Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Akademik İsa Həbibbəyli Türk Ədəbiyyatı Vəqfinin təşəkkürnaməsi ilə təltif edilib

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türkiyənin Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ilə görüş keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” – deyərək iki ölkə arasında dostluğun, qardaşlığın formulunu müəyyənləşdirdiyini vurğulayan alim Türkiyənin görkəmli ədəbiy­yatşünası Əhməd Kabaklının tədqiqatlarından bəhs edib. Qeyd edib ki, Əhməd Kabaklı ədəbiyyat tarixçiliyi, həmçinin nəzəriyyə istiqmətində Türkiyədə təməl yaratmış alimdir. Onun 5 cildlik Türkiyə ədəbiyyatı tarixi kitabı qardaş ölkədə ədəbiyyat tarixçiliyinin mükəmməl nümunəsidir.
Akademik İsa Həbibbəyli rəhbərlik etdiyi elmi müəssisə ilə Türkiyə Ədəbiyyatı Vəqfinin mövcud əlaqələrindən də danışıb. Türkiyədə Azərbaycan ədəbiyyatının, eləcə də Azərbaycanda Türkiyə ədəbiyyatının yığcam tanıtma kitabının çapının zəruriliyini vurğulayan alim ortaq konfransların təşkili, jurnalların nəşri barədə təkliflərini səsləndirib.
Sonra Türkiyə Ədəbiyyat Vəqfinin rəhbəri Serhat Kabaklı çıxış edərək təmsil olunduğu qurum tərəfindən Türk dünyası ədəbiyyatı nümunələrinin çapına başlanıldığını və bu seriyadan artıq bir neçə kitabın nəşr edilərək oxuculara çatdırıldığını bildirib.
Tədbirdə çıxış edən professor Ramazan Qorxmaz, vəqfin idarə müdiri Əhməd Ünlü, idarə heyətinin üzvü Erol Ürgen və başqaları Azərbaycan-Türkiyə elmi-ədəbi əməkdaşlığın xüsusiyyətlərindən danışıblar.
  Sonda iki qardaş xalq arasında elmi-ədəbi əməkdaşlığın inkişafında çoxşaxəli fəaliy­yətinə görə akademik İ.Həbibbəyli Türk Ədəbiyyatı Vəqfinin təşəkkürnaməsi ilə təltif edilib.