Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

 

Bu günlərdə Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Nağdəli Zamanovun “Elm və təhsil” nəşriyyatı tərəfindən çap olunmuş “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyasının III cildi respublika ictimaiyyətinə təqdim olunub. Müəllif I cilddə Heydər Əliyev nitqlərinin ekspressivliyini gücləndirən nitq ünsürlərini (fəlsəfi fikirlər, səmimiyyət, qətiyyət, nikbinlik, proqnozlar, poetik duyğular), üslubları (elmi, publisistik, məişət, dini), II cilddə isə əsas və köməkçi nitq hissələrinin üslubiyyat yaratmasını, frazeoloji birləşmələri, sinonimləri, təkrarları, müqayisələri və s. ciddiyyətlə araşdırmışdır. Bu cilddə isə müəllif ulu öndərin nitqlərində tez-tez təsadüf edən, mənəviyyat və hissiyyatı özündə ehtiva edən etik və estetik mətnləri tədqiq etməyə müvəffəq olmuşdur.
Akademik Nizami Cəfərovun yazdığı “Ön söz”dən, “Müəllifdən” yazısından, 2 böyük fəsil (“Etika” və “Estetika”) və 21 yarımfəsildən ibarət olan bu cild nitq mədəniyyətimizin inkişafına mühüm töhfədir.
Etika fəslində ədalət, dost­luq, sədaqət, cəsarət kimi əxalaqi dəyərlər, müasir etikanın müxtəlif növləri (dil, dini, ekoloji, hüquqi, iqtisadi, təhsil, biotibbi, multikulturalizm və s.) Heydər Əliyevin elmi-publisistik üslublu çıxışlarında tədqiq olunmuşdur. Müəllif bu zaman çoxsaylı vətən və xarici alimlərə istinad etmiş, ciddi müqayisələrə nail olmuşdur. Heydər Əliyevin etik kredosunu tərtib edən müəllif qədim yunan filosofu Aristotelin və alman filosofu Kantın etik kredolarına da monoqrafiyada yer ayırmışdır. Maraqlı hal kimi həmin kredonun bəzi müddəalarını oxucularımıza təqdim edirik:
– Biz dünyəvi dəyərlərlə yaşamalıyıq. Amma eyni zamanda biz öz milli-mənəvi dəyərlərimizi itirməməliyik, onları yaddan çıxarmamalıyıq. Onları bizim millətimizə yad olan hansısa dəyərlərlə əvəz etməməliyik;
– Həyatın mənası ondan ibarətdir ki, dünyaya gələn, böyüyən, ərsəyə çatan hər bir uşaq, həyat fəaliyyətinə başlayan insan cəmiyyətə, millətə, ölkəsinə, vətəninə layiqli xidmət etsin, fayda versin;
– “Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır;
Ümummilli liderin şifahi söylənilən nitqlərində etik və estetik dəyərlərin araşdırılması ilk dəfə olaraq Nağdəli müəllimə müyəssər olmuşdur. Müəllif Azərbaycan dilinin böyük imkanları hesabına sadə, oxunaqlı, anlaşıqlı bir dildə fikirlərini çatdıra bilmişdir. Bu cild bir daha ulu öndərin fəlsəfi təfəkkür sahibi olduğunu geniş oxucu kütləsinin diqqətinə çatdırır.
Monoqrafiyanın III fəslində biz Heydər Əliyevin sənətşünaslıqla bağlı fikirlərinin müəllif tərəfindən araşdırılmasının şahidi oluruq. Bu fəsildə estetik kateqoriyalar−gözəllik, faciə, komizm-araşdırılma obyekti olur. “Gözəllik” estetik dəyəri böyük natiqin dilində əgər ən çox qadınlar və uşaqlar auditoriyasında səslənirsə, “faciə” estetik dəyəri Xocalı faciəsi və soyqırımlarla bağlı tədbirlərdə xüsusi yer alır.
İncəsənətin müxtəlif növləri barəsində araşdırmalara gəlincə Heydər Əliyevin Azərbaycan incəsənətinə olan müsbət münasibəti hər birimizə aydındır. Amma bu incəsənət növlərinin estetik zövq yaratması baxımından araşdırılması dosent Nağdəli Zamanova məxsusdur. Müəllif burada da maraqlı, yaddaqalan seçmələr edir, Azərbay­can dilinin zənginliyi əsasında Heydər Əliyev düşüncələrinin xalqa çatdırılmasını bəyan edir. İncəsənətin bir mühüm növü kimi bədii ədəbiyyatla əlaqəli bir epizodu xatırlamaq yerinə düşər: “Ulu öndərin çıxışlarından onun təkcə Azərbaycan yox, digər xalqların da ədəbiy­yatına dərindən bələd olması aydınlaşır. Mirzə Fətəli Axundovun “Puşkinin ölümünə Şərq poeması”ndan bir parçanı əzbər deməsindən Heydər Əliyev şəxsiyyətinin ədəbiyyata əhəmiyyət verməsi bəlli olur: “Bu poemanı oxuyanlar Mirzə Fətəli Axundovun Puşkinin yaradıcılığına nə qədər yüksək qiymət verməsini, güman edirəm ki, müşahidə ediblər. Çünki o qədər məzmunlu ifadələr işlədilibdir ki, oxuduqca insanı heyran edir. Orada çox gözəl sözlər var. Ancaq mənim ən çox xoşuma gələn misraları bu gün burada oxumaq istəyirəm:
Səddi-Çindən Tatarıstanə
qədər çar əli var,
Lakin ol şairin aləmdə
yanan məşəli var.
Sağ olun”

