Azərbaycanda azad iqtisadi zonaların yaradılması istiqamətində dövlət siyasəti
Könül VƏLİYEVA,
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının tələbəsi
Xülasə. Müstəqillik qazanmış Azərbaycan Respublikasında bazar münasibətlərinin getdikcə dərinləşməsi, biznes fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlardan biri də azad iqtisadi zonaların yaradılmasıdır. Respublikamızın ilk quruluculuq illərində gündəmdə olan məsələlərdən biri də azad iqtisadi zonaların yaradılması fikri idi. Lakin, hər şeydən əvvəl bu sistemə keçid üçün təcrübə yox idi. Hazırsızlıq meylinin mövcudluğu, bundan başqa iqtisadi inkişafın artım tempinin məhdud olması müvafiq zonaların təşəkkülünü ləngitmişdir. Bu gün respublikamızda azad iqtisadi zonaların yaradılması məsələsi qabarıqlaşmış və daha aktual xarakter almışdır. Son onillikdə Azərbaycan inkişaf göstəricilərinə görə dünyada qabaqcıl sıralarda mövqe tutub. Qeyri-neft sektoru sürətlə inkişaf etmiş, neft strategiyası əsasında əldə olunan gəlirlər nəticəsində infrastruktur yenilənmiş, modernləşdirilmiş, əhalinin sosial rifah şəraiti yaxşılaşdırılmışdır.
Açar sözlər: Azad iqtisadi zona, iqtisadiyyat, bazar münasibətləri, qeyri-neft sektoru
Maddi material dəyərlərinin əldə edilməsi, istifadəsi və bölüşdürülməsi onların təkcə ölkədaxili səviyyədə deyil, o cümlədən də dünya səviyyəsində ölkələrarası mübadiləsini tələb edir. Ölkələr arasında mübadilə əməliyyatlarının həyata keçirilməsinin labüdlüyü beynəlxalq iqtisadi münasibətlərin ayrılıqda bir iqtisadi kateqoriya kimi formalaşmasını gücləndirdi, həmçinin beynəlxalq əmək bölgüsünün intensiv inkişafına və ticarətin, kapitalın, elmi-texniki biliklərin, işçi qüvvəsinin, informasiyanın hərəkəti və s. sahələrdə qarşılıqlı əlaqələrin möhkəmlənməsi ilə nəticələndi. Əminliklə belə bir fikir söyləmək olar ki, beynəlxalq əmək bölgüsü və beynəlxalq iqtisadi münasibətlərdən düzgün və səmərəli istifadə iştirakçı ölkələrin hər birinə böyük faydalar gətirə bilər. Açıq iqtisadiyyatın reallaşdırılması prinsiplərinin ən vaciblərindən biri də azad iqtisadi zonaların yaradılması hesab edilir. [5]
Azad iqtisadi zonaların fərqləndirici cəhəti ondan ibarətdir ki, burada mallar, əmtəələr vergilərdən, gömrük rüsumlarından, maliyyə nəzarətinin bir neçə formalarından azad edilib. Bunlarla yanaşı gömrük orqanları tərəfindən qaçaqmalçılıq, qanunla qadağan olunmuş malların ölkə ərazisinə gətirilməsinin qarşısı alınmalıdır. Hal-hazırda dünyanın müxtəlif yerlərində 1000-dən çox fəaliyyət göstərən azad iqtisadi zonalar mövcuddur. Dünya üzrə ümumi ticarət dövriyyəsinin 25%-i məhz ticarət zonalarının payına düşür. Həmçinin 300-ə yaxın azad ticarət zonaları fəaliyyət göstərir. [7]
Müasir dövrdə azad iqtisadi zonaların yaradılması hər bir müstəqil fəaliyyət göstərən dövlətin xarici siyasətinin ayrılmaz tərkib hissəsidir. Belə zonaların yaradılması ilə həmin zonalar sərbəst surətdə xarici ölkələrin üzünə açılır. Azad iqtisadi zonaların yaradılmasında əsas məqsəd xarici ölkələrin mövcud maliyyə imkanlarından, qabaqcıl texnika-texnologiyasından istifadə etməklə yüksək xeyir götürmək və öz ölkəsinin iqtisadiyyatını inkişaf etdirməkdir.[5]
İqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq demək olar bütün dövlətlər azad iqtisadi zonalar yaratmağa meyillidirlər. Bunun üçün, ilk növbədə, hər bir dövlət əvvəldən nəzərdə tutulmuş bu və ya digər zonanın milli iqtisadiyyatın inkişafına necə təsir edəcəyini, həmçinin digər nəzərə alınması vacib amilləri araşdıraraq müəyyən ərazi, yaxud əraziləri sərbəst iqtisadi zona elan edir. Bu zonanın fəaliyyət göstərdiyi ərazidə xarici, həmçinin milli sahibkarlar, biznesmenlər üçün müəyyən güzəştlər tətbiq olunur.[2]
Azad iqtisadi zonaların fərqləndirici digər xüsusiyyətlərindən biri kimi bu ərazidə əmək və sosial qanunvericilik aktları qüvvədədir və tətbiq olunur. Nəzəriyyədə azad iqtisadi zonaların əsas mahiyyəti onların dövlətin iqtisadi proseslərə müdaxilə etməsinin əsas aləti kimi göstərilir. Azad iqtisadi zonalara biz bu cür yanaşdıqda belə başa düşmək olur ki, "azad zona yalnız coğrafi cəhətdən məhdudlaşdırılmış müəyyən ərazi, zona deyil, əksinə olaraq ölkənin milli iqtisadi məkanının bir hissəsidir, ancaq burada ölkənin digər yerlərindən fərqli olaraq bu ərazilərdə tətbiq olunmayan müəyyən olunmuş stimullar və digər güzəştlər toplusu sistemi məhz azad iqtisadi zonalarda tətbiq olunur və həyata keçirilir.
Azad iqtisadi zonaların özünəməxsus cəhətləri dedikdə aşağıdakılar nəzərdə tutulur:
a) növ müxtəlifliyi geniş stimulların və güzəştlər toplusunun tətbiq olunması, o cümlədən:
• Xarici ticarət əməliyyatlarında güzəştlər- buna misal olaraq idxal-ixrac rüsumlarının azaldılması və ya ləğv olunması, xarici ticarət əməliyyatlarında sadələşdirilmə və s. aid etmək olar.
• Fiskal güzəştlər dedikdə, vergilər baxımından stimullaşdırılma nəzərdə tutulur. Fiskal güzəştlərə vergi bazası (bunlara mənfəət və gəlir, əmlakın dəyəri və s. aid edilir) və onun komponentləri (amortizasiya ayırmalarına, əmək haqqına və s. çəkilən xərclər) vergi dərəcələrinin səviyyəsi və s. kimi digər məsələləri əhatə edir.
• Maliyyə güzəştləri- maliyyə xarakterli güzəştlər subsidiyaların müxtəlif formalarını əhatə edir. Subsidiyalar büdcə vəsaitləri və güzəştli dövlət kreditləri və s. hesabına maliyyələşir və torpaq sahələrindən istifadə etmək üçün icarə haqqının azaldılması və s. yollarla müxtəlif formalarda verilə bilər.
• Administrativ və yaxud inzibati güzəştlər- inzibati xarakterli güzəştlər müəssisələrin qeydiyyatdan keçirilməsi, xarici ölkə vətəndaşlarının ölkəyə girişi və çıxışı prosedurlarının sadələşdirilməsi prosesini nəzərdə tutur.
b) azad iqtisadi zonalarda geniş iqtisadi spektrdə sərbəst şəkildə qərar verə bilmə səlahiyyətinə malik olan lokal olan xüsusi bir idarəetmə sistemi mövcuddur.
c) Mərkəzi dövlət orqanları tərəfindən bu zonalara hərtərəfli dəstək göstərilir.
Müstəqillik qazanmış Azərbaycan Respublikasında da bazar münasibətlərinin getdikcə dərinləşməsi, biznes fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlardan biri də azad iqtisadi zonaların yaradılmasıdır. Respublikamızın ilk quruluculuq illərində gündəmdə olan məsələlərdən biri də azad iqtisadi zonaların yaradılması fikri idi. Lakin, hər şeydən əvvəl bu sistemə keçid üçün təcrübə yox idi. Hazırsızlıq meylinin mövcudluğu, bundan başqa, iqtisadi inkişafın artım tempinin məhdud olması müvafiq zonaların təşəkkülünü ləngitmişdir. Bu gün respublikamızda yenə də azad iqtisadi zonaların yaradılması məsələsi qabarıqlaşmış və daha aktual xarakter almışdır.
