Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Novruz gəlir, yaz gəlir

 Namaz MANAFOV, 
Mingəçevir Dövlət Universitetinin
“Humanitar fənlər” kafedrasının dosenti,
filologiya üzrə fəlsəfə doktoru

Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşların qanadında, ağacların, gül-çiçəklərin tumur­cuqlarında gəlir yurdumuzun Novruzu, yurdumuzun baharı.
Ana torpağa nəfəs gəlir, yerin donu açılır, ağaclar bahar suyu içir, təbiət qış yuxusundan oyanır.
Novruz xalqımızın qədimdən sevə-sevə yaşatdığı, gəlişini həsrətlə gözlədiyi ən qədim milli bayramdır.
“Novruz” hərfi mənada yeni gün deməkdir. Elmi araşdırmalar onun tarixini çox əski çağlara, ən azı üç min ilə bərabər edirlər. Novruzun mənşəyi ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bunlardan biri Novruzun Yaradılış bayramı olmasıdır. Tanrının dünyanı və insanı yaratması təbiətin yazda dirilməsi ilə simvolizə olunur. Novruz yazın, baharın gəlişinin bayram edilməsidir. Dünyanın yaranmasında iştirak edən dörd ünsür (su, od, yel, torpaq) dörd çərşənbədə qeyd olunur, bu yaradılışın sonu bayram edilir:
Su çərşənbəsi Novruzun - təzə ilin gəlişi su ilə başlayır. Bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində hamı gün doğmamış su üstünə gedir, təzə suda əl-üzünü yuyur, su üstündən atlanır. Xalqın inamına görə bu gün “təzə su”dan keçənlər ilboyu xəstəlikdən uzaq olarlar. Su xeyir-dua, uğur əlamətidir.
Od çərşənbəsi mart ayının əvvəlinə düşür. Bu çərşənbə qədim insanların Günəşə, Oda olan inamından irəli gəlir. Evlərin qarşısında tonqallara od vurulur. Alovun dili səngiyəndə qoca-cavan, uşaq-böyük tonqalın üstündən üç və ya yeddi dəfə oyan-bu yana tullanır, azarı-bezarı yandırır, saflaşır.
Tonqal heç vaxt su ilə söndürülməz. Tonqal özü sönəndən sonra külünü yığıb, evdən kənar bir yerə, çölə atarlar. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin azarı-bezarı evdən kənar bir yerə, çölə atılır.
Yel çərşənbəsi İnama görə yel müqəddəs sayılır. Yel allahın qüdrətidir. “Qurani-Kərimdə” yel Allahın əlində mərhəmət və cəza timsalıdır. Bu vaxt hava küləkli olur, ağaclar cücərir, bahardan xəbər verir.
Torpaq çərşənbəsi xalq arasında “İlaxır çərşənbəsi” adlanır. Bayrama yaxın olduğu üçün daha çox sevilir. Axşam vaxtı yenə tonqal qalanır. Hamı od ətrafına yığışıb, onun istisinə qızınır. Qadınlar yemək qazanları asır, plov dəmlənir. Novruz süfrəsində “s” hərfi ilə başlayan yeddi nemət olmalıdır. Bu nemətlər adətən su (aydınlıq), sünbül (bolluq), səməni (təbiət, yaşıllıq), səbzə (ümid), sumaq (bərəkət), süd (ruzi), sikkə (var-dövlət) və s. Bəzən bu nemətləri saat (uzun ömürlük), sarımsaq (sağlamlıq), sirkə (dad və zövq) ilə əvəz edirlər.
Nişanlı qızlara hədiyyələr gəlir.
Xüsusən, “Papaqatdı” oyunu oğlanlar tərəfindən sevilir. Yumurta toqquşdurulur. Çərşənbə günü ev sahibləri gec yatmalıdır, qulaq falına çıxanları nəzərə alıb, könül açan, ümid verən xoş sözlər söyləməlidir: “İşığı yandır”, “Yaxşı olacaq”...
Torpaq çərşənbəsi günü evdən od, neft, kibrit, hətta ağartı qidaların verilməsi düzgün hesab olunmur. Hamı öz evində olmalıdır, yoxsa yeddi il evdə olmazsan.
Novruzun özünəməxsus rəmzləri çoxdur. Səməni ən vacib rəmzlərdən biridir. Səməni həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk iki çərşənbədən sonra, bahara 10 gün qalmış göyərdilir. Əgər səməni yaxşı boy atırsa, bu o deməkdir ki, bu il məhsul bol olacaq. Səməni hər evdə hazırlanmalıdır. Bazarlardan hazır alınmış səməni düzgün hesab edilmir.
Novruzda bayram süfrəsini bəzəmək və pay vermək üçün şirniyyatlar bişirilir. Bu şirniyyatlar müxtəlif göy cisimlərinin rəmzidir. Şəkərbura ayın, paxlava ulduzların, şor qoğal günəşin rəmzidir.
Novruz bayramı dünyanın otuzdan çox xalqı tərəfindən qeyd olunsa da, onun ənənələri ən düzgün variantda Azərbaycanda yaşamaqdadır.
Novruz şənliklərinin ən maraqlı oyunu “Kosa-kosa”, əsas personajları isə Kosa və Keçəldir. Bu obrazlar qışla yazın mübarizəsini əks etdirir. Kosa torpağın rəmzidir. Kosa-torpaq ölmür, dirilir, yazın gəlişiylə təbiət oyanır.
Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn, ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bayramdır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayram Azərbaycan xalqının öz keçmişinə yüksək ehtiramını, milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayış etdirir.
Vətənimizin müstəqilliyi və ərazı bütövlüyünün qorunması naminə canlarından keçmış Azərbaycan övladlarının xatirəsi Novruzda bir daha yad olunur. Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axını kəsilmir. Əziz bayram günlərində heç kəs onları yad etməyi unutmur.
Novruzun milli taleyimizdəki yerini, milli dirçəlişimizdəki rolunu dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.
Ulu öndərin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri, bayram şənliklərində iştirakı Novruz tədbirlərini daha da şənləndirir, insanların sevincinə səbəb olurdu.
Bu ənənələri davam etdirən ölkə Prezidenti İlham Əliyev də mədəni irsimizə və milli-mənəvi dəyərlərimizə diqqətlə, böyük ehtiramla yanaşır: “Novruz Azərbaycan xalqının ən sevimli bayramlarından biridir. Xalqımız əsrlər boyu bu gözəl bayramı qeyd edir. Müstəqil Azərbaycan Nov­ruzu dövlət bayramı kimi qeyd edir.”
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-maddı mədəni irs siyahısına daxil edilmiş, BMT Baş məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir.
  Xalqımız bu il də Novruzun gəlişini böyük sevinclə qarşıladı. Elimizə Novruz gəlir, yaz gəlir. Novruz bayramınız mübarək!


Tarix: 10-04-2019, 14:51

Xəbəri paylaş