin nəticəsidir.
 
 Peşə təhsilinin maraqlı tərəflərindən biri də dual təhsil sisteminin yeniliklərinin məhz bu sahədə tətbiq edilməsidir. Dual təhsil proqramı dünya təcrübəsində getdikcə populyarlıq qazanır. Dual təhsil proqramı tələbənin təhsil müəssisəsində nəzəri biliklərlə  bərabər iş yerində praktik bacarıqlar əldə etdiyi təhsil növüdür. 

Dual təhsil sistemi ilk dəfə Almaniyada yaranıb və böyük uğur əldə edib. Almaniyada fəaliyyət göstərən şirkətlərin azı 25%-i bu prosesdə iştirak edir. Təhsil müəssisəsi və şirkət  bağlanan müqavilə sayəsində tərəflər arasında öhdəlikləri və maliyyə şərtlərini müəyyən edir. Seçim meyarları şirkət və təhsil müəssisəsi  tərəfindən müəyyən edilir və buna uyğun aparılır. Bu ikili təhsil sistemi sayəsində tələbələr iş yerində təcrübə toplmaqla bərabər müəyyən gəlir əldə etmək imkanları qazanır. Dual təhsil sisteminin əsas prioriteti tələbələrin ixtisasına uyğun səriştəli kadr kimi hazırlanmasını və peşəkar fəaliyyətlə məşğul  olmalarını təmin etməkdir. Təbii ki,  işəgötürən müəssisə və təşkilatlar kadr ehtiyacını qarşılamaq üçün dual proqramı çərçivəsində təcrübəyə cəlb olunmuş tələbələrin içərisindən seçim etmək imkanı qazanır.

 Artıq Azərbaycanda da peşə təhsil müəssisələri və işəgötürənlər bu proqrama cəlb olunub. Müxtəlif peşə təhsil müəssisələri və təşkilatlar bu sahədə ilk yeniliklərə imza atıblar. Elm və Təhsil Nazirliyinin məlumatlına əsasən Dual təhsil proqramı müxtəlif sahələri əhatə etməklə öz əhatə dairəsini hər il genişləndirilir. 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin xətti ilə dövlət və özəl müəssisələrlə bağlanan müxtəlif əməkdaşlıq müqavilələri nəticəsində bölgələrdə kənd təsərrüfatı və xidmət sahəsində yeni kadrların hazırlanıb  işə cəlb edilməsi üçün dual təhsil proqramı tramplin rolunu oynayır. Bu proqram tələbələrə işləməklə bərabər gəlir əldə etmək və özlərini göstərmələri baxımından böyük bazadır. Bu, həmçinin yeni həyata atılan  tələbədə özünəinamı artırır, öz  biznesini qurub inkişaf etdirmək üçün təcrübə rolunu oynayır. İnanmaq olar ki, yaxın gələcəkdə övladına təhsil verib peşə sahibi etmək istəyən valideynlərin, eyni zamanda şagirdlərin əksəriyyəti məhz bu sahəyə üstünlük verəcək. Öz ixtisasını sevən, ona peşəkar yanaşan insan uğura balaca bir qəsəbədə də nail ola bilər, yaxud  kiçik bir kənddən çıxan şəxs  dünyanın inkişaf etmiş ölkələsinə də gedib cıxa bilər. 

Azərbaycanı müxtəlif xarici ölkələrdə  layiqincə təmsil edən  həmvətənlərimizin təcrübəsində bu cür nümunələr kifayət qədərdir. Buna görə arzuladığın  peşəni seçmək və  onu inkişaf etdirmək lazımdır.
Yeni hədəflər,yeni nailiyyətlər üçün hər kəsə uğurlar arzulayıram.


İlqar Yusifov,

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi 


Tarix: Bu gün, 11:47

Xəbəri paylaş