Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ümumi təhsil standartlarının tarixi-pedaqoji xüsusiyyətləri

 


Ənvər Abbasov,
Təhsil Problemləri İnstitutunun direktor
müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Ölkəmizdə aparılan təhsil islahatları, ilk növbədə, onun məzmununun yeniləşdirilməsini, müasir zamanın tələblərinə uyğun olaraq dəyişdirilməsini tələb edir. Bu günün təhsil məzmunu standart və kurikulumlardan ibarətdir. Onlar özlərində cəmiyyətin, demək olar ki, bütün ehtiyac və tələbatlarını ümumiləşdirir. Bu mənada, xüsusilə təhsil innovasiyalarından biri kimi məhz standartlardan danışmaq, onların bəzi qısa tarixi-pedaqoji xüsusiyyətlərindən bəhs etmək bu pedaqoji anlayışların həm daha yaxşı öyrənilməsi, həm də inkişaf etdirilməsi baxımından əhəmiyyətli hesab edilir.
Araşdırmalardan gəldiyimiz qənaət bundan ibarətdir ki, nəinki ümumi təhsil, ümumiyyətlə, Azərbaycan təhsili üçün standart, onun pedaqoji müstəvidə şərhi, demək olar ki, yenidir. Xüsusilə ötən əsrin 90-cı illərindən pedaqoji aləmdə səslənməkdə olan bu söz ingilis mənşəli olub norma, nümunə, ölçü mənasında işlədilir. Azərbaycan dilinin izahlı lüğətində qeyd olunur ki, “standart ingilis sözüdür. Öz ölçüsunə, formasına, keyfiyyətinə görə tələbata cavab verən hər hansı bir şeyin nümunəsi. Bir şeyin təşkilində, qurulmasında, hazırlanmasında, həyata keçirilməsində tətbiq edilən forma, eyni tip, eyni nümunə”dir.
Ümumiyyətlə, mənbələrdə standart haqqında daha ümumi məlumat verilməklə, onun quruculuq işində, xüsusən də istehsalatda, texnikada zəruri olması göstərilir. Dünyada belə standartların üç növə bölündüyü: dövlət standartları, sahə standartları və respublika standartlarının olduğu qeyd edilir. Eyni zamanda təhsil standartları barədə danışılır. Artıq ötən əsrin 70-ci illərindən başlayaraq təhsilin məzmununun standartlaşdırılması, başqa sözlə, təhsil standartlarının yaradılmasına təşəbbüs gös­tərilir. Dünyanın ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, eləcə də Avropanın inkişaf etmiş ölkələrində təhsil standartlarının hazırlanması sahəsində xeyli təcrübə əldə edilmişdir.
Əslində dünya təhsilində baş verən bu dəyişiklik köklü, həm də ciddi konseptual xarakter daşıyır. Bu, onun daha mümkün olan uğurlarının konkret izlənməsi və dəyərləndirilməsi tələbindən irəli gəlir. Bunun üçün isə təhsilin nəticələrdən ibarət məzmununun yaradılmasının vacibliyi müddəası irəli sürülür ki, hazırda dünyanın inkişaf etmiş ölkələrində aparılan təhsil islahatlarında bu vacib tələbin yerinə yetirilməsinə xüsusi diqqət yetirilir.
Azərbaycanda təhsil standartı anlayışına ötən əsrin 90-cı illərindən başlayaraq müraciət olunsa da, fundamental pedaqoji araşdırmalarda, xüsusilə pedaqogika dərsliklərində ona, demək olar ki, münasibət bildirilmədi. Sonralar təhsil standartları barədə pedaqoji mülahizələr söylənildi, onların mahiyyəti açıqlandı. Pedaqoqlardan Ə.X.Paşayev və F.A.Rüstəmov bu məsələ barəsində qeyd edirdilər ki, “Təhsil standartı dedikdə, ictimai idealı əks etdirən, bu ideala nail olmaq üçün şəxsiyyətin və təhsil sisteminin real imkanlarını nəzərə alan və dövlət təhsil normaları kimi qəbul edilən əsas parametrlər sistemi kimi başa düşülür”.