Son dövrlərdə azad iqtisadi zonaların inkişafı dünya iqtisadiyyatında ən gündəm məsələlərdən biri hesab olunur. Azad iqtisadi zona məsələsi MDB ölkə başçılarının son sammitlərində əsas diqqət mərkəzində olmuşdur və nəticədə "Azad ticarət zonalarının yaradılması haqqında” saziş imzalanmışdır. Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması üzrə ilkin tədbirlərə 1994-cü ildə BMT-nin inkişaf proqramı ilə başlanmışdır, lakin sonra 1999-cu ildə bir sıra səbəblər üzündən dayandırılmışdır. Sumqayıt şəhərində yaradılması nəzərdə tutulan iqtisadi zona mühüm spesifik xüsusiyyət daşıdığından və respublikamızda Azad İqtisadi Zona quruculuğunun mərkəzi obyektinə çevrildikdən onun səciyyəvi cəhətlərinin araşdırılması məqsədəuyğun olardı. Yaradılması nəzərdə tutulan azad iqtisadi zona layihəsinə BMT-nin Azərbaycan Respublikasındakı nümayəndəsi Pablo Lembo başçılıq etmişdir. [7]
Azərbaycanda azad iqtisadi zonaların yaradılması üçün geniş fürsətlər var. Bu cür imkanlara aşağıda qeyd olunanları deyə bilərik:
1. Azərbaycanın olduqca əlverişli, məqsədəuyğun coğrafi-nəqliyyat mövqeyi bununla yanaşı beynəlxalq əhəmiyyətli nəqliyyat şəbəkəsinə də malikdir ki, bu da onun xarici əlaqələrinin daha intensiv olmağına şərait yaradır.
2. Azərbaycan bütövlükdə, onun digər bölmələri isə ayrılıqda güclü təbii-iqtisadi potensiala, zəngin xammal ehtiyatlarına, əlverişli təbii-iqlim şəraitinə, ucuz və bol işçi qüvvəsinə və s. malikdir.
3. Azərbaycanın bir çox bölgələrində müasir texniki-iqtisadi bazaya malik olan sənaye tipli müəssisələri, istehsal sahələri və inkişaf etmiş infrastruktur obyektləri mövcuddur.
4. Bir çox sahələr üzrə güclü elmi potensiallı və ixtisaslı kadr ehtiyatı mövcuddur.
5. Ölkədə bazar münasibətlərinə keçidlə əlaqədar olaraq aparılan islahatlar nəticəsində beynəlxalq biznesin tələblərinə cavab verən təsərrüfatçılıq mühitinin yaradılması istiqamətində real işlər görülür. Bu tədbirlərə mülkiyyətin özəlləşdirilməsi, qiymətin sərbəstləşdirilməsi, bazar infrastrukturunun yaradılması və s. kimi tədbirləri demək olar.
6. Azərbaycan Respublikasında xarici investisiyaların cəlb olunması və onun mühafizəsi haqqında, xarici iqtisadi əlaqələrin liberallaşdırılması və inkişafı haqqında və s. bu kimi digər hüquqi-normativ və digər qanunvericilik aktların qəbul olunması və onların həyata keçirilməsi üçün təşkilati idarəetmə işləri görülmüşdür.
7. Ölkəmizdə xarici işgüzar dairələrlə birgə təsərrüfatçılıq fəaliyyəti və digər fəaliyyətlərlə məşğul olmaq, həmçinin əməkdaşlıq etmək təcrübəsi mövcuddur.
