Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimi




 

Dekabrın 3-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova mərasimi giriş sözü ilə açaraq elmi konfransın əhəmiyyətinə toxunub, bu konfransın doktorant və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq üzrə uğurlarından söz açan Gülçöhrə Məmmədova deyib ki, universitetdə hazırlanan ixtisasların beynəlxalq akkreditasiya alması qarşıya qoyulan məqsədlərdən biridir. Rektor bildirib ki, son 4 ildə universitet memarlıq ixtisası üzrə İngiltərənin beynəlxalq aləmdə tanınan, bu sahə üzrə ən nüfuzlu akkreditasiya təşkilatı olan “RİBA” ilə əməkdaşlıq edilir. Əməkdaşlıq çərçivəsində ali təhsil müəssisəsində memarlıq təhsili yenidən qurulub, yeni metodika tətbiq edilib, aparılan işlərin nəticələrinə əsasən, “RİBA”-nın Akkreditasiya Komissiyası universitetə bu akkreditasiyanın verilməsi barədə müsbət qərar qəbul edib. 
Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov konfransın Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunduğunu, Nəsimi poeziyasının Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynadığını xatırladıb.
Təhsil naziri "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi və yeni akademik mühitin yaradılması, eləcə də digər istiqamətlərdə tədbirlər həyata keçiriləcəyini qeyd edib. Nazir daha sonra elmi-pedaqoji kadr hazırlığı ilə əlaqədar bir sıra statistik göstəriciləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Ceyhun Bayramov bildirib ki, hazırda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə ümumilikdə 2626 nəfər təhsil alır ki, fəlsəfə doktoru proqramları üzrə təhsil alanların 67 faizi, elmlər doktoru proqramları üzrə təhsil alanların isə 51 faizi ali təhsil müəssisələrinin payına düşür. 2018-ci ildə fəlsəfə doktoru proqramlarına 665 nəfər, elmlər doktoru proqramlarına isə 165 nəfər qəbul olub. Eyni ildə fəlsəfə doktoru və elmlər doktoru proqramlarını bitirənlərin sayı isə müvafiq olaraq 605 nəfər və 87 nəfər təşkil edib.
Ceyhun Bayramov bildirib ki, cari ildə “Web of Science” indeksli  elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son 3 ildə artım dinamikasına  görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birinciliyini qoruyub saxlayır. Nazir əlavə edib ki, Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin bugünkü və gələcək inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır.
Ceyhun Bayramov çıxışının sonunda elmi nəticələrin təqdim olunması və elmi diskussiyaların aparılması üçün davamlı platforma statusu qazanmış bu konfransın yeni nəsil alimlərin yetişməsinə öz mühüm töhfəsini verməkdə olduğunu diqqətə çatdırıb, həmçinin konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən AMEA-nın akademik katibi, müxbir üzvü Əminağa Sadıqov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, konfransın əhəmiyyətindən söz açıb, ölkəmizin ali təhsil müəssisələrinin elmi infrastrukturu və elmi potensialı haqqında fikirlərini bildiriblər.
Daha sonra doktorantlar Aytac Əkbərli, Elnur Məmmədli və Sevinc Qocayeva təqdimatlarla çıxış ediblər.                
Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.
Konfransda iştirak üçün müraciət etmiş 500 doktorant və gənc tədqiqatçının məruzələri 15 bölmə üzrə dinləniləcək. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi üçün yaradılmış 15 bölməyə tanınmış alimlər rəhbərlik edir.
Konfrans iki gün davam edəcək.шаблоны для dle 11.2