Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

O, elə yaşayır ki…

 

«Allah-təala sevdiyi insanı öz işığına yönəldir». Bu, bir Quran ayəsidir.
Dünyaya göz açan hər bir insan əməlləri ilə özünəməxsus iz qoyur bu dünyada. Vətəninin çiçəklənməsi, xalqının tərəqqisi üçün çalışanlar onu tanıyanlar tərəfindən sevilir və böyük nüfuz sahibi olur, hörmət qazanırlar.
Belə insanlardan biri, Azərbaycan mətbuatında xüsusi dəst-xətti ilə tanınan filologiya elmləri doktoru, professor, «Turan» Elmlər Akademiyasının akademiki, «Respublika» qəzetinin və «Füyuzat» jurnalının baş redaktoru Teymur Əhmədov haqqında söz açmaq niyyətindəyik.
Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olmuşdur. 1936-cı ildə valideynləri vaxtilə deportasiya olunduğu İrəvana - doğma ata-baba yurduna köçmüşdür. Teymur ibtidai məktəbi İrəvanda başa vurmuş, 1949-cu ildə Zəngibasar (indiki Masis) rayonunda orta məktəbi qızıl medalla bitirmiş, Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1949-1954). Eyni zamanda 1954-1960-cı illərdə Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetində müxtəlif vəzifələrdə çalışmış, Ermənistan KP İrəvan şəhər komitəsi yanında Marksizm-Leninizm Axşam Universitetini (1955-1957), Moskvada isə "Pravda" qəzeti nəzdində olan Ümumittifaq jurnalistika və fotoreportaj üzrə qiyabi lektoriyasının jurnalistika şöbəsini (1959-1961) bitirmişdir.
1961-1964-cü illərdə Bakıda AEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, "Nəriman Nərimanovun dramaturgiyası" mövzusunda namizədlik (1966), "Nəriman Nərimanovun yaradıcılıq yolu" mövzusun­da doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.
1965-1968-ci illərdə "Azərbaycan" jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə AEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, aparıcı elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini (1968-1996) olmuşdur.
1990-1991-ci illərdə «Vətən səsi», 1992-1993-cü illərdə "Vətən həsrəti", 1993-1995-ci illərdə "Hikmət", "Yeni fikir" qəzetlərinin baş redaktoru işləmişdir. 1996-cı ildən Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1995-ci ildən "Respublika" qəzetinin, 2007-ci ildən «Füyuzat» jurnalının baş redaktorudur.
AEA "Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi" üzrə Respublika Əlaqələndirmə Şurasının elmi katibi (1968-ci ildən), Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının və Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyətinin üzvü, AMEA Milli Münasibətlər İnstitutunda Elmi nəşriyyat şöbəsinin müdiri və "Elturan" ("Milli məsələlər") jurnalının məsul redaktoru olmuşdur (1992-2003).
Səmərəli əməyi dövlət tərəfindən yüksək dəyərləndirilərək Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı (1982), akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilmiş, 1996-cı ildə "İlin layiqli ziyalısı" fəxri adına layiq görülmüş, 2002-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 2015-ci ildə isə Prezident təqaüdünə layiq görülmüşdür.
Teymur Əkbər oğlu Əhmədov ilk gənclik illərindən bədii yaradıcılıqla da məşğul olmuş, "Ülkər" adlı hekayələr kitabı 1961-ci ildə İrəvanda işıq üzü görmüşdür. "Dostluq nəğməkarı", "Nəriman Nərimanovun dramaturgiyası", "Nəriman Nərimanov", "Vedibasarın qanlı-qadalı günləri", "Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918-1920-ci illər)", "Mirzə İbrahimov" və s. monoqrafiyaları dərin oxucu marağı qazanıb. "Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı)" (1987), "Azərbaycan yazıçıları (Ensiklopedik məlumat kitabı)" (1995) da onun məhsuldar əməyi sayəsində araya-ərsəyə gəlib.
Azərbaycan mətbuatında dərin iz qoymuş "Füyuzat" jurnalının 100 il sonra 2007-ci ildən nəşrinə başlayan Teymur Əhmədov indiyədək onun baş redaktorudur.
Azərbaycan yazıçıları XX-XXI yüzillikdə ensiklopedik məlumat kitabının da (Bakı: Nurlar, 2011, 1056 səh.) müəllifidir.
Bu günlərdə Teymur müəllimlə görüşüb haqqında yazmaq istəyimi ona bildirdim. Təvazökarlıq edib razılaşmaq istəmirdi. Haqqında yazacağım qeyri-rəsmi yazının oxucuların marağına səbəb olacağını və bu publisist məqalənin mətbuatda bir insan taleyindən bəhs edən tarixi yazı kimi qalacağını təkidlə bildirib razılığını aldım.
Teymur Əhmədov uzun ötən illərin yadda qalan xatirələrini danışdıqca, qulaq asır, onun səmimi söhbətini olduğu kimi hörmətli oxucularımıza çatdırmaq üçün qeydlər edirdim.