Araşdırmalar göstərir ki, Azərbaycanda azad iqtisadi zonaların yaradılması ilk növbədə xarici işgüzar dairələrlə birlikdə təsərrüfatçılıq fəaliyyətinin inkişaf etdirilməsi, ölkə iqtisadiyyatına müasir avadanlıqların, texnika-texnologiyaların cəlb olunması və mütərəqqi idarəedicilik təcrübəsinin gətirilməsi və s. məqsədi güdməlidir. Həmçinin onların fəaliyyəti ölkə və ölkədaxili bölgələr qarşısında duran aşağıdakı sosial-iqtisadi problemlərin həllinə yönəldilməlidir:
- məhsuldar qüvvələrin inkişafı, istehsalın düzgün şəkildə ixtisaslaşdırılması həmçinin mütərəqqi təsərrüfatçılıq formalarının tətbiq olunması ilə potensial imkanlardan, yerli ehtiyatlardan mümkün qədər səmərəli şəkildə istifadə olunması, zonaların yaradılması üçün nəzərdə tutulmuş bölgənin hərtərəfli inkişafının təmin olunması, əhalinin sosial rifah şəraitinin yaxşılaşdırılması və s;
-daxili bazarın rəqabətqabiliyyətli mal, əmtəə və xidmətlərlə təmin olunmasının yaxşılaşdırılması;
- ETT-də əldə olunan nailiyyətlərin istehsala sürətli şəkildə tətbiqi və sonradan onun nəticələrindən istifadə etmək üçün ölkənin digər bölgələrinə və həmçinin xarici ölkələrə ötürülməsi;
-milli iqtisadiyyatla dünya təsərrüfatı sistemi arasında birbaşa əlaqə yaratmaq imkanından istifadə edərək ölkə iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiya olunmasının sürətləndirilməsi;
-müasir şərtlərə cavab verə bilən inkişaf etmiş infrastruktur yaradılması;
yerli səviyyədə yeni təsərrüfatçılıq formalarının müxtəlif versiyalarının sınaq olunması və əldə olunan müsbət nəticələrin ölkənin bölgələrində istifadə imkanlarının genişləndirilməsi;
- yerli kadrların, həmçinin fəhlələrin, mütəxəssislərin azad iqtisadi zonalarda xaricilərlə birlikdə fəaliyyəti onların beynəlxalq biznesin təşkili üsulları, qaydaları ilə tanış olmalarına, mənimsəməsinə şərait yaradır ki, bunun da nəticəsində qazanılan təcrübənin azad zonalardan da kənarda istifadə olunmasına şərait yaradır;
- azad iqtisadi zona yaradılan bölgədə, eləcə də ondan kənarda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə nail olunması və s. [8]
Azad iqtisadi zonaların yaradılması üçün ilk növbədə əlverişli bölgələr müəyyən olunmalıdır. Bu təhlilə əsaslanaraq, belə nəticəyə gəlmək ki, Azərbaycanın əlverişli coğrafi mövqeyə, təbii-iqtisadi potensiala, müasir texniki-iqtisadi bazaya, infrastruktura, elmi-texniki potensiala və ixtisaslı kadrlara malik olan regionlarında (bunlara- Abşeron, Naxçıvan MR, Gəncə-Qazax və s.), istehsal xarakterli xüsusi iqtisadi zonaların, sərhəd regionlarında (bunlara- Naxçıvan MR, Gəncə-Qazax, Lənkəran-Astara, Quba-Xaçmaz), xarici ticarət zonalarının, mövcud turizm mərkəzləri, müalicə-sağlamlıq zonalarının və müalicə-sanatoriya şəbəkələri bazasında (bunlara-Abşeron, Naxçıvan MR, Şəki-Zaqatala, Gəncə-Qazax və s.), elm-tədqiqat mərkəzləri yanında (bunlara-Bakı, Sumqayıt, Gəncə və s.) texnoloji parkların yaradılması şəraiti vardır.
Ədəbiyyat
1. P.Həsənov. “Azad iqtisadi zonalar”. Bakı-1992.
2. Ə.Əlirzayev, M.Əliyev. İqtisadiyyatın dövlət tənzimlənməsinin normativ əsasları və metodologiyası. Bakı-1996
3. A.H.Tağıyev, Q.O.Kərimov “Azad iqtisadi zonalar”. Bakı -1996.
4. Xalq qəzeti- 18 avqust 2016-cı il buraxılışı.
5. “İxrac-istehsal zonalarının fəaliyyət prinsipləri və xüsusiyyətləri” mövzusunda magistr dissertasiyası, BAKI-2016
6. Farole, T., Akinci, G. (Eds.). (2011). Special economic zones: progress, emerging challenges, and future directions. World Bank Publications.
7. az.wikipedia.org/wiki/Azad_iqtisadi_zona
8. <http://genderi.org/microsoft-word-muxtar-naz-m-docx.html?page=28>
Tarix: 4-06-2020, 14:46