Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Gəncə Dövlət Universiteti: Öz ənənələrini qoruyub saxlayan elm ocağı

 

Rauf Hacıyev,
Gəncə Dövlət Universitetinin
mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri


“Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar”.
Heydər ƏLİYEV.
 
 
Sosial - iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsil alanın qazandığı bilik və bacarıqlarının iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, etik-əxlaqi norma və dəyərlər hər bir vətəndaşın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır. Onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək Azərbaycan vətəndaşına çevirir. Bu baxımdan son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar əsasında geniş tədbirlər həyata keçirilmişdir. Sürətlə modernləşən Azərbaycan təhsil sisteminin formalaşması istiqamətində yeni addımlar atılmış və innovativ təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində xeyli işlər görülmüşdür.
Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra digər sahələr kimi təhsil sistemində də aparılan köklü islahatlar nəticəsində müvafiq qanunlara uyğun olaraq çoxlu sayda ali təhsil müəssisələri yaranmışdır. Lakin yeni yaranan ali təhsil müəssisələri içərisində öz ənənələri və şərəfli tarixi ilə seçilən onlarla təhsil ocağı vardır ki, bu gün də onlar kadr hazırlığında öndə gedirlər. Belə ali təhsil ocaqlarından biri də Gəncə Dövlət Universitetidir ki, gələn il onun fəaliyyətə başlamasının 80 ili tamam olacaq.
Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri olan elm ocaqlarından biri olan bu universitet fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizə on minlərlə ixtisasçı müəllim kadrları vermişdir. Respublikamızın Qərb regionunda ən böyük təhsil ocağı olan Gəncə Dövlət Universiteti gündən-günə yeniləşən Azərbaycan təhsilinə bu gün də dəyərli töhfələr verməkdə davam edir. Hazırda universitetdə dərslər Azərbaycan dili ilə yanaşı bir neçə dildə-ingilis, alman və fransız dillərində də tədris olunur.

Öz ənənələrini uğurla davam etdirən ali təhsil ocağı

1938-1943-cü illərdə ikiillik Müəllimlər İnstitutu, 1943-2000-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutu, 2000-ci ildən isə Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərən bu ali təhsil ocağı yarandığı gündən indiyədək özünün yüksək ixtisaslı pedaqoji kadr potensialı ilə seçilir. Universitetin onlarla pedaqoqu orden və medallarla, eləcə də müxtəlif dövlət təltiflərinə layiq görülmüşdür. Hazırda universitetdə 8 fakültə, 13 şöbə fəaliyyət göstərir. Bakalavriat səviyyəsində əyani şöbədə 5081, qiyabi şöbədə 443, magistratura səviyyəsində (əyani) 311 nəfər olmaqla ümumilikdə 5867 tələbə təhsil alır. Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir və 5 tədris binası və tələbə yataqxanası var. Bütün tədris binaları əsaslı şəkildə təmir olunmuşdur. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün universitetdə 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 10 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur.
Universitetdə təhsil alan aztəminatlı və şəhid ailələrinin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı yaralanaraq əlil olan şəxslərin, eləcə də məcburi köçkün ailələrinin övladlarına böyük diqqət və qayğı ilə yanaşılır. Hazırda burada 43 nəfər valideyn himayəsindən məhrum olan, 66 nəfər şəhid ailəsinin və Qarabağ müharibəsi əlillərinin, eləcə də 610 nəfər məcburi köçkün ailəsinin övladları təhsil alır.
Məlum məsələdir ki, bu gün Azərbaycan təhsilinə verilən tələb və standartlar dəyişmişdir. Tədrisin keyfiyyətini artırmaq üçün universitetdə innovativ yanaşmalara geniş yer verilir. Rektorluğun təşəbbüsü ilə ötən ildən bu məqsədə xidmət edən yeni layihə -”açıq dərs”lərə start verilib. Yeni layihədə istər müəllim heyətinin, istərsə də pedaqoji təcrübədə olan tələbələrin "açıq dərs"lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
Universitetdə təhsilin səviyyəsinə təsir edən mühüm amillərdən biri də həm müəllimlərin, həm də tələbə və magistrantların elmi-tədqiqat işlərində fəal iştirakıdır. Qeyd etmək lazımdır ki, təkcə 2016-2017-ci tədris ilində universitet əməkdaşlarının respublikamızın nüfuzlu elmi nəşrlərində 350-ə yaxın məqaləsi, xarici ölkələrin elmi nəşrlərində 60-dək məqaləsi dərc edilmişdir. Onlarla dərs vəsaiti, metodiki vəsait və monoqrafiyalar çap olunmuşdur. Universitetdə elmi konfranslar və simpoziumların keçirilməsi də ənənə halını alıb.