Göründüyü kimi, bu yanaşmada standartlar dövlətin təhsil normaları, əsas parametrlər sistemi kimi izah edilir. Əslində, doğrudan da, təhsil standartlarının yaradılmasında dövlətin bu sahədə siyasətinin olması və ona ardıcıl olaraq xüsusi normalar çərçivəsində yanaşılması və istiqamət verilməsi təhsilin idarə olunması baxımından məqsədəuyğun hal kimi dəyərləndirilir. Görünür, elə bu səbəbdəndir ki, ölkənin 1992-ci ildə təsdiq edilmiş Təhsil Qanununun 7-ci maddəsində həmin məsələ barəsində xüsusi qeyd verilmişdir: “Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət standartları tətbiq edilir”.
2005-ci ildə artıq müstəqil Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən təhsildə özünə məxsus olan siyasəti müəyyənləşir ki, burada dövlətin ümumi təhsil standartlarını müəyyənləşdirdiyi xüsusi olaraq vurğulanır. “Dövlət minimum təhsil standartlarını müəyyən edir”.
İnkişaf etmiş ölkələrdən biri kimi Azərbaycanın dünyanın proqressiv ölkələrinin cərgəsində olması onun strateji fəaliyyətinin baş xəttini təşkil edir. Dünyanın standartları səviyyəsinə çatmaq, bunun üçün təhsilin bütün imkanlarından istifadə etmək başlıca tələb kimi meydana çıxır. Ə.Ə.Əlizadə və H.Ə.Əlizadə özünün psixopedaqoji araşdırmalarında müasir təhsil konsepsiyasının özünəməxsus cəhətlərindən danışaraq qeyd edirlər ki, “Müasir təhsil konsepsiyası şəxsiyyətin formalaşdırılmasını təhsil sisteminin başlıca vəzifəsi hesab edir”. Doğrudan da, bu gün cəmiyyətin qabağa getməsi, inkişaf etməsi şəxsiyyətin formalaşmasından daha çox asılıdır. Psixoloqların gəldiyi qənaət də məhz bundan ibarətdir ki, “yeni təfəkkürün konseptual modeli məhz insan amilinə əsaslanır. Müasir təhsil konsepsiyası şəxsiyyətin formalaşmasını təhsil sisteminin başlıca vəzifəsi kimi dəyərləndirir”. Şəxsiyyət amili cəmiyyətin sosial-iqtisadi, mənəvi problemlərinin həll olunmasında vacib məqam hesab edilir ki, burada təhsilin üzərinə çox ciddi vəzifələr düşür.
Bu mövqe bilavasitə təhsil müəssisələrinin, xüsusən məktəblərin fonunda meydana çıxır. Məktəb özünün humanist yanaşmalarında şagirdin əvəzsiz mövqeyini yüksək qiymətləndirməklə onu cəmiyyətin missiyalarını daşıyan etibarlı bir insana çevirmək uğrunda fəaliy­yətini tənzimləyir.
Ümumi təhsildə fəaliy­yətlər şəxsiyyətə inkişaf müstəvisində müasir cəmiyyətin tələbləri baxımından yanaşmaqla davam etdirilir. Bu texnologiya, ilk növbədə, cəmiyyətin ehtiyac və tələbatlarının nəzərə alınması kimi müsbət qarşılanmaqla yanaşı, həm də şagird şəxsiyyətinin maraqlı olan tərəflərdən biri kimi rəğbətini qazanır.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, qlobal dünyanın təhsil məkanında icbari olaraq nə isə qəbul etdirmək uğurlu texnologiya kimi qəbul olunmur. Bu yanaşma tərzi qeyri-demokratik xarakteri ilə müasir düşüncəmizdən uzaq olan bir fəaliyyət kimi inkar edilir.
Uşaqlarda rəğbət hissinin yaranması onların maraq hissinin əsasında dayanmaqla onu stimullaşdırır. Öyrənmənin daha səmərəli qurulması üçün təbii vasitəyə çevrilir.
Müasir məktəbin inkişaf­etdirici konsepsiyasının nüvəsində şəxsiyyətin modeli dayanır ki, hər addımda onu irəlilətmək, bir pillə qabağa aparmaq sadəcə sosial-pedaqoji mahiyyət daşımır. O, həm də özünəməxsus psixopedaqoji anlamda başa düşülür.