«Yaddan çıxmaz uşaqlıq illəri»

Şəmkirdə dünyaya göz açmışam. Nəslimiz isə Azərbaycanın əzəli torpağı İrəvan xanlığı ərazisində yaşayıb. Nəcabətimiz bəy nəsilli olub. Anamın babası Cahanbaxış kişi adlı-sanlı bəylərdən olub. Onun İrəvanın mərkəzində baxmağa iki göz istəyən bağlı-bağatlı imarəti sovet dövründə də dağılmamışdı.
1918-ci ildə erməni daşnakları İrəvan xanlığında yaşayan azərbaycanlılara qarşı misli görünməyən soyqırımı törətdikləri zaman əhalinin bir hissəsi İrana, bir hissəsi Türkiyəyə, digər bir hissəsi də Azərbaycanın rayonlarına və Naxçıvana pənah aparmışdı. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra bizimkilər Cənubi Azərbaycandan Gəncəyə, Şəmkirə köç edib oralarda məskunlaşmışdılar. Mən də Şəmkirdə anadan olmuşam və 6 yaşıma kimi orada yaşamışam. Atam bəy nəslindən olsa da Şəmkir dəmiryol stansiyasında fəhlə işləyirdi.
Heç yadımdan çıxmır, atam mənim üçün dəridən tikdirdiyi uzunboğaz çəkməmi, qəlife şalvarımı, beli kəmərli köynəyimi geyinir, qızıl əsgər papağına oxşar, üstü şiş, alın tərəfi iri, qırmızı ulduzlu papağımı başıma qoyub, taxtadan olan atımı minib ora-bura çapır, özümü əsl döyüşçü kimi hiss edir və bundan zövq alırdım. İndi də hərdən xəyalən o illərə qayıdır, taxta atımı minib yenidən çapmaq istəyirəm. Lakin 6 yaşımda Şəmkirdəki uşaqlıq illərimə son qoyuldu. Atam dünyasını dəyişdi, dayılarım Şəmkirdə kimsəsiz, tək qalmamaq üçün bizi ailəlikcə İrəvana köçürdülər.

«Mütaliəni və şəkil çəkməyi çox sevirdim»

