Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Səssiz xatirə”

 

 
Bu günlərdə “Perqament” N.E nəşriyyatı tərəfindən Gülər Eldarqızının “Səssiz xatirə” adlı hekayələr və şeirlər kitabı (Bakı, 2019, 166 səh.) çap edilmişdir. Son zamanlarda qələmə aldığı hekayələri və şeirləri dərc edilmiş bu kitab istedadlı qələm sahibi olan Gülər Eldarqızının oxucularla üçüncü görüşüdür.
Kitabda dərc edilmiş (istər hekayə olsun, istərsə şeir) əsərləri oxuduqca hiss edirsən ki, müəllif gündəlik həyatımızda baş verən aktual problemləri öz maraq süzgəcindən keçirərək, oxucularının diqqətini cəlb edəcək şeir və hekayələr yarada bilmişdir. Gülər “Qisas” hekayəsində prototip seçdiyi müasirlərinin naqisliklərini, həyat tərzində, davranışındakı eybəcərliyi yumorlu dillə tənqid etməklə yanaşı insanlarda ilahinin xəlq etdiyi canlılara qarşı məhəbbət hissi oyadır.
İnsanı duyğulandıra biləcək hər hansı bir hadisəni sözün sehri ilə qələmə alıb oxucuya çatdırmaq və onu düşünməyə vadar etmək müəllifdən xüsusi diqqət, dərketmə qabiliyyəti və həssaslıq tələb edir. Məhz bu məziyyətləri özündə cəmləşdirməyi bacaran Gülər xanım gələcəkdə daha uğurlu əsərlər yaradacağına bir əminlik yaradır.
Gülər Eldarqızının qələmə aldığı şeirləri də kövrəkliyi, sadə və səmimiliyi ilə diqqəti cəlb edir, oxucunu duyğulandırır və onda xoş ovqat yarada bilir.
Müəllif “Bilsəm ki gələcəksən” şeirində aşağıdakı misraları: -
- Bilsəm ki gələcəksən
Unudaram kədəri.
Tanrıdan pay bilərəm
Bu qisməti, qədəri.
Bilsəm ki gələcəksən
Qaranlığı qovaram.
Ayı oğurlayaram,
Günəş kimi yanaram.
Bilsəm ki gələcəksən
Mələyə çevrilərəm.
Səni, səni görüncə
Qollarında ölərəm. –
- yazmaqla insanda saf sevgiyə, inamlı məhəbbətə rəğbət oyadır,  sevginin gücü­nü və müqəddəsliyini poetik dillə oxucuya çatdıra bilir.
Gülərin özünəməxsus dil və üslubu ilə seçilən hekayə və şeirləri gerçək həyat hadisələrini əks etdirdiyi üçün ədəbi ictimaiyyətin diqqətini cəlb edəcəyinə əminik.
Ümidvarıq ki, Gülər Eldarqızının “Səssiz xatirə” hekayəsi və şeirlər kitabı da geniş oxucu auditoriyası tərəfindən maraq və məhəbbətlə qarşılanacaq və müəllifinə rəğbət qazandıracaqdır.

Nizami Mirzə шаблоны для dle 11.2