Universitet beynəlxalq layihələrdə uğurla iştirak edir

Azərbaycan ali təhsilində öz nüfuzlu mövqeyini qoruyan Gəncə Dövlət Universiteti dövlətin təhsil siyasətinə arxalanaraq müəyyənləşdirdiyi islahatlar planı, təhsilin keyfiyyətinin yüksəldilməsi, milli təhsil sisteminin inkişafına dəstək, dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq standartlara cavab verən təhsil şəraitini yaratmaqla tələbələri müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət kimi yetişdirmək, eləcə də vətənpərvərlik və azərbaycançılıq ideyalarını aşılamaq üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirir. Bu məqsədlə universitetin beynəlxalq əlaqələr şöbəsi 5 illik strateji plan hazırlamışdır. Bu planda prioritet kimi universitetin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq, beynəlxalq təhsil proqramlarında iştirak, əcnəbi tələbələrin cəlb olunmasına dəstək, yeni mərkəzlərin açılması, müvafiq beynəlxalq təşkilatlarla iş birliyi və sair məsələlər öz əksini tapmışdır. Universitet Avropa İttifaqının təklif etdiyi ”Erasmus+” və ”Horizon-2020” proqramlarına fəal şəkildə qoşulması, tələbə və müəllimlərin hər iki proqramın təklif etdiyi imkanlardan maksimum faydalanması üçün müvafiq tədbirlər həyata keçirir. Artıq universitet ”Erasmus+” proqramının rəsmi serverindən qeydiyyatdan keçərək PİC (unikod) əldə edib. Əldə edilmiş şifrə sayəsində 2015-2020-ci illər üzrə beynəlxalq layihələrə qoşulmaq istiqamətində sənədləşmə işləri aparılmışdır.
Məlum olduğu kimi Azərbaycan ali məktəblərinin Avropa İttifaqı qrant layihələrində iştirakı ildən-ilə artmaqda davam edir. Gəncə Dövlət Universiteti 2014-cü ildə Tərəfdaş qismində bu layihələrdən ikisində iştirak etmişdir.

Yerli və xarici əlaqələr genişlənir

Beynəlxalq əlaqələrini gündən-günə genişləndirən Gəncə Dövlət Universiteti 40-dək xarici ölkə universitetləri ilə əməkdaşlıq edir. Son iki ildə universitet müxtəlif yerli və xarici təşkilatlarla əməkdaşlıq müqaviləsi imzalamışdır. Azərbaycan Milli Ellər Akademiyasının Kimya Problemləri və Aşqarlar Kimyası İnstutları, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi kimi nüfuzlu müəssisələr ilə müqavilələr mövcuddur. Yerli müqavilələrlə yanaşı xarici əlaqələr də genişlənmişdir. Belə ki, qısa vaxt ərzində Fransanın Yuxarı Elzas Universiteti, Polşanın Varşava Universiteti, Litvanın Tətbiqi Elmlər üzrə Kauno Kolegiya Universiteti, Macarıstanın Dunaujvaros Universiteti, Ukraynanın Poltova Dövlət Ticarət və İqtisadiyyat Universiteti, Gürcüstanın Tbilisi Universiteti, eləcə də Türkiyənin onlarla nüfuzlu universitetləri ilə əlaqələr qurulmuşdur.
Fransa ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin geniş vüsət aldığı bir dövrdə Gəncə Dövlət Universiteti bu ölkənin ali təhsil müəssisələri ilə əlaqələri xeyli genişləndirmişdir. Belə ki, Fransanın Yuxarı Elzas Universiteti, Strasburq, Reyms Şampan - Arden Universitetləri ilə qurulan əməkdaşlıq əlaqələri hər iki ölkənin ali təhsil müəssisələrinə böyük səmərə verir. Artıq 15 ildir ki, Gəncə Dövlət Universiteti Strasburq-2 Universiteti ilə sıx əməkdaşlıq edir. Hazırda 11 tələbə magistratura pilləsini uğurla başa vuraraq Fransa universitetlərində çalışırlar.
Son illər Gəncə Dövlət Universiteti Bakıda fəaliyyət göstərən Fransa-Azərbaycan İnstitutu arasındakı geniş əlaqələrdən yararlanaraq, tez-tez həmin ölkədən təcrübəli pedaqoqlar dəvət edərək ustaq dərsləri təşkil edir. Bu baxımdan fransalı müəllimlər Jirar Ksavye, Lüset Türkyılmaz, Jan-Mişel Frus, Gülem Lüsye, Lusil Riqnaunun müqavilə əsasında keçdiyi dərslər yaddaqalan olmuş, tələbələr üçün unudulmaz anlar yaşatmışdır.
Hazırda universitetdə 25 nəfər müxtəlif ölkə vətəndaşları təhsil alır. Onlardan 12 nəfəri keçən il qəbul olunmuşdur. Bu tələbələr əsasən Türkiyə, Pakistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiya vətəndaşlarıdır. Onlar bakalavr təhsil səviyyəsində iqtisadiyyat, ibtidai sinif və xarici dil müəllimliyi ixtisaslarına yiyələnirlər.
Təhsil sisteminin boloniya proqramı üzrə qurulması universitetin Avropa təhsil sisteminə inteqrasiyasının sürətləndirmiş, tədrisin müasir tələblər səviyyəsində qurulmasına imkan yaratmışdır. Müəllim, tələbə və magistrant kontingentinin beynəlxalq əlaqələrdə daha fəal və intensiv iştirakına gətirib çıxarmışdır. Nəticədə universitetin onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirmişdir. Artıq bir neçə ildir ki, Gəncə Dövlət Universiteti Türkiyənin ”Mövlanə” mübadilə proqramına qoşulmuşdur. Bu proqram çərçivəsində 20 ali təhsil müəssisəsi ilə, o cümlədən Kastamonu, Giresun, Fırat, Ərzurum, Teknik, Çankaya, Ərzincan, Nevşəhir Hacı Bekdaş, Vəli, Bitlis Eren, Aksaray, Uşak, Bozok, Cumhuriyyət, Hacettepe və Ərdahan universitetləri ilə əməkdaşlıq müqavilələri imzalanmışdır.

İnnovativ texnologiyalara üstünlük verilir

Qeyd etmək lazımdır ki, universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə innovativ texnologiyalara üstünlük verilir. Bu baxımdan ”Azərbaycan respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın müddəalarına uyğun olaraq yaradılmış innovasiyalar departamenti böyük əhəmiyyət daşıyır. Departamentin nəzdində 3 şöbə-universitet ilə sənaye arasında səmərəli qarşılıqlı əlaqələrin yaradılması və universitet əməkdaşlarının apardıqları elmi tədqiqatlardan əldə olunan nəticələrin transferinin təmin edilməsi üçün ”İnnovasiya texnologiyalarının transferi və markentinq” şöbəsi, tədris prosesində müasir tələbata cavab verən islahatlar üçün kreativ yanaşmanın formalaşdırılması və universitet rəhbərliyinə real təkliflərin verilməsi ilə məşğul olan ”Strateji təhlil, qiymətləndirmə və monitorinq” şöbəsi və 10 ilərzində universitetin innovasiya və kommunikasiya texnologiyaları sahəsində olan bütün vərdiş və bacarıqların formalaşdırılmasında, universitetdə bu sahəyə olan tələbatın ödənilməsi üzrə ”İnnovasiya və kommunikasiya texnologiyaları” şöbələri fəaliyyət göstərir.
Universitet yeni informasiya texnologiyaları ilə müvafiq şəkildə təmin edilmişdir. Çoxlu sayda ağıllı lövhələr, ağ lövhələr, surətçoxaldan avadanlıqlar alınmış, bütün kafedralar, şöbələr, dekanlıqlar və struktur bölmələri kompüterlərlə təmin edilmişdir. Tədris binaları arasında fiberoptik kabellərlə ”Gigabit ethernet” texnologiyası vasitəsilə lokal şəbəkə yaradılmış, yüksək sürətli internetə çıxış təmin edilmişdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Aztelekom tərəfindən korpuslara fiberoptik kabel çəkilmişdir.
Son illər universitetdə laboratoriyaların zənginləşdirilməsində, yenidən qurulmasında və müasir tələblərə cavab verəcək yeni laboratoriyaların yaradılmasında əsaslı şəkildə işlər aparılmışdır. Bu məqsədlə əsas tədris binasında 2 kimya, 2 botanika, 1 zoologiya laboratoriyaları yaradılmış, ən müasir avadanlıqlarla təchiz edilmişdir. Bundan başqa ilk dəfə olaraq bu yaxınlarda qeyri-üzvi sistemlərin fiziki-kimyəvi tədqiqi ilə bağlı elmi-tədqiqat laboratoriyasının açılışı olmuşdur.

Semestr imtahanlarında şəffaflıq təmin edilir

Universitetdə tədris prosesində tələbələrin fəallığını artıran təlimin yeni forma və metodları tədbiq edilir. Təlim prosesində tələbə və müəllim əməkdaşlığının yaradılmasına xüsusi diqqət yetirilir. Ənənəvi təlim üsulları ilə yanaşı, tələbələrin fəallığını artıracaq yeni metod və vasitələrdən istifade olunur. Xüsusilə təlimin ənənəvi metodları ilə bərabər, tədris prosesinə, bilik və bacarıqlarının mənimsənilməsinə yeni yanaşma hallarına xüsusi diqqət yetirilir. Universitet tələbələrinin təhsilə marağını artırmaq və semestr imtahanlarında şəffaflığı təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Semestr imtahanlarının nəticələrinə əsasən fakültələrdə stimullaşdırıcı təqaüdlər təsis edilir. Həmin təqaüdlər imtahanların nəticələrinə görə xüsusi fəal tələbələrə verilir. İmtahanlar zamanı yarana biləcək münaqişəli halların aradan qaldırılması və lazımi tədbirlərin görülməsi məqsədilə universitet üzrə ”apelyasiya komissiyası” yaradılır.
Qeyd etmək lazımdır ki, bakalavriat və magistratura səviyyələrində keçirilən test, yazılı, şifahi və qabiliyyət imtahanlarında qiymətləndirmə çoxballı sistem əsasında aparılır. Təhsilin hər iki səviyyəsində yazılı imtahanların keçirilməsi üçün ixtisas kafedraları tərəfindən hər birində 5 sual olmaq şərti ilə 30 ədəd bilet hazırlanır, fakültə tədris-metodik şuralarında və kafedra iclaslarında müzakirə edilərək təsdiq olunur.

Məzunların işlə təminatına qayğı ilə yanaşılır

Universitetdə məzunların işlə təminatı və karyeralarının səmərəli təşkili məqsədilə “Təcrübə və karyera” şöbəsi fəaliyyət göstərir. Şöbə tələbələrin həm pedaqoji təcrübələrinin yüksək səviyyədə təşkilinə, həm də universiteti bitirdikdən sonra işlə təminatına diqqət və qayğı ilə yanaşır. Tələbələr pedaqoji təcrübələrini Gəncənin aparıcı orta məktəblərində uğurla həyata keçirirlər. Onların apardıqları sınaq dərsləri universitet rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. İxtisas kafedralarının rəhbərləri və aparıcı müəllimlər tələbələrə elmin sirlərini öyrətməklə yanaşı, gələcəkdə yüksək ixtisaslı kadr kimi yetişmələri üçün kömək göstərir, metodiki məsləhətlər və tövsiyələr verirlər. Keçirilən sınaq dərslərində ixtisas üzrə fənn müəllimləri yaxından iştirak edərək, yekunda dərsin metodiki təhlili zamanı fikir söyləyir, məsləhətlər verirlər. Keçirilən bütün sınaq dərsləri “Təcrübə və karyera” şöbəsində müzakirə edilir. Tələbələr tərəfindən reallaşan sınaq dərsləri universitetin elektron saytında da yerləşdirilir. Qeyd edək ki, 2016-2017-ci tədris ilində tələbələrin 640 sınaq dərsi dinlənilmiş və məqbul sayılmışdır.
Qeyd edək ki, şöbə məktəblərdə tez-tez tələbələrlə görüşlər təşkil edir. Bundan başqa, orta məktəblərdə fənn olimpiadalarının da keçirilməsi ənənəyə çevrilmişdir. Olimpiadalarda qalib gələn şagirdlər universitet tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılırlar. Mükafatların təqdimetmə mərasimlərində çıxış edən məktəblilər universitet rəhbərliyinə minnətdarlıq etməklə yanaşı, gələcəkdə həmin universitetdə təhsil almaq arzularını da ifadə edirlər.
Məlum məsələdir ki, hər il Gəncə Dövlət Universitetini yüzlərlə məzun bitirir. Onların işlə təminatı üçün “Təcrübə və karyera” şöbəsi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Şöbə Gəncə şəhər Məşğulluq mərkəzi ilə daim əlaqə saxlayır, məzunlara vakant iş yerləri barədə məlumatlar verir. Hər il universitetin keçirdiyi məzun yarmarkasında onlarca gənc özünə yeni iş yeri tapır. Yarmarkada iştirakçılara 800-1000 iş yeri təklif olunur.

Keçirilən beynəlxalq konfranslar xarici qonaqlarda xoş təəssürat yaradır

Universitet xarici ölkələrin qabaqcıl təhsil ocaqları ilə əlaqələri genişləndirmək məqsədilə tez-tez beynəlxalq konfranslar keçirməklə bir sıra mövzuların birgə müzakirəsini təşkil edir. Bu ilin mayında “Müasir təbiət elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq konfransın keçirilməsi də məhz bu məqsədi daşımışdır. Konfransda Rusiya, Türkiyə, Ukrayna, Fransa, Gürcüstan və İspaniyadan olan 150 nəfərə yaxın nümayəndə iştirak etmiş, müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər. Konfransda oxunan məruzələr sonda kitab şəklində nəşr edilərək konfrans iştirakçılarına və ali təhsil müəssisələrinə paylanmışdır.
Bundan başqa, universitet AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə birgə keçirdiyi beynəlxalq elmi konfransda dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirərək bu sahədə əldə edilən təcrübələri paylaşmış, ortaq problemlərin müzakirəsini təşkil etmiş, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparmışdır.

Tələbələrin asudə vaxtı maraqlı tədbirlərlə yaddaqalan olur

Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün ən çox maraq göstərdikləri sahə idmandır. Tələbə gənclər təşkilatı bu sahədə gənclərə daim yaxından kömək göstərir. Tələbələrin idmanla daha yaxından məşğul olmaları üçün universitetdə hər cür şərait yaradılmışdır. İstər açıq, istərsə də qapalı idman meydançaları daim gənclərlə dolu olur. Göstərilən bu qayğının nəticəsidir ki, universitet tələbələri respublika yarışlarının bir çoxunda mükafata layiq yerlər tutmuşlar. Məsələn, bu il ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Futzal üzrə Respublika Çemrionatında 2-ci yerə, dama üzrə XII Respublika Spartakiadasında universitet komandası 3-cü yerə, şahmat komandası isə 4-cü yerə çıxmışdır. İdmanın digər növləri, xüsusilə də cüdo üzrə tələbələrin bir neçəsi respublika birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Ümumiyyətlə, 2017-ci il Gəncə Dövlət Universitetinin idmançıları üçün uğurlu olub. Belə ki, Gürcüstanın Rustavi şəhərində keçirilən basketbol üzrə beynəlxalq turnirdə universitetin oğlanlardan ibarət komandası 2-ci yerə çıxmışdır. Universitetin pedaqoji fakültəsinin I kurs tələbəsi Fazil Həsənov sərbəst güləş üzrə respublika birinciliyində 1-ci yerə layiq görülmüşdür. Qızlardan ibarət voleybol komandası isə respublika birinciliyində 2-ci yerlə kifayətlənmişdir. Belə uğurların sayını artırmaq da olar.

Rektor Yusif Yusibov: görüləsi işlər hələ çoxdur

Universitetin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibovla söhbət zamanı çoxlu sayda məsələyə toxundu və dedi ki, görüləsi işlər hələ çoxdur. Azərbaycanda aparılan təhsil islahatları artıq öz nəticələrini verməkdədir. Bu gün təhsilin bütün sferalarında yeniləşmə, dünya mütərəqqi təhsilinə inteqrasiya prosesi aydın nəzərə çarpır. Xüsusilə, ali təhsil sahəsində həyata keçirilən islahat bu sferada yeni tədris modelinin tətbiqinə yol açır, ölkədə yüksək səviyyəli kadrların yetişdirilməsinə imkan yaradır. Avropaya inteqrasiya etdiyimiz bir dövrdə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində üzərimizə böyük vəzifələr düşür. İndi elə bir vaxtdır ki, həm müəllim, həm də tələbə hər gün yeniliyə can atmalı, öyrənməli və inkişaf etməlidir. Xüsusilə, inkişaf etmiş Avropa ali təhsil müəssisələrinin qazandıqları nailiyyətləri daha çox mənimsəməliyik. Son illər qazandığımız uğurlar məhz bunun sayəsində mümkün olmuşdur. Məsələn, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Avropanın nüfuzlu təhsil ocaqları olan Avstriyanın Qraz Universitetinin, Polşanın Lodz Universitetinin, Yunanıstanın Makedoniya Universitetinin qoşulduğu yeni layihəyə Gəncə Dövlət Universiteti də qoşulmuşdur. Layihədə əsas məqsəd əlilliyi olan tələbələrin ali təhsilə cəlb olunması, onların təhsilinə mane olan məhdudiyyətlərin aradan qaldırılması və həmin tələbələrin cəmiyyətə inteqrasiyasının təmin edilməsi istiqamətində maarifləndirmə işlərini həyata keçirməkdən ibarətdir. Məhz bu məqsədlə ilk dəfə olaraq qərb bölgəsi üzrə Gəncə Dövlət Universiteti bu layihəyə qoşuldu və universitetdə “Əlilliyi olan tələbələr üçün mərkəz” yaradıldı.
Rektor daha sonra dedi ki, bundan başqa universitetdə “Dövlət proqramına hazırlıq proqramı” çərçivəsində ödənişsiz kurslar da təşkil edilir. Bu kurslar dövlət qulluğu orqanlarında çalışan, professional təcrübəyə malik müəllimlər tərəfindən aparılır. 3 ay müddətində davam edən bu kurslar zamanı tələbələr qanunvericilik, informasiya texnologiyaları və məntiq üzrə biliklərini artırır, sınaqlarda iştirak edirlər. Kursun sonunda tələbələr Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın beşinci təsnifata uyğun olan vakant vəzifələrin tutulması üçün elan etdiyi müsabiqəyə qatılırlar.
  Söhbət zamanı rektor gələn il fəaliyyətinin 80 illiyini qeyd etməyə hazırlaşan Gəncə Dövlət Universitetndə görülən hazırlıq işlərindən də danışdı. Dedi ki, universitetin kollektivi bu yubileyə qazandığı uğurlarla gəlir. İndi Gəncə Dövlət Universiteti sovetlər birliyi dövründəki universitet deyil. Ölkəmizin iqtisadi uğurları nəticəsində digər ali təhsil ocaqları kimi, Gəncə Dövlət Universitetində də ən müasir standartlara uyğun tədris bazası yaradılmışdır. Lakin yaradılan bu şərait və qazanılan uğurlar son hədd deyil. 


Tarix: 25-12-2017, 11:55

Xəbəri paylaş