İrəvana köçdükdən sonra məktəb həyatına qədəm qoydum. Ağ köynək geyinib, qırmızı pioner qalstuku bağlayıb, anamın mənim üçün xüsusi toxuduğu haşiyələrlə bəzənmiş çantanı çiynimə aşırıb 1-ci sinfə həvəslə gedirdim - və dərs əlaçısı kimi uşaqlara nümunə olmuşdum. Tay-tuşlarım həyətdə oynayanda, ora-bura qaçanda mən evdə oturub şəkil çəkirdim, İrəvanda yeganə Azərbaycan dilində uşaq kitabları olan kitabxanadan kitab alıb mütaliə edirdim. Bəzən elə olurdu ki, qohumlarım çəkdiyim şəkillərdən bəyəndiklərini aparıb çərçivəyə salıb evlərinin divarından asırdılar. IV sinfi əla qiymətlərlə başa vurduqdan sonra ailəlikcə Zəngibasar rayon mərkəzinə köçməli olduq.
Artıq II Dünya Müharibəsi başlamışdı. Hər tərəfi aclıq, səfalət bürüdüyü üçün dayımın məsləhəti və köməyilə mən məktəbi atıb arteldə, ayaqqabı sexində işə düzəldim. Beləliklə VII sinifi oxumadım. Anam savadsız olsa da, məni bu yoldan çəkindirdi, məktəbə getməyi, təhsil almağı tövsiyə etdi. Nə yaxşı anam varmış, mən növbəti dərs ilində heç nə olmayıbmış kimi məktəbə gedib VIII sinifdə oturdum. Qəribə bu idi ki, VII sinifdə oxumamağımı heç kim yada salmadı. Və mən yenə dərs əlaçısı olaraq təhsilimə davam etdim. Oxuduğum, mütaliə etdiyim kitablar burada dadıma yetişdi.
VII sinifdə oxumamağım mən orta məktəbi bitirəndə üzə çıxdı. Ümumi orta məktəb illərinin qiymətləri hesablananda VII sinifdəki qiymətlərim tapılmadı. Məktəbin direktoru məni yanına çağırdı, mən ona dedim ki, VII sinfi oxumamışam, arteldə işləmişəm. Məktəb direktoru Əsəd müəllim ani fikrə getdi və mənə tapşırdı ki, bu məsələni heç yerdə açıb-ağartmayım. Söz verdim. O da illik qiymətlərimin ümumi hesabını maarif nazirliyinə göndərdi.

«Mübariz ol ki, haqqa qovuşasan»

VIII sinifdə bizimlə bir varlı uşağı da oxuyurdu. O, papiros çəkir, geyim-keçimi ilə lovğalanır, necə deyərlər, yetənə-yetir, yetməyənə bir daş atırdı. Bir gün şagirdlərdən bir fağırını möhkəm döymüşdü. Mən buna dözmədim, onu yaxşıca əzişdirdim. Məni əmrlə məktəbdən xaric etdilər. Bu haqda anama heç nə deyə bilmədim. Həmişəki kimi hər gün çantamı götürüb məktəbə getdim, dərslər başlayanda hikkəmdən dərslərin gedişinə mane olurdum. Məktəbin direktoru məni yanına çağırıb danladı, dilə tutdu, nəsihətli sözlər dedi. Sonra cəzamı ləğv etdi.
Bir gün direktor məni çağırıb ilk komsomol təşkilatı katibi seçilməyimi istədi. «Komsomol təşkilatı katibi hələ X sinifdə oxuyur, onun yerinə niyə keçməliyəm» - deyib etiraz etdim. Bir həftə keçdikdən sonra direktor yenə məni çağırıb məktəbin divar qəzeti çıxarmağımı xahiş etdi, razılaşdım. Ayda bir dəfə olmaqla yaxşı şəkilli, tənqidli və tərifli «Molla Nəsrəddin» adlı divar qəzeti çıxarmağa başladım. Kimliyindən asılı olmayaraq istər müəllim, istərsə də şagird günahı varsa, tənqid atəşinə tutulur və ya təriflənirdi. Elə buna görə də qəzet hamı tərəfindən maraqla qarşılandı. Məktəbin direktoru Əsəd müəllim bir gün dedi: - Sən bu qəzeti buraxmaqla mənə çox kömək edirsən.
Mən IX sinifdə oxuyanda məktəbin ilk komsomol təşkilatı katibi seçildim. Məktəbdə komsomol həyatı canlandı.

«Çəkdiyin zəhmət öz bəhrəsini verməlidi»

Mən həmişə məktəbdə əlaçı, fəal şagird kimi tanınırdım. Bir gün rayon maarif şöbəsinin müdiri məni yanına çağırıb fəaliyyətimlə maraq­landı və mənə məsləhətlər verdi. O yazıçı olmaqla yanaşı, alicənab bir insan idi. Sən demə qardaşım şeirlər dəftərimi məndən xəbərsiz ona veribmiş. O da cızmaqaramla tanış olmuşdu. Məni həvəsləndirmək üçün məsləhət verirdi.
Buraxılış imtahanlarına ciddi hazırlaşırdıq. 40 nəfər şagirdi dərsdən sonra riyaziyyatdan hazırlaşdırmaq üçün Kərəm müəllimi yola gətirmişdik. Hər uşaqdan 7 manat 50 qəpik yığaraq ona ayda 300 manat zəhmət haqqı verirdik. Bu tədbir çox səmərəli oldu.
İmtahanları əla qiymətlərlə başa vurdum. Həmin il orta məktəbi əla qiymətlərlə bitirən şagirdlər üçün respublikada qızıl medal təsis edilmişdi. İrəvanda yaşayan azərbaycanlı şagirdlər arasında ilk qızıl medal alan şagird mən oldum. Beləliklə çəkdiyim zəhmət öz bəhrəsini verdi - orta məktəbi qızıl medalla bitirdim.

«Məlumatlı olmaq bilmək demək deyil»

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə imtahansız qəbul olundum. Müəllimlərin mühazirələrini dinləyəndə darıxmağa başladım. Onların danışdıqlarının hamısı haqqında məlumatım var idi. İnstitutu dəyişməyi qərara aldım. Məsələlər həll etmək, yenilik axtarmaq, ixtiralara imza atmaq istəyirdim. Elə buna görə də, Azərbaycan Neft və Kimya İnstitutunun rektorunun yanına gedib orada oxumaq istəyimi ondan xahiş etməyi qərara aldım. Bir neçə dəfə cəhd etsəm də rektorla görüşə bilmədim.
Bir gün 300 nəfər tələbəni bir zala yığdılar ki, bəs filologiya fakültəsinin dekan müavini Hacıyev (adını unutmuşam) mühazirə oxuyacaq. Hamı zalda oturub Hacıyevin gəlişini gözləyirdi. O, mühazirəyə başlamazdan üzünü tələbələrə tutub: - qızıl medalla qəbul olan varsa əlini qaldırsın - deyə müraciət etdi. 3-4 nəfər əlini qaldırdı. Mən əlimi qaldırmadım. Hacıyev zala nəzər salıb istehza ilə dedi: - semestrdə görərik kim həqiqətən biliyi ilə medal alıb. Onun medalla daxil olan tələbələrə şübhə ilə yanaşması xoşuma gəlməsə də, mənim oxunan mühazirələrə biganəliyimə son qoydu. Elə bil ki, məni ayıltdı. Müəllim mühazirəni elə apardı, elə danışdı ki, mən, heç nə bilmədiyimi, təkcə məlumatlı olduğumu anladım. Və başa düşdüm ki, məlumatlı olmaq elmi dərindən bilmək deyil.
Həmin müəllim məndə filologiya elminə güclü maraq oyatdı. Bütün fənlərə ciddi yanaşdım və ali məktəbi uğurla başa vurdum.

Feyzulla Qasımzadə, Yusif Məmmədəliyev qeyri-adi insanlar idi…

Təhsil illəri ADU-nun rektoru Cəfər Xəndan idi. O, hər bir tələbəyə ayrı-ayrılıqda səmimi münasibət bəsləyir, onların qayğısına qalırdı.
Diplom rəhbərim Feyzulla Qasımzadə idi. Yazdığım 90 səhifəlik diplom işimi ona verəndə o məəttəl qaldı. O zaman diplom işləri 20-25 səhifə yazılırdı. Feyzulla müəllim diplom işimi oxuyandan sonra mənə məsləhət verdi ki, həmin işi 140 səhifəyə çatdırıb namizədlik dissertasiyasına təqdim edim. Mənsə istəmədim. Feyzulla Qasımzadə məni təkidlə ADU-da sax­lamaq istəyirdi. Mən isə bu imkandan yayındım, ata-baba yurdum İrəvana can atırdım.
Təyinat dövrü tələbələrdən haranı arzuladığını soruşurdular. Növbə mənə çatanda Qazaxdan olan tələbə qızın göz yaşlarına son qoymaq üçün Kəlbəcərə getmək istədiyimi dedim. Hamı təəccübləndi. Həmin qız elə bilirdi ki, mən təyinatımı Qazağa Kəsəmən kənd məktəbinə alacam. Qız sakitləşdi, mən isə başımı bəlaya saldım. Mən rektorun yanı­na gedib təyinatımı də­yiş­məli idim. Artıq Yusif Məmmədəliyev ADU-nun rektoru təyin edilmişdi. Mən sıxıla-sıxıla Yusif Məmməd­əli­yevin qəbuluna getdim. O öz yerindən qalxıb qarşıdakı masaya yaxınlaşıb mənimlə üz-üzə əyləşdi. İrəvana göndərilməyimi istədim. Yusif müəllim Təhsil Nazirliyinə zəng vurdu, bu problemi gülərüzlə həll edib mənə uğurlar arzuladı.
Təyinatla İrəvana gedib «Sovet Ermənistanı» qəzetində ədəbi işçi kimi ilk əmək fəaliyyətinə başladım.

«Müəllimlik son dərəcə məsuliyyətli, müqəddəs peşədir»

Müəllimlik ideal sənətdir. Orta məktəbdə X sinifdə oxuyanda, direktorun tapşırığı ilə I sinifdə müəlliməni bircə saatlığa əvəz etməli oldum. Uşaq­ları ram etmək, onların diqqətini keçilən dərsə yönəltmək, həvəs oyatmaq, nizam-intizam yaratmaq üçün müəllimdə bilikdən başqa, səbr, dözüm, qeyri-adi xasiyyət olmalıdır. Mən dərk etdim ki, müəllimlik çətin vəzifədir, onu hər adam bacarmaz.
Mən Bakı Dövlət Universitetində uzun illər diplom rəhbəri, bakalavr və magistr imtahanlarında, eləcə də ali məktəblərdə dövlət imtahan komissiyasının sədri olmuşam. Dissertasiya işlərinə rəhbərlik etmişəm, yetirmələrim var. Bütün bunlara baxmayaraq universitetin kafedra müdiri, görkəmli yazıçı, alim Mir Cəlal Paşayev (tələbə vaxtı ən sevimli, hörmətini əziz tutduğumuz müəllim) məni müəllim işləməyə dəvət edəndə çəkindim. O, kafedraya çağırıb təkidlə dedi:
- Gəl, sabahdan dərsini de.
- Mir Cəlal müəllim, ali məktəbi bitirəndən sonra 6 il mətbuatda çalışmışam, sonra aspiranturada təhsil almışam. Mən müəllimliyi bacarmaram.
- Biz hamımız mətbuatdan pərvazlanmışıq.
- Onda icazə verin, gedim fikirləşim.
İstəkli müəllimim Mir Cəlaldan icazə alıb nə qədər fikirləşsəm də müəllimlik vəzifəsini öhdəmə götürməyə cəsarətim çatmadı. O zirvə mənlik deyildi, gərək hər kəs öz yerini tanısın.

«Allahı, valideynini, müəllimini, Vətənini sevənlər xoşbəxt olurlar»

Allahın yaratdığı hər bir insan valideyninin himayəsi və tərbiyəsi ilə böyüyür, müəllimindən öyrənir, vətən torpağında yaşayıb-yaradır. Elə buna görə də insan gərək ana və atasının qədrini bilməli, müəllimini sevməli, vətəni uğrunda hər zaman canından keçməyə hazır olmalıdır. Havayı yerə «Uğurunda ölən varsa Vətəndir» - deməyiblər. Vətənimi canımdan çox sevirəm. Valideynlərim mənim üçün əziz xatirəyə çevriliblər. Keçdiyim həyat yolumda mənə dərs demiş müəllimlərimi hər zaman xoşluqla xatırlayıram: İbrahim müəllimi, Qadir müəllimi, Əsəd müəllimi, Zərifə müəllimi, Əli müəllimi, Feyzulla müəllimi, Cəfər müəllimi unutmuram. Onu bilirəm ki, Allahını, valideynini, müəllimini, Vətənini sevən hər bir kəs uğur qazanır və xoşbəxt olur.

«Kişinin ən böyük dayağı onun ailəsi və övladlarıdır»

Anamın məsləhəti ilə ailə qurub, bir qız, üç oğul sahibi olmuşam. Həyat yoldaşım və övladlarım hər zaman məni duyub, başa düşüb mənə arxa, dayaq olublar. Oğlanlarımdan biri dünyasını dəyişib, mənim üçün əziz xatirəyə çevrilib. Nə etməli, həyatın qanununu dəyişmək olmaz. Bu dərdi yaşamalı idim, yaşadım da.
Ağıllı nəvələrim var. Onlardan ikisi hazırda Türkiyə Respublikasında yüksək vəzifədə çalışırlar. Nəvə və nəticələrimlə qürur duyur, nəslin layiq­li davamçıları olacaqlarından bir təskinlik, bir rahatlıq tapıram.

«Bugünkü jurnalistika»

Mətbuat orqanlarının sayı artıb, yazanların da həmçinin. Senzura aradan götürüldüyü üçün səriştəsiz, təhsili oldu-olmadı, istənilən şəxs istədiyi qəzeti açır və istədiyini yazır. Bu hal isə mətbuatda bir növ hərc-mərclik, anlaşılmazlıq yaradır, ixtisaslı, mədəni, bilikli adamlar deyil, bəlkə də əksəriyyəti ayrı bir ixtisas sahibləri, biznes həvəskarları, təsadüfi adamlar müstəqilliyin yaratdığı, demokratik şəraitdən sui-istifadə edirlər. Lakin bunlara da son qoyulacaq, yaxşı pisdən ayrılacaq.
Ümummilli liderimiz Heydər Əliyev şəxsən Azərbaycan jurnalistikasının zəmanənin tələbinə uyğun qurulmasının təməlini yaratmışdı. 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra digər sahələr kimi jurnalistikanın da inkişafına xüsusi önəm verilmiş və lazımi şərait yaradılmışdır. Jurnalistlərə göstərilən qayğı, təmənnasız olaraq yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün onlara verilən mənzillər bunun bariz nümunəsidir. Bu gün, həmin qayğının Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilməsi bizi çox sevindirir. Çünki İlham Əliyev ulu öndərin ən layiqli davamçısı olduğunu öz əməlləri ilə təsdiq edir. «İlham-Xalq-Xalq-İlham» birliyi Azərbaycanı misli görünməmiş yüksəlişə, xoşbəxt gələcəyə doğru aparır.

«Gənclərimiz gələcəyimizdir»

İnsan ömrünün qaynar çağı olan gənclik illərindən əməyə güvənmək, vaxtdan səmərəli istifadə edənlər uduzmurlar, gələcək uğurlarının təməlini qoyurlar. Azərbaycan Respublikasında müstəqillik bərpa ediləndən sonra gənclərimizin inkişafı üçün lazımi tədbirlər görülmüş, səmərəli işlər həyata keçirilmiş və keçirilməkdədir. Elə buna görə də hər bir gənc təmənnasız yaradılmış bu şəraiti qiymətləndirməli və buna əməli cavab verməlidirlər.
Ümummilli liderimiz Heydər Əliyevin yaradıb bizə bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasını canımız qədər sevməli və qorumalıyıq.
***
Teymur müəllimin şirin söhbətini dinləyib ona möhkəm cansağlığı, uzun ömür və yeni nailiyyətlər arzulayıb ayrıldım.
Öz iş yerimə tələsirdim. Dünənki istini bugünkü Xəzri qovub harayasa aparmış, yerinə sərinlik gətirmişdi. Bunun fərqinə varmırdım. Hələ də həmkarım Teymur Əhmədovun söhbətinin təsiri altında idim. Beynimdə müxtəlif fikirlər dolanırdı. Birdən hansısa müdrikin «Sağlığında elə yaşa ki, sonra da əməllərinlə yaşaya biləsən» kəlamını xatırladım və sevindim. Ona görə sevindim ki, Teymur müəllim elə yaşayır ki, o, sonra da unudulmayacaq, hər zaman yaşayacaqdır.

Qələmə aldı:
Nizami Mirzə,
yazıçı-publisist, «Təhsil» jurnalını baş redaktoru


Tarix: 11-07-2018, 10:39

Xəbəri paylaş