“Çarın əli nə qədər böyük olsa da, şairin məşəli aləmləri bəzəyir” deməklə şairin böyüklüyünü, ədəbiyyatın nə dərəcədə estetik zövq yaratmasını sübut edir. Elə Mirzə Fətəli Axundovun bu misralarını əzbər deməklə auditoriya Azərbaycanın mütəfəkkir övladlarının eyni düşüncə tərzində olduğunu görür, heyranlığını gizlətmir”.
Monoqrafiyalar barəsində dosent Zamanovun özünün fikirlərini oxuculara təqdim etmək pis olmazdı:
“Dəyərli oxucu!
Araya-ərsəyə gələn bu üç­cildlik monoqrafiyada anla­dıqlarım: Ali məktəblərdə, eləcə də kütləvi oxucu auditoriyası üçün çətin, anlaşılmaz görünən elm sahələri kimi etika, estetika fənləri, etik və estetik kateqoriyalar ulu öndərin nitqində nə qədər anlaşıqlı, nə qədər sadə xalq dilində şüurlara yönəlmişdir. Onilliklər boyu elmi dilin çətinliyini, hər kəsin anlamaq iqtidarında olmamasını aşıladılar. Xalqı elmi-fəlsəfi cəhətdən düşünmək hissindən məhrum etməyə cəhd göstərdilər. Heydər Əliyev nitqlərində etik və estetik anlayışların araşdırılması aşağıdakı qənaətlərə gəlməyimə səbəb oldu: “Böyüklük elə özü qədər də sadəlik deməkdir”, “Ən böyük elm, elə hamı tərəfindən ən tez başa düşülənidir”.
Qlobalizasiya dediyimiz çağımızda milli-mənəvi dəyərlərimizin qorunmasında, eləcə də estetik şüurumuzun cilalanmasında rolu olan bu monoqrafiya dilçilik, fəlsəfə, diplomatiya, ədəbiyyat, tibb və digər sahələrdə fəaliyyət gös­tərənlər, nitq mədəniyyəti fənni tədris edən ali məktəb müəllimləri və filoloq tələbələr, orta məktəblərimizin pedaqoqları, yuxarı sinif şagirdləri üçün də dəyərli vəsaitdir.

Baba Məhərrəmli,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
direktor müavini
filologiya üzrə fəlsəfə doktoru, dosent