Bu günün insanı elə bir mühitdə yaşayır ki, onu daim sadəcə elmi biliklər deyil, həyat, yaşayış üçün vacib olan informasiyalar izləyir. O, bu informasiyalar axınında özünü daha çox idraki bacarıqları, kommunikativ qabiliyyətləri ilə tənzimləyir. Bundan əlavə, yaradıcı keyfiyyətləri ilə seçilməyə başlayır. Bu gün belə insanlar kreativ keyfiyyətlərə malik olan insanlar kimi dəyərləndirilir.
Görəsən, kreativ insan, şəxs kimdir? Kreativlik müasir dünyamızda şəxsiy­yətin ən vacib keyfiyyəti hesab olunur. Kreativlikdə yüksək düşüncənin nəticəsi olaraq yaradıcılıq özünü parlaqlığı ilə göstərir. “Kreativ şəxsiyyətin təxəyyülü özünün parlaqlığı, qeyri-adiliyi, gözlənilməz çalarları obrazlılığı ilə seçilir”.
Göründüyü kimi, kreativlikdə heç kimdə olmayan bir qeyri-adiliyin, eləcə də emosional çalarları ilə daha çox diqqəti cəlb edən bir obrazlılığın olması əlamətdar keyfiyyətlər hesab olunur. Bunlar həm də həyatda qazanılması mümkün olan, məktəbin inkişafetdirici, humanist missiyasında həmin dəyərlərin formalaşdırılmasını zəruri vəzifəyə çevirir.
Məlum olduğu kimi, zamanın informasiyalar bolluğunda sadəcə seyrçilik missiyasını daşımaq yolverilməzdir. Burada informasiyalara yaradıcı yanaşmaq, zərurini zəruri olmayandan seçə bilmək, eləcə də proq­nostik və diaqnostik fəaliy­yətləri istiqamətləndirənləri fərqləndirmək vacib keyfiyyətlər hesab olunur. Bütün bu əməliyyatların mərkəzində isə idrak prosesləri dayanır. Psixopedaqogikada qəbul olunmuş belə bir müddəa vardır ki, “Şagirdlər yeni informasiyanı idrak prosesləri vasitəsilə mənimsəyirlər”. Bu zaman onlar özünəməxsus təfəkkür fəaliyyəti göstərməklə informasiyaların ən zəruri olanlarını mənimsəyir və fəaliyyətlərinin əsasına gətirirlər. Fəal həyat mövqeyinin formalaşmasına dəstək olan, onu qoruyub saxlayan və kreativ bacarıqları ilə dəyərləndirən belə insanların inkişafının tənzimlənməsi mürəkkəb olduğu qədər vacibdir. Bu zərurətin yerinə yetirilməsi işində dəqiq müşahidələrin aparılması, inkişafın mərhələlər üzrə düzgün getməsinin diqqət mərkəzində saxlanılması əsas texnoloji tələblərdəndir. Bütün bunların obyektiv olaraq baş verməsində isə konkret səviyyələri ifadə edən standartların olması çox vacibdir. Artıq son onilliklərdə təhsil standartları təhsil sisteminin zəruri parametri kimi tədqiqat obyektinə çevrilmişdir. Bu da ondan irəli gəlmişdir ki, “təhsil standartları sosial-pedaqoji fenomen kimi meydana çıxmışdır”. Təhsildə, xüsusən də ümumi təhsildə şagird səviyyəsinin müəyyən olunması üçün indiyədək ondan etibarlı vasitə yaranmamışdır.
Məşhur rus pedaqoqu E.D.Dneprovun qeyd etdiyi kimi, “yeni pedaqoji sistem”, “yeni tip pedaqoji insan” haqqında qlobal suallar meydana çıxarır. Bu sualların əsasında onun bir şəxsiyyət kimi formalaşmasını təmin edən idraki, hissi emosional və psixomotor bacarıqlar dayanır ki, bunun da özünəməxsus psixopedaqoji cəhətləri vardır.
Əlbəttə, bütün bu fikirlərin əsasında belə qənaətə gəlmək olar ki, zaman keçdikcə həyat dəyişir. Yeni ehtiyac və tələbatlar meydana gəlir. Onlar öz növbəsində reallaşdıqca əhəmiyyətini itirmiş ənənəvi yanaşmalar sıradan çıxır. Ən yaxşı halda konservləşərək tarixin qucağına sığınır. Başqa sözlə, tarixi-pedaqoji əhəmiyyət daşımaqla sadəcə yaddaşlarda qalır. Tədqiqatçı İ.A.Kolesnikova bu prosesi təhlil edərək belə nəticəyə gəlir ki, “artıq yeni təhsil sivilizasiyasının yaranması müşahidə olunur. Kreativ-pedaqoji sivilizasiyanın meydana gəlməsi mövcud olan təbii və reproduktiv sivilizasiyaların mövcudluğuna son qoyur”. Beləliklə, düşüncə ilə müşayiət olunan insanların yaradıcılıq qabiliyyəti fonunda nəzərə çarpan bir epoxanın başlanması aydın görünür.
Dünyanın inkişaf etmiş ölkələrindən biri kimi Azərbaycan da özünün proqressiv fəaliyyətindən tarixi faktları qeyd etməklə müxtəlif dövrlərin salnaməsini yaradır. Burada əhəmiyyətlilik, diqqət və qayğı ön planda dayanır. Hər şeydən öncə, müəllimliklə bağlı bütün fəaliyyətlərə aid konkret standartların yaradılması istiqamətində iş aparılır.
Təhsilin məzmununun ölçülə bilən nəticələr formasında ifadə edilməsi, başqa sözlə, nəticəyönümlü bir məzmunun yaradılması pedaqoji fikir tariximizin ən önəmli səhifələrindən hesab olunur. Doğrudur, o fikirlər müasir araşdırmaların fonunda tarixilik baxımından fundamental əhəmiyyət daşıyır. Lakin inkişafyönümlülüyün nəzərə alınması istər təhsildə, istərsə də pedaqogikada yeni standartların qəbul edilməsini tələb edir ki, bu fikirdə iki prioritet müddəanın vacibliyi aydın görünür. Onlardan birincisi, təhsilin standartlaşmasıdır ki, inkişaf prosesinin izlənilməsində bu prosesin önəmli rolu vardır. Standartların yaradılması inkişafın tənzimlənməsi üçün əvəzsiz praktik əhəmiyyət daşıyır. İkinci isə pedaqogika elmində standartlar haqqında elmi fikrin formalaşması ilə əlaqədardır ki, bu da daha çox məsələnin nəzəri-fundamental tərəfi ilə bağlıdır. Xüsusilə didaktikada innovasiyaların nəzərə alınması mühüm pedaqoji anlayışların, o cümlədən təhsilin məzmununda mahiyyət etibarı ilə yeni yanaşmaların yer alması bu baxımdan fik­rimizi əsaslandırmaq üçün nümunə ola bilər.
Təhsil standartlarının yaradılması Azərbaycanda müstəqillik illərinin mühüm prioritet təhsil hadisələrindən biri kimi qeyd olunur. Başqa sözlə, Azərbaycan dövlətinin təhsil siyasətinin mühüm istiqamətlərindən biri kimi dəyərləndirilir. Ona görə də 1999-cu ildə ölkədə həyata keçirilən təhsil islahatının ilk ilində “Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları” qəbul olunur. İlk dəfə olaraq bu sənəddə ümumi orta təhsilin mahiyyəti, strukturu və demokratik prinsiplərə uyğun olaraq qurulmuş bazis tədris planı verilir. İki komponentdən ibarət olan bazis tədris planında təhsil sahələri və siniflər üzrə həftəlik dərs saatlarının miqdarı öz əksini tapır. Bu, tədris planının ən xarakterik cəhəti kimi, orada dövlət və məktəb komponentlərinin verilməsi ilə izah olunur.
Ümumi orta təhsilin strukturunda təhsil sahələrinə aid ən ümumi nəticələr və fənlər təqdim olunur.
Bazis tədris planında məktəb komponenti kimi seçmə fənlərin verilməsi ilk hadisə idi ki, bu, ümumi təhsil müəssisələrimizdən məzmuna müstəqil yanaşmaq, onlardan yaradıcı istifadə etmək kimi bacarıqların olmasını tələb edirdi.
Bu dövlət sənədi özündən əvvəlki sənədlərdən nə qədər mütərəqqi olsa da, onda ölçülə bilən konkret nəticələrin olmaması ona nəticəyönümlü sənəd kimi yanaşılmasını çətinləşdirir. Bu sənəd Azərbaycanda ilk ümumi təhsilin standartı kimi bütövlükdə ümumi təhsilin məzmun və strukturunu əhatə etməklə yanaşı, həm də pedaqoji fikrimizə yeni yanaşma tərzi gətirir, dövlət standartının fərqli mahiy­yətini açıqlayır. Orada qeyd olunur ki, “Ümumi orta təhsilin dövlət standartları ümumi orta təhsilin məzmununun mütləq tədris yükünün maksimum həcmini, şagirdlərin və məzunların (buraxılış sinif şagirdlərinin) hazırlıq səviyyəsinə verilən tələbləri müəyyən etməklə ibtidai, əsas və orta ümumi təhsilə şamil edilir”. Göründüyü kimi, dövlət təhsil standartlarında bir neçə mühüm cəhət qabarıq şəkildə vur­ğulanır: mütləq tədris yükünün maksimum həcmi, şagirdlərin və məzunların hazırlıq səviyyəsinə verilən tələblər. Bu iki cəhət ilk dövlət standartı üçün mühüm atributlar olmaqla daha qabarıq diqqəti cəlb edir. Orada təqdim olunan yalnız bir səviyyəni deyil, üç səviyyəni təmsil edən nəticələr ifadə olunur. İbtidai, əsas və orta ümumi təhsilin hər birinin sonu üçün standartlar verilir. Onların dövlət tələbi kimi yerinə yetirilməsi zəruri hesab edilən son hədlər kimi nəzərə alınır. Bundan sonra ümumi təhsilin bütün səviyyələrinə aid edilməklə bir-birini tamamlayan ardıcıl səviyyələr olmaqla sənədə daxil edilir.
Bir daha onu söyləmək lazımdır ki, bu sənəd ümumi təhsilin tarixində ilkin nəticəyönümlü məzmunun yaradılmasına göstərilən təşəbbüs kimi qiymətləndirilir. Ən başlıcası demokratik prinsiplərlə qurulan ümumi təhsilin məzmuna aid xarakterik nümunələrdən biri kimi qabarıq şəkildə diqqəti cəlb edir. Eyni zamanda yeni pedaqoji üslubda ümumi təhsilin məzmununun qurulmasının bünövrəsini təşkil edir.
2006-cı ildə hazırlanaraq hökumət tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)” ölkəmizdə standartların hazırlanmasının növbəti mərhələsi hesab oluna bilər. Bu sənəd həm də özünün məzmununa və quruluşuna görə demək olar ki, yeni pedaqoji yanaşmaların əsasında durur. İslahatçılıq fəaliyyətimizdən danışanlar bu məsələyə xüsusi diqqət yetirməklə onu ümumi təhsildə əlamətdar hadisə kimi qiymətləndirirlər.
Standartların hazırlanmasında mühüm addım kimi qiymətləndirilən bu sənədin, təbii ki, əvvəlkilərdən fərqi vardır. Çünki müqayisəli təhlillər apardıqca ümumi təhsilin məzmununun müəyyənləşdirilməsinə verilən yeni tələblərin və yanaşmaların üstünlüyü, strateji xarakteri daha qabarıq şəkildə görünür. Keçmiş sovetlər dönəmində qəbul olunmuş və bu gun də mövcud vəziyyətlərə görə istifadə edilən ənənəvi modelə nəzər salsaq, məzmun yalnız hər bir fənn üzrə bölmə, bəhs və mövzuları əks etdirən tədris proqramlarının hazırlanması ilə məhdudlaşır. Bu proqramlar əsas etibarı ilə fənyönümlüdür, həm də bəzi hallarda proqram müəllifləri bir az da “irəli” gedərək fənlə elm sahəsini eyniləşdirdikləri üçün fənnin məzmununa sistemli şəkildə müvafiq elm sahəsinə aid bilikləri daxil etmişlər. Belə olan halda tədris proqramları və onların əsasında yazılan dərsliklər artıq materiallarla yükləndiyindən şagirdlərdə əzbərçilik meyilləri güclənir və bunun əksinə olaraq təfəkkürün inkişafında lənglik əmələ gəlir.
Məzmun sahəsində yeni siyasətə görə isə başlıca diqqət “şagirdlərdə idraki bacarıqların, ilk növbədə, təhlil, tətbiq və dəyərləndirmə bacarıqlarının, nitq və ünsiyyət mədəniyyətinin, müstəqil qərar qəbuletmə və tədqiqatçılıq qabiliyyətinin formalaşdırılmasına yönəldilir, verilən biliklərin zəruriliyi, həyatla bağlılığı, bilavasitə inkişafa, dünyagörüşün genişlənməsinə xidmət etməsi ön planda saxlanılır”.
Bu sənəddə ilk dəfə ümumi təhsilin səviyyələri üzrə nəticələr verilir. Həmin nəticələrdə şagirdlərin hər hansı səviyyə üzrə mənimsədikləri bacarıqlar ifadə olunur. Eyni zamanda hər təhsil səviyyəsi üzrə fənlərə aid nəticələr də ümumiləşdirilərək sənədə daxil edilir.
“Fənlər üzrə ümumi təlim nəticələri əslində, məzmunu müəyyən edən əsas standartlar fənn kurikulumlarında dövlət tələbi kimi bütün siniflər üçün dəyişməz qalır və alt-standartlar vasitəsilə sinifdən sinfə inkişaf edir”.
Nəzərə alınsa ki, ümumi təhsilin səviyyələri üzrə də ümumi nəticələr verilir və onlar şagirdlərin hər təhsil səviyyəsindəki inkişafını ifadə edir, o zaman bu nəticələrin də təhsil standartı olduğunu söyləmək mümkündür.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 2006-cı ildə qəbul olunmuş bu sənədin ən dəyərli xüsusiyyətlərindən biri orada səviyyələr üzrə ümumi və fənlərə aid nəticələrin ifadə edilməsidir. Mahiyyət etibarı ilə bu nəticələr şagirdlərin müəyyən səviyyədə əldə edəcəkləri nailiyyətləri əhatə edir. Başqa sözlə, onlar xarakter etibarı ilə milli səviyyədə müəyyənləşdirilmiş standartlardır.
Bu nəticələr ölkədə milli səviyyəli qiymətləndirmə mexanizmlərinin, onların təşkili işinin pedaqoji xarakterini müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır. Bütövlükdə milli qiymətləndirmə texnologiyalarının didaktik əsasını təşkil edir.
2007-ci ildə Milli Kurikuluma əsasən ibtidai siniflərin fənn kurikulumları təsdiq olunur ki, həmin kurikulumların tərkibində standartlar da təsdiq edilir.
2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilir. Bu qanun müasir Azərbaycan cəmiyyətinin inkişafını təmin edə bilən, dəs­təkləyən elə bir dövlət sənədidir ki, orada qlobal dünyanın təhsil parametrləri baxımdan, demək olar ki, ən müasir mexanizmlərin nəzərə alınmasına diqqət yetirilmişdir. Xüsusilə dövrün ən müasir təhsil problemləri kimi standart anlayışına, hazırkı məktəb sistemində onun əhəmiyyəti, mahiyyəti və məzmunu məsələlərinə diqqət yetirilmiş, onlara xeyli aydınlıq gətirilmişdir. Təhsil Qanununda göstərilir ki, “Təhsil sahəsində dövlət standartları fərdin, cəmiy­yətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur”. Deməli, təhsil sahəsində dövlət standartları ümumi normalar məcmusudur. Eyni zamanda müəyyən prinsiplər əsasında hazırlanmış sənəddir ki, müasir Azərbaycan məktəbində bu sənədlərin öyrənilib tətbiq olunması dövlət tələbi kimi həyata keçirilir. Onun pozulması yolverilməz hal kimi qəbul edilir. Bundan əlavə, qanunda açıq şəkildə göstərilir ki, “Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarla, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir”.
Sonuncu təhsil qanununda təhsil standartlarının məzmunu göstərilir: “Dövlət Təhsil standartı təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir”.
Bunlardan əlavə, təhsil qanununda təhsil müəssisələrinin standart tələbə uyğun fəaliyyət göstərməsi barədə də qeyd verilir. Onlardan istifadənin məktəbin məsuliy­yətinə verilməsi məqsədə­uyğun hesab edilir.
  Bu fikirlər Azərbaycanda təhsil standartlarının yaxın onilliklərdə yaranmasını gös­tərməklə yanaşı, həm də onun sürətli və dinamik bir yol keçdiyini aydın şəkildə ifadə edir. Bu gün də standartların təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Eyni zamanda təhsil standartlarının nəzəri-konseptual problemlərinin həll olunması mühüm vəzifə kimi qarşıda durur. Bütün bunlar “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn təxirəsalınmaz tədbirlər kimi öz həllini gözləyir.


Tarix: 10-04-2019, 14:27

Xəbəri